Məhkəmə qərarları › İş №2-1(112)-5282/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5282/2020

27.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5282/2020 27.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X4 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X3 oğlunun iştirаkları ilə, İddiаçı İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, Məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı Azərbaycan Respublikası Bаkı İnzibаti Məhkəməsinə müraciət edərək, sonradan iddia tələbinə dəqiqləşmə verərək, əmək kitabçasında qeyd edilən iş stajı nəzərə alınmaqla 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və ötən illərin pensiya məbləğinin hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul olunduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, xx.xx.1963-cü ildə Cəbrayıl rayonunda anadan olmuşdur. Əmək fəaliyyətinə 1982-ci ildən hərbi xidmətə getməklə və əmək kitabçasında göstərilən müxtəlif müəssisələrdə çalışmaqla başlamışdır. Əmək fəaliyyətini 06 fevral 2020-ci ildə sonlandırmışdır. Bütün bu müəssisələrdə çalışmaqla əmək stajı əmək pensiyasına çıxmaq üçün lazım olan 25 illik stajı çoxdan dolmuşdur. Sumqayıt "xxxx" ASC-dən uzun müddət dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. Qeyd edilənlərə əsasən iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İş üzrə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X1 Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 47-ci maddəsinə uyğun qaydada iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az təşkil edir. Eyni zamanda iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğinin aşağı olmayan pensiya təminatına imkan vermir. Göstərilən səbəbdən də iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etmək mümkün deyildir. Cavabdeh qeyd edilənlərə əsasən iddia tələbinin rədd edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı məhkəmə iclasında iddia tələbini müdafiə edərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinin nümayəndəsi X3 oğlu təmsil etdiyi qurumun imtinasının əsaslı olduğunu bildirdi və mübahisənin ədalətli həll olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını tam, obyektiv və hərtərəfli araşdıraraq, tərəflərin məhkəmə icraatı zamanı verdikləri izahatlarını dinləyərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş: - AZE №******** seriyalı nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə Cəbrayıl rayonu, Niyazqullar kəndində anadan olmuşdur. İddiaçı Sumqayıt şəhəri, YAT-14, ünvan 1 ünvanında qeydiyyatdadır. - Azərbaycan Respublikası Sumqayıt şəhəri "xxxx" ASC-nin 06 fevral 2020-ci il tarixli 08 nömrəli arayışdan görünür ki, İddiaçı 05 noyabr 1985-ci ildən 06 fevral 2020-ci ilə kimi tam iş günü Sumqayıt "xxxx" ASC-də polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində işləmişdir. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şətlərlə Təyinat İdarəsinin 20 fevral 2020-ci il tarixli, **********9 saylı imtina məktubundan görünür ki, iddiaçının güzəştli şərtlərlə pensiya təyinatı barədə müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, iddiaçının təqdim etdiyi sənədlər əsasında, onun 01 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 6 aydan az təşkil etmişdir. Qeyd olunanları nəzərə alaraq, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı mümkün olmamışdır. İşdə olan iddiaçının nömrəli İT-İ № ******* əmək kitabçasının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, iddiaçı 05 noyabr 1985-ci il tarixdən 06 fevral 2020-ci ilə qədər "xxxx" ASC-də polad və dəmir-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində fəaliyyət göstərmişdir. Məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür, 1981-ci ilin may ayından 1983-cı ilin may ayına qədər hərbi xidmətdə olmuşdur, 05.11.1985-ci il tarixindən 06.02.2020-ci il tarixədək Sumqayıt "xxxx" ASC-də polad və dəmirr-beton konstruksiyaların quraşdırılması üzrə quraşdırıcı vəzifəsində çalışmışdır. İddiaçı 57 yaşından ona güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı ona güzəştli şərtlərlə pensiya hüququnun yarandığı 57 yaşının tamam olduğu tarixdən yaşa görə əmək pensiyası təyin olunmasını tələb edir. Məhkəmə aşağdaki əsaslara görə iddianın əsaslı olmadığı hesab edir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1 -ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Həmin Qanunun 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixədək olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən, (01.07.2017-ci il tarixdən sonrakı olan redaksiyada) axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Şərh olunan maddənin normasından görünür ki, qanunverici «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsində “əvvəllər qüvvədə olmuş qanunvericiliklə” müddəası ilə “Əmək pensiyaları haqqında” Qanunun qəbul edildiyi vaxta qədər mövcud olmuş vətəndaşların pensiya təminatını tənzimləyən normativ aktları, o cümlədən 01.01.2006-cı ilədək qüvvədə olan “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununu nəzərdə tutur. Məhkəmə qeyd etmək istəyir ki, iddiaçının 57 yaşı 06.03.2020-ci il tarixdə tamam olmuşdur. Göründüyü kimi, iddiaçının 57 yaşı qanuna dəyişiklik edildikdən sonra tamam olduğundan, iddiaçının 57 yaşdan güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması məsələsinə baxılarkən “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun normalarına istinad olunmalıdır. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 13-cü maddəsinin “b” bəndinə əsasən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixi 320 saylı Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi iş stajı olan və bu stajın azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 55 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə pensiya almaq hüququ var. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13-cü maddəsinə 26 iyun 1997-ci ildə edilmiş dəyişikliyə görə həmin maddədə nəzərdə tutulan yaş həddi 1997-ci ilin avqustun 1-dən hər il 6 ay artır. Həmin vaxt pensiya yaşına çatmış iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququndan yararlana bilməsi üçün iki şərtin ödənilməsi tələb olunurdu: azı 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını güzəştli şərtlərlə pensiya alması üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 saylı Qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na daxil olan işlərdə işləməsi. İşin tərəflər arasında mübahisə doğuran halı iddiaçının 25 il ümumi iş stajına malik olub oİmamasıdır. Məhkəmə tərəfindən iddiaçının əmək kitabçasına baxış keçirilən zaman müəyyən olunmuşdur ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 21 il 01 ay 26 gün təşkil edir. İş materiallarına əlavə edilmiş НЗ ******* nömrəli hərbi biletindən aydın görünür ki, 07 may 1981-ci il tarixdən 25 may 1985-ci il tarixədək hərbi xidmətdə olmuşdur. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67- ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. Həmçinin, Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, iddiaçının əyani təhsili olmamışdır. Göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının 01 yanvar 2006-cı il tarixədək hərbi xidmət müddəti əlavə edilməklə, ümumi iş stajı 25 ildən az (23 il 2 ay 15 gün) olduğundan, bununla da, cavabdeh tərəfindən onun müraciətindən qanuni və əsaslı olaraq imtina edildiyindən, onun hazırki tələbi əsassızdır. Azərbaycan Respublikası Konstitusiyası 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiyanın, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikası qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu müəyyən edir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X2 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun cərcivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən, Məhkəmə iş üzrə sübutlara məcmu qaydada qiymət verərək, qanunvericilik normalarını rəhbər tutaraq hesab edir ki, İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2-ci, 34-cü, 52-ci, 68-ci, 69-cu, 85-ci və 110-cu maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat İdarəsinə qarşı “iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi”nə dair iddia tələbi təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar