Məhkəmə qərarları › İş №2-1(112)-5284/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5284/2021

23.09.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5284/2021 23.09.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçının vəkili X1, cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinə əsasən 57 yaşının tamam olduğu 03.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili X3 izahatında bildirdi ki, iddiaçı xx xxxxxxxx 1963-cü ildə Ağdaş rayonunda anadan olmuşdur. İddiaçı 01.09.1978- 18.07.1981-ci illərdə Göyçay şəhəri 58 saylı X9 Məktəbində oxumuş, armaturçu-qaynaqçı peşəsinə yiyələnmiş və bundan sonra əmək fəaliyyətinə başlamışdır. İddiaçıya məxsus İT- İ seriyalı ******* №-li 24 avqust 1981-ci il tarixli əmək kitabçasına əsasən iddiaçı 20.04.1981-20.07.1981-ci illərdə Azərbaycan SSR Yerli Sənaye Nazirliyinin X4 Zavodunda elektik-qaynaqçısı vəzifəsində işləmiş, 15.11.1981-08.11.1983-ci illərdə keçmiş Sovet Ordusu sıralarında həqiqi hərbi xidmətdə olmuş, 06.02.1984-20.04.1995-ci illərdə Mingəçevir şəhər 102 saylı Tikinti İdarəsində (hazırda 62 saylı Tikinti İdarəsi) elektrik qaynaqçısı vəzifəsində işləmiş, 27.04.1995-27.06.1995-ci illərdə Azərbaycan DRES-də 1 №-li Qazan-Turbin sexinin İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist, 27.06.1995-ci ildən hal-hazıradək həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləyir. İddiaçı Azərbaycan DRES-də (indiki “Azərbaycan İES" MMC) işlədiyi gündəlik 8 saatlıq iş saatı ərzində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, toz, havanın cərəyan sürəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları var. İddiaçı zərərli iş sahəsində işlədiyi üçün 27.04.1995-ci il tarixdən halhazıradək aylıq məvacibinin 12%-i miqdarında ona əlavə əmək haqqı ödənilmiş və əlavə məzuniyyət günü verilmişdir. İddiaçının “Azərbaycan İES" MMC-də güzəştli iş stajı halhazırda 25 il 10 aydır. Eləcə də Mingəçevir şəhəri 102 №-li (sonradan 62 №-li) Tikinti İdarəsində güzəştli iş stajı 11 il 2 ay 11 gün olmuşdur. Cəmi güzəştli iş stajı 37 ildən çoxdur ki, bundan da 01 yanvar 2006-cı il tarixinə güzəştli iş stajı 21 il 11 ay təşkil edir. İddiaçı ərizə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi barədə cavabdehə müraciət etmişdir. Lakin cavabdeh 19 yanvar 2021-ci il tarixli məktubla iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsindən əsassız imtina etmişdir. Cavabdehin imtinası əsassızdır. Belə ki, fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının məbləğinin az olması iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtina üçün qanuni əsas deyil və iddiaçıya pensiya təyin edilməsi üçün pensiya kapitalı və ya onun məbləği qanunla tələb olunmur. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə müvafiq olaraq 06 mart 2007-ci il tarixli Qanunla qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin "b" bəndi ilə tənzimlənir ki, iddiaçının da 25 ildən çox ümumi stajı, 01 yanvar 2006-cı il tarixinədək 12 il 6 aydan çox güzəştlə iş stajı, tələb olunan yaş həddi (57 yaş) var və həmin qanunda pensiya təyin edilməsi üçün fərdi hesabın sığorta hissəsinin pensiya kapitalına dair heç bir müddəa, hüquq norması yoxdur. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X5 izahatında bildirdi ki, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yalnız yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. “Əmək pensiyaları haqqında” Qanunun 1.0.8-ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. İddiaçı Mərkəzi Filial tərəfindən iddiaçıya ünvanlanmış məktubda onun fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermədiyi bildirilmişdir. İddiaçının əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq ona münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44251,16 manat təşkil etdiyi qeyd olunmuşdur. Bu səbəbdən də iddiaçıya imtina cavabı verilmişdir. Lakin “Əmək pensiyaları haqqında” Qanunun 29.1-1-ci maddəsinə əsasən sığortaolunanların fərdi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalının ildə bir dəfə müvafiq icra hakimiyyəti orqanı (Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi) tərəfindən müəyyən edilən istehsal qiymətləri indeksinin illik səviyyəsinə uyğun olaraq müvafiq icra hakimiyyəti orqanının (Azərbaycan Respublikasının Prezidenti) qərarına əsasən indeksləşdirilməsi ilə əlaqədar 01.01.2021-ci il tarixindən etibarən adıçəkilən şəxsin pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermişdir. Buna baxmayaraq, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi İT-İ seriyalı ******* nömrəli əmək kitabçasında 07.02.1984-20.04.1995-ci il tarixləri arasındakı dövrlər üzərində “Azərbaycan SSR” qeyd olunmuş möhür ilə təsdiqlənmişdir. Nəzərə alsaq ki, həmin dövrdə “Azərbaycan SSR” adlı dövlət artıq mövcud deyildi, bu səbəbdən də əmək kitabçasında qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələr yaranır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 18 noyabr 2020-ci il tarixli icmal məktubunda qeyd olunur ki, bəzən iddiaçının zərərli əmək şəraitində işlədiyini iddia etdiyi müəssisələr məhkəmə araşdırılmasının aparıldığı dövrdə fəaliyyət göstərməyən müəssisələr ola bilər. Bu halda, ilk növbədə həmin müəssisənin iddiaçının işlədiyi dövrdə fəaliyyət göstərən olub-olmaması yoxlanılmalıdır. Zərurət yaranarsa, bununla bağlı müvafiq dövlət qurumlarına, məsələn, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə, İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə, Ədliyyə Nazirliyinə, Dövlət Statistika Komitəsinə, Dövlət Arxivinə, habelə digər aidiyyəti mərkəzi və yerli icra hakimiyyəti orqanlarına sorğular verə bilər. Bu növ araşdırma yalnız güzəştli staj barəsində deyil, həmçinin tələb olunduğu halda, ümumi iş stajının yoxlanılması zamanı da aparılmalıdır. Bununla bağlı olaraq, həmçinin nəzərə alınmalıdır ki, lazımi məlumatların əldə edilməsini təmin etmək üçün verilən belə sorğular mütləq zəruri fərqləndirici və eyniləşdirici məlumatları aydın və dürüst şəkildə özündə əks etdirməlidir. Qeyd olunanları nəzərə alaraq, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. İş materiallarında olan AZE seriyalı ******** saylı Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan SSR X8 Təhsili Komitəsi tərəfindən 18.07.1981-ci ildə verilmiş iddiçıya məxsus B seriyalı 809622 nömrəli diplomun notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildə Azərbaycan SSR Göyçay şəhəri 58 nömrəli X9 məktəbinə daxil olmuş və 18.07.1981-ci ildə armaturçu-qaynaqçı peşəsi üzrə həmin məktəbin tam kursunu bitirərək ümumi orta təhsil almışdır, imtahan komissiyasının qərarı ilə ona dördüncü dərəcə armaturçu-qaynaqçı peşəsi üzrə ixtisas verilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 19.01.2021-ci il tarixli məktubda qeyd edilir: Mərkəzi Filialı tərəfindən 11 noyabr 2020-ci il tarixli **********2 nömrəli məktubla cavablandırılmış eyni məzmunlu müraciətinizə baxaraq bir daha bildiririk ki, ərizənizə və ona əlavə olunmuş sənədlərə baxaraq bildiririk kı, “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) kişilər 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanununun 9.8-ci maddəsinə əsasən 1 yanvar 2006-cı il tarixinədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında" Qanunun 13-cü maddəsinin “b" bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 №-li siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, “Əmək pensiyaları haqqında" Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yalnız yaşa və staja görə əvvəllər qüvəddə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun təyin edilir. "Əmək pensiyaları haqqında" Qanunun 1.0.8ci maddəsinə uyğun olaraq fərdi hesabın sığorta hissəsi əmək pensiyasının sığorta hissəsinin hesablanması üçün nəzərə alınan, sığortaolunanlar üzrə ödənilmiş məcburi dövlət sosial sığorta haqlarının 90 faizinin və xüsusi hesabdakı vəsaitin qeydə alındığı subhesabdır. Sizin fərdi hesabınızın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Belə kı, hazırda əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatı üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmalı olan pensiya kapitalının aşağı həddi qanunvericiliyə uyğun olaraq Sizə münasibətdə 47800,00 manat hesablandığı halda, fərdi hesabınızın sığorta hissəsində qeydə alınan pensiya kapitalı cəmi 44251,16 manat təşkil edir. Qeyd olunanları nəzərə alaraq Sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. Əlavə olaraq bildiririk kı, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.18-ci maddəsinə görə sığortaolunanlar əmək pensiyasının sığorta hissəsinin hesablanması uçün nəzərə alınan fərdi hesabın sığorta hissəsindəki məbləği Azərbaycan Respublikası Prezdentinin 2017-ci il 12 sentyabr tarixli 1597 nömrəli Fərmanı ilə təsdiq edilmiş qaydada xüsusi hesaba əlavə vəsait ödəyərək artırmaqla əmək pensiyasının minimum məbləğində və ya daha yuxarı məbləğdə pensiya təminatının formalaşdırılması imkanına malikdirlər. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır. İş materiallarında olan Azərbaycan Respublikası "xxxx" ASC "xxxx" MMC-nin 15.09.2020-ci il tarixli arayışından görünür ki, İddiaçı (30.09.1963-cü il təvəllüdlü) 27.04.1995-ci il tarixdən 27.06.1995-ci il tarixədək Azərbaycan DRES-nin 1 nömrəli Qazan-Turbin sexinə İV qrup (öyrənən) qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsinə işə qəbul edilmişdir (Əmr № 77 25.04.1995), 27.06.1995-ci il tarixdən İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində müstəqil işə buraxılmışdır (Əmr № 118/K 27.07.1995), 27.06.1995-ci il tarixdən hal-hazıradək həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinisti vəzifəsində işləyir. İddiaçı işlədiyi müddət ərzində 8 saatlıq iş günü müddətində bilavasitə stansiyanın qazan və turbin sexində yerləşən avadanlıqların istismarı ilə məşğul olmuşdur. İş şəraitində səs-küy, titrəmə, havanın cərəyan surəti, iş yerində havanın temperaturunun normadan yuxarı olması faktorları mövcud olmuşdur. Zərərli iş sahəsində işlədiyi üçün İddiaçı 27.04.1995-ci il tarixdən halhazıradək aylıq məvacibinin 12% miqdarında əlavə əmək haqqı ödənilmişdir və zərərli iş şəraitində işlədiyinə görə əmək qanunvericiliyinə əsasən ona əlavə məzuniyyət günü verilmişdir. İddiaçı 27.04.1995-ci il tarixdən hal-hazıradək tutduğu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23.01.2007-ci il tarixli 12 №-li qərarının 24-cü bölməsinin “a” bəndinə uyğundur. "Azərbaycan İES” MMC-də zərərli iş stajı 25 il 04 ay 13 gün təşkil edir. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmışdır. "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC- "xxxx" MMC adlandırılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası “Mingəçevir "xxxx" ASC-nin 20.09.2020-ci il tarixli güzəştli arayışından görünür ki, İddiaçı (30.09.1963-cü il təvəllüdlü) həqiqətən 06.02.1984-cü il tarixdə 32/k əmrlə 4-cü dərəcəli elektrik qaynaqçısı işinə qəbul edilmişdir. İddiaçı tam iş günü ərzində üzərinə düşən çətin qaynaq işlərini yerinə yetirmişdir. O, 21/k əmrlə 03.02.1989-cu ildə yenidən tərifləndirmə protokoluna əsasən 5-ci dərəcəli elektrik əl qaynaqçısı təyin olunmuşdur. O, həqiqətən dəmir, dəmir-beton konstruksiyaların quraşdırılmasında elektrik əl qaynaq işlərini tam ağır iş şəraitində yerinə yetirmişdir. İddiaçı 09 saylı əmrlə 18.04.1995-ci il tarixdə işdən azad edilmişdir. Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.1987-ci il tarixli sərəncamına əsasən 102 №li Tikinti İdarəsi -62 №li Tikinti İdarəsi və sonralar isə "xxxx" ASC olmuşdur. Onun 62 №li Tikinti İdarəsində zərərli iş stajı 11 il 2 ay 11 gün təşkil edir. Arayış "xxxx" ASC-nin saxlanılması əmr kitablarına və vətəndaşların kadr anketinə əsasən yazılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər Şöbəsinin 22.09.2020-ci il tarixli 288 saylı arayışından görünür ki, 1963-cü il təvəllüdlü İddiaçı həqiqətən 15.11.1981-ci il tarixdən 04.11.1983-cü il tarixə kimi keçmiş SSRİ Silahlı Qüvvələri sıralarında müddətli həqiqi hərbi xidmət keçmişdir (Əsas: Hərbi bilet NZ № 4462095). İş materiallarında olan İddiaçı məxsus İT-İ seriyalı ******* saylı əmək kitabçasının tərcümə edilmiş və notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, İddiaçı 01.09.1978-ci ildən 04.07.1981-ci ilədək 58 nömrəli X9 məktəbində təhsil almış, 20.04.1981-ci ildə Azərbaycan SSR MMP çarpayıların istehsalı üzrə Xosrov zavoduna 4cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 20.07.1981-ci ildə öz istəyi ilə işdən azad edilmiş, 15.11.1981-ci ildən 04.11.1983-cü ilə qədər Sovet ordusu sıralarında xidmət etmiş, 06.02.1984-cü ildə Mingəçevir şəhəri DSK-3, 102 №-li Tikinti İdarəsində Polad və dəmir-beton konstruksiyaların təmiri üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 30 saylı 16.01.87-ci il tarixli əmrinə əsasən Tİ-102 Azərbaycan SSR Tikinti Nazirliyinin 6 saylı trestinə verilmiş, Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.87-ci il tarixli əmrinə əsasən Tİ-102-nun adı dəyişdirlərək Tİ-62 olmuş, 02.01.1989-cu ildə təkrar tarifləşdirmə protokoluna əsasən əl qaynağının 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 01.11.1989-cu ildə protokola əsasən əl qaynağının 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 20.04.1995-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, 27.04.1995-ci ildə Azərbaycan DRES-də 1 №-li qazan-turbin sexinə İV qrup qazan avadanlıqları üzrə (öyrənən) nəzarətçi maşinist qəbul edilmiş, 27.06.1995-ci ildə qazan avadanlıqları üzrə nəzarətçi maşinist (Vİ qrup) vəzifəsində müstəqil işə buraxılmışdır, 25.04.2003-cü ildə Azərenerji ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" - "xxxx" MMC adlandırılmışdır, 05.01.2006-cı ildə Azərenerji ASC idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır, 03.07.2009-cu ildə öz xahişi ilə əmək müqaviləsinə xitam verilmişdir (21.07.2009-cu ildə "xxxx" MMC üzrə 143 saylı 03.07.2009-cu il tarixli əmrin 3-cü bəndi qüvvədən düşmüş hesab edildiyi üçün 15 nömrəli qeyd etibarsız sayılmışdır), hal-hazırda işləyir (15.09.2020-ci il). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci bəndinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci bəndinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək qazanmış olsunlar. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 13-cü məddəsinin «a» və «b» bəndlərinə əsasən axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar - 45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər - 55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa. 01.01.2006-cı il tarixə qədər qüvvədə olmuş «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Məhkəmə tərəfindən müəyyən edildi ki, İddiaçı xx.xx.1963-cü ildə doğulmuşdur. İddiaçı 01.09.1978-ci ildən 18.07.1981-ci ilədək Göyçay şəhəri 58 nömrəli X9 məktəbində təhsil almış, 15.11.1981-ci ildən 04.11.1983-cü ilədək müddətli həqiqi hərbi xidmət keçmişdir. İddiaçı 20.04.1981-ci ildə Azərbaycan SSR MMP çarpayıların istehsalı üzrə Xosrov zavoduna 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 20.06.1981-ci ildə öz istəyi ilə işdən azad edilmiş, 06.02.1984-cü ildə Mingəçevir şəhəri DSK-3, 102 №-li Tikinti İdarəsində Polad və dəmir-beton konstruksiyaların təmiri üzrə 4-cü dərəcəli elektrik qaynaqçısı qəbul edilmiş, 02.01.1989-cu ildə təkrar tarifləşdirmə protokoluna əsasən əl qaynağının 4-cü dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 01.11.1989-cu ildə protokola əsasən əl qaynağının 5-ci dərəcəli elektrik qaynaqçısı təyin edilmiş, 20.04.1995-ci ildə öz ərizəsinə əsasən işdən azad olunmuş, 27.04.1995-ci ildə Azərbaycan DRES-də 1 №-li qazan-turbin sexinə İV qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist qəbul edilmiş, 27.06.1995-ci ildə Qazan avadanlıqları üzrə nəzarətçi maşinist Vİ qrup) vəzifəsində müstəqil işə buraxılmışdır və hal-hazıradək (15.09.2020-ci il) həmin sexdə Vİ qrup qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləyir. Azərbaycan SSR Tikinti Nazirliyinin 164 saylı 13.04.1987-ci il tarixli sərəncamına əsasən 102 №li Tikinti İdarəsi -62 №li Tikinti İdarəsi və sonralar isə "xxxx" ASC olmuşdur. "xxxx" ASC-nin 25.04.2003-cü il tarixli AÜ/091 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" -"xxxx" Məhdud Məsuliyyətli Cəmiyyət adlandırılmış, "xxxx" ASC-nin 05.01.2006-cı il tarixli AÜ/002 saylı əmrinə əsasən idarəetmə strukturunun təkmilləşdirilməsi ilə əlaqədar "xxxx" MMC - "xxxx" MMC adlandırılmışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş , hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Həmin Qanunun 21.2-ci maddəsinə əsasən sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə, aşağıdakı müddətlər daxil edilir: 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Lakin həmin Qanunun 21.2-ci maddəsinə sığortaolunanın sığorta stajına bu Qanunun 21.1-ci maddəsində qeyd olunan müddətlərdən əlavə müddətlərin daxil edilməsi sadalanmış, təhsil müddətinin sığorta stajına daxil edilməsinin nəzərdə tutulduğu isə göstərilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələblərinə əsasən təhsil müddəti iş stajına daxil edilməlidir. Bununla bağlı məhkəmə qeyd edir ki, şəxsin pensiya hüququ onun qanunvericilikdə nəzərdə tutulmuş yaş həddinə çatdıqdan sonra yaranan hüququdur. Pensiya hüququ bu hüququn yarandığı vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənsə də, lakin təhsil müddətinin əmək stajına daxil edilməsi məsələsi həmin təhsil alınan vaxt qüvvədə olan qanunvericiliklə tənzimlənməlidir. Təhsil müddətinin sığorta stajına daxil edilməsi məsələsi şəxsin pensiya hüququnun yaranması vaxtı ilə deyil, onun təhsil aldığı dövrdə qüvvədə olan qanunvericiliyin tələbləri ilə müəyyən edilməlidir. 01.10.1956-cı ildə qanuni qüvvəyə minmiş və 23.09.1992-ci il tarixədək qüvvədə olmuş “Dövlət pensiyaları haqqında” SSRİ Qanununun 1-ci maddəsinin v) bəndinə əsasən, ali məktəblərdə, orta ixtisas məktəblərində, sənət məktəblərində, başqa məktəblərdə və kadr hazırlayan kurslarda oxuyanlar dövlət pensiya hüququna malikdiklər. 23.09.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 67-ci maddəsinin ğ) bəndinə əsasən, ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və ya yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti iş stajına daxil edilir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə əsasən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qanunla birbaşa nəzərdə tutulmuş hallarda mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilər. Mülki hüquq subyektlərinə ziyan vurarsa və ya onların vəziyyətini pisləşdirərsə, mülki qanunvericiliyin geriyə qüvvəsi ola bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət də sosial sığorta stajına əlavə edilməlidir. Təhsil aldığı müddət və həqiqi hərbi xidmət keçdiyi müddət də daxil olmaqla 01.01.2006-cı il tarixədək iddiaçı 26 il 08 ay 27 gün ümumi sığorta stajına malikdir. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının ümumi sığorta stajı 25 ildən artıqdır. Güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı ilə əlaqədar isə məhkəmə qeyd edir ki, iddiaçı 02.01.1989-cu ildən 20.04.1995-ci ilədək Mingəçevir şəhəri DSK-3, 103 №li Tikinti İdarəsində ("xxxx" ASC) əl ilə qaynaq aparan elektrik qaynaqçısı, 27.04.1995-ci ildən hal-hazıradək (15.09.2020-ci il) Azərbaycan DRES-də ("xxxx" MMC) qazan-turbin sexində qazan avadanlıqları üzrə nəzarətçi maşinist vəzifəsində işləmişdir (hər iki vəzifə üzrə cəmi 16 il 11 ay 24 gün). Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin 11.12.2017ci il tarixli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavənin 2.4, 2.4.1-ci bəndlərinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir. İddiaçı tərəfindən ona güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilmişdir. İddiaçının işlədiyi həmin sahə və vəzifələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 №-li Siyahısı»nda (Xİİİ Bölmə - Elektrik stansiyaları, enerjiqatarları, buxar güc təsərrüfatı, a) fəhlələr, kod 2140000a—13929, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, XXXİİİ Bölmə - Ümumi peşələr, kod 23200000—19906 əl ilə qaynaq aparan elektrik qaynaqçıları) və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı»nda (24-cü Bölmə - Elektrik stansiyaları, enerji qatarları, buxar və güc təsərrüfatı, a) fəhlələr, qazanxana avadanlığı üzrə nəzarətçi maşinistlər, 35-ci Bölmə - 35. Ümumi peşələr, əl ilə qaynaq aparan elektrik qaynaqçıları) nəzərdə tutulmuşdur. Cavabdeh iddiaçının əmək kitabçasında 07.02.1984-20.04.1995-ci il tarixləri arasındakı dövrlərlə əlaqədar qeyd olunan məlumatların həqiqiliyinə əsaslı şübhələrin olmasını bildirsə də, məhkəmə qeyd edir ki, həmin dövrlərlə əlaqədar iddiaçının iş yeri olan “Mingəçevir "xxxx" ASC-nin 20.09.2020-ci il tarixli güzəştli arayışı məhkəməyə təqdim edilmişdir və həmin arayışla işəgötürən iddiaçının qeyd olunan dövrlərdəki iş yerləri, vəzifələri və iş stajını təsdiq etmişdir. Həmin arayış əmr kitablarına və kadr anketinə əsasən yazılmışdır. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin qeyd etdiyi dəlil əsassızdır. Göründüyü kimi, iddiaçının işlədiyi həmin sahələr və vəzifələr qeyd olunan Siyahılara uyğundur. İddiaçının təqdim etdiyi iş yerindən arayışlarda da iddiaçının işlədiyi həmin sahə və vəzifələrin qeyd olunan Siyahılarda göstərilən sahələr və vəzifələrə uyğun olduğu təsdiq edilmişdir. Məhkəmə hesab edir ki, qeyd olunan dövrlər güzəştli şərtlə əmək pensiyası hüququ verən iş stajına hesablanmalıdır. Göründüyü kimi, 01.01.2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan çoxdur (cəmi 16 il 11 ay 24 gün). Beləliklə, iddiaçının 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi əmək stajı olduğuna və onun 12 il 6 aydan artıq müddətini güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən sahədə və vəzifədə işlədiyinə görə onun 57 yaşından «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.8-ci maddələrinə əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ yaranmışdır. Cavabdeh orqan imtina məktubunda bildirmişdir ki, iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən aşağı olmayan pensiya təminatına imkan vermir. Bununla bağlı məhkəmə qeyd edir ki, iddiaçının 25 ildən artıq ümumi iş stajına malik olması, o cümlədən 12 il 6 aydan artıq əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışması iş materialları ilə öz təsdiqini tapmışdır. İddiaçının əlavə olaraq fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalının əmək pensiyasının minimum məbləği olan tələbə cavab verməsi, onu digər şəxslərə, yəni ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinə ziddir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Göründüyü kimi, ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərin əmək pensiyası hüququnun yaranması üçün fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajının olması alternativi nəzərdə tutulmuşdur. Lakin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan şəxslərin əmək pensiyası hüququ həmin şəxslərin (kişilərin) 25 il sığorta stajına malik olması və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışması və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə yaranır, yəni qeyd edilən şəxslərin əmək pensiyası hüququn yaranması üçün göstərilən hər iki tələbin (sığorta stajı və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı) mövcud olması nəzərdə tutulmuşdur. Bu isə həmin şəxsləri ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərlə müqayisədə daha ağır vəziyyətə salır. “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanunun 8.0.8-ci maddəsinə əsasən normayaratma fəaliyyəti Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin İ hissəsində göstərilən prinsiplərlə yanaşı insanların hüquq və azadlıqlarının, onların qanuni maraqlarının müdafiəsi və sosial ədalət prinsipi əsasında həyata keçirilir. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçı 01.01.2006-cı il tarixədək 25 ildən artıq ümumi iş stajına, o cümlədən 12 il 6 aydan artıq güzəştli şərtlərlə yaşa görə pensiya hüququ verən iş stajına malik olduğundan, cavabdeh tərəfindən əlavə olaraq iddiaçının fərdi hesabının sığorta hissəsində qeydə alınmış pensiya kapitalı tələb edilməsi, iddiaçını ümumi qaydalarla yaşa görə pensiya hüququ olan şəxslərə münasibətdə daha ağır vəziyyətə salır və bu hal sosial ədalət prinsipinin pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının təhsil aldığı müddət, həqiqi hərbi xidmət keçdiyi müddət, yuxarıda qeyd olunan işlədiyi dövrlər (güzəştli şərtlərlə pensiya təyin edilməsinə əsas olan iş stajı daxil olmaqla) nəzərə alınmaqla, ona 57 yaşdan, yəni hüququnun yarandığı 03.09.2020-ci il tarixdən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikasının Qanununun 31.1-ci maddəsinə əsasən əmək pensiyası hüququ olan şəxslər əmək pensiyası hüququnun yarandığı gündən istənilən vaxt əmək pensiyasının təyin olunması üçün müraciət edə bilərlər. Həmin Qanunun 32.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası, buna hüququ olan şəxsin müraciəti əsasında ömürlük təyin edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 34, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı 57 yaşdan, yəni hüququnun yarandığı 03.09.2020-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar