Məhkəmə qərarları › İş №2-1(112)-5282/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5282/2021

06.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5282/2021 06.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Kərimli Rüstəm Lətif oğlunun sədrliyi, Feyziyev İbrahim İsmayıl oğlunun katibliyi, İddiaçı, cavabdehin nümayayəndəsi X1 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «əvvəlki dövr üzrə müavinətin ödənilməsi»nə dair iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı «əvvəlki dövr üzrə müavinətin ödənilməsi» tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə əsasən iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsində bildirilir ki, iddiaçı Qarabağ müharibəsində iştirak etmişdir. Ona 17 sentyabr 2020-ci il tarixdə müharibə veteranı vəsiqəsi təqdim edilmişdir. Həmin tarixdən DSMF Bakı şəhəri Binəqədi şöbəsində qeydiyyata alınmış, lakin ona 2020-ci ilin noyabr, dekabr ayları üzrə ödəniş aparılmışdır. İddiaçı 11 yanvar 2021-ci il tarixdə ərizə ilə Dövlət Sosial Müdafiə Fonduna müraciət edərək, ona 2017-ci ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr üzrə müavinətin ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondundan 4 mart 2021-ci il tarixli imtina cavabı alınmışdır. Cavabdehin cavabı tam qanunsuz və əsassızdır. Göstərilənlərə və «Veteranlar haqqında» AR Qanununun və AR Nazirlər Kabinetinin 22 sentyabr 1995-cui il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş Əsasnamənin müddəalarına əsaslanaraq, İPM-in 2, 38, 73-cü maddələrinin, «Sosial müavinətlər haqqında» AR Qanununun 9.1-ci maddəsinin tələblərini rəhbər tutaraq, məhkəmədən ona (iddiaçıya) 2017-ci ilin oktyabr ayından 2020-ci ilin oktyabr ayınadək olan dövr üzrə sosial müavinətin ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondunun üzərinə qoyulması barədə qərar çıxarılması məhkəmədən xahiş edilir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 47, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Məhkəmə Mübahisələri ilə İş üzrə Mərkəzi Filialının iddia ilə bağlı məhkəməyə ünvanlanmış 28 aprel 2021-ci il tarixli məktubunda aşağıdakılar bildirilir: - İddiaçı iddiası mümkünsüz sayılmalıdır. İPM-in 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Ali Məhkəmənin formalaşdırdığı hüquqi mövqeyə əsasən məhkəmələr iddianın mümkünlüyü məsələsini həll edən zaman bir sıra şərtlərə əməl edilibedilməməsini yoxlamalıdır. Bu şərtlərə daxildir: 1) iddia tələbi üzrə subyektiv hüququn olub-olmaması; 2) cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması; 3) İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilməməsi; 4) qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması və s. (Ali Məhkəmənin Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylıə qərarı). Subyektiv hüququn olub-olmaması dedikdə, iddiaçının tələbinə əsas verən hal, yəni cavabdehin hərəkəti nəticəsində iddiaçının hüququnun pozulması faktı mövcud olmalı və iddiaçı bu faktı sübut etməlidir. Digər tərəfdən, iddianın mümkün sayılması üçün iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsindən cavabdeh tərəfindən imtina olunması faktı mövcud olmalıdır. İddiaçı hazırda Binəqədi xidmət nümayəndəliyindən “Prezident təqaüdü” alır və göründüyü kimi, vətəndaş həmin quruma müraciət etməmiş və hər hansı imtina cavabı almamışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması barədə qərardad çıxarılması məhkəmədən xahiş olunur. İş üzrə məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə məlumat verilmişdir. Tərəflər məhkəmə iclasına gəlmişlər. Məhkəmə iclasında iştirak edən İddiaçı iddia ərizəsində göstərilənləri təsdilədiyini bildirdi və iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 bildirdi ki, iddiaçı qaldırdığı məsələ ilə bağlı DSMF-nin aidiyyəti qurumuna müraciət etməmişdir. İddia mümkün sayılmamalıdır. Məhkəmə tərəfləri dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1-ci maddəsinə görə inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.4-cü maddəsinə görə ərizə – maraqlı şəxsin inzibati aktın qəbul edilməsi və ya ona məxsus olan hər hansı hüququn həyata keçirilməsi ilə bağlı inzibati orqana yazılı müraciətidir. Həmin Qanunun 2.0.6-cı maddəsinə görə inzibati icraat – fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə görə inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. Həmin Qanunun 13-cü maddəsinə görə inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. İPM-in 2.2.2-ci maddəsinə görə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanının hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia), 2.2.3-cü maddəsinə görə inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. İPM-in 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Məhkəmə qeyd edir ki, inzibati icraat çərçivəsində “inzibati aktın qəbulu”ndan imtina, “inzibati aktın qəbulu ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsi”ndən imtinadan inzibati münasibətlərin bəzi səciyyəvi xüsusiyyətləri istisna olmaqla mahiyyət etibarı ilə (hər ikisi publik hüquq sahəsində cavabdehin imtinasından və ya hərəkətsizliyindən yaranır) fərqlənmir. Həmin münasibətlər oxşar olduğundan, onlardan yaranan mübahisələr də oxşar qiymətləndirilir. Belə olan halda, “qanunun analogiyası”ndan istifadə zəruridir. Məhkəmənin qənaətinə görə inzibati məhkəmə icraatında “öhdəliyin icrası haqqında” iddialarda da İPM-in 33.1 və 33.2-ci maddələri tətbiq oluna bilər. Məhkəmə qeyd edir ki, mövcud qanunvericilik normaları məsələnin bu xüsusatını üzrə konkret müddəa müəyyən etməsə də, formalaşmış inzibati praktikaya görə vətəndaşlara sosial müavinətlərin təyin edilməsi və ödənilməsi DSMF-nin özünün yox, aidiyyəti yerli qurumunun səlahiyyətlərindədir. Hazırkı iddiaçı isə, iddia ərizəsində iş üzrə cavabdeh kimi göstərdiyi Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti yerli qurumu olan Binəqədi xidmət nümayəndəliyinə müraciət etmədiyindən, ona cavabdehin dəyişdirilməsi təklifi də tövsiyə olunmamışdır. Odur ki, məhkəmənin qənaətinə görə hazırkı cavabdeh tərəfindən iddiaçının hansı hüquqlarının pozulduğu və ya onun hüquqlarının pozulması ilə nəticələnən hansı vəzifənin yerinə yetirilmədiyi öz təsdiqini tapmır. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandardığı hallarda mübahisələndirmə, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı mıəhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 23, 35-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Rüstəm Kərimli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar