Məhkəmə qərarları › İş №2-1(112)-5279/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5279/2025

13.03.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5279/2025 13.03.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotun işin yaşayış yeri üzrə köçürülməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə qarşı “mənzil uçotun işin yaşayış yeri üzrə köçürülməsi” tələbinə dair iddiası üzrə inzibati işə 13 mart 2025-ci il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıd akı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) oğlu xx.xx.1974 - cü il təvəllüdlü X1 1993-cü ildə birinci Qarabağ müharibəsində Xocavənd uğrunda gedən döyüşlərdə iştirak edərək şəhid olmuşdur. İddiaçı şəhid ailəsinin üzvü kimi (xx.xx.2022-ci il tarixli, 006997 № li vəsiqə) Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmış və “Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində 1.01.2021-ci il tarixədək mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin növbəlilik” Siyahısında 89-cu sırada qeyd edilmiş siyahıya alınma tarixi - 2.02.2012-ci il göstərilmişdir. İddiaçı xx.xx.2005-ci il tarixdən xx.xx.2024-cü il tarixədək Beyləqan rayonu, Şəfəq küçəsində pasport qeydiyyatında olmuş, xx.xx.2024-cü il tarixdən isə Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 23, mənzil 28 ünvanında pasport qeydiyyatındadır. İddiaçı yaşayış yerini dəyişdiyindən Beyləqan rayon İcra Hakimiyyəti başçısının 4.06.2024-cü il tarixli, 74 № li Sərəncamı ilə Beyləqan rayonundan yaşayış sahəsinə ehtiyacı olan şəxslərin mənzil növbəsindən çıxarılmış və mənzil növbəliliyinin davam etdirilməsi üçün mənzil uçot işi Bakı şəhəri Binəqədi rayon İcra Hakimiyyətinə (bundan sonra – cavabdeh) göndərilmişdir. Cavabdeh iddiaçını mənzil uçotuna almaqdan imtina etmiş və xx.xx.2024-cü il tarixli məktubunda bildirmişdir ki, iddiaçının Beyləqan rayon İcra Hakimiyyətində mənzil uçotuna alınması barədə Sərəncam təqdim ediləcəyi təqdirdə müraciətə baxılacaqdır. İddia tələbi və onun əsaslandırması: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 2012-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətində davam etdirilməsi barədə öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək iddiaçı tələbini onunla əsaslandırmışdır ki, şəhid anasıdır. 2012-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyəti başçısının göstərişi ilə yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsində dayanan vətəndaşların siyahısına daxil edilərək şəhid ailəsi kimi tək uçota alınıb. 2024 cü il tarixdə səhhəti ilə bağlı Bakı şəhərinə köçməli oldu və qohumlarının evinə, Bakı şəhəri, Binəqədi rayon, X3 Prospekti ev 23, mənzil 28 ünvanına qeydiyyata düşüb. Cavabdeh ondan ünvan 3nması haqqında müvafiq Sərəncamı təqdim etməyi tələb edir. Beyləqan rayon İcra Hakimiyyəti 2012-cü il tarixdə mənzil üçün uçotuna müraciət edən şəxslər təqdim etdikləri sənəd əsasında siyahıya daxil edildiyini, müvafiq Sərəncamla uçota alınma isə 2014-cü il tarixdən başlandığını bildirir. Beyləqan rayon İcra Hakimiyyəti 2012-ci ildə Sərəncam qəbul etməməsi onun təqsiri deyil. İddia tələbinə etirazın əsasları: Cavabdeh iddia tələbinə yazılı etiraz təqdim edərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Beyləqan Rayon İcra Hakimiyyəti tərəfindən Binəqədi rayon İcra Hakimiyyətinə 4.07.2024-cü il tarixli məktubla müraciət olunaraq bildirilmişdir ki, iddiaçı 2.02.2012-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətinin sərəncamı olmadan yaşayış sahəsinə ehtiyacı olan qismində uçotda dayanan vətəndaşların siyahısına daxil edilərək, şəhid ailəsi kimi tək özü uçota alınmışdır. Halhazırda iddiaçı Bakı şəhəri, Binəqədi rayonu, X3 prospekti, ev 23, mənzil 28 ünvanında qeydiyyatda olduğundan ərizəsi əsasında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 4.06.2024-cü il tarixli 74 nömrəli sərəncamı ilə mənzil növbəsindən çıxarılmış və mənzil uçot sənədləri Binəqədi rayon İcra Hakimiyyətinə göndərilmişdir. Qüvvədə olan Mənzil Məcəlləsinin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra - uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra - uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 51.5-ci maddəsinə əsasən uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Yuxarıda qeyd olunan maddənin müddəalarından da göründüyü kimi uçota alınma müvafiq qərar əsasında həyata keçirilir. Lakin, Beyləqan Rayon İcra Hakimiyyətinin 4.07.2024-cü il tarixli məktubunda da qeyd olunduğu kimi, Beyləqan Rayon İcra Hakimiyyətində vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində uçota 2014-cü il tarixdən etibarən müvafiq sərəncamlar əsasında uçota alınırlar. Həmin tarixə qədər isə yaşayış sahəsinə ehtiyacı olan şəxslər təqdim etdikləri sənədlər əsasında siyahıya daxil edilirdilər. Məktubun məzmunundan da göründüyü kimi, Beyləqan Rayon İcra Hakimiyyəti özü də etiraf edir ki, 2014-cü ilədək vətəndaşları mənzil növbəsinə qərar vermədən götürürdülər. Bu isə Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə ziddir. Qərar mövcud olmadığı təqdirdə Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinin köçürülməsi mümkün deyildir. Cavabdeh yazılı etirazda həmçinin bildirir ki, hazırda vətəndaşa imtina olunmamış, Beyləqan Rayon İcra Hakimiyyətində mənzil növbəsində olmasını təsdiq edən sərəncamın təqdim olunması xahiş olunmuşdur. İddiaçı inzibati orqana rəsmi müraciət etməli və həmin orqan tərəfindən inzibati aktın qəbul edilməsindən imtina olunması yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçının hüquqlarının və qanunla qorunan maraqların pozulduğu müəyyən edildiyi hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır və bu zaman məhkəmə sözügedən iddialarla bağlı inzibati mübahisəyə baxa bilər. Lakin göründüyü kimi iddiaçı öz tələblərinin əsasını iddia ərizəsində əsaslandırmayaraq hüquqlarının pozulduğunu bildirmişdir. Yuxarıda qeyd olunan qanun normalarından göründüyü kimi iddiaçının xahişinin təmin edilməsi üçün qanuni əsaslar mövcud olmamışdır. İddiaçıların Binəqədi Rayon İcra Hakimiyyətinə qarşı iddia irəli sürməsi əsassızdır, onların hüquqları və qanunla qorunan maraqları inzibati orqan tərəfindən pozulmamış və həmin halın mövcudluğunu əsaslandıra bilməmişdirlər. İddiaçılar Binəqədi Rayon İcra Hakimiyyəti tərəfindən həmin torpaq sahəsində aparılan təmir-tikinti işlərinin dayandırılması və onlar aid hasarın sökülməsi ilə bağlı hər hansı bir dəlil təqdim etməmişdirlər. Tərəflərin iştirakı və izahatları: Məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilımiş tərəflər məhkəmə iclasında iştirak etməmiş və səbəbləri barədə məhkəməyə hər hansı məlumat verilməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Hazırkı iddianın növü məcburetmə haqqında iddiadır. İPM-in 2.1 və 2.2.2-ci maddələrinə görə inzibati məhkəmə icraatında inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) baxılır. İddiaçın mənzil uçotunun Binəqədi rayonunda davam etdirilməsini xahiş edir ki, bu barədə cavabdeh tərəfindən inzibati akt qəbul edilməklə mümkündür. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən iddiaçı hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Cavabdeh xx.xx.2024-cü il tarixli məktubla iddiaçının müraciətinin təmin etməkdən imtina etmiş, lakin həmin imtina məktubunun iddiaçıya hansı tarixdə təqdim edilməsinə dair işdə hər hansı sübut olmadığından məhkəmə iddiaçının iddia müddətinin ötürməməsi qənaətinə gəlir. Cavabdeh iddiaya qarşı verdiyi yazılı etirazında iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə bununla bağlı ilk növbədə qeyd edir ki, cavabdeh orqan hazırkı iddianın mahiyyətində aid olmayan mülahizıləri etirazda qeyd etmiş (torpaq sahəsində aparılan təmir-tikinti işlərinin dayandırılması və onlar aid hasarın sökülməsi ilə bağlı hər hansı bir dəlil təqdim edilməməsi barədə), lakin cavabdeh nəzərə almamışdır ki, hazırkı mübahisə torpaq sahəsində aparılan təmir-tikinti işlərinin dayandırılması və hasarın sökülməsi ilə bağlı deyil, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxsin anasının (şəhid ailəsinin) mənzil uçotu ilə bağlı mübahisədir. Cavabdeh orqan şəhid ailəsinin üzvünün müraciətini təmin etməkdən imtina etməklə yanaşı, Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxsin anasının iddiasına etinasız yanaşaraq hazırkı mübahisəyə aidiyyatı olmayan işin hallarını yazılı etirazında qeyd etmişdir. Məhkəmə iddianın mümkün sayılmaması ilə bağlı cavabdehin etirazı ilə bağlı bildirir ki, əgər cavabdeh iddianın mümkün sayılmaması əsası kimi, iddiaçının cavabdehə müraciətinin olmaması halına istinad edirsə, bu əsassızdır ona görə ki, iddiaçı Beyləqan rayon İcra Hakimiyyətinin Sərəncamı ilə uçotdan çıxarılarkən yaşayış yeri üzrə uçota aılnması üçün məzil uçot işi Beyləqan rayon İcra Hakimiyyətinin 4.07.2024-cü il tarixli məktubu ilə cavabdehə göndərilmiş, cavabdeh də həmin müraciətlə bağlı iddiaçıya xx.xx.2024-cü il tarixli məktubla cavab vermişdir. Əgər cavabdeh mümkünsülük əsası kimi iddiaçının hüquqlarının pozulmamasını əsas gətirirsə, iddia ərizəsində göründüyü kimi, iddiaçı hüququnun pozulmasını əsaslandırmış, Beyləqan rayon İcra Hakimiyyəti 2012-cü il tarixdə mənzil üçün uçotuna müraciət edən şəxslər təqdim etdikləri sənəd əsasında siyahıya daxil edildiyini, müvafiq Sərəncamla uçota alınma isə 2014-cü il tarixdən başlandığını, Beyləqan Rayon İcra Hakimiyyəti 2012-ci ildə sərəncam qəbul etməməsinin onun təqsirinin olmamasını bildirmişdir.. Cavabdeh iddianın mümkün sayılmaması əsası kimi, onun imtinasının olmamasını halına istinad edirsə, bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının şəhid ailəsini üzvü kimi Beyləqan rayon İcra Hakimiyyətində mənzil uçotuna alınarkən icra hakimiyyəti tərəfindən bu barədə Sərəncamın verilməməsi işin mübahisələndirilməyən halıdır. Cavabdeh isə, iddiaçıdan Sərəncam tələb edir. İddiaçı isə hesab edir ki, Sərəncamən verilməməsi onun təqsiri deyil, iddiası əsaslıdır və Sərəncam olmadan uçot işi cavabdeh tərəfindən davam etdirilməlidir. Odur ki, məhkəmə cavabehin yazılı etirazında qeyd etdiyi iddianın mümkün sayılmaması barədə dəlillərini əsassız hesab edir. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına görə, iddiaçı şəhid anasıdır və şəhid ailəsini üzvü kimi Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən mənzil uçotuna alınmış və “Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində 1.01.2021ci il tarixədək mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin növbəlilik” Siyahısında 89-cu sırada qeyd edilmiş, siyahıya alınma tarixi - xx.xx.2012-ci il göstərilmişdir. İddiaçı yaşayış yerini Beyləqan rayonundan Bakı şəhərinə dəyişmiş və Beyləqan rayon İcra Hakimiyyəti başçısının 4.06.2024-cü il tarixli, 74 № li Sərəncamı ilə Beyləqan rayonundan yaşayış sahəsinə ehtiyacı olan şəxslərin mənzil növbəsindən çıxarılmış və mənzil növbəliliyinin davam etdirilməsi üçün mənzil uçot işi cavabdehə göndərilmişdir. Cavabdeh iddiaçının mənzil uçotuna almaqdan imtina edir və iddiaçıdan Beyləqan rayon İcra Hakimiyyətində mənzil uçotuna alınma barədə Sərəncam tələb edir. İddiaçı hesab edir ki, Beyləqan rayon İcra Hakimiyyətində mənzil uçotuna alınma barədə Sərəncamın verilməməsi onun təqsiri deyil. Məhkəmə hesab edir ki., iddia tələbi əsaslıdır və təmin edilməlidir. Belə ki, “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanunun: Maddə 1. Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Qüvvədə olan qanunvericiliyə müvafiq surətdə aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir: ər-arvad, valideyn, 18 yaşına çatmamış uşaqlar, 18 yaşına çatanadək əlilliyi müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşlar və bacılar, uşaq evlərində tərbiyə olunanlar; peşə təhsili, orta ixtisas təhsili, ali təhsil müəssisələrində təhsil alanlar isə həmin təhsil müəssisələrini bitirənədək, lakin ən çoxu 23 yaşına çatanadək; qanunla onları saxlamalı şəxs yoxdursa babalar və nənələr. Maddə 4. Şəhid ailələrinin mənzillə təmin edilməsi Şəhid ailəsinin yaşayış sahəsi ilə təmin edilməsi qüvvədə olan qanunvericiliyə müvafiq surətdə respublika hökumətinin müəyyənləşdirdiyi qaydada yerli icra hakimiyyəti orqanları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: Maddə 51.3. Vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2009-cu il tarixli Fərmanının 2.3-cü yarımbəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsində "müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2012-ci il tarixli 648 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Yerli icra hakimiyyətləri haqqında Əsasnamə”nin 4.9.8-ci bəndinə əsasən, Azərbaycan Respublikasının Mənzil Məcəlləsi ilə müəyyən edilmiş qaydada dövlət mənzil fondunun yaşayış sahələrini sosial kirayə müqaviləsi əsasında vətəndaşlara vermək yerli icra hakimiyyəti başçısının səlahiyyətlərindən biri kimi müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, yuxarıda sadalanan qanunvericiliyin məqsədi sosial müdafiəyə ehtiyacı olan şəxslərin layiqli həyat səviyyəsi, onların sosial təminatı və cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onların həyat şəraitinin yaxşılaşdırılmasını təmin edir. Bununla bağlı dövlətin vəzifəsi müvafiq kateqoriyadan olan şəxslərin ehtiyaclarının ödənilməsi üçün köməklik göstərilməsidir. Cavabdeh iddiaçının müraciətini təmin etməkdən imtina edərkən və hazırkı iddiaya etiraz verərkən Mənzil Məcəlləsinin 51.5-ci maddəsinə istinad edərək iddiaçının Beyləqan rayon İcra Hakimiyyətində uçota alınması barədə qərarın qəbul edilməməsini bildirir. Həmin normaya görə, uçota alınma və ya uçota almaqdan imtina haqqında qərar uçota alınmanı həyata keçirən orqan tərəfindən bu Məcəllənin 51.4-cü maddəsində göstərilən uçota alınma haqqında ərizənin və digər sənədlərin baxılmasının nəticələri əsasında sənədlərin həmin orqana təqdim edildiyi gündən otuz iş günündən gec olmayaraq qəbul edilməlidir. Məhkəmə cavabdehin dəlilini aşağıda qeyd edilənlərə əsasən əsassız hesab edir: Beyləqan rayon İcra Hakimiyyətindən cavabdehə ünvanlanmış 4.07.2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, “Beyləqan rayonu Şəfəq qəsəbə sakini olmuş, hazırda Bakı şəhəri. Binəqədi rayonu, X3 prospekti, ev 23, mənzil 28 ünvanında qeydiyyatda olmaqla həmin ünvanda yaşayan şəhid anası İddiaçı 2 fevral 2012-ci il tarixdə Beyləqan Rayon icra Hakimiyyəti başçısının Sərəncamı olmadan yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsində dayanan vətəndaşların siyahısına daxil edilərək şəhid ailəsi kimi tək özü uçota alınmışdır. Şəhid anası İddiaçı ərizəsi əsasında Beyləqan Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2024-cü il tarixli, 74 nömrəli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsindən çıxarılmış və mənzil növbəliliyfrrin davam etdirilməsi üçün mənzil uçot sənədləri Bakı Şəhəri Binəqədi Rayon İcra Hakimiyyətinə göndərilmişdir. Beyləqan Rayon icra Hakimiyyətində vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinə 2014-cü il tarixdən etibarən müvafiq sərəncamlar əsasında uçota alınırlar. Həmin tarixə qədər isə yaşayış sahəsinə ehtiyacı olan şəxslər təqdim etdikləri sənədlər əsasında siyahıya daxil edilirdilər. İddiaçının 2 fevral 2012-ci il tarixdə Beyləqan Rayon icra Hakimiyyəti başçısının yazılı Sərəncamı olmadan yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsində dayanan vətəndaşların siyahısına daxil edilməsi və yaşayış yerini dəyişdirdiyinə görə, Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 4.06.2024-cü il tarixli, 74 nömrəli Sərəncamı ilə Beyləqan Rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan şəxslər qismində mənzil növbəsindən çıxarılması işin mübahisələndirilməyən halıdır. Məhkəmə qeyd edir ki, iddiaçı yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsində dayanan vətəndaşların siyahısına daxil edilərkən bu barədə yazılı formada Sərəncamən (inzibati aktın) tərtib edilməməsi, icra hakimiyyətinin bu barədə inzibati akt qəbul edilməməsi anlamına gəlmir. İddiaçının “Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində 1.01.2021-ci il tarixədək mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin növbəlilik” Siyahısında adının daxil edilməsi Beyləqan rayon İcra Hajimiyyəti tərəfindən tərəfindən Mənzil Məcəlləsinin 51.5-ci maddəsində nəzərdə tutulmuş uçota alınma haqqında qərar (inzibati akt) kimi qiymətləndirilməlidir. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsinə əsasən inzibati akt inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İstinad edilən normaya görə inzibati akt hakimiyyət tədbiri olmaqla aşağıdakı əlamətləri ilə səciyyələnir - inzibati orqan tərəfindən qəbul edilməli; ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmalı; ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaratmalı; qanunvericilikdə nəzərdə tutulmuş formalardan birinə uyğun olmalıdır. Göründüyü kimi, inzibati akt hüquqi nəticələr yaradır, yəni ünvanlandığı hüquqi və ya fiziki şəxsin (şəxslərin) hüquqi vəziyyətini dəyişdirir, onun üzərinə vəzifə və öhdəliklər qoyur və ya ona bu və ya digər hüququn həyata keçirilməsinə şərait yaradır, bununla da hüquq münasibətlərinin formalaşması, mövcud münasibətlərin dəyişdirilməsi və ya onlara xitam verilməsinin faktiki əsası kimi çıxış edir. İddiaçının “Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində 1.01.2021-ci il tarixədək mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin növbəlilik” Siyahısında adının daxil edilməsi yuxarıda sadalanan xüsusiyyətlərə malik olan cavabdeh tərəfindən qəbul edilmiş inzibati aktdır. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.2ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətləri sadalanaraq onların dəqiq adı və siyahısı göstərilməmişdir. Bu qaydada bir tənzimləmə isə belə qənaətə gəlməyə əsas verir ki, adından asılı olmayaraq inzibati orqanın hər hansı bir sənədi sözügedən maddədə sadalanan əlamətləri özündə ehtiva etdiyi təqdirdə inzibati akt hesab edilməlidir. Başqa sözlə, hər hansı bir sənəd inzibati akt kimi qiymətləndirilərkən onun forması ilə yanaşı məzmunu da nəzərə alınmalıdır. Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının mənzil umotu siyahısına daxil edilməsi, “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində inzibati akt hesab edilən hakimiyyət tədbirinin əlamətlərini özündə aks etdirdiyindən inzibati aktı kimi qəbul edilməlidir. İnzibati aktlar əsasən aşağıdakı ünsürlərin vəhdətindən ibarət olur – səlahiyyət, forma, səbəb, məzmun və məqsəd. İnzibati aktın qanuni ola bilməsi üçün bu ünsürlərin hər hansı bir birində hüquqa uyğunluqla bağlı problem olmamalıdır. Səlahiyyət - inzibati orqanın inzibati aktı qəbul edə bilmə imkanına sahib olmasında ifadə olunur. Bu imkan inzibati orqanlara normativ hüquqi aktlarla verilən hakimiyyət səlahiyyətlərinin icrası qaydasında qərar qəbul edə bilmə haqqıdır. Bu aktları qanunvericiliyin səlahiyyət verdiyi orqan, instansiya və ya şəxslər qəbul etməlidir. Səlahiyyətsizlik halları isə əsasən bir neçə formada təzahür edə bilər – digər hakimiyyət qollarına (qanunvericilik və məhkəmə hakimiyyəti) məxsus olan səlahiyyətlərin mənimsənilməsi, digər inzibati orqana məxsus olan səlahiyyətlərin mənimsənilməsi və inzibati orqanın adından qərar qəbul etmək səlahiyyəti olmayan şəxsin inzibati akt qəbul etməsi. Forma – inzibati akt qəbul etməyə yönəlmiş iradənin xarici (maddi) aləmə ünvanlanmış ifadə üsuludur. Bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Bununla yanaşı, qanunvericilikdə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər (“İnzibati icraat haqqında” Qanunun 57.1, 57.3, 57.5-ci maddələri). Səbəb – inzibati orqanı inzibati akt qəbul etməyə sövq edən və inzibati aktdan öncə mövcud olan maddi hadisə və ya hüquqi bir əsasdır. Hər hansı bir inzibati aktın qəbul edilməsi üçün əlverişli və yetərli bir səbəb olmalıdır. Xüsusi hüquqda şəxslər qanunla qadağan edilməmiş istənilən səbəblə əqdlər bağlamaqda sərbəstdirlər. Ona görə də, qanunda əqdin etibarsızlığının əsası kimi təsbit edilmiş konkret hallar istisna olmaqla, xüsusi hüquqda bağlanmış əqdin səbəbi bir qayda olaraq onun etibarlılığına təsir etmir. Ancaq inzibati hüquqda inzibati orqanın məqsədi ictimai mənafeni təmin etmək olduğundan, qəbul ediləcək inzibati aktların da bu məqsədə uyğun olaraq qanuni səbəbləri olmalıdır. İctimai mənafeni təmin etmək isə inzibati vəzifələrin lazımi şəkildə icrası və ictimai ehtiyacların ödənilməsində ifadə olunur. Beləliklə, səbəbsiz inzibati akt qəbul edilə bilməz. Digər tərəfdən, inzibati aktın əsasını təşkil edən səbəb həm “real mövcud” olmalı, həm də “hüquqa uyğun” olmalıdır. Nəhayət, inzibati aktların səbəb ünsürünün yoxlanılmasında nəzərə alınmalı olan prinsiplərdən biri də mütənasiblik tələblərinə riayət edilib-edilməməsidir. Buna görə, inzibati aktın doğuracağı nəticə ilə onun səbəbi arasında ağlabatan mütənasiblik təmin olunmalıdır. Məzmun – inzibati orqanın inzibati akt qəbul edərkən nail olmaq istədiyi konkret nəticədir. Buna görə, inzibati aktın doğurduğu nəticə inzibati aktın məzmununu təşkil edir. İnzibati aktın səbəb və məzmun ünsürləri arasında çox sıx bir bağ vardır. İnzibati orqanı inzibati akt qəbul etməyə sövq edən hallar səbəb ünsürünü, inzibati aktın doğurduğu konkret hüquqi nəticə isə məzmun ünsürünü təşkil edirlər. Ona görə də, məzmun və səbəb arasında mütənasiblik tələblərinə cavab verən səbəbli-əlaqə münasibətləri olmalıdır. İnzibati aktın məzmunu, yəni gözlənilən nəticə həyata keçirilən bilən real xarakterli (mümkün) olmalı, eləcə də doğuracağı nəticələr hüquqla tanınan legitim bir nəticə olmalıdır. Buna görə, qanunda nəzərdə tutulan səbəbin mövcud olmasına baxmayaraq, qanunda nəzərdə tutulmuşdan başqa bir hüquqi nəticə yaradan inzibati akt qəbul edilmişsə, bu akt məzmun ünsürü baxımından qanunsuz hesab edilə bilər. Məqsəd – inzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən, aktdan gözlənilən yekun hədəfdir. İnzibati aktın qəbul edilməsi ilə nail olmaq istənilən nəticə (məqsəd) qanuni (legitim) olmalıdır. Qanunda açıq şəkildə göstərilib-göstərilməməsindən asılı olmayaraq bütün inzibati aktların qəbul edilməsində güdülən əsas ümumi məqsəd ictimai mənafenin təmin edilməsidir. Bununla yanaşı, inzibati aktlar üçün bu ümumi və dəyişməz məqsədlə yanaşı, xüsusi və müəyyən məqsədlər də nəzərdə tutula bilər. Belə xüsusi məqsədlər kimi hər hansı qanundan və digər normativ-hüquqi aktdan irəli gələn vəzifələrin icrasını təmin etmək çıxış edə bilər. Odur ki, inzibati aktlar məqsəd ünsürü baxımından yoxlanılarkən onların ümumi və ya xüsusi məqsədə yönəlib-yönəlmədiyi məsələsi ətrafında da qiymətləndirmə aparılmalıdır. Qanunun bəzi inzibati aktlar üçün nəzərdə tutduğu xüsusi məqsədlərin (məsələn, sahibkarlığın inkişafını təmin etmək üçün və s.) aşıldığı hallarda inzibati akt məqsəd ünsürü baxımından qanunsuz olacaqdır. Xüsusi məqsədlərin ziddinə belə inzibati aktlar qəbul edərkən inzibati orqanlar səlahiyyətin təhrifinə yol vermiş olurlar. Səlahiyyət təhrifi həm də o zaman mövcud olur ki, nail olmaq istədiyi nəticədə haqlı olsa da, inzibati orqan konkret bir məqsəd üçün müəyyən edilmiş vasitəni (üsulu) başqa bir məqsədə nail olmaq üçün istifadə edir. Məhkəmə qeyd edir ki, Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının həmin siyahıya daxil edilməsi ilə bağlı icra hakimiyyəti səlahiyyətli olmuş, həmin hakimiyyət tədbiri ümumi (publik) hüquq sahəsinə aid olan məsələni, yəni yaşayış sahəsinə ehtiyacı olan şəhid ailəsin üzvünün (iddiaçının) mənzil uçotuna alınmasını nizama salmış və iddiaçı üçün hüquqi nəticə yaratmışdır. Beyləqan rayon İcra Hakimiyyəti tərəfindən iddiaçının həmin siyahıya daxil edilməsi ilə bağlı icra hakimiyyəti tədbiri formasında qəbul edilmiş inzibati akt, inzbati aktın yuxarıda sadalanan ünsürlərinə malikdir. İnzibati aktın qəbul edilməsində, yəni iddiaçının həmin siyahıya daxil edilməsi ilə bağlı icra hakimiyyəti səlahiyyətli olmuş (səlahiyyət ünsürü), iddiaçının həmin siyahıya daxil edilməsini səbəbi iddiaçının oğlunun Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olması və iddiaçının dövlət qayğısına ehtiyac olan kateqoriya daxil olması (səbəb ünsürü), həmin aktın qəbul edilməsi nəticəsində iddiaçının mənzillə təmin olunacaq şəxslərin siyahısına daxil edilmiş (məzmun ünsürü), həmin aktın qəbul edilməsində məqsəd isə ictimai maraq, yəni Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi uğrunda şəhid olmuş şəxsin anasının mənzil şəraitinin yaxşılaşdırılması olmuşdur. Cavabdeh inzibati aktın forma ünsürünün olmamasını əsas gətirərək (yazılı Sərəncamın qəbul edilməməsi) iddiaçının müraciətini təmin etməkdən imtina edir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun: 57.1. Qanunda başqa forma nəzərdə tutulmamışdırsa və ya başqa formaya yol verilmirsə, inzibati akt yazılı formada qəbul edilir. 57.2. Yazılı inzibati akt icraatı həyata keçirən inzibati orqanın müvafiq vəzifəli şəxsi və ya kollegial inzibati orqanın vəzifəli şəxslərindən biri tərəfindən tərtib olunur. İnzibati akt inzibati orqanın müvafiq vəzifəli şəxsi tərəfindən və ya kollegial inzibati orqanın üzvləri tərəfindən imzalanır. 57.3. Azərbaycan Respublikasının qanunvericiliyi ilə birbaşa nəzərdə tutulmuş hallarda, habelə dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura biləcək təhlükənin qarşısının alınması və ya aradan qaldırılması ilə əlaqədar təxirəsalınmaz hallarda inzibati akt şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilə bilər. 57.4. Bu Qanunun 57.3-cü maddəsinə əsasən şifahi və ya digər anlaşılan formada (başa düşülən digər formada) qəbul edilmiş inzibati akt aşağıdakı hallarda elan olunduğu vaxtdan 5 gün müddətində yazılı formada təsbit olunmalıdır: 57.4.1. inzibati akt ünvanlandığı şəxsin və ya digər maraqlı şəxsin hüquq və qanunla qorunan maraqlarını məhdudlaşdırdıqda (əlverişsiz inzibati aktın qəbul edildiyi hallarda); 57.4.2. inzibati orqan inzibati aktı yazılı formada qəbul edəcəyini vəd etdikdə; 57.4.3. qanunla birbaşa nəzərdə tutulduqda. 57.5. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. İnzibati aktın ünsürlərindən olan forma tələbindən göründüyü kimi, bir qayda olaraq inzibati aktlar yazılı formada olmalı və müəyyən edilmiş üsul qaydalarına riayət etməklə qəbul edilməlidirlər. Bu tələb, inzibati aktlara münasibətdə forma sərbəstliyi prinsipinin olmamasından irəli gəlir. Lakin məhkəmə qeyd edir ki, inzibati aktın bir qayda olaraq yazılı formada bağlanması, inzibati aktın bu forma tələbindən başqa digər formalarda qəbul edilməsini istisna etmir. Belə ki, yuxarıda sadalanan normalardan göründüyü kimi, inzibati akt şifahi və ya digər anlaşılan (başa düşülən) formada da qəbul edilə bilər. Qanunla nəzərdə tutulmuş hallarda inzibati akt işıq, səs siqnalları və işarələri, təsvirlər formasında və yaxud digər formalarda qəbul edilə bilər. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə nəticəyə gəlir ki, “Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində 1.01.2021ci il tarixədək mənzil növbəsində dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünun müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər və şəhid ailələrinin növbəlilik” Siyahısına iddiaçının adının daxil edilməsi yerli icra hakimiyyəti orqanə tərəfindən digər formada qəbul edilmiş inzibati aktdır və Mənzil Məcəlləsinin 51.4-cü maddəsində nəzərdə tutulmuş şəxsin uçota alınması barədə qərarı kimi qiymətləndirməlidir. Məhkəmə həmçinin qeyd etməyi zəruri hesab edir ki, iddiaçının yaşayış sahəsini dəyişdirməsi ilə bağlı mənzil uçotundan çıxarılmasına dair Beyləqan Rayon İcra Hakimiyyəti başçısının 4.06.2024-cü il tarixli, 74 nömrəli Sərəncamının qəbul edilməsi, iddiaçının mənzil uçotuna alınmasına dair həmin icra hakimiyyəti tərəfindən qərarın qəbul edilməsinin təsdiqidir. Odur ki, məhkəmə cavabdehin iddiaçıdan Beyləqan rayon İcra Hakimiyyəti tərəfindın mənzil uçotuna alınması ilə bağlı yazılı formada Sərəncamın qəbul edilməsi barədə dəlili əsassız hesab edir. Məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmişdir. Qanunvericiliklə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmamış, cavabdehin imtinası qanunauyğun olmamışdır. Odur ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. İPM-in: 52-ci maddəsinə görə, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia tələbi təmin edilsin İddiaçı 2012-ci il tarixdə Beyləqan rayon İcra Hakimiyyətində yaşayış sahəsinə ehtiyacı olan qismində mənzil növbəsinin Bakı şəhər Binəqədi rayon İcra Hakimiyyətində davam etdirilməsi barədə qərar qəbul edilməsi öhdəliyi Bakı şəhəri Binqədi rayon İcra Hakimiyyətinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar