Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5279/2021 17.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, iddiaçının nümayəndəsi X3, cavabdehin nümayəndəsi X4 iştirakı ilə İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının bərpa edilməsi»nə dair iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun (bundan sonra – DSMF) Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı «əmək pensiyasının təyin edilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirlir ki, iddiaçı xx.xx.1960-cı il tarixdə Zərdab rayonunun Məlikumudlu kəndində doğulmuş, orta məktəbi 1977-ci ildə bitirdikdən sonra həmin il Azərbaycan İnşaat Mühəndisləri İnstitutuna qəbul olmuşdur. 9 il qiyabi təhsil aldıqdan sonra, 1986-cı ildə həmin təhsil müəssisəsini bitirmişdir. İlk əmək fəaliyyətinə 1977-ci ildə başlamışdır. Belə ki, 26.08.1977-ci il tarixli əmrlə Bakı Yaşıllaşdırma Tresinin 1 nömrəli Tikinti-Quraşdıma İdarəsində İ dərəcəli fəhlə vəzifəsinə qəbul edilmiş, 1 il 1 ay həmin vəzifədə işlədikdən sonra 20.09.1978-ci il tarixdə həmin işdən azad olunmuşdur. 17.10.1978-ci il tarixdə Xüsusi Trest İdarəsinin 2 nömrəli Tikinti-Quraşdırma İdarəsinə fəhlə vəzifəsinə qəbul edilmiş, iki ay işlədikdən sonra 10.12.1978-ci il tarixdə işdən azad olunmuşdur. 01,08.1979-cu il tarixdə X10 Tikinti Trestinin 3 nömrəli Tikinti-Quraşdırma İdarəsində fəhlə vəzifəsinə qəbul olunmuşdur. 29.02.1980-ci il tarixdən 27.07.1981-ci il tarixədək həmin İdarədə ikinci dərəcəli fəhlə, 27.07.1981-ci il tarixdən 26.05.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsini icra etmişdir. 26.05.1988-ci il tarixdən 16.03.1992-ci il tarixədək tikinti üzrə usta vəzifəsinə rəsmi təyin edilmişdir. Bir müddət əmək fəaliyyətini dayandırsa da, 04.12.1997-ci il tarixdə 36 nömrəli X1 iş icraçısı vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 31.03.2011-ci il tarixədək işlədikdən sonra öz arzusu ilə işdən azad olunmuşdur. 23.02.2012-ci il tarixdə X5, Sənaye və Ticarət Səhmdar Cəmiyyətinə mühəndis vəzifəsinə təyin edilmiş, həmin işdə 09.09.2012-ci il tarixədək işlədikdən sonra AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinə əsasən işdən azad olunmuşdur. Bundan sonra 09.08.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 27.08.2018-ci il tarixdə AR Əmək Məçəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “a” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Daha sonra 31.08.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 13.10.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. 05.11.2018-ci il tarixdə "xxxx" MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, 15.11.2018-ci il tarixdə AR Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci bəndinin “b” bəndinə əsasən əmək müqaviləsinə xitam verilmişdir. Bundan sonra, 24.12.2018-ci il tarixdə Enerji Tikinti Servis MMC-yə hidrotexnika mühəndis vəzifəsinə təyin edilmiş, həmin vəzifədə 17.02.2019-cu il tarixədək işlədikdən sonra öz ərizəsi ilə işdən azad olunmuşdur. 24.11.2020-ci il tarixdə cavabdehə ərizə ilə müraciət edərək, ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh 22.02.2021-ci il tarixdə ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtina etmişdir. Güzəştli şərtlərlə pensiya təyinatının aparılmasından imtinanın səbəbi kimi, ümumi stajının 25 ilindən az (14 il 9 ay 3 gün), güzəştli iş stajının isə 12 il 6 ayından az (10 il 7 ay 19 gün) təşkil etməsi göstərilmişdir. Aşağıda göstərilən əsaslara görə cavabdehin imtinası əsaslı və qanuni hesab edilmir. AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nın XXVİİ bəndində bina, qurğu və digər obyektlərin inşası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri sahəsində fəhlə və iş icraçısı işləmiş şəxslərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ yaranır. «Əmək pensiyaları haqqında» AR Qanunun 9.1ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 52 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 10 mart 2017-ci il tarixli 543-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə 9.1-ci maddədə “57” rəqəmləri “60” rəqəmləri ilə, “52” rəqəmləri “55” rəqəmləri ilə əvəz edilmişdir və həmin maddəyə “çalışmışlarsa” sözündən sonra “və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə” sözləri əlavə edilmiş və sözügedən dəyişikliklər 01 iyul 2017-ci i! tarixdən qüvvəyə minmişdir. «İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları» haqqında AR Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli 186 nömrəli qərarının 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini'və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. 29.02.1980-ci il tarixli 28 nömrəli əmrlə Su Tikinti Trestinin 3 nömrəli Tikinti- Quraşdırma İdarəsində 27.07.1981-ci il tarixədək 2-ci dərəcəli fəhlə vəzifəsində, 27.07.1981-ci il tarixdən 26.05.1988-ci il tarixədək həmin İdarədə tikinti üzrə usta vəzifəsinin icraçısı, 26.05.1988-ci il tarixdən 16.03.1992-ci il tarixədək tikinti usta vəzifəsinə təyin edilməsi, 04.12.1997-ci il tarixdən 31.03.2011-ci il tarixədək 36 nömrəli X2 iş icraçısı vəzifəsində işləməsi iddia ərizəsinə əlavə edilən əmək kitabçası ilə təsdiq olunduğu halda, cavabdeh orqan əsassız və qanunsuz olaraq, 12 il 6 ay güzəştli şərtlərlə iş stajının olmadığını bildirmişdir. Göstərilənlərə əsaslanraq, ona (iddiaçıya) 05.01.2017-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması məhkəmədən xahiş olunur. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47 – 49-cu maddələrinə müvafiq olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim olunmuşdur. Cavabdehin nümayəndəsinin iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazında aşağıdakılar bildirilir: - İddiaçı dəlili əsassızdır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanunu iddiaçıya münasibətdə tətbiq edilə bilməz. Belə ki, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə görə bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun iddiaçıya şamil edilə bilməsi üçün iddiaçının 1 yanvar 2006-ci il tarixədək (yəni «Əmək pensiyaları haqqında» AR Qanunu qüvvəyə minənədək) güzəştli şərtlərlə pensiya almaq hüququ yaranmış olmalıdır. Bu hüquq isə aşağıdakı 3 şərtə riayət edilməklə yaranır: 1) iddiaçının qanunla tələb edilən pensiya yaşma çatması; 2) iddiaçının qanunla tələb edilən zəruri staja (ümumi və güzəştli) sahib olması; 3) iddiaçının işlədiyi peşənin AR Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı»nda göstərilməsi. Hazırki iş üzrə 2 və 3-cü şərtlərə əməl edilməmişdir. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin AR Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan kişilər 57 yaşma çatdıqda və azı 25 il iş stajı olduqda, bu müddətin azı 12 il 6 ayım həmin işlərdə çalışarsa, güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. İddiaçının Filiala təqdim etdiyi 20.03.1978-ci il tarixli ******* nömrəli əmək kitabçasının 7-11-ci səhifələrində onun 04.12.1997-ci il tarixdən 01.01.2006cı il tarixədək olan dövr ərzində Göyçay rayon “Azərsutikinti ASC-nin Şirvan Azərsutikinti Törəmə Müəssisə”də işlədiyi qeyd olunmuşdur. Həmin dövrlərin araşdırılması ilə bağlı sorğuya cavab olaraq DSMF-nun 13 saylı Regional Ərazi Filialı tərəfindən yuxarıda qeyd olunan dövr üzrə iddiaçıya dair əmək haqqı cədvəlləri araşdırılarkən 1997 – 2003-cü illərə aid əmək haqqı cədvəllərinin arxivə təhvil verilmədiyi və 2004 – 2005-ci illərin əmək haqqı cədvəlləri adıçəkilən müəssisənin rəhbər şəxsləri tərəfindən imza və möhürlə təsdiq edilmədiyi bildirilmişdir. Qeyd edilən faktlar X8 Filialı və 13 saylı Regional Ərazi Filialı tərəfindən birgə 1 fevral 2021-ci tarixli Aktla təsdiq edilmişdir. Göründüyü kimi, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun qüvvədə olduğu dövrdə iddiaçı güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququna malik olmamışdır. Başqa sözlə, tələb edilən ümumi iş stajı olan 25 ili (14 il 9 ay 3 gün) və güzəştli iş stajı olan 12 il 6 ayını (10 il 7 ay 19 gün) tamamlamamışdır. Bu mənada, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə əsasən «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun müddəalarının iddiaçıya münasibətdə tətbiqi mümkün deyildir. AR Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Kollegiyasinin 11 dekabr 2017-ci il tarixli 17 saylı qərarı ilə təsdiq edilmiş “«Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları” 2.2-ci bəndinə görə əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növündən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (2 nömrəli Əlavədə qeyd edilən) əlavə edirlər. Qeyd edilən 2 saylı əlavəyə əsasən həmin Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir (əlavənin 2.4-cü bəndi). «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikasi Prezidentinin Fərmanının 2.11-ci bəndinə əsasən, gözlənilən pensiya ödənişi müddəti 144 ay (12 il) təşkil edir. Əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq İddiaçıya münasibətdə 38,400 manat hesablanmışdır. İddiaçının isə cəmi pensiya kapitalı 14,160.63 manat təşkil edir. İddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.18-ci maddəsinə əsasən sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alman fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Bu səbəbdən də, qüvvədə olan qanunvericiliyə əsasən iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yoxdur. Göstərilənlərə və «Əmək pensiyaları haqqında» AR Qanununun 1.0.8, 1.0.10, 6.2, 6.3, 45-ci maddələrinə əsaslanaraq, iddianın təmin edilməməsi məhkəmədən xahiş olunur. İPM-in 13-cü maddəsinə görə məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. İPM-in 54.1-ci maddəsinə görə inzibati məhkəmə icraatının başqa iştirakçılarının razılığı olduqda və ya məhkəmə iddianın dəyişdirilməsini məqsədəuyğun hesab etdikdə, iddiaçı iddianı dəyişdirməyə (iddianın əsasını və ya predmetini dəyişdirməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa) haqlıdır. İddiaçı məhkəməyə əlavə ərizə təqdim etmiş və iddianın dəyişdirilərək «iddiaçıya 5 yanvar 2017-ci il tarixdən təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması» kimi qəbul olunmasını xahiş etmişdir. Məhkəmə iddianın dəyişdirilməsini qəbul etmişdir. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi X6 iddia ərizəsində göstərilənləri təsdiqlədi və iddianın təmin olunmasını xahiş etdi. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X7 iddiaya qarşı məhkəməyə təqdim olunmuş yazılı etirazın məzmununa uyğun izahat verdi və iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. «İnzibati icraat haqqında» AR Qanununun 11.1-ci maddəısinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Həmin Qanunun 30.1-ci maddəsinə əsasən əmək pensiyası müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Həmin Qanunun 30.2-ci maddəsinə əsasən əmək pensiyasını təyin edən orqanın qərarından inzibati qaydada və (və ya) məhkəməyə şikayət edilə bilər. Həmin Qanunun 37.8-ci maddəsinə əsasən bu Qanunla təyin edilmiş əmək pensiyası və əmək pensiyasına əlavələrin ödənişi aşağıdakı halların yarandığı aydan sonrakı ayın 1-dən dayandırılır: (37.8.1) əmək pensiyaçısı vəfat etdikdə; (37.8.2) əmək pensiyaçısının dul arvadı (əri) yeni nikah bağladıqda, (37.8.3) bu Qanunla müəyyən edilən əmək pensiyasına və əmək pensiyasına əlavələrin verilməsi şərtlərinə uyğun olmayan hallar yarandıqda. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qeyd olunan Qanuna Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Qanunu ilə edilmiş dəyişikliyə əsasən həmin maddədə (13-cü maddədə) nəzərdə tutulan yaş hədləri 1997-ci ilin avqust ayının 1-dən başlayaraq 2000-ci ilin avqust ayının 1dək hər il 6 ay artırılır. «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 67-ci maddəsinə görə Mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002-ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 Qərarı ilə «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» təsdiq edilmiş və müəyyən edilmişdir ki, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununa uyğun olaraq, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli, xüsusilə ağır olan və eləcə də zərərli və ağır işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahıları iş yerlərinin attestasiyası nəzərə alınmaqla tətbiq olunur. Həmin qərarla təsdiqlənmiş 2 nömrəli Siyahının “XXVİİ. Bina, qurğu və digər obyektlərin inşaası, yenidən qurulması, texniki təchizatı, bərpası və təmiri” bölməsində 2290000b – 23419 kodu ilə “yeni tikinti və quraşdırma işlərinin ustaları”, 2290000b – 24441 kodu ilə “iş icraçıları” peşələri nəzərdə tutulmuşdur. Göründüyü kimi, mövcud qanunvericilik normaları nəzərdə tutur ki, 1 yanvar 2006-cı il tarixədək 25 il ümumi iş stajına, o cümlədən 12 il 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə (AR NK-nın 21 iyun 1993-cü il tarixli 320 nömrəli qərarı ilə təsdiqlənmiş 2 nömrəli Siyahıda göstərilən) iş stajına malik kişilər 57 yaşına çatdıqda onların güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranır. İşin hallarına görə İddiaçı 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan hazırkı cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən «Əmək pensiyaları haqqında» AR Qanununun 37.8.3-cü maddəsinə istinadən həmin pensiya ödənişi dayandırılmışdır. Cavabdeh inzibati orqan bu dayandırmaya əsas kimi iddiaçının işlədiyi müəssisənin 1997 – 2003-cü illərə aid əmək haqqı cədvəllərinin Dövlət Arxivinin müvafiq yerli qurumuna təhvil verilmədiyini, 2004 – 2005-ci illər üzrə əmək haqqı cədvəllərinin isə müəssisənin rəhbər şəxsi tərəfindən imza və möhürlə təsdiq olunmadığı və bu səbəbdən də 2006-cı ilin 1 yanvar tarixinədək 25 il ümumi, o cümlədən 12 6 ay güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərdə iş stajının toplanmadığını, bununla da ona münasibətdə «Əmək pensiyaları haqqında» AR Qanununun 9.9-ci maddəsinin və «Vətəndaşların pensiya təminatı haqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinin tətbiqinin yol verilən olmadığını, 2006-cı ildən sonrakı dövrdəki fəaliyyəti üzrə müvafiq həcmdə sığorta kapitalı toplanmadığından «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsi rəhbər tutularaq pensiya hüququnun yaranmadını bildirmişdir. İddiaçı hazırda cavabdeh inzibati orqanın hərəkətlərini mübahisələndirir və ona təyin edilmiş əmək pensiyasının bərpasını tələb edir. Məhkəmə qeyd edir ki, vaxtilə işlədiyi müəssisənin əmək haqqı cədvəllərinin arxiv qurumuna təhvil verilməməsi və ya imza və möhürlə təsdiqlənmədən təhvil verilməsi iddiaçının iradəsindən asılı olan hal deyil və həmin dövrün bir hissəsi 2002-ci ilin 1 yanvar tarixindən sonrakı dövrə təsadüf edir. Bununla yanaşı, həmin dövrlər üzrə iddiaçının iş fəaliyyəti ona məxsus əmək kitabçasında əks olunmuşdur və həmin məlumatlar onların həqiqətə uyğun olmaması barədə cavabdeh inzibati orqan tərəfindən hər hansı dəlil və sübut təqdim edilmədiyindən, mötəbər qiymətləndirilməlidir. Belə olan halda, məhkəmənin qənaətinə görə iddiaçının «İnzibati icraat haqqında» AR Qanununun 15, 19-cu maddələrinə, «Əmək pensiyaları haqqında» AR Qanununun 9.8-ci maddəsinə, «Vətəndaşların pensiya təminatı haqqında» AR Qanununun 13-cü maddəsinin “b” bəndinə və 67-ci maddəsinə əsasən 2006-cı ilin 1 yanvar tarixinədək 25 ildən artıq ümumi, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən işlərlə iş stajı toplanır və onun 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyası hüququ yaranır. Cavabdehin “iddiaçının pensiya kapitalının tələb olunan həcmdə toplanmaması” dəlilinə gəldikdə isə, məhkəmə qeyd edir ki, pensiya təyinatının aparılmasında həmin şərt «Əmək pensiyaları haqqında» AR Qanununun 9.1-ci maddəsinə əsasən 2017-ci ilin 1 iyul tarixindən sonrakıl dövrdə hüququ yaranmış şəxslərə münasibətdə tətbiq olunur. İddiaçının əmək pensiyası hüququ həmin Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq təyin olunur və həmin norma pensiya təyintını “pensiya kapitalının toplanması” ilə şərtləndirmir. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» AR Qanununun 15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. Həmin Qanunun 19-cu maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. Odur ki, məhkəmənin qənaətinə görə iddiaçıya 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının ödənilməsinin dayandırılması qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal qismində qiymətləndirilməlidir. İddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dayandırılması ilə bağlı hərəkətlər aradan qaldırılmalı və ödənilməsi bərpa edilməlidir. İPM-in 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 68-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə hesab edir ki, iddia təmin edilərək İddiaçı 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. Göstərilənlərə əsaslanaraq və İPM-in 23.1, 69, 75, 81, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının bərpa edilməsi öhdəliyi cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli
Məhkəmə qərarları › İş №2-1(112)-5279/2021
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5279/2021
17.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver