Məhkəmə qərarları › İş №2-1(112)-5283/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5283/2021

28.04.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5283/2021 28.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Miminat Tacib qızı Hacıbəyovanın sədrliyi, İsmayılov Teymur Rauf oğlunun katibliyi ilə cavabdehin nümayəndəsi Seyidov X2 iştirakı ilə, iddiаçı X1 cavabdehlər Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Abşeron rayon Polis İdarəsinə qarşı “elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi,” tələbinə dair iddia ərizəsinin inzibati məhkəmə icraatında baxılmasının mümkünlüyü məsələsinə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı X3 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Abşeron rayon Polis İdarəsinə qarşı “elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, Bakı şəhər Səbail Rayon Məhkəməsinin 17 noyabr 2020-ci il tarixli qərarı ilə iddiaçının barəsində seçilmiş həbs qətimkan tədbiri ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilib və onun saxlanıldığı Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin Bakı İstintaq Təcridxanasında həbsdən azad edilmişdir. İddiaçı hər gün saat 23:00-dan növbəti gün saat 07:00-dək faktiki yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək vəzifəsi qoyulmuşdur. Daha sonra Bakı şəhər Abşeron rayon Polis bölməsi tərəfindən iddiaçının ayağına elektron nəzarət vasitəsi olan qolbaq taxılmışdır. Qeyd edilən qolbaq Ədliyyə Nazirliyinin İcra şöbələri tərəfindən barəsində şərti cəza tətbiq edilən məhkumlara taxılan elektron qolbaqlardan fərqlənir. Həmin qolbaq daha iri olduğundan onun sərbəst hərəkət etməyinə mane olur və ayağında yaraların, şişlərin əmələ gəlməsinə səbəb olmuşdur. İcra Şöbələri tərəfindən tətbiq edilən elektron qolbaqlar standartlara uyğundur və daha kiçikdir, lakin polis bölmələri tərəfindən istifadə edilən elektron qolbaqların hansı standartlara uyğun olması sual altındadır. Hazırda iddiaçının bütün bədənində səpgilər əmələ gəlmişdir. Əvvələr onda belə səpgilər olmamışdır, ehtimal edir ki, elektron nəzarət vasitəsinin şüa yayınmasından və ayağını sıxmasından belə səpgilər əmələ gəlib. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Cavabdehin nümayəndəsi məhkəmə iclasında bildirmişdir ki, Azərbaycanda halhazırda elektron nəzarət vasitəsi olan qolbaq bir modeldə olduğundan dəyişdirilməsi mümkün deyil. Məhkəmə iş materiallarını nəzərdən keçirdikdən sonra hesab edir ki, iddia ərizəsi mümkün sayılmamalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən isə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 2.1-ci maddəsinə əsasən Qanunla başqa aidiyyət qaydası müəyyən edilməmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 3.1-ci maddəsində əsasən bu Məcəllənin 3.2-ci maddəsində müəyyən edilmiş hallar istisna olmaqla, inzibati mübahisələrə birinci instansiya məhkəməsi qismində inzibati məhkəmələr tərəfindən baxılır Həmin Məcəllənin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir.İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. İddiaçının iddia ərizəsindən göründüyü kimi iddia tələbi cinayətin törədilməsində təqsirləndirilən şəxs qismində onun barəsində seçilmiş həbs qətimkan tədbirlərinin ev dustağlığı növündə qətimkan tədbiri ilə əvəz edilməsi nəticəsində gəzdirməli olan elektron vasitəsi olan qolbağın dəyişdirilməsi, onun daha rahat, kiçik, əlverişli, standartlara uyğun elektron nəzarət vasitəsi ilə əvəz edilməsi vəzifəsinin cavabdehlərin üzərinə qoyulması ilə bağlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 156-1.1-ci maddəsinə əsasən, elektron nəzarət vasitələri bu Məcəllənin 163-cü maddəsinə əsasən barəsində qətimkan tədbiri seçilmiş şəxslərə tətbiq edilir. Elektron nəzarət vasitələrinin siyahısı və tətbiqi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir Həmin Məcəllənin 156-1.2-ci maddəsinə əsasən elektron nəzarət vasitələri tətbiq edilmiş şəxsin üzərinə qoyulmuş vəzifələri yerinə yetirməsinə nəzarət müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Həmin Məcəllənin 156-1.3-cü maddəsinə əsasən şəxsin üzərinə elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək vəzifəsi qoyulduqda, elektron nəzarət vasitəsi onun üzərinə bağlanılır və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət qaydaları, hər hansı müdaxilənin və ya cihazın üzərindən çıxarılmasının yolverilməzliyi, həmçinin bu əməllərin hüquqi nəticələri izah edilir və bu barədə protokol tərtib edilir Göründüyü kimi, iddiaçı ilə cavabdehlər arasında mübahisə cinayət təqibi ilə bağlı qəbul edilmiş qərarın icrası ilə bağlı olduğu üçün iddiaçının iddia tələbinə inzibati icraat qaydasında baxıla bilməz. Azərbaycan Respublikasında mülki məsuliyyət, inzibati məsuliyyət, cinayət məsuliyyəti (təqibi) məsələləri Azərbaycan Respublikasının Mülki-Prosessual Məcəlləsi, Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsi ilə tənzimlənir ki, bu da inzibati icraat qaydasında həmin məsələlərə baxılmasını istisna edir. İddiaçının iddia tələbi ilə bağlı işə baxılması zamanı tətbiq ediləcək hüquq isə publik hüququn nizamasalma predmetinə aid olmayacaqdır. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Bundan başqa “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 2.0.1ci maddəsinə əsasən inzibati orqan - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 3.1-ci maddəsinə əsasən bu Qanunun müddəaları Azərbaycan Respublikasının qanunvericiliyi ilə inzibati orqan kimi müəyyən (təsnif) edilmiş orqanların fəaliyyətinə şamil olunur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 3.2-ci maddəsinə əsasən isə bu Qanun hətta inzibati orqanların cinayət təqibi üzrə cinayət-prosessual fəaliyyətinə şamil olunmur. Halbuki inzibati məhkəmə icraatı qaydasında inzibati orqanların yalnız publik hüquqdan irəli gələn hərəkətlərinin (hərəkətsizliyinin) qanuniliyi və əsaslılığı yoxlanılır. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Abşeron rayon Polis İdarəsi tərəfindən iddiaçının iddia tələbində göstərilən tələbin araşdırılması ilə bağlı həyata keçirilən fəaliyyətilə bağlı hüquq cinayət prosessual fəaliyyətinə aid hüquqdur. Azərbaycan Respublikası Konstitusiyasının 62-ci maddəsinə əsasən hər kəsin onun işinə qanunla müəyyən edilmiş məhkəmədə baxılması hüququ vardır. Şəxsin razılığı olmadan onun işinə başqa məkəmədə baxılmasına yol verilmir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 17-ci maddəsinə əsasən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Məhkəmə hesab edir ki, hazırki, iddiaçı ilə cavabdeh arasındakı mübahisəyə məhz cinayət mühakimə icraatı çərçivəsində məhkəmə nəzarəti qaydasında ümumi məhkəmədə baxılmalıdır. İnzibati Prosessual Məcəlləsinin 35.3.-cü maddəsinə əsasən, iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2-ci, 35-ci, 80-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı X1 Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi və Abşeron rayon Polis İdarəsinə qarşı “elektron nəzarət vasitəsi olan qolbağın dəyişdirilməsi” tələbi barədə iddiası mümkün sayılmasın. Qərardad tərəfə rəsmi təqdim olunduqdan sonra 10 gün müddətində ondan Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar