Məhkəmə qərarları › İş №2-1(112)-5278/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5278/2025

13.06.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5278/2025 13.06.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X2 kаtibliyi, iddiaçının nümayəndəsi Nümayəndə, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı cavabdeh tərəfindən iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-103554/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarının ləğv edilməsi tələbi üzrə inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: Mübahisənin predmeti İddiaçı MMC Bakı İnzibati Məhkəməsində cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia qaldıraraq iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-103554/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarın ləğv edilməsini xahiş etmişdir. İddiaçı MMC iddia tələbini onunla əsaslandırmışdır ki, İddiaçı MMC-nin 2024-cü ilin ikinci rübünə dair “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsi (hesabatı)” üzrə təqdim edilmiş məlumatlar əsasında, dövlət vergi orqanı tərəfindən hesablama aparılmış və nəticə olaraq 902 manat məbləğində sığorta haqqı tutulmuşdur. Lakin vergi xidməti tərəfindən qəbul edilmiş qərar əsassız, qanunsuz və hüquqi baxımdan düzgün deyildir, müvafiq qanunvericiliyə və hüquqi normativlərə ziddir.Belə ki, Nümayəndə, 2-ci rüb üzrə müəyyən aralıqlarla ailə vəziyyəti ilə bağlı (fevral, mart, aprel, may, iyun və iyul aylarında) Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən ödənişsiz məzuniyyət hüququndan istifadə edərək işdən kənarlaşmışdır. Həmin dövrlərdə şəxsi hesab vərəqinə Dövlət Sosial Müdafiə Fonduna (DSMF), İcbari Tibbi Sığorta və İşsizlikdən Sığorta üzrə borclar (və faizlər) hesablanmışdır.Əmək Məcəlləsinin 129-cu maddəsinə əsasən, hər bir işçiyə il ərzində 6 ay ödənişsiz məzuniyyət hüququ verilir. Bu müddət ərzində əmək haqqı ödənilmədiyi üçün işçinin ödənişsiz məzuniyyətdə olduğu müddətlərə əsasən MDSS hesablanması qanunsuz və əsassızdır. Nümayəndə qeyd olunan dövrlərdə ödənişsiz məzuniyyətdə olma səbəbindən, DSMF, İcbari Tibbi Sığorta və İşsizlikdən Sığorta üzrə borcların və faizlərin hesablanması hüququna ziddir. X3 ilə bağlanmış "Maliyyə məsləhəti xidmətlərinin göstərilməsi haqqında" müqavilə çərçivəsində, müqavilə əsasında, Ülvi Rüstəmov yalnız onlayn mühitdə mühasibatlıq xidmətləri göstərmiş, göstərdiyi xidmətlərdə yalnız elektron mühitdən istifadə etmiş, bu müddət ərzində heç bir fiziki iş və ya görüş tələb olunmamışdır. Xidmətlər ayda maksimum 1 saatlıq iş həcmində həyata keçirilmişdir, onun tərəfindən təqdim olunan xidmətlər əsasən mühasibatlıq və maliyyə əməliyyatlarının icrası, müvafiq hesabatların hazırlanması ilə əlaqədar olmuşdur. Müqavilə çərçivəsində ona Asan imzadan istifadə hüququ verilmiş, o, müvafiq maliyyə əməliyyatlarını və hesabatlarını şəkildə həyata keçirmişdir. Bu, xidmətlərin etibarlılığını təmin etmiş və qanuni aspektdən hər hansı bir narahatlığa yol açılmamışdır. Nəticə etibarilə Nümayəndə məzuniyyətdə olmayanda da, olanda da, Ülvi Rüstəmov müvafiq xidmətləri dövri olaraq davamlı şəkildə göstərmişdir. Hər iki halda, onun iş fəaliyyəti aylıq 1 saatı keçməmişdir. Dövlət Vergi Xidmətinin qeyd etdiyi kimi, Cəmiyyət tərəfindən xx.xx.2024-cü ildə işçiyə 300 manat əmək haqqı ödənilmişdir. Lakin, fevral ayı maaşının ödənilməməsi məsələsi, TÜRKƏR LTD Şirkətindən gələn ödənişin fevral maaşını ödəmək üçün istifadə olunması ilə əlaqədardır. Ödəniş gecikməsi yalnız maliyyə vəsaitlərinin təmin edilməməsi səbəbindən baş vermişdir. xx.xx.2024-cü ildə hesabda müəyyən məbləğ əldə edildikdən sonra, fevral ayının maaşı ödənilmişdir. Cəmiyyət, bütün əməliyyatları qanun və prosedurlara uyğun şəkildə həyata keçirmişdir. Ödənişin gecikməsi yalnız maliyyə axınının təmin olunmaması ilə bağlıdır və bu heç bir qanunsuz hərəkət olaraq qiymətləndirilə bilməz. Bank çıxarışları təqdim edilmişdir və bütün əməliyyatlar açıq və şəffaf şəkildə həyata keçirilmişdir.TÜRKƏR LTD ilə bağlanmış müqaviləyə əsasən, iddiaçı yalnız onlayn xidmətlər göstərir. Bu xidmətlər www.autoreport.az platformasında təqdim olunur və yalnız virtual mühitdə həyata keçirilir. Xidmətlər arasında banner, blog və servis modulu mövcuddur. Bu xidmətlər internet üzərindən təqdim edildiyi üçün, fiziki iş və ya məkan tələb olunmur. Müqavilənin icrası zamanı heç bir fiziki fəaliyyət, ofis və ya iş ərazisində iş görülməyib. Bütün əməliyyatlar və xidmətlər yalnız onlayn platforma vasitəsilə həyata keçirilib.2024-cü ilin 2-ci rübü ərzində Cəmiyyət tərəfindən 1 xidmət alınmış və ödəniş həyata keçirilmişdir. "xxxx" Açıq Səhmdar Cəmiyyətindən alınan “sığorta xidmətləri” xidməti üçün 31,23 manat məbləğində ödəniş həyata keçirilmişdir. Bu müqaviləyə əsasən illik ödənişdir və iş müqaviləsi olduğu müddətdə mütləq tələb olunan bir xidmətdir.xx.xx.2024-cü il tarixli, EBEB seriyalı, 460038 nömrəli və xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı, 10260984 nömrəli elektron qaimə-fakturalara əsasən, X4 ilə bağlanmış “partnyorluq birgə smm servis modulu” xidməti üçün 118,0 manat məbləğində ödəniş edilmişdir. Bu xidmətlər www.autoreport.az platformasında onlayn təmsil olunma üçün həyata keçirilmişdir, heç bir fiziki fəaliyyət olmamışdır.xx.xx.2024-cü il tarixli EBEB seriyalı, 460196 nömrəli, xx.xx.2024-cü il tarixli, MT2405 seriyalı (sonradan ləğv olunmuş) və xx.xx.2024-cü il tarixli, MT2406 seriyalı, 10009210 nömrəli elektron qaiməfakturalara əsasən, TÜRKƏR LTD Şirkətinə təqdim edilmiş “smm blog banner partnyorluq” xidməti üçün 177,0 manat məbləğində ödəniş edilmişdir. Bu xidmətlər də www.autoreport.az platformasında periodik olaraq onlayn təmsil olunma məqsədilə həyata keçirilib, heç bir fiziki fəaliyyət olmamışdır.İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə uyğun olaraq verilmiş məhkəmə sərəncamına əsasən cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiаyа dаir еtirаzını təqdim edərək göstərmişdir ki, aparılmış araşdırma zamanı vergi ödəyicisi tərəfindən "Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)"nda 902-ci “Gəlirlər" sətirinin 1-ci ayı üzrə göstərilmiş 0.00 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bildiriş bazasında qeyd edilmiş 1001.13 manat gəlir məbləğindən 1001.13 manat az əks etdirildiyi üçün kənarlaşma yaranmışdır.2024-cü ilin 2-ci rübü (aprel, may, iyun ayları) ərzində fəaliyyət göstərildiyi, gəlir, xərc və ya digər iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də, iddiaçı tərəfindən 2024-cü ilin 2-ci rübü üçün muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) vergi orqanına boş (göstəricisiz) təqdim edildiyi müəyyən edilmişdir.Qeyd olunanlarla əlaqədar vergi ödəyicisinə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-348/2024 nömrəli “Kameral vergi yoxlaması üçün zəruri olan sənədlərin (məlumatların) tələb edilməsi haqqında” uyğunsuzluq məktubu göndərilmiş, müvafiq dövr üzrə cari vergi bəyannamələri və müvafiq təsdiqedici sənədlər tələb olunmuşdur. Lakin, vergi ödəyicisi tərəfindən uyğunsuzluq məktubunda qeyd olunan təsdiqedici sənədlər və cari vergi bəyannamələri təqdim olunmadığından 2024-cü ilin 2-ci rübləri üçün MÖMV üzrə 901,02 manat əlavə vergi məbləği hesablanmış və bu barədə xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-103554/2024 (**********385400) nömrəli “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” Qərar göndərilmişdir.Azərbaycan Respublikasının Vergi Məcəlləsində, “Sosial sığorta haqqında” və “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanunlarında edilmiş dəyişikliklərə əsasən sosial sığorta haqları və işsizlikdən sığorta haqları üzrə yığımların təmin edilməsi xx.xx.2019-cu il tarixdən etibarən Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə həvalə edilmişdir.“Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununun 9-1.1-ci maddəsinə əsasən məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir.Həmin Qanunun 3-cü maddəsinin müddəalarına görə sosial sığortanın prinsiplərindən biri onun məcburiliyidir. Vergi Məcəlləsinin 23.1.1-ci maddəsinə əsasən vergi orqanın Məcəllə ilə müəyyən edilmiş hallarda və qaydada kameral və səyyar vergi yoxlamalarını, operativ vergi nəzarətini keçirmək hüququ vardır.Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 24.0.1-ci və 24.0.2ci maddələrinə əsasən, vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə, vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə və vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə borcludur.Həmin Məcəllənin 37.3-ci maddəsinə əsasən kameral yoxlama aparmaq üçün vergi ödəyicisindən təqdim olunmuş bəyannamə ilə bağlı sənədlərdə olan məlumatlar arasında ziddiyyət və ya səhv aşkar edildikdə vergi orqanı vergi ödəyicisindən əlavə məlumat, sənəd və izahat tələb edir.Həmin Məcəllənin 67.1-ci maddəsinin tələblərinə əsasən vergitutma obyektinin müəyyənləşdirilməsi hər hansı başqa səbəblərdən mümkün olmadıqda, vergi orqanlarının ödənilməli olan verginin məbləğini əlaqəli məlumatlardan istifadə etməklə hesablamaq hüququ vardır. Cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi göstərilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddianın növü və mümkünlüyü Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır:2.2.1. şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia); Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər, 32.2-ci maddəsinə əsasən aşağıdakı inzibati aktlar mübahisələndirmə haqqında iddianın predmeti ola bilər: 32.2.1. barəsində məhkəməyə şikayət verilməmiş inzibati akt; 32.2.2. barəsində şikayət verildiyi hallarda, şikayət instansiyasının qərarı ilə dəyişdirilmiş inzibati akt (şikayət instansiyası tərəfindən qərar qəbul edildikdən sonrakı formada ilkin inzibati akt); 32.2.3. şikayət instansiyası tərəfindən şikayətə baxma qaydasında qəbul edilmiş və ilk dəfə olaraq üçüncü şəxs üçün öhdəlik yaradan qərar (inzibati akt). Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. Belə ki, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia müddətinə əməl edilmiş, iddiaçı cavabdehə müraciət etmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Mübahisə ilə bağlı işin faktiki vəziyyəti. İddiaçının nümayəndəsi Nümayəndə məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi M.Əfəndiyev məhkəmə iclasında iddia ərizəsinə etirazda göstərilən məzmunda çxış edərək iddia tələbinin təmin edilməməsi haqqında qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İş materiallarında olan: “Vergilərin, sosial sığorta və işsizlik sığortası haqlarının hesablanması barədə” 3-21-2- 3/2-103554/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarına əsasən vergi orqanı tərəfindən iddiaçıya 901,02 manat sığorta haqqı hesablanmışdır, hesablamanın əsası kimi iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü (aprel, may, iyun ayları) ərzində fəaliyyət göstərildiyi gəlir, xərc və ya iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü üçün muzdlü işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) vergi orqanına boş (göstəricisiz) təqdim edilməsi göstərilmişdir. “İnzibati şikayətin təmin edilməməsi haqqında” xx.xx.2024-cü il tarixli, **********703300 nömrəli qərarına əsasən cavabdeh kameral vergi yoxlaması zamanı uçot-baza məlumatlarına əsasən aparılmış təhlillər nəticəsində Cəmiyyət tərəfindən 2024-cü ilin 2-cü rübü üçün təqdim edilmiş “Muzdlu işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannamələri (hesabatı)”nda 902-ci “Gəlirlər” sətirinin 1-ci, 2-ci və 3-cü ayları üzrə göstərilmiş 0 manat gəlirin məbləği, Azərbaycan Respublikasının Əhalinin Sosial Müdafiəsi Nazirliyi bildiriş bazasında qeyd edilmiş 3003,13 manat məbləğindən 3003,13 manat az təqdim edilməsi müəyyən edilmişdir, həmin qərara əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin “Əmək müqaviləsi bildirişləri” bazasının məlumatlarına əsasən 2024-cü ilin 2-cü rübü (aprel, may və iyun ayları) ərzində Birliyin 1 nəfər (Nümayəndə) muzdlu işçi ilə bağlanılmış əmək müqaviləsinin qüvvədə olduğu, işçinin tutduğu vəzifənin durektor olduğu əmək haqqı fondunun hər ay üçün 1001,13 manat olduğu müəyyən edilmişdir. İddiaçının xx.xx.2024-cü il tarixli və xx.xx.2024-cü il tarixli əmrlərinə əsasən iddiaçının əməkdaşı Nümayəndə xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixinə qədər və 13 may 2024сü ildən 16 iyul 2024-cü il tarixinə qədər ödənişsiz məzuniyyət verilmişdir. Hesabdan çıxarış adlı sənədə əsasən iddiaçının bank hesabında xx.xx.2024-cü ildən xx.xx.2024-cü il tarixə qədər müddətdə son əməliyyat tarixi xx.xx.2024-cü ildə aparılmışdır. İddiaçı tərəfindən məhkəməyə Ülvi Rüstəmov ilə xx.xx.2024-cü ildə bağlanmış “Maliyyə məsləhəti xidmətlərinin göstərilməsi haqqında” müqavilə,”Türkər” MMC ilə xx.xx.2022-ci ildə bağlanmış əməkdaşlıq sazişi təqdim edilmişdir. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının və cavabdehin nümayəndələrini dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikasının Vergi Məcəlləsində göstərilir: 1.4. Bu Məcəllənin vergitutmanın ümumi əsasları, vergilərin ödənilməsi qaydaları (ödənilməsi mənbələri istisna olmaqla), vergi ödəyicilərinin və dövlət vergi orqanlarının, habelə vergi münasibətlərinin digər iştirakçılarının vergitutma məsələləri ilə bağlı hüquq və vəzifələri, vergi nəzarətinin forma və metodları, vergi qanunvericiliyinin pozulmasına görə məsuliyyət, dövlət vergi orqanlarının və onların vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət edilməsi qaydaları ilə bağlı müddəaları məcburi dövlət sosial sığorta haqqı, icbari tibbi sığorta haqqı və işsizlikdən sığorta haqqına münasibətdə də tətbiq olunur. 3.7. Azərbaycan Respublikasının vergiləri yalnız bu Məcəllə ilə müəyyən edilir, onların dəyişdirilməsi və ya ləğv edilməsi bu Məcəlləyə dəyişiklik edilməsi ilə həyata keçirilir. 3.8. Heç bir şəxsin üzərinə bu Məcəllə ilə müəyyən edilən vergilərin xüsusiyyətlərinə malik olan və bu Məcəllə ilə müəyyən edilməyən, yaxud bu Məcəllə ilə müəyyən edilən qaydalardan fərqli olaraq müəyyən edilən vergilər ödəmək vəzifəsi qoyula bilməz. 3.11. Vergilər haqqında qanunvericiliyin bütün ziddiyyətləri və aydın olmayan məqamları, vergi ödəyicisinin xeyrinə şərh edilməlidir 13.1. Bu Məcəllədə istifadə olunan mülki, ailə və Azərbaycan Respublikasının digər qanunvericilik sahələrinin anlayışları, əgər bu Məcəllədə digər məna nəzərdə tutulmamışdırsa, həmin qanunvericilik sahələrində qəbul edilmiş mənada tətbiq edilir. 16.1. Vergi ödəyicisinin aşağıdakı vəzifələri vardır:16.1.1. qanunla müəyyən edilmiş vergiləri, habelə bu Məcəllə ilə müəyyən edilmiş qaydada hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək; 24.1.1 və 24.1.2. Vergi orqanları vergilərin düzgün hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət etməyə; vergi qanunvericiliyinə tam və dəqiq riayət etməyə; vergi ödəyicilərinin hüquqlarını və qanuni mənafelərini gözləməyə və müdafiə etməyə borcludur; 32.1. Vergi orqanları vergilərin tam və vaxtında yığılmasını təmin etmək məqsədi ilə vergi nəzarətini həyata keçirirlər. Vergi nəzarəti vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotuna, habelə vergi qanunvericiliyinə riayət olunmasına vahid nəzarət sistemidir. 32.2. Vergi nəzarətini bu Məcəllədə və Azərbaycan Respublikasının Gömrük Məcəlləsində nəzərdə tutulmuş hallarda və qaydada müvafiq icra hakimiyyəti orqanları həyata keçirirlər. Yerli vergilərin (bələdiyyə vergilərinin) qanunvericiliyə uyğun olaraq hesablanmasına, tam və vaxtında ödənilməsinə nəzarət bələdiyyələrin vergi xidməti orqanları tərəfindən həyata keçirilir. 32.3. Vergi nəzarəti vergi orqanlarının və gömrük orqanlarının, onların vəzifəli şəxslərinin səlahiyyətləri hədlərində bu Məcəlləyə, Azərbaycan Respublikasının Gömrük Məcəlləsinə və digər qanunvericilik aktlarına müvafiq olaraq həyata keçirilir. 32.4. Vergi orqanları vergi nəzarətini vergi ödəyicilərinin və vergitutma obyektlərinin uçotunu aparmaqla, uçot və hesabat məlumatlarını yoxlamaqla, əlaqəli məlumatları təhlil etməklə, vergi ödəyiciləri və digər şəxslər arasında sorğu aparmaqla, gəlir əldə etmək üçün istifadə olunan binalara (ərazilərə) baxış keçirməklə, yaxud həmin obyektlərin fəaliyyəti barədə məlumat toplamaqla və bu Məcəllə ilə müəyyən edilmiş digər formalarda həyata keçirirlər 36.1. Vergi orqanları tərəfindən keçirilən yoxlamalar kameral və ya səyyar ola bilər. 36.2. Vergi yoxlamaları keçirildikdə, vergi orqanları və onların vəzifəli şəxsləri düzgün qərar qəbul edilməsi üçün əhəmiyyətli olan bütün halları, o cümlədən vergi ödəyicisi üçün əlverişli olan halları aydınlaşdırmalıdırlar. 62.1. Hər bir vergi ödəyicisinin və ya başqa vəzifəli şəxsin vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət etmək hüququ vardır. 62.2. Vergi orqanlarının qərarlarından (aktlarından), habelə vergi orqanlarının vəzifəli şəxslərinin hərəkətlərindən (hərəkətsizliyindən) şikayət qanunla müəyyən edilmiş qaydada yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) və (və ya) məhkəməyə verilir.Şikayətin yuxarı vergi orqanına (yuxarı vəzifəli şəxsə) verilməsi həmin şikayətin eyni zamanda və ya sonradan məhkəməyə verilməsini istisna etmir. 64.Vergi orqanlarının qərarları (aktları), onların vəzifəli şəxslərinin hərəkətləri (hərəkətsizliyi) barəsində məhkəməyə verilmiş şikayətlərə (iddia ərizələrinə) Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi ilə müəyyən edilmiş qaydada baxılır. 123.1. Rezident fiziki şəxsə, qeyri-rezident fiziki şəxsin Azərbaycan Respublikasındakı daimi nümayəndəliyinə (maliyyə lizinqini həyata keçirən fiziki şəxslər istisna olmaqla) və Azərbaycan Respublikasında daimi nümayəndəliyi olmayan qeyrirezidentə rezident tərəfindən və ya qeyri-rezidentin daimi nümayəndəliyi tərəfindən, yaxud bu cür nümayəndəliyin adından ödənilən faizlərdən, o cümlədən maliyyə lizinqi əməliyyatları üzrə ödənilən ssuda faizlərindən, gəlir bu Məcəllənin 13.2.16-cı maddəsinə uyğun olaraq Azərbaycan mənbəyindən əldə edilmişdirsə ödəniş mənbəyində 10 faiz dərəcə ilə vergi tutulur. “Sosial sığorta haqqında” Azərbaycan Respublikası Qanununda göstərilir: 1.1. Bu Qanunda istifadə edilən əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. sosial sığorta – bu Qanunla nəzərdə tutulmuş hallarda fiziki şəxslərin itirilmiş əməkhaqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat forması; 1.1.10. məcburi dövlət sosial sığorta haqqı – sığortalamaya görə sığortaçıya ödənilən pul vəsaiti; 9-1.1. Məcburi dövlət sosial sığorta haqlarının hesablanmasına və ödənilməsinə nəzarət, məcburi dövlət sosial sığorta haqları üzrə hesabatın vaxtında təqdim edilməməsinə, hesablanmış məcburi dövlət sosial sığorta haqlarının azaldılmasına və ya yayındırılmasına görə maliyyə sanksiyalarının tətbiqi, məcburi dövlət sosial sığorta haqqı üzrə yaranmış borcların alınması, məcburi dövlət sosial sığorta haqqının vaxtında ödənilməməsinə görə faizlərin hesablanması və artıq ödənilmiş məcburi dövlət sosial sığorta haqqının qaytarılması Azərbaycan Respublikasının Vergi Məcəlləsində vergilər üzrə müəyyən olunmuş qaydada həyata keçirilir. 14.2. Məcburi dövlət sosial sığortasında sığorta haqqı əmək ödənişinə (gəlirə) nisbətdə faizlə müəyyən edilir, sığortaedənin və sığortaolunanın vəsaiti hesabına ödənilir. 14.3. Bu qanunun 14.4-cü maddəsinin müddəaları nəzərə alınmaqla, muzdlu işdən əldə edilən gəlirlər üzrə məcburi dövlət sosial sığorta haqqı aşağıdakı dərəcələrlə ödənilir: 14.3.1. sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi; 14.3.2. sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizi. 15.Məcburi dövlət sosial sığorta haqqı sosial sığorta haqqı hesablanmayan aşağıdakı gəlir növləri istisna olunmaqla əmək ödənişinin və gəlirlərin bütün növləri üzrə hesablanır:iş vaxtı daimi yolda olan və ya işi gediş-gəliş (səyyar) xarakteri daşıyan, çöl təşkilatlarında işləyən işçilərə gündəlik ezamiyyə xərclərinin əvəzində verilən əlavələr;faktiki ezamiyyə xərclərinin,və ya digər işgüzar xərclərin (görüşlərin keçirilməsi ilə bağlı qonaqların görüş yerinə gətirilməsi və görüş yerindən aparılması xərcləri, ictimaiiaşə obyektlərində qonaqlar üçün ziyafətlərin təşkili, habelə bu tədbirlərin keçirilməsi üçün hazır yeməklərin alınması üzrə çəkilmiş xərclər və görüşlərə cəlb edilmiş tərcüməçilərin xidmət haqları) əvəzinin ödənilməsi; müəssisənin ləğvi, işçilərin sayının azaldılması, ştatların ixtisar edilməsi və ya işçinin vəfatı ilə əlaqədar əmək müqaviləsinə xitam verilərkən birdəfəlik ödənilən məbləğlər; əmək şəraiti zərərli, ağır olan və yeraltı işlərdə çalışan işçilərə verilən pulsuz müalicə-profilaktik yeməklər, süd və ona bərabər tutulan digər məhsulların dəyəri və işçilərə müəyyən edilmiş müddətlərdə və tələb olunan çeşidlərdə verilən xüsusi geyim, xüsusi ayaqqabı və digər fərdi mühafizə vasitələrinin dəyəri;istehsalatdan ayrılmaqla təhsil almağa göndərilmiş tələbələrə, doktorantlara və magistrlərə müəssisə və təşkilatların hesabına ödənilən təqaüd məbləğləri;təbii fəlakət və digər fövqəladə hallarla əlaqədar müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında, habelə xarici dövlətlər və digər təşkilatlar tərəfindən göstərilən birdəfəlik yardımlar;aliment ödənişləri, donorluq zamanı verilən qan və qan komponentləri üçün haqq;məcburi dövlət sosial sığorta haqları hesabına verilən sosial sığorta ödəmələrinin məbləğləri;Azərbaycan Respublikasının qanunları və müvafiq icra hakimiyyəti orqanlarının qərarları əsasında dövlət büdcəsinin vəsaiti hesabına verilən dövlət təqaüdləri və dövlət müavinətləri; sığorta hadisəsi baş verdikdə, sığortalının əmlakına və ya əmlak mənafelərinə dəymiş zərərin yerini doldurmaq üçün pul və ya natura şəklində ödənilmiş vəsait-sığorta ödənişi, həmçinin sığortaedən tərəfindən ödənilən bütün növ icbari sığorta və könüllü tibbi sığorta haqları, 3 ildən az olmayan müddətə bağlanan müqavilə ilə həyatın yığım sığortası və pensiya sığortası üzrə qeyri-dövlət sektoruna aid edilən sığortaedənin sığortaolunanın gəlirlərinin 50 faizindən çox olmayan hissəsindən Azərbaycan Respublikasının sığortaçılarına ödənilən sığorta haqları, həyatın yığım sığortası və pensiya sığortası üzrə müqavilənin qüvvəyə mindiyi andan etibarən 3 illik müddət keçdikdən sonra sığorta olunana və faydalanan şəxsə ödənilən hər hansı məbləğlər;muzdlu işə və sahibkarlıq fəaliyyətinə aid olmayan gəlirlər (faiz gəliri, dividend, əmlakın icarəyə verilməsindən gəlir, royalti (müəlliflik qonorarı istisna olmaqla), sahibkarlıq fəaliyyəti məqsədləri üçün istifadə olunmayan aktivlərin təqdim edilməsindən gəlir, hədiyyə, maddi yardım (sığortaedənin öz işçisinə ödədiyi maddi yardım istisna olmaqla) və mirasların məbləği, idman oyunları ilə əlaqədar aparılan mərc oyunlarından, lotereyaların keçirilməsindən, habelə digər yarışlardan və müsabiqələrdən pul şəklində əldə edilən uduşlar);yarışlarda və müsabiqələrdə əşya və pul şəklində alınan mükafatların dəyəri;dövlət qulluqçusuna pensiya yaşına çatmasına görə könüllü işdən çıxması ilə əlaqədar verilən birdəfəlik haqq;sığortaedənin vəsaiti hesabına əmək qabiliyyətini müvəqqəti itirməyə görə verilən müavinət;dövlət orqanları tərəfindən köçürmə yolu ilə başqa yerlərə işləməyə göndərilən işçilərə köçürülmə və kirayə xərclərinin əvəzi üçün ödənilən kompensasiya; Azərbaycan Respublikasının diplomatik nümayəndəliyində və ya konsulluğunda xidmət keçən diplomatik xidmət orqanı əməkdaşlarına, habelə “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 13.15-ci və 13.16-cı maddələrində nəzərdə tutulan şəxslərə həmin Qanunun 12.5-ci və 13-cü maddələrinə uyğun olaraq ödənilən müavinətlər, kompensasiyalar və aylıq əlavə, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) xarici dövlətlərdə və beynəlxalq təşkilatlarda nümayəndələrinə dövlət məvacibi istisna olmaqla, müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) müəyyən etdiyi qaydaya uyğun olaraq ödənilən bütün növ ödənişlər;fəaliyyətləri müvafiq icra hakimiyyəti orqanı vasitəsilə əlaqələndirilən beynəlxalq, yerli humanitar və onların təsis etdikləri inkişaf təşkilatlarının (sığortaedənlərin) donor ölkə, təşkilat, özəl şirkətlər tərəfindən maliyyələşdirilən humanitar proqramlar çərçivəsində ayrılan vəsait hesabına əcnəbilər üzrə formalaşan əmək haqqı fondu (Azərbaycan Respublikası Prezidentinin 2004-cü il 1 iyul tarixli, 298 nömrəli sərəncamı ilə təsdiq olunmuş «Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı»nın icrası müddətində);əmək xəsarəti və ya sağlamlığın başqa cür pozulması nəticəsində işçilərə dəymiş zərərin əvəzində verilən ödəmələr;ictimai təşkilatlar, xeyriyyə cəmiyyətləri və fondları tərəfindən verilən maddi yardımlar;əməliyyat-axtarış fəaliyyəti subyektləri ilə əməkdaşlıq edən şəxslərə, kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti subyektlərinə kömək edən şəxslərə ödənilən bütün növ əməkhaqqı, mükafat və digər maddi təminatlar; müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən ödənilən maddi yardım (dəstək);sığortaedənin işçilərin sosial xarakterli xərclərinin çəkilməsinin nəticəsi kimi əldə edilən gəlirləri, o cümlədən üçüncü tərəfə ödədiyi vəsait; əlilliyi olan şəxslərin müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) rəsmi internet saytı vasitəsilə elektron ticarət qaydasında əl işlərinin satışından əldə edilən gəlirlər. Azərbaycan Respublikasının Əmək Məcəlləsində göstərilir: Maddə 128. Ödənişsiz məzuniyyətdən istifadə hüququ Qohumluq borcunun yerinə yetirilməsi ilə bağlı ailə, məişət və başqa sosial məsələləri təxirə salmadan həll etmək, təhsil almaq, yaradıcı elmi işlə məşğul olmaq üçün, habelə yaşına, fizioloji keyfiyyətlərinə görə işdən ayrılmaq zərurəti olduqda işçinin ödənişsiz məzuniyyətlərdən istifadə etmək hüququ vardır. Maddə 129. Ödənişsiz məzuniyyətlərin növləri

1. Ödənişsiz məzuniyyətlər bu Məcəllədə nəzərdə tutulmuş hallarda işçilərin xahişi və ya tərəflərin qarşılıqlı razılığı ilə verilir.

2. İşəgötürənlə işçinin qarşılıqlı razılığına əsasən, həmçinin kollektiv müqavilələrdə nəzərdə tutulan hallarda, o cümlədən əmək müqaviləsi ilə müəyyən edilən şərtlərlə işçilərə müddəti altı aydan çox olmayaraq tərəflərin mülahizəsinə əsasən müəyyən edilən ödənişsiz məzuniyyət verilə bilər. “Məcburi dövlət sosial sığortası üzrə ödəmələrin və əmək qabiliyyətini müvəqqəti itirmiş sığortaolunanlara sığortaedənin vəsaiti hesabına ödənilən müavinətin hesablanması və ödənilməsi haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarında göstərilir:

13. Əmək haqqı saxlanılmadan məzuniyyətin və ya uşağa qulluq etməkdən ötrü məzuniyyət zamanı əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə müavinət verilmir.

16. Növbəti və əlavə məzuniyyət, uşağa qulluq etməkdən ötrü məzuniyyət və yaxud əmək haqqı saxlanılmadan məzuniyyət vaxtı, xəstələnmiş ailə üzvünə qulluq etmək üçün müavinət verilmir. Məhkəmə inzibati iş materiallarında olan sənədlərdən müəyyən etmişdir ki, cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi iddiaçının mübahisələndirdiyi xx.xx.2024-cü il tarixli, 3-21- 2-3/2-103554/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarı ilə iddiaçıya 901,02 manat sığorta haqqı hesablanmışdır, hesablamanın əsası kimi iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü (aprel, may, iyun ayları) ərzində fəaliyyət göstərildiyi gəlir, xərc və ya iqtisadi əməliyyatlar (göstəricilər) barədə məlumatlar aşkar edilsə də iddiaçı tərəfindən 2024-cü ilin 2-cü rübü üçün muzdlü işlə əlaqədar ödəmə mənbəyində tutulan vergi, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqları bəyannaməsinin (hesabatının) vergi orqanına boş (göstəricisiz) təqdim edilməsi göstərilmişdir. Məhkəmə cavabdehin qeyd edilən əsasla iddiaçıya 901,02 manat sığorta haqqının hesablanmasını qanuna uyğun hesab etmir, belə ki, qanunvericiliyin yuxarıda sadalanan tələblərinə əsasən sığortaedən tərəfindən ödənilən sığorta haqqı - hesablanmış əməyin ödənişi fondunun və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərin 22 faizi, sığortaolunan tərəfindən ödənilən sığorta haqqı - işçinin əməkhaqqının və məcburi dövlət sosial sığortasına cəlb olunan digər gəlirlərinin 3 faizini təşkil edir. Cavabdehin sığorta haqqı hesabladığı dövrdə iddiaçının yeganə əməkdaşı ödənişsiz əmək məzuniyyətində olmuşdur, həmin dövrdə işçiyə əmək haqqı ödənilmədiyi üçün iddiaçının sosial sığorta haqqı hesablamaq və ödəmək öhdəliyi mövcud olmamış, bu səbəbdən də cavabdeh tərəfindən qeyd edilən vaxtda iddiaçıya sığorta haqqı ödəməsinin hüquqi əsasları mövcud olmamışdır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; Həmin Qanunun 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir; Həmin Qanunun 2.0.4-cü maddəsinə əsasən ərizə - maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.5-ci maddəsinə əsasən inzibati şikayət - hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə maraqlı şəxsin inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan və yaxud inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən subordinasiya baxımından yuxarı inzibati orqana yazılı müraciətidir; Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; Həmin Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24-cü maddəsində göstərilir: 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur.24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir.24.4. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Həmin Qanunun 67.1.-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2.-ci maddəsinə görə qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. Həmin Qanunun 71.1-ci maddəsinə əsasən maraqlı şəxslər hüquqlarını və ya qanunla qorunan maraqlarını müdafiə etmək məqsədilə inzibati aktdan və ya inzibati aktın qəbul edilməsindən imtinadan şikayət vermək hüququna malikdirlər. Həmin Qanunun 72.1-ci maddəsinə əsasən inzibati aktdan şikayət inzibati qaydada və ya məhkəmə qaydasında verilə bilər. Cavabdeh iddiaçının yeganə işçisinin ödənişsiz əmək məzuniyyətində olduğu dövrdə, həmin işçiyə əmək haqqı hesablanmadığı və ödənilmədiyi müddətdə iddiaçıya sığorta haqqı hesablamaqla işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olduğu halda bunu etməmiş, iddiaçının xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə göstərilənlərə əsasən, işin bütün hallarına məcmu qiymət verərək, hesab edir ki, iddiaçının iddiası təmin edilməli, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin iddiaçı barəsində qəbul edilmiş xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-103554/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarı ləğv edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar.

NƏTİCƏVİ HİSSƏ

Məhkəmə Аzərbаycаn Rеspublikаsının İnzibаti Prоsеssuаl Məcəlləsinin 2, 32, 35, 68, 69, 85 və 110-cu mаddələrini rəhbər tutаrаq

QƏRARA ALDİ:

İddia tələbi təmin edilsin. İddiaçı MMC barədə qəbul edilmiş Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-21-2-3/2-103554/2024 nömrəli "Vergilərin, sosial sığorta və işsizlik sığorta haqlarının hesablanması barədə" qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.

Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar