Məhkəmə qərarları › İş №2-1(112)-5285/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5285/2023

31.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5285/2023 31.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin nümayəndəsi X1 iştirakları ilə, iddiaçının cavabdehə qarşı “müraciətə cavab verilməsi” tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təminatı üzrə Mərkəzi Filialı tərəfindən ona hər ay 66 manat məbləğində köçürülmüş ödəncinin hansı maddi hüquq normasına əsasən təyin edilməsi və ödənilməsi ilə əlaqədar müraciətinin tələblərini əsaslandırıb təqdim edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək tələbinin cavabdehə ünvanladığı 15 noyabr 2022-ci il tarixli müraciətinin tələblərini əsaslandırıb cavab verilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin üzərinə qoyulması kimi qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra İPM-in 45.4, 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaya münasibət bildirilməsi üçün cavabdehə göndərilmişdir. İş üzrə bir sıra qanunamüvafiq prosessual hərəkətlər edildikdən sonra işin hazırlıq icraatı üzrə məhkəmə iclası 31 mart 2023-cü il tarixə təyin edilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı məhkəməyə ərizə təqdim edərək, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X2 iddia ərizəsinin geri qaytarılmasına etiraz etmədiyini bildirdi. Məhkəmə proses iştirakçılarını dinləyib, ərizənin əsaslarını və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalı və iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra- İPM-in) 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin (bundan sonra – MPM) müddəaları tətbiq oluna bilər. MPM-in işin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılmasına dair 170-ci maddəsinə əsasən iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. İPM-də hazırlıq icraatında iddia ərizəsinin qaytarılmasına dair ərizə təqdim edildikdə məhkəmə tərəfindən hansı prosessual hərəkətin edilməli olduğu nəzərdə tutulmadığından məhkəmə hesab edir ki, iddiaçının iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasına dair ərizəsinə MPM-in normalarına uyğun baxılmalıdır. MPM-in 170.3-cü maddəsinə görə bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardadlardan şikayət verilə bilər. Beləliklə, məhkəmənin qənaətinə görə iddiaçının ərizəsi təmin edilməli, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalı və iş üzrə icraata xitam verilməlidir. İddiaçıya izah olunur ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılması onun yenidən eyni iddia ərizəsi ilə məhkəməyə müraciət etməsinə mane olmur. Göstərilənlərə əsasən və İPM-in 55.3, 81.1, 83.1 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “müraciətə cavab verilməsi” tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İş üzrə icraata xitam verilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar