Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5275/2025 20.02.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 20 fevral 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.1959-cu il təvəllüdlüdür. İddiaçı xx.xx.1977-xx.xx.1979-cu illərdə hərbi xidmətdə olmuşdur. İddiaçıya məxsus ИТ-İ ******* № li əmək kitabçasına əsasən o: 1.07.1976-xx.xx.1976-ci illərdə Azərbaycantranstroy tresti təmir-icarə bazasında, xx.xx.1976-xx.xx.1977-ci illərdə Azərbaycantranstroy hissə-tikinti zavodunda, xx.xx.1979xx.xx.1981-ci illərdə Azərbaycantranstroy hissə-tikinti zavodunda, xx.xx.1981-xx.xx.1988ci illərə İstehsalat-əmtəə kontorunda, xx.xx.1988-xx.xx.1991-ci illərdə Şaumyan rayon icra komitəsində, xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində, xx.xx.1998-xx.xx.2013-cü illərdə “Aqro-Servis” kiçik müəssisəsində işləmişdir. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı cavabdehə müraciət etmiş, cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərək bildirmişdir ki, “…Təqdim etdiyiniz sənədlərin surətlərinə və Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra-MEİS) “Pensiya” altsistemində olan məlumatlara əsasən sığorta sajınız (xx.xx.1977-ci il tarixindən xx.xx.1979-cu il tarixinədək hərbi xidmətdə olduğu müddət nəzərə alınmaqla) 16 il 10 ay 22 gün təşkil edir. Eyni zamanda fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı xx.xx.2006-cı il tarixinədək 15 il 3 ay 22 gün sığorta stajınıza uyğun olaraq 15428,20 manat (2024-cü il tarixinə indeksləşdirilmiş), xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək 1 il 7 ay sığorta stajınıza uyğun olaraq isə 1160,51 manat (2024-cü il tarixinə indeksləşdirilmiş) olmaqla, ümumilikdə 16588,71 manat təşkil edir ki, bu məbləğ pensiya yaşınız tamam olduğu tarixdə qanunvericiliklə tələb olunan 40320 manat pensiya kapitalından azdır və əmək pensiyasının minimum məbləğindən (280 manat) az olmayan pensiya təminatına imkan vermir. Həmçinin bildiririk ki, xx.xx.2006-cı il tarixindən xx.xx.2018-ci il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmayıb. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1996-cı il tarixli 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğu üçün (işdən çıxma əmri yoxdur, qeyddə düzəliş və qaralama var) həmin dövrün sığorta stajınıza daxil edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Eyni zamanda bildiririk ki, xx.xx.1998-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrün doldurulma qaydası pozulduğundan (işə daxil olma və işdən çıxma əmrləri və tarixləri yoxdur) və MEİS-in “Pensiya” altsistemində olan məlumatlara əsasən xx.xx.2006-cı il tarixindən xx.xx.2013-cü il tarixinədək fərdi hesabınızın sığorta hissəsində pensiya kapitalı qeydə alınmadığından əmək kitabçanızın surətində qeyd edilmiş xx.xx.1998-ci il tarixindən xx.xx.2013-cü il tarixinədək olan dövrün sığorta stajınıza daxil edilməsi mümkün hesab edilmir”. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək onun xx.xx.1991-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi illər sığorta stajına daxil edilməklə 65 yaşı tamam olduğu tarixdən etibarən ona yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1991-ci il tarixindən xx.xx.1998-ci il taixində əmək kitabçasında olan əmək fəaliyyəti dövrü iş materiallarında təqdim etdiyi hüquqi sənədlərlə sübuta olunur. Cavabdehə həmin dövrlərdə əmək haqqı aldığına dair məbləğləri sübutlarla təqdim etmişdir. Bundan əlavə həmin dövrdə, yəni 1992-ci ildə Xətai Rayon Polis İşçilərinin Sosial Müdafiəsi üzrə X2 Cəmiyyətin təsisçiləri tərəfindən direktor təyin edilmişdir. Fəaliyyəti isə polisin maddi texniki bazasının və sosial müdafiəsini təmin etmək olmuşdur. O, bu cəmiyyətin direktoru olmağı üçün “Xeyriyyə” cəmiyyətinin təsisçiləri tərəfindən qəbul edilən protokol mövcuddur. Həmin dövr üçün o, direktor işlədiyi üçün özünün işə qəbulu yaxud işdən azad edilməyi üçün əmr verməyi absurd olardı. Buna görə işdən azadetmə əmrlər mövcud deyil. Həmin dövrlər üçün onun əmək fəaliyyətinin mövcud olmasını cavabdehə təqdim etdiyi təsisçilərin onu direktor vəzifəsinə təyin etmək üçün qəbul etdiyi protokol sübuta yetirir. Eyni zamanda həmin illər və ondan sonrakı illərdə onun bu cəmiyyətin direktoru kimi verdiyi əmrlər, pul köçürmələri, sosial təminat şöbəsinə ödənilən maliyyə sənədləri mövcuddur ki, bu da göstərilən müddətdə onun həmin müəssisədə direktor vəzifəsini icra etməyini, əmək fəaliyyətini sübuta yetirir. Bunda əlavə qeyd olunur ki, 15 yanvar 2001-ci il tarixli Azərbaycan Respublikasının Dövlət Arxivinin Ekspert yoxlaması tərəfindən də təsdiq olunmuş 5 yanvar 2001-ci il tarixli aktda 1991-ci ilin dekabr ayında yaradılan və 1992-ci ildə fəaliyyətə başlayan Xeyriyyə Cəmiyyətinin əsas qaydaları sənədləri və işləri olduğu otağının döşəməsi zəlzələ nəticəsində uçmasına görə həmin sənədlərin məhv olduğu qeyd edilmişdir. Həmin aktda (akt iddiaya əlavə olur) direktor vəzifəsində yenə İddiaçı göstərilmişdir. Göstərilən aktda sübut edir ki, o, həmin illərdə əmək fəaliyyəti ilə məşğul olmuşdur. Bundan əlavə olaraq təqdim etdiyi sənədlər içərisində 140.000 manatlıq sosial ödəmədə mövcuddur ki, bu da sosial ödənişlərin həyata keçirildiyinin bariz nümunəsidir. Eyni qaydada “Aqro-Servis”-in təsisçiləri tərəfindən verilmiş protokolla direktor təyin edilmişdir. Protokolda o, həm təsisçi, həm də direktor kimi göstərilmiş və bundan sonra hər iki fəaliyyətlə də məşğul olmuşdur. Bu faktlarla bağlı cavabdehə lazımi hüquqi sənədlər təqdim etmişdir. Bundan əlavə olaraq cavabdeh ünvanlandığı məktubda “Aqro-Servis” kiçik müəssisəsi fəaliyyət göstərdiyini aşkar edilmədiyindən sözügedən dövr üçün sığorta stajıma daxil olmadığını qeyd etmişdir. 4 sentyabr 2007-ci il tarixli işlədiyi hüquqi şəxs digər ölkələrdən Azərbaycan Respublikasının ərazisinə müəyən malların gətirilməsini həyata keçirmiş, Gömrük İdarəsinə müvafiq bəyannamələr edilmiş və Gömrük Komitəsinin möhrü ilə təsdiq edilmişdir. 10 dekabr 2007ci ildə Gömrük Komitəsinə bu malları bəyan etmişdir. Əgər rəhbəri olduğu “Aqro-Servis”-in fəaliyyəti 1998-ci ildən 2013-cü ilə qədər fəaliyyəti yox idisə Gömrük Komitəsinə məhsullar necə bəyan edilmişdir? Bunu kim bəyan etmişdir? Əlbəttəki o, rəhbər olduğu zaman bütün bu işləri görmüş və əmək fəaliyyətini həyata keçirmişdir. Göründüyü kimi cavabdehin göstərdiyi fakt həqiqəti əks etdirmir. Təəsüflər olsun ki, cavabdehin məktubunda göstərilən dövrlər üçün əmək fəaliyyəti ilə məşğul olduğunu nəzərə almamış, sənədlərə doğru hüquqi qiyməti verməmişdir. Həmçinin tərəflərindən həmkarlar ittifaqınada 55000 manat məbləğində ödəniş edilmişdir ki, buda bir daha onun əmək fəaliyyəti ilə məşğul olduğunu bir başa sübut edir. Bundan əlavə o, “Aqro-Servis” kiçik müəssisəsində fəaliyyət göstərdiyi müddətdə eyni zamanda Əmlak Komitəsindən özəlləşdirdiyi və eyni sahədə yerləşən X3 həm direktoru həm də sahibi olmuşdur. Təqdim olunan sənədlərdə X4 Təsərrüfatının özəlləşdirilməsinə dair sənədlər mövcuddur. Həmçinin işçilərin siyahısı (təxminən 30 işçi), alınan mal- qara, (300-ə yaxın) kommunal ödənişlər və sair ödənişlərə dair sənədlər mövcuddur. Bundan əlavə vergi ödəyicisi kimi də qeydiyyata alınaraq vergi şəhadətnaməsi verilmişdir. Lakin təsərrüfat vergidən həmin dövrlərdə azad edilmişdir. Daha sonra qeyd olunur ki, 300-ə yaxın mal-qaranın da baytarlıqdan müvafiq sənədləri iş materiallarına əlavə olunur ki, həmin mal-qaraya onun yalnız baxmağı mümkün deyil. Beləliklə, Mərkəzi filial tərəfindən mübahisələndirilən dövrlər ümumilikdə 14 il 2 gün təşkil edir ki, cavabdehin bu imtinası əsasızdır və iddiası təmin edilməlidir. Belə ki, qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanun 69-cu maddəsinə əsasən iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim etmişdir. Etirazın dəlilləri imtina məktubunun dəlilləri ilə eyni məzmunludur Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, etirazın dəlillərinə uyğun izahat verərək, iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin faktiki hallarına görə, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, iddiaçıya məxsus əmək kitabçasında onun 1.07.1976-xx.xx.1976-ci illərdə Azərbaycantranstroy tresti təmiricarə bazasında, xx.xx.1976-xx.xx.1977-ci illərdə Azərbaycantranstroy hissə-tikinti zavodunda, xx.xx.1979-xx.xx.1981-ci illərdə Azərbaycantranstroy hissə-tikinti zavodunda, xx.xx.1981-xx.xx.1988-ci illərə İstehsalat-əmtəə kontorunda, xx.xx.1988-xx.xx.1991-ci illərdə Şaumyan rayon icra komitəsində, xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində, xx.xx.1998-xx.xx.2013-cü illərdə “Aqro-Servis” kiçik müəssisəsində işləməsinə dair qeydlər aparılmışdır. İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçının 25 il ümumi stajının olmaması əsası ilə iddiaçının müraicətini təmin etməkdən imtina etmişdir. Cavabdeh tərəfindən iddiaçının mübahisələndirilməyən stajı 16 il 10 ay 22 gündür. İddiaçı bununla razılaşmır və hesab edir ki, xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində, xx.xx.1998xx.xx.2006-cı illərdə “Aqro-Servis” kiçik müəssisəsində işlədiyi dövrlər də nəzərə alınmalı və ona hüququnun yarandığı vaxtdan yaşa görə pensiya təyin edilməlidir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası əsaslı olmaqla iddia tələbi əsassızdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır; İddiaçı xx.xx.1959-cu il təvəllüdlü olmaqla onun hüququ 65 yaşdan, yəni xx.xx.2024cü ildə yaranır. İddiaçının hərbi xidmət dövrü də nəzərə alınmaqla əmək fəaliyyəti ilə məşğul olduğu dövrlərdə stajı 16 il 10 ay 22 gün təşkil edir. Cavabdeh iddiaçının xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində və xx.xx.1998-xx.xx.2006-cı illərdə “Aqro- Servis” kiçik müəssisəsində iş faəliyyəti ilə bağlı əmək kitabçasının mötəbərliliyini mübahisələndirir. Məhkəmə iddiaçının xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində və xx.xx.1998-xx.xx.2006-cı illərdə “Aqro- Servis” kiçik müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliliyinin araşdırılması üçün aiddiyəti üzrə sorğular verilmişdir: Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin 05 iyun 2024-cü il tarixli cavab məktubunda bildirilmişdir ki, 1996-cı ildə yaradılmış Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində Xətai rayon Polis işlərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətinə dair məlumat mövcud deyildir. “Aqro-Servis” kiçik müəssisəsi 10 avqust 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərin Dövlət reyestrində qeydiyyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. Statistik vahidlərin Dövlət reyestrində "xxxx" kiçik müəssisəsi adı ilə 2 statistik vahidin qeydiyyatına dair məlumat mövcuddur və onlar müvafiq olaraq xx.xx.1996-xx.xx.2001-ci il və xx.xx.1996-xx.xx.1999-cu il tarixlərində qeydiyyatda olmuşlar. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin 20 may 2024-cü il tarixli məktubunda bildirilmişdir ki, “Xeyriyyə” cəmiyyəti və “Aqro-Servis” kiçik müəssisəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin xx.xx.2024-cü il tarixli məktubunda bildirilmişdir ki, hüquqi şəxslər və vətəndaşlıq vəziyyəti idarəsinin arxivində “Xeyriyyə” cəmiyyəti və “Aqro-Servis” kiçik müəssisəsi barədə hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyat İdarəsinin 14 yanvar 2025-ci il tarixli məktubunda bildirilmişdir ki, dövlət reyestrində Xətai rayon polis işlərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” Cəmiyyəti adlı kommersiya qurumu aşkar edilməmişdir. Dövlət reyestr məlumatlarına əsasən "xxxx" Kiçik Müəssisəsi xx.xx.2004-cü il tarixdə dövlət qeydiyyatına alınmışdır, hüquqi ünvanı ünvan 1 Kiçik Müəssisəsinin hüquqi varisliyi və ad dəyişikliyi faktı müəyyən edilməmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən olunur ki, Xətai rayon Polis işlərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətinə dair inzibati orqanlarda heç bir məlumat yoxdur. "xxxx" Kiçik Müəssisəsinin isə, qeydiyata alındığı dövrlə iddiaçının həmin müəssisədə işlədiyi dövlər eyni vaxta təsadüf etmir. İddiaçı iddia ərizəsində həmçinin bildirir ki, "xxxx" Kiçik Müəssisəsinin təsisçisi və müdiri kimi sahibkarlıq fəaliyyəti ilə məşğul olmuş və vergilər ödəmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, iddiaçı "xxxx" Kiçik Müəssisəsinin təsisçisi və müdiri olmasına baxmayaraq fəaliyyət göstərdiyi dövrlər üzrə MDSS ödənişləri qeydə alınmamış, həmçinin iddiaçı həmin dövrlər üzrə də MDSS ödənişləri barədə qəbzlər də təqdim edə bilməmişdir. İddiaçının təqidm etdiyi qəbzlər bələdiyyə vergisi, torpaq vergisi, əmlak vergisi, həmkarlar ittifaqına üzvlük haqlarıdır. Belə olan halda xx.xx.1991-xx.xx.1998-ci illərdə Xətai rayon polis işçilərinin sosial müdafiəsi üzrə “Xeyriyyə” cəmiyyətində və xx.xx.1998-xx.xx.2006-cı illərdə “Aqro-Servis” kiçik müəssisəsində işləməsinə dair əmək kitabçasında aparılmış qeydlərin mötəbərliyi təsdiq olunmur. Həmçinin həmin dövlərin dahibkarlıq fəaliyyəti qismində də, iş stajına daxil edilmısi mümkün hesab edilmir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: 1.0.2-ci maddəsinə əsasən, sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 21.1-ci maddəsinə əsasən, qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir 23.2-ci maddəsinə görə 1992-ci ilin yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir; 22.1-ci maddəsinə əsasən, əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş ““Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın (bundan sonra mətndə - “Qaydalar”) 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. “Qaydalar”ın 3.2 və 3.2.1-ci bəndlərinə əsasən, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir. Qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 67-ci maddəsinin 1-2-ci hissəsinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 67-ci maddəsinin 8-ci hissəsinə əsasən əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddia əsassız olmaqla yuxarıda sadalanan qanunvericiliyin tələblərinə uyğun olmadığından təmin edilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5275/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5275/2025
20.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver