Məhkəmə qərarları › İş №2-1(112)-5278/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5278/2023

29.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5278/2023 29.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Məmmədova Sevda Rövşən qızının katibliyi İddiaçı, iddiaçının nümayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 Departamentinə qarşı «cavabdehin qərarının (hərəkətinin) əsassız sayılması və iddiaçıdan əsassız tutulmuş pul vəsaitinin onun şəxsi hesabına (kartına) köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması»na dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İddiaçı cavabdeh “Azəriqaz” İstehsalat Birliyinin Bakı X4 Departamentinə qarşı «cavabdehin qərarının (hərəkətinin) əsassız sayılması və iddiaçıdan əsassız tutulmuş pul vəsaitinin onun şəxsi hesabına (kartına) köçürülməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, Bakı şəhəri Səbail Rayon Məhkəməsinin 2(009)- 750/2022 saylı iş üzrə 28 aprel 2022-ci il tarixli qətnaməsi ilə hazırkı İddiaçı cavabdeh “Azəriqaz” İB Bakı X4 Departamentinə qarşı iddiası təmin olunmuş və Bakı şəhəri, G.Əliyev küçəsi, 1-ci dalan, 4-cü blok 1 saylı mənzilin qaz təchizatı üzrə iddiaçının abunə hesabına tətbiq olunmuş 3.177 manat məbləğində borcun silinməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəyə minmişdir. Lakin bundan sonra cavabdeh məhkəmə qətnaməsi üzrə icranı lazımi qaydada təmin etməkdən müxtəlif vasitələrlə boyun qaçırmağa başlamışdır. Cavabdeh tərəfindən tərtib edilmiş 2022-ci ilin sentyabr ayına uyğun “abonent saldosu”ndan görünür ki, tətbiq edilmiş cərimə sanksiyası ilə bağlı bu günədək ondan 1.090 manat pul tutulmuşdur və təbii ki, məhkəmə qətnaməsindən sonra əsassız tutulmuş bu vəsait geri qaytarılmalıdır. Bununla bağlı cavabdehin müvafiq cavab məktubunda bildirilir ki, Səbail Rayon Məhkəməsinin 28 aprel 2022-ci il tarixli qətnaməsi üzrə icra vərəqəsi üzrə tələblər “Azəriqaz" İB tərəfindən icra edilmişdir. Qətnamədə və icra sənədində tutulmuş pulun geri qaytarılması nəzərdə tutulmamışdır. İddiaçıya verilən cavabdan göründüyü kimi, problem onunla bağlıdır ki, cərimə tətbiq edildikdən sonra, məhkəmə qətnaməsi qanun qüvvəsinə minən günədək ona tətbiq edilmiş cərimə məbləğindən 1.090 manat tutma həyata keçirilmişdir və məhkəmə qətnaməsindən sonra bu məbləğ iddiaçıya geri qaytarılmalı idi. Lakin iddiaçıdan əsassız olaraq tutulmuş bu məbləği ona geri qaytarmaq əvəzinə, bu məbləğ cavabdeh tərəfindən onun adına olan qaz istehlak kartına yüklənmişdir. Bu o deməkdir ki, iddiaçı bundan sonra 1.090 manatlıq qaz istehlak edərsə, bu həmin kartdan silinəcəkdir. Halbuki, iddiaçıdan əsassız olaraq tutulmuş bu məbləğ ona geri qaytarılmalı və o, bundan sonra istifadə etdiyi qazın pulunu dövrü olaraq ödəməlidir. İddiaçı hesab edir ki, cavabdeh “Azəriqaz” İB Bakı X4 Departamentinin hərəkətləri düzgün deyil. Bundan sonra iddiaçı Səbail Rayon Məhkəməsinə müraciət etməklə, çıxarılmış 28 aprel 2022-ci il tarixli qətnaməyə ondan əsassız tutulmuş 1.090 manat məbləğin geri qaytarılmasının təmin edilməsinin zəruriliyi barədə izah verilməsini xahiş etmişdir. Məhkəməsinin 24 noyabr 2022-ci il tarixli qərardadı ilə izah barədə ərizə təmin edilməmiş, lakin qətnamədə bildirilmişdir ki, məhkəmə qətnaməsi ilə İddiaçı abunə hesabına tətbiq olunmuş 3.177 manat məbləğində borcun silinməsi qət edilmişdir. İddiaçı atrıq tutulmuş 1.090 manat məbləğində pulun istehlakçıya qaytarılmalı olduğu halda onun adına olan qaz istehlak kartına yüklənməsi əsassız həyata keçirilmişdir. Yəni, “Azərqaz” İB tərəfindən 1.090 manat məbləğində pulun qaz istehlak kartına yüklənməsinin heç bir hüquqi əsası mövcud deyil. Bununla yanaşı, “Azərqaz” İB tərəfindən tələbkarın qeyd olunan qanuni tələblərini yerinə yetirməməsi məhkəmə qətnaməsinə izah verilməsi yolu ilə həll edilə bilməz və ayrıca məhkəmə baxışının predmetidir. Bu qərardad cavabdehin ünvanına göndərilsə də, müsbət nəticə əldə olunmamışdır. Göstərilənlərə və İPM-in 2.2, 33-cü maddələrinə əsaslanaraq, məhkəmədən cavabdehin iddiaçıdan əsassız olaraq tutulmuş 1.090 manat pul vəsaitinin onun istehlak kartına yüklənməsi ilə bağlı hərəkətlərinin (qərarının) əsassız sayılması və həmin məbləğin iddiaçının şəxsi kartına yüklənməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar çıxarılması xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədilə cavabdehə təqdim edilmişdir. Lakin cavabdehin iddiaya qarşı yazılı münasibəti (etirazı) məhkəməyə daxil olmamışdır. İş üzrə məhkəmə iclası təyin edilmiş və bu barədə tərəflərə məlumat verilmişdir. Məhkəmə iclasına iddiaçı və onun nümayəndəsi gəlmişlər, cavabdeh tərəf gəlməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X2 iddiaya inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirdi və iddia ərizəsində göstərilənləri təsdiqlələrək iddianı müdafiə etdi. Məhkəmə iclasında iştirak edən İddiaçı iddianı müdafiə etdi. Məhkəmə iddiaçını və onun nümayəndəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə görə bu qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Bu qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. İPM-in 2.1-ci maddəsinə görə qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 4.1-ci maddəsinə əsasən bütün fiziki və hüquqi şəxslər özlərinin qanunla qorunan hüquq və azadlıqlarını, eləcə də maraqlarını qorumaq və təmin etmək məqsədi ilə qanunla müəyyən edilmiş qaydada məhkəmə müdafiəsindən istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 may 2011-ci il tarixli 80 nömrəli qərarı ilə təsdiq edilmiş «Qazdan istifadə Qaydaları»nın 1.3-cü bəndinə görə qaz paylayıcısı tərəfindən istehlakçının qazla təchiz edilməsi qazın alqı-satqı müqaviləsinə əsasən həyata keçirilir. Həmin müqaviləyə qaz paylayıcısı ilə istehlakçı arasında qazpaylayıcı şəbəkənin balans mənsubiyyəti sərhədini müəyyən edən akt əlavə edilir. Qaz paylayıcısı və istehlakçının bu Qaydalara əsasən müəyyənləşdirilən vəzifələri və hüquqları, habelə istehlakçılara verilən qazın keyfiyyəti (təzyiq və təchizatın etibarlığı), həcmi, dəyərinin ödəmə şərtləri və digər məsələlər qazın alqı-satqı müqaviləsində göstərilir. İşin məhkəmə araşdırılıması ilə müəyyən edilir ki, hazırkı iddiaçı və cavabdeh arasında iddiaçıya məxsus mənzilin qaz təchizatı ilə bağlı müqavilə bağlanmışdır. İddiaçıya həmin mənzilin qaz təchizatı ilə bağlı müvafiq müqavilə üzrə cavabdehin hesabladığı 3.177 manat borc mülki mübahisənin predmeti olmuş və məhkəmə qətnaməsi ilə bu borc silinmişdir. Hazırda iddiaçı cavabdeh tərəfindən ondan tutulmuş həmin borcun 1.090 manat hissəsinin ona verilmiş qaz istehlakı ilə bağlı kartına hissə-hissə ödənilməsi ilə razılaşmır və qeyd olunan vəsaitin onun şəxsi kartına (hesabına) birdəfəlik qaytarılmasını tələb edir. Məhkəmənin qənaətinə görə tərəflər arasında əvvəllər mülki məhkəmə mübahisəsi olduğundan və bununla bağlı məhkəmə qətnaməsi qanuni qüvvəyə mindiyindən, hətta bu hal mövcud olmasa belə, mülki müqavilədən yarandığından tərəflər arasındakı hazırkı mübahisə inzibati (publik) deyil, mülki xarakterli qiymətləndirilməlidir. Odur ki, məhkəmə hesab edir ki, hazırkı mübahisəyə inzibati məhkəmə icraatı qaydasına baxıla bilməz və bu səbəbdən də iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar