Məhkəmə qərarları › İş №2-1(112)-5279/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5279/2022

06.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5279/2022 06.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Əliyeva Zərif Nəzər qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə qarşı arayışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək oğlu X4 torpaqların azad edilməsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra “şəhidlik statusunun” və bununla bağlı müvafiq arayışın verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı razılığı ilə əsl olmayan cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsi ilə əvəz edilmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, X8 onun oğludur. O, 1997-ci ildə Bakı şəhərində anadan olmuş, ailəlidir və bir övladı vardır. 2016-cı ilin aprel döyüşləri zamanı hərbi xidmətdə olmuş və hərbi xidmətini başa vuraraq evinə qayıtmışdır. 2020-ci ilin sentyabrın ayının 29-da Qarabağda başlayan 44 günlük müharibə zamanı hərbi xidmətə könüllü olaraq yollanmışdır. Müharibə zamanı Yunis Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın və Laçının azad edilməsində düşmənlə qəhrəmancasına vuruşmuş və igidlik göstərmişdir. İİ Qarabağ müharibəsi 10 noyabr 2020-ci il tarixində bitdikdən sonra, dekabr ayının ortalarında Yunis böyrəyində yaranan ağrılarla əlaqədar müalicə alınmasından ötrü Füzuli rayonunda yerləşən hərbi hospitala göndərilmiş, lakin hospitalda qeydiyyata alınsa da onun müayinəsi həyata keçirilməmişdir. Səbəb kimi hospitalda onu qəbul etmək üçün kifayət qədər yerin olmamasıdır. Bu səbəblə o, bir müddət hospital ətrafı bölgədə kirayə ev tutaraq qalmışdır. Uzun müddət hospitala alınmadığını görən Yunis 2020-ci ilin dekabr ayının 28-də “Yeni il” qabağı övladını görməkdən ötrü evə gəlir. 2021-ci il yanvar ayının 7də oğlu Yunis yaşadığı evdə intihar etmişdir. Yunis evə gəldiyi gündən psixoloji problemlərdən əziyyət çəkirdi və gəldiyi gündən ancaq müharibədə baş verənləri sayıqlayıb dururdu. Müharibə dövründə analar övladlarını vətən yolunda qurban versələr də görünən odur ki, müharibənin verdiyi fəsadlar müharibədən sonra da onların qurban getməsinə səbəb olmuşdur. Yunis Mənsurov vəfat etdikdən sonra nə dövlət səviyyəsində, nə Müdafi Nazirliyi səviyyəsində, nə də ki xidmət etdiyi hərbi hissə səviyyəsində bir nümayəndə onun halı ilə belə maraqlanmamışdır. Hətta onun özünə qəsd etdiyi gün xidmət etdiyi hərbi hissə ilə əlaqə saxlanılmış, lakin hərbi hissə tərəfindən narahat olunması üçün əsas olmadığı bildirilmişdir. Qarabağ uğrunda ilk döyüşlər başladığı zaman ərazi müdafiə dəstələrinin, sonralar isə ordunun formalaşması əsasən könüllü döyüşçülərdən ibarət olub, o halda bu insanların xidmətlərini danmaq olmaz. Buna görə də o, müharibə ərəfəsində düşmən gülləsinə tuş gəlməsə də 44 gün ərzində bütün ağrılı, acılı günlərə baxmayaraq Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın və Laçının azad edilməsində şücaət və qəhrəmanlıq göstərmişdir. Həmin ərəfələrdə əzalarını itirməsə də amma böyük sarsıntılar keçirərək sonradan canından olmuşdur. X4 ölümündən sonra 24 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası prezidenti cənab İlham Əliyevin Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçuların "Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında sərəncamına əsasən “Laçının azad olunmasına görə” medalı ilə təltif edilmişdir. Lakin bu günə qədər ona aid olan “Laçının azad olunmasma görə" medalı nə təqdim edilməmiş, nə də ki, aidiyyat dövlət orqanı tərəfındən zəng olunaraq hər hansı bir məlumat verilməmişdir. Yalnız Müdafiə Nazirliyinin rəsmi saytında bununla bağlı məlumat qeyd olunmuşdur. Qeyd olunan “özünə qəsd” hadisəsi ilə bağlı Binəqədi Rayon Prokurorluğunda cinayət işi açılmışdır. Binəqədi Rayon Prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən “cinayət işinin başlanmasının rədd edilməsi haqqında” qərar qəbul edilmişdir. Həmin qərarda məhkəmə psixiatrik ekspertizasının 15.02.2021-ci il tarixli, 339 saylı rəyində qeyd olunmuşdur ki, X4 intellektual imkanları, əqli və psixi inkişafı normaya uyğun olmuş, kifayət qədər ictimai şəxs olmaqla ünsiyyətçilik, zəhmetkeşlik, pozitiviik, aktivlik kimi xarakterik xüsusiyyətlərə malik olması, müharibə zamanı keçirdiyi stress və psixoloji travma nəticəsində xüsusiyyətlərində həssaslıq, qıcığa qarşı tez reaksiya vermək, əhval-ruhiyyəsinin kəskin dəyişməsi, bəzən ünsiyyətdən yayınması, bəzən isə çox danışması kimi xüsusiyyətlərinin yaranması, X5 ölümündən əvvəlki dövrdə aldığı stress və psixoloji travma nəticəsində psixi vəzivyətində dəyişikliklərin əmələ gəlməsi, intihar edərkən psixi-emosional vəziyyətin, stress pozuntusunun və psixoloji travmanın təsirindən yarandığı qeyd olunmuşdur. Göründüyü kimi oğlunun intihar etməsinə tək səbəb müharibənin verdiyi psixoloji sarsıntılardır. Buna görə də o müharibə ərəfəsində şəhid olmasa da ölümündən sonra “Şəhid” adına layiq görülməlidir. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 iddiaya etiraz edərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Bakı şəhəri, Nəsimi rayon VVAQ Şöbəsi tərəfindən verilmiş 19 avqust 1997-ci il tarixli, XX-ЖГ 406809 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, atası X10, anası İddiaçı olan X8 04.08.1997-ci ildə Bakı şəhərində doğulmuşdur. - Bakı şəhəri, Binəqədi rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş AZ-İİ 176728 №-li, 12.03.2021-ci il tarixli ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 07.01.2021-ci ildə asfiksiya səbəbi ilə ölmüşdür. - Bakı şəhəri, Nəsimi rayon SHXÇDX tərəfindən verilmiş SX ******* №-li hərbi biletin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 23.10.2015-ci ildən 05.04.2017ci ilədək hərbi xidmətdə olmuş, 29.09.2020-ci ildə N №-li hərbi hissəyə daxil olmuş, 07.01.2021-ci il tarixdə hərbi xidmət vəzifəsinin yerinə yetirilməsi ilə bağlı olmayan bədbəxt hadisə zamanı asfiksiya nəticəsində X8 vəfat etdiyinə görə şəxsi heyətin siyahısından çıxarılmışdır. - Bakı şəhəri, Binəqədi rayon prokurorunun böyük köməkçisi, İİ dərəcəli hüquqşünas X7 tərəfindən qəbul edilmiş 26.02.2021-ci il tarixli cinayət işinin başlanılmasının rədd edilməsi haqqında qərarın surətindən görünür ki, X4 intihar etməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılmasının rədd edilmişdir. - Həmin qərardan həmçinin görünür ki, X8 müharibədə iştirak etdikdən sonra yaranmış psixoloji travmanın təsirindən 07.01.2021-ci il tarixdə yaşadığı evin həyətyani sahəsində özünü asaraq intihar etmişdir. X4 hər hansı bir asıllığı olmamış, onunla amansız rəftar edən, onun ləyaqətini mütəmadi olaraq alçaldan, ona hədə-qorxu gələn olmamışdır. - X11, X6, X12 tərəfindən tərtib olunmuş və imzalanmış 26.12.2021-ci il tarixli aktdan görünür ki, X8 öldüyü günə kimi onlar ilə Binəqədi rayonu, Çiçək qəsəbəsində qonşu olmuş, Yunis 2020-ci ilin sentyabr ayında başlamış İİ Qarabağ müharibəsi zamanı könüllü olaraq orduya yollanmış, 28 dekabr 2020-ci il tarixində gözləmədiyi hada evinə qayıtmış, 07.01.2021-ci il tarixində axşam raddələrində özünü asaraq intihar etmişdir. Yunis intellektual imkanları, əqli və psixi inkişafı normaya uyğun olmuş, ünsiyyətçilik, zəhmətkeşlik, pozitivlik və aktivlik kimi xarakterik xüsusiyyətlərə malik olmuşdur. Onu uşaqlıqdan demək olar ki, onlar qonşular böyütmüşlər. Həmişədə özünə xas xüsusiyyətləri, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Lakin müharibədən gəldikdən sonra Yunis dəyişik xüsusiyyətlərə malik olmuşdur. Belə ki, Yunisdə müharibə zamanı keçirdiyi stress nəticəsində fərdi, eləcə də psixi xüsusiyyətlərində həssaslıq, hər hansı bir hərəkətə qarşı ani reaksiya vermək, əhval-ruhiyyənin kəskin dəyişməsi, bəzən ünsiyyətdən yayınaraq kənara çəkilib danışmaması, bəzən də müharibə zamanı olan hadisələri təkrarlayaraq çox danışması kimi xüsusiyyətlər yaranmışdır. Onlar dəfələrlə onun qışqırıq səslərini eşidərək həyətlərinə qaçmış və orada onun əsgər yoldaşlarının adlarını çəkərək onların öldüyünü, lakin özünün hələ də sağ qalaraq ölmədiyini dilə gətirdiyinin şahidi olmuşlar. Evdə sındırmadığı qapı və ev əşyaları qalmamışdır. Halhazırda da qonaq otağının qapısında onun yumruq izləri qalmaqdadır. Bütün bu olanlar onu deməyə əsas verir ki, mərhum X8 müharibədə aldığı psixi pozuntular səbəbindən özünə qəsd etmişdir. - X16, X13 və X14 tərəfindən tərtib olunmuş və imzalanmış 27.12.2021-ci il tarixli aktdan görünür ki, X8 ilə eyni taqımda əsgər yoldaşı olmuşlar. 2020-ci ilin sentyabr ayında başlamış İİ Qarabağ müharibəsi zamanı çiyin-çiyinə vuruşmuşlar. Yunis taqımda qumbara atan olmuşdur. Füzulinin, Hadrutun, Xocavəndin, Cəbrayılın, Laçının və Şuşanın azad edilməsində iştirak etmişlər. Yunis zarafatçıl, əqli-şüuru yerində, psixoloji cəhətdən möhkəm, ünsiyyətçil, pozitiv və aktiv xarakterik xüsusiyyətlərə malik biri idi. Müharibə dövründə də həmişə özünə xas xüsusiyyətləri, mərdliyi və vətənpərvərliyi ilə seçilmişdir. Yəni, Yunisdə müharibə dövründə hər hansı psixoloji problem olmamışdır. əksinə, əsgər yoldaşlarının döyüş ərəfəsində əhvalının aşağı düşməməsi üçün çalışan bir əsgər yoldaşı olmuşdur. Onun özünə qəsd edərək ölməsi onları çox sarsıtdı, heç inanmaq istəməmişlər. Bütün bu olanlar onu deməyə əsas verir ki, mərhum X8 müharibədə aldığı psixi pozuntular səbəbindən özünə qəsd etmişdir. - İddiaçı tərəfindən Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Nəsimi rayon İdarəsinə ünvanlanmış 04.11.2021-ci il tarixli ərizənin surətindən görünür ki, iddiaçı oğlu X4 torpağların azad edilməsində göstərdiyi şücaətə və qəhrəmanlığa görə ölümündən sonra “şəhid” layiq görülməsindən ötrü müvafiq göstərişlərin verilməsini xahiş etmişdir. - Həmin ərizəyə əlavə edilmiş poçt qəbzinin surətindən görünür ki, iddiaçının qeyd olunan ərizəsi 10.11.2021-ci il tarixdə rəsmi olaraq cavabdeh inzibati orqan tərəfindən qəbul edilmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək, mövcud qanunvericiliyi təhlil edərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, iddiaçının oğlu X8 29.09.2020-ci ildə N №-li hərbi hissəyə daxil olmuş və İİ Qarabağ müharibəsində iştirak etmiş, 07.01.2021-ci il tarixdə yaşadığı evin həyətyani sahəsində özünü asaraq intihar etmişdir. Bakı şəhəri, Binəqədi rayon prokurorluğunun 26.02.2021-ci il tarixli qərarı ilə X4 intihar etməsi faktı əsasında toplanmış material üzrə cinayət işinin başlanılması rədd edilmişdir. İstinaq orqanı gəldiyi nəticəni onunla əsaslandırmışdır ki, X8 müharibədə iştirak etdikdən sonra yaranmış psixoloji travmanın təsirindən 07.01.2021-ci il tarixdə yaşadığı evin həyətyani sahəsində özünü asaraq intihar etmişdir, onun hər hansı bir asılılığı olmamış, onunla amansız rəftar edən, onun ləyaqətini mütəmadi olaraq alçaldan, ona hədə-qorxu gələn olmamışdır. Hazırda İddiaçı oğlu Yunis Mansurova şəhidlik statusunun verilməsi üçün müvafiq arayışın verilməsi ilə bağlı cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Məhkəmə qeyd edir ki, şəhid və şəhid ailəsi statusu ilə bağlı mübahisələrə baxılarkən hər bir konkret mübahisəyə münasibətdə müəyyən olunmuş faktiki hallar müvafiq hüquq normalarının dispozisiya şərtləri baxımından qiymətləndirilməli və həmin şərtlərin mövcudluğu yoxlanılmalıdır. Belə ki, şəhid ailəsi statusu barədə arayışın verilməsinin yeganə əsası qismində qeyd olunan şərtlərin ödənildiyi hallarda və şəraitdə həlak olmuş şəxslərin şəhid kimi tanınması çıxış edir. Şəhid adının verilməsi mexanizmi isə aşağıda sadalanmış qanunvericiliyin və normativ hüquqi aktların tələbləri əsasında həyata keçirilir. “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydaları” Azərbaycan Respublikasının azadlığı, istiqlaliyyəti, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatda itkin düşmüş və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərin və onların ailələrinin statusunun və sosial müdafiəsinin tənzimlənməsi, həyata keçirilməsi üzrə əsas tələbləri müəyyən edir. Həmin Qaydaların: - 1.1-ci bəndinə əsasən şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş, hərbi əməliyyatlarla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyən edilmiş qaydada ölmüş hesab edilən şəxslərdir. - 1.2-ci bəndinə əsasən aşağıdakılar şəhid hesab edilirlər: 1.2.1. 1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar; 1.2.2. 11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər; 1.2.3. Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar; 1.2.4. Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar; 1.2.5 Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular; 1.2.6. Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, xüsusi dövlət mühafizə, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər; 1.2.7. Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular. - 4.1-ci bəndinə əsasən şəhid və şəhid ailəsi statusunun verilməsi məsələsinə maraqlı şəxsin müraciəti və dövlət orqanlarının və ya müvafiq hərbi hissənin vəsatəti ilə baxılır. Şəxsin şəhid hesab edilməsi ölüm haqqında şəhadətnamə, məhkəmə qətnaməsi, hərbi hissənin arayışı əsasında təsdiq olunur. Hərbi hissənin arayışında Azərbaycan Respublikasının 1994-cü il 23 sentyabr tarixli 886 nömrəli Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin Qarnizon və qarovul xidmətləri Nizamnaməsi”nin 16 saylı əlavəsinin 1.4.2-ci maddəsində göstərilən məlumatlar əks edilir. Şəhid ailəsi statusu gizir və zabit heyəti üçün Müdafiə Nazirliyinin, Daxili İşlər Nazirliyinin, Dövlət Təhlükəsizliyi Xidməti, Xarici Kəşfiyyat Xidmətinin, Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətinin, Xüsusi Rabitə və X1 Xidmətinin, X2 Dövlət Agentliyinin kadrlar idarəsi, digər hərbi qulluqçulara hərbi qeydiyyatda olduqları Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin müvafiq olaraq yerli idarə, şöbə və bölmələri, mülki vətəndaşlara isə rayon (şəhər) icra hakimiyyəti orqanlarının verdiyi arayışlarla təsdiq olunur. Göstərilən qanunvericilik normalarının təhlilindən göründüyü kimi «Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında» Qanunun 1-ci maddəsi Azərbaycan Respublikasının Silahlı Qüvvələrində hərbi xidməti vəzifəsi çərçivəsində Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı həlak olmuş şəxslərin də şəhid hesab olunduğunu əhatə edir. Bu qanun norması şəhid adının verilməsi üçün üsul, şərait və vəziyyətdən asılı olmayaraq göstərilən şəxslərin həlak olması ilə Azərbaycan Respublikasının azadlığının, suverenliyinin və ərazi bütövlüyünün qorunması arasında səbəbli əlaqənin mövcudluğunu şərtləndirir. İş materialları ilə müəyyən edilir ki, iddiaçının oğlu Yunis Mənsurovun ölümü asfiksiya, yəni kəskin tənəffüs çatışmazlığı ilə əlaqədar olmuşdur ki, bu hal onun ölümünün Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunmasından irəli gələn borcunu həyata keçirməsi ilə bağlı olmadığını göstərir. Məhkəmə iddiaçının dəlil qismində göstərdiyi arqumentə (oğlunun medal ilə təltif olunması) münasibətdə qeyd edir ki, doğrudur ki, Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hərbi qulluqçularının “Laçının azad olunmasına görə” medalı ilə təltif edilməsi haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamında (24 iyun 2021-ci il tarixli) medal ilə təltif olunan şəxslərin sırasında əsgər X8 da olmuşdur. Nəzərə alınmalıdır ki, bu medalın təltifinin məğzi məhz hərbi qulluqçuların Azərbaycan Respublikasının Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılmış döyüş əməliyyatlarında iştirak edərək şəxsi igidlik və şücaət nümayiş etdirməsi təşkil edir. İddiaçının oğlunun medal ilə təltif olunması bilavasitə şəhidlik ilə bağlı olmamışdır, onun Azərbaycan Respublikasının uğrunda gedən döyüşlərdə iştirakı ilə bağlı olmuşdur ki, bu hal özü-özlüyündə şəxsin “şəhid adının” verilməsinə dəlalət etmir. Məhkəmə həmçinin qeyd edir ki, iddiaçının oğlunun müharibə zamanı keçirdiyi stress nəticəsində fərdi-psixi xüsusiyyətlərində həssalığın yaranması, həmçinin müharibədə iştirak etdikdən sonra yaranmış psixoloji travma nəticəsində intihar etməsi hüquqi aspekt baxımından da ona “şəhid adının” qazanması hüququnu vermir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının oğlu Yunis Mənsurov Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmadığından yuxarıda qeyd olunan qanunvericiliyin tələblərinə uyğun olaraq şəhid hesab edilmir. Belə olan halda cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə iş üzrə toplanmış sübutlara qiymət verərək belə bir nəticəyə gəlir ki, iddiaçının oğlunun ölümü yuxarıda sadalanmış əsasları əhatə etmədiyindən ona şəhidlik statusunun verilməsi mümkün deyildir. Ona görə də iddiaçının tələbinin təmin edilməsi üçün qanuni əsaslar müəyyən edilmədiyindən iddia rədd edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar