Məhkəmə qərarları › İş №2-1(112)-528/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-528/2025

05.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-528/2025 05.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları: İddiaçı (bundan sonra – İddiaçı) ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün xx.xx.2023-cü il tarixli ərizə ilə cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra - Cavabdeh) müraciət etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli 3-17-1/2-D-229686/2023 nömrəli məktubla iddiaçıya bildirilmişdir ki, Qanunun 9.1-ci maddəsinin tələblərinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş Siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin sözügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilmişdir. Bununla əlaqədar olaraq, zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğun peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) iş yerinin arayışında dəqiq göstərilməlidir. Mərkəzi Filiala təqdim edilmiş sənədlərdən qeyd olunan məlumatlara əsasən iddiaçının güzəştli iş stajı yoxdur. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilməmişdir. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ərizə ilə məhkəməyə müraciət edərək, işlədiyi illər onun sosial sığorta stajına daxil olmaqla güzəştli şərtlərlə yaşa görə əmək pensiyanının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. Tərəflərin əsaslandırılması İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, xx.xx.1961-ci ildə Ermənistan Respublikası Mehri rayonu, Vartanidzorda anadan olmuşdur. O, xx.xx.1979-cu il tarixdən xx.xx.1980-ci il tarixədək Ermənistan Respublikası Mehri rayonunda BRSU-da 3-cü dərəcəli çilingər peşəsində işləmişdir. xx.xx.1980-ci il tarixdən xx.xx.1982-ci il tarixədək SSRİ ordu sıralarında hərbi xidmət keçmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1982-ci il tarixədək Ermənistan Respublikası Mehri rayonunda BRSU-da 5-ci dərəcəli çilingər peşəsində işləmişdir. xx.xx.1982-ci il tarixdən xx.xx.1983-cü il tarixədək Orta DPTM-54 məktəbində təhsil almışdır. xx.xx.1983-cü il tarixdən xx.xx.1984-cü il tarixdədək SUM-203 “Bakqorstroymexanizasiya” 5-ci dərəcəli ekskavator maşinisti peşəsində işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək 3-cü dərəcəli ekskavator maşinistinin köməkçisi peşəsində işləmişdir. xx.xx.1984-cü il tarixdən xx.xx.1985-ci il tarixədək “Azenergostroymexanizasiya” idarəsindən keçirilmə ilə 2 saylı Bakı sahəsində dördüncü dərəcəli ekskavator maşinisti peşəsində işləmişdir. xx.xx.1985-ci ildə iddiaçıya 5-ci dərəcəli ekskavator maşinisti ixtisası verilmişdir. xx.xx.1986-cı ildə iddiaçıya 6-cı dərəcəli ekskavator maşinisti ixtisası verilmişdir. xx.xx.1986-cı ildə Azərbaycan SSR ƏhQM 36 maddəsinə 5-ci bəndinə əsasən işdən azad edilmişdir. (Azenergostroy tersti Bakı stroy idarəsinə keçirilməklə) xx.xx.1986-cı ildə “Hidrosantexnikmontaj” AzMİ-dən keçirilməklə 6cı dərəcəli ekskavatorçu peşəsinə keçirilmişdir. xx.xx.1987-ci ildə öz ərizəsi ilə işdən azad edilmişdir. xx.xx.1987-ci ildə Bakı Baş tikinti idarəsi “BSTM” tresti xüsusi mexanizasiya idarəsi 204 saylı SDM sexinə 4-cü dərəcəli ekskavator maşinisti peşəsinə qəbul edilmişdir. xx.xx.1989-cu ildə iddiaçıya 5-ci dərəcəli ekskavator maşinisti ixtisası verilmişdir. xx.xx.1991-ci ildə iddiaçıya 6-cı dərəcəli ekskavator maşinisti ixtisası verilmişdir. xx.xx.1992-ci ildə öz xahişi ilə işdən azad edilmişdir. xx.xx.1992-ci ildə “Bakvodoprovod” İstehsalat İdarəsi Qarajda maşinist-ekskavatorçu peşəsinə qəbul edilmişdir. xx.xx.1993-cü ildə Nizami rayon su kəmərçisi və qurğuların istismarı üzrə istehsalat zonasına keçirilmişdir. Sonrakı dövrlərdə müxtəlif peşələrdə işləmişdir. Hazırda da mövsümü olaraq "xxxx" ASC-nin 6 saylı İSİS sahəsində 242 saylı qazanxanasında işləyir. Onun 62 yaşı vardır. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2024-cü il tarixli iddiaya yazılı etirazında iddianın təmin edilməməsini xahiş etmiş və göstərmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 4.1.20-ci yarımbəndinə əsasən yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləıməsinə dair işəgötürənin süzügedən Qaydada göstərilənlərə uyğun hazırlanmış arayışına əsasən müəyyən edilir. Bununla əlaqədar olaraq, iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğun olması, gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi), işin konkret halları (tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə müəssisənin fəaliyyət istiqaməti və s.) iş yeri tərəfindən təqdim edilən arayışda dəqiq göstərilməlidir. İddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən sənədlərə əsasən, R. Dadaşovun ümumi iş stajı 36 il 8 ay 7 gün (xx.xx.2006-cı il tarixədək 25 il 5 ay 7 gün (xx.xx.1979-xx.xx.1980-ci il, xx.xx.1982xx.xx.1982-ci il, xx.xx.1983-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2006-cı il, xx.xx.1980-xx.xx.1982-ci il (hərbi xidmət dövrü)) tarixləri arasındakı dövrlər), xx.xx.2006-cı il tarixindən sonra 11 il 3 ay təşkil etmişdir. Eyni zamanda İddiaçı fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı 570044,70 manat təşkil etmişdir. Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabının sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq iddiaçıya münasibətdə 40800,00 manat təşkil etmişdir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən əmək stajı yoxdur. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddia ərizəsinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. İİİ. Məhkəmənin mövqeyi Məhkəmə tərəfin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddiaçının 60 yaşının tamam olduğu xx.xx.2021-ci il tarixdə qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun (bundan sonra – ƏPQ) 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar – 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Qanunvericiliyin istinad olunan normasından görünür ki, aşağıdakı şərtlərin hamısı birlikdə olduğu halda şəxsə (kişilər üçün) güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilə bilər:

1. 60 yaşının tamam olması;

2. azı 25 il sığorta stajına malik olması;

3. 25 il sığorta stajının azı 12 il 6 ayını əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması;

4. fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi (bu tələb 2017-ci il iyulun 1-dən etibarən müəyyən olunmuşdur). İşdə olan Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli məktubundan görünür ki, Rəhim Oruc oğlu X2 təqdim etdiyi sənədlərdə qeyd edilən məlumatlara əsasən, onun ümumi iş stajı 35 il 6 ay 7 gün (01.01 2006-cı il tarixinədək 25 il 5 ay 7 gün (xx.xx.1979-xx.xx.1980-cı il, xx.xx.1980-xx.xx.1982ci il, xx.xx.1982-xx.xx.1982-ci il, xx.xx.1983- xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1984-xx.xx.1986-cı il, xx.xx.1986-xx.xx.1987- ci il, xx.xx.1987-xx.xx.1992-ci il, xx.xx.1992-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər), həmin tarixdən sonra 10 il 1 ay) təşkil edir, güzəştli iş stajı isə yoxdur. Göründüyü kimi, cavabdeh iddiaçının ümumi iş stajın mübahisələndirməmiş, onun ümumi is stajının 35 ildən, xx.xx.2006-cı ilədək isə 25 ildən çox olduğunu qəbul etmişdir. İşdən görünür ki, işin mübahisələndirilən halı iddiaçının güzəştli iş stajının olmaması ilə bağlıdır. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” təsdiq edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na əsasən: -bənd 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda mühafizə edilən məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; ... 4.1.20. yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə iş müddəti – bu Qaydanın 4.1.1-ci yarımbəndində nəzərdə tutulmuş sənədlərə və şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə işləməsinə dair işəgötürənin forması bu Qaydaya 2 nömrəli Əlavə ilə müəyyən edilmiş arayışına əsasən. İşdən görünür ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyini üçün cavabdehə müraciət etsə də, işlədiyi vəzifənin həqiqtən güzəştli olmasını təsdiq edən “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”na 2 nömrəli Əlavədə nümunəsi təsdiq edilmiş şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair arayışı inzibati orqana təqdim etməmişdir. Belə ki, işdə olan “Bakı Sukanal” İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli arxiv arayışından görünür ki, İddiaçı həqiqətən X4 Su Cəmiyyəti “Bakı Su Kəməri” İstehsalat İdarəsinin xx.xx.1992-ci il tarixli 104/k saylı əmrinə əsasən xx.xx.1992-ci il tarixdən maşın və mexanizmlər sahəsinə 5-ci dərəcəli ekskvatorçu-maşinist peşəsinə işə qəbul olunmuşdur. xx.xx.1992-ci il tarixli 205/k əmrə əsasən “Bakı Su Kəməri” İstehsalat İdarəsinin Nizami rayon Su Kəmərləri və Qurğularının İstismarı üzrə İstehsalat Zonasına keçrilməsi üçün xx.xx.1993-cü il tarixdən tutduğu vəzifədən azad edilmişdir. “Bakı Su Kəməri” İstehsalat İdarəsinin xx.xx.1993-cü il tarixli 2/mh saylı əmrə əsasən xx.xx.1993-cü il tarixdən Nizami rayon Su Kəmərləri və Qurğularının İstismarı üzrə İstehsalat Zonasına köçrülmə yolu ilə ekskvator-maşinist peşəsinə işə qəbul olunmuşdur. xx.xx.2011-ci il tarixli 43/k saylı əmrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən xx.xx.2011-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2011-ci il tarixli 35/k saylı əmrinə əsasən xx.xx.2011 -ci il tarixdən Avtomaşın və xüsusi texnika sahəsinə ekskvator-maşinist peşəsinə işə qəbul olunmuşdur. "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Bakı Sukanal” İdarəsinin xx.xx.2011-ci il tarixli 440/k saylı əmrinə Əmək Məcəlləsinin 68-ci maddəsinin 2-ci hissəsinin ”a” bəndinə əsasən xx.xx.2011-ci il tarixdən öz xahişi ilə işdən azad olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin 11 iyun 2004-cü il tarixli 252 №-li Sərəncamına əsasən X4 Su Cəmiyyətinin adı dəyişərək "xxxx" Açıq Səhmdar Cəmiyyəti adlandırılmışdır. "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xx.xx.2011-ci il tarixli 17 saylı əmrinə əsasən “Bakı Su Kəməri” İstismar İdarəsi ləğv edilərək “Bakı Sukanal” İdarəsi yaradılmışdır. İdarənin xx.xx.2023-cü il tarixli arxiv arayışında əlavə olaraq göstərilmişdir ki, mövcud olan arxiv məlumatlarında İddiaçı zərərin təyin edilməsi və ödənilməsini təsdiq edən hər hansı bir məlumat aşkarlanmamışdır. Göründüyü kimi, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyin edilməsinə imkan verən vəzifədə işləməsini təsdiq edən arayışı nə cavabdehə, nə məhkəməyə təqdim etməmişdir. Bununla yanaşı,Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na nəzər yetirdikdə görünür ki, orada 11 adda ekskavator maşinistinin güzəştli şərtlərlə pensiya almaq hüququ təsbit edilsə də, iddiaçının işlədiyi sahəyə uyğun vəzifə öz əksini tapmamışdır. Belə olan halda aydındır ki, iddiaçı ona güzəştli şərtlərlə pensiya təyini üçün zəruri olan ikinci şərti ödəmir. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdeh iddiaçının tələbini təmin etməməkdə haqlı olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə əsasən inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Hazırkı halda iddiaçının arzuladığı inzibati aktın qəbulunu istisna edən faktiki şərtlər mövcud olduğundan məhkəmə hesab edir ki, cavabdehin ona güzəştli şərtlərlə pensiya təyin edilməsindən imtinası əsaslı olmuş, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə onu da qeyd edir ki, iddiaçı onun müraciəti üzrə qərar qəbul edildikdən sonra aşkar edilən və onun güzəştli iş stajını təsdiq edən yeni sübutlara əsaslana (istinad edə) bilər və bu iş üzrə qərar iddiaçının “İnzibati icraat haqqında” Qanunun 35-ci maddəsində müəyyən edilmiş qaydada yenidən inzibati orqana müraciət etmək hüququna təsir etmir. Çünki həmin Qanunun 35.1-ci maddəsinin müddəalarına görə, maraqlı şəxs şikayət verilə bilməyən inzibati aktın ləğv olunması və ya dəyişdirilməsi ilə bağlı aşağıdakı hallarda təkrar ərizə ilə inzibati orqana müraciət edə bilər: ... 35.1.2. maraqlı şəxs üçün daha əlverişli inzibati aktın qəbuluna səbəb ola bilən yeni sübutlar aşkar olunduqda. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar