Məhkəmə qərarları › İş №2-1(112)-5288/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5288/2023

21.12.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5288/2023 21.12.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, onun nümayəndəsi və vəkili X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “ikinci qat pul təminatının ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi̇ : İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, həqiqi hərbi xidmətə bərpa edildikdən sonra N nömrəli hərbi hissədə təyin edildiyi əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi vəzifəsi üzrə ona ödənilməyən ikinci qat pul təminatının sonuncu artımlar da nəzərə alınmaqla hesablanaraq ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı sonradan məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsinə dair ərizə təqdim edərək məhkəmə prosesinin getdiyi xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının hesablanaraq ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin müvafiq qərardadı ilə tələb “xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən dövrlərdə iddiaçı İddiaçı “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi” kimi icraata qəbul edilmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, iddiaçı həqiqi hərbi xidmətdən xidməti uyğunsuzluğa görə ehtiyata buraxılması barədə AR Müdafiə nazirinin xx.xx.2016-cı il tarixli, 0384 nömrəli əmrini məhkəmə qaydasında mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-(81)-351/2016 nömrəli qərarı ilə AR Müdafiə nazirinin qeyd olunan əmri ləğv edilərək hərbi xidmətə bərpa edilməsi və dəymiş maddi ziyanın ödənilməsi müəyyən edilmişdir. Həmin qərar üzrə verilmiş icra vərəqəsi əsasında Səbail rayon icra şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə icraata başlanılmış və xx.xx.2020-ci il tarixli icra məmurunun qərarı ilə iş üzrə icraata xitam verilərək bu barədə tərəflərə və məhkəməyə məlumat göndərilmişdir. “Azərbaycan ordusunun hərbi X2 haqqında Əsasnamə”nin (Müdafiə nazirinin xx.xx.2017-ci il tarixli, 22 nömrəli qərarı) 32.1ci maddəsinin tələbinə görə döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikasıının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10.1-ci maddəsinin tələbinə əsasən döyüş şəraitində yerləşən hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara ödənilməli olan pul təminatı ikiqat hesablanır. İddiaçı qeyd edir ki, hərbi xidmətə bərpa edildikdən sonra xidmət etdiyi N saylı hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölgəsində yerləşir və həmin hərbi hissədə pul təminatının yalnız 1 (qatı) ödənilmişdir. İddiaçı həmçinin bildirir ki, həqiqi hərbi xidmətdən qanunsuz tərxis edildiyi və bu barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı olduğuna görə hərbi xidmətdən tərxis edildikdən sonra 1 il 6 ay müddət hərbi xidmət stajına əlavə edilmiş, həmçinin pul təminatının yalnız bir qatı ödənilmişdir. Yuxarıda istinad edilən Əsasnamənin 32-ci maddəsinin 5-ci bəndinin təsir dairəsi ona şamil edilməli deyil, çünki o həmin dövrdə ezamiyyətdə, məzuniyyətdə, müalicədə, təhsildə və həbsdə olmamışdır. İddiaçı hərbi xidmətə bərpa edildikdən sonra ona ödənilməyən ikinci qat pul təminatının ödənilməsi barədə Müdafiə Nazirliyinə ərizə ilə müraciət etmiş, lakin təqdim edilən imtina məktubunda maddi təminatla bağlı müraciətinə uyğun cavab verilməmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2-(81)-351/2016 nömrəli qərarı ilə həqiqi hərbi xidmətə bərpa edildikdən sonra (xidmət etdiyi N nömrəli hərbi hissədə pul təminatının yalnız 1 (bir) qatı ödənilmiş, iddiaçıya dəymiş maddi ziyan (ikinci qat pul təminatı) ödənilməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına dail olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyi iddiaya dair yazılı münasibətini (etirazını) məhkəməyə təqdim etmişdir. Etirazda bildirilmişdir ki, İddiaçı iddia ərizəsində qeyd edir ki, o, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli qərarı ilə xidmətə bərpa olunmuşdur. Xidmətə bərpa olunduqdan sonra, xidmət etdiyi N nömrəli hərbi hissə Naxçıvan Muxtar Respublikası ərazisində döyüş bölqəsində yerləşdiyindən ona ödənilməli olan pul təminatı iki qat hesablanıb ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş edir. Müdafiə Nazirliyi iş materiallarını araşdıraraq hesab edir ki, iddiaçının iddia tələbi əsassız olduğundan, rədd olunmalıdır. Belə ki, “Azərbaycan Ordusunun hərbi X2 haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Azərbaycan Respublikası Müdafiə nazirinin 19 oktyabr 2017-ci il tarixli Qərarının 32.1-ci maddəsinə əsasən "Döyüş şəraitində yerləşən hərbi hissələrdə döyüş əməliyyatlarında iştirak edən, habelə müdafiə zolaqlarında döyüş tapşırıqlarını yerinə yetirən cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçulara xidmət dövrü üçün pul təminatının əmsallarla ödənilməsi “Hərbi qulluqçuların statusu haqqında Azərbaycan Respublikasının Qanunu ilə tənzimlənir. “Hərbi qulluqçuların statusu haqqında" Azərbaycan Respublikasının Qanunun 10.1-ci maddəsinə əsasən döyüş şəraitində döyüş əməlliyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul iki qat hesablanır. N nömrəli hərbi hissə 2015-2016-cı illərdə hərbi hissələrin siyahısına daxil edilmiş və orada xidmət edən hərbi qulluqçular iki qat pul təminatı ilə təmin edilmişlər. İddiaçı məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün bir qat pul təminatı hesablanaraq ödənilmiş, xidmətə başladığı gündən isə xidmət etdiyi hərbi hissənin təminatına uyğun olaraq ona iki qat təminatı ödənilmişdir. İddiaçı iddia ərizəsində xidmətdə olmadığı dövrdə ona iki qat pul təminatının ödənilməsini tələb edir. Yuxarıda qeyd olunan maddənin tələblərindən də görünür ki, müdafiə zolaqlarında döyüş tapşırıqlarının yerinə yetirən, cəbhəboyu zonada müdafiə zolağında yerləşən və döyüş əməliyyatlarının başlanacağı ana döyüş tapşırığı almış hərbi hissələrdə xidmət edən hərbi qulluqçuların pul təminatına əmsallar tətbiq olunur. İddiaçı 2015-ci ildə ehtiyata buraxıldıqdan hərbi xidmətə bərpa olunduğu günədək hərbi xidmətdə əmsalların tətbiq edilməsi mümkün olmamış, hərbi xidmətə bərpa olunduğundan sonra xidmətdə olmadığı aylar üçün pul təminatı bir qat hesablanaraq ona ödənilmişdir. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasında iştirak etməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını və məhkəmə qərarının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid iddia olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Belə ki, İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl hazırkı tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmiş, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Məhkəmə hesab edir ki, iddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə iclasında iştirak edən iddiaçı, onun nümayəndəsi və vəkili iddia ərizəsi və iddianın dəqiqləşdirilməsinə dair ərizədə göstərilənlərə uyğun məzmunda izahat verərək tələbin təmin edilməsini xahiş etdilər. Məhkəmə iddiaçı tərəfin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -xx.xx.2023-cü il tarixli 279 nömrəli müvəqqəti qeydiyyat vəsiqəsindən görünür ki, İddiaçı müvəqqəti ünvan 1 ünvanında qeydiyyatdadır. -Azərbaycan Respublikası 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2016-cı il tarixli 2-1(81)-351/16 saylı qərarından görünür ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddiası qismən təmin edilmiş və iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyi üzrə xx.xx.2015-ci il tarixli, 0384 saylı əmrinin ləğv edilməsi, iddiaçının hərbi xidmətə bərpa olunması, iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissə tərəfindən Bakı şəhəri Səbail rayon icra və probasiya şöbəsinə və iddiaçıya ünvanlanan 02 iyul 2020-ci il tarixli 3108 nömrəli məktubun surətindən görünür ki, İddiaçı xx.xx.2020-ci il tarixli 187948/2019xx-xx/2621 №-li məktubuna aşağıdakı məzmunda cavab verilmişdir: “Bildirilir ki, “Azərbaycan Ordusunun Hərbi X2 Haqqında Əsasnamə”nin "təsdiq edilməsi barədə Qərarın 32-ci maddəsinin 5-ci bəndində qeyd olunduğu kimi, pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 32.6-cı bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırılır. Odur ki, yuxarıda göstərilənlərə əsasən bildirilir ki, icra sənədinin qeyd olunan hissəsi Azərbaycan Ordusunun hərbi X2 haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə qərarın tələblərinə zidd olduğu üçün, tərəfimizdən təmin oluna bilməyəcəkdir”. -Azərbaycan Respublikası Müdafiə Nazirliyinə ünvanlnamış ərizədən görünür ki, iddiaçı hazırkı tələbi üzrə cavabdeh inzibati orqana müraciət etmişdir. -Bakı İnzibati Məhkəməsinin 8-1(112)-44/2021 saylı, xx.xx.2021-ci il tarixli qərardadından görünür ki, İddiaçı Səbail rayon icra və probasiya şöbəsinin 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-351/2016 saylı, xx.xx.2016-cı il tarixli icra sənədi üzrə icraata xitam verilməsi barədə icra məmurunun xx.xx.2020-ci il tarixli qərarının ləğv edilməsi və icra sənədinin icraya yönəldilməsi barədə ərizəsi təmin edilməmişdir. -Azərbaycan Respublikası Müdafiə Nazirliyi N saylı hərbi hissənin N aprel 2023-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin “j” bəndinə (öz arzusu ilə) müvafiq olaraq Müdafiə nazirinin 20 noyabr 2018-ci il tarixli müvafiq əmri ilə həqiqi hərbi xidmətdən ehtiyata buraxılmışdır. Beləliklə, işin faktiki hallarından görünür ki, Azərbaycan Respublikası Müdafiə Nazirinin 16 iyul 2015-ci il tarixli 0384 nömrəli əmri ilə N saylı hərbi hissənin əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi mayor İddiaçı “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 156-cı maddəsinin «e» bəndinə (xidməti uyğunsuzluğa görə) əsasən həqiqi hərbi xidmətdən ehtiyata buraxılmış, iddiaçı həmin əmri mübahisələndirmiş və 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-351/2016 nömrəli xx.xx.2016-cı il tarixli məhkəmə aktına əsasən, iddia qismən təmin edilərək iddiaçının hərbi xidmətdən tərxis olunması haqqında Azərbaycan Respublikası Müdafiə Nazirliyinin xx.xx.2015-ci il tarixli, 0384 saylı əmrinin ləğv edilməsi, iddiaçının hərbi xidmətə bərpa olunması və iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis olunduğu bütün vaxt üçün xx.xx.2015-ci il tarixdən başlayaraq hərbi xidmətə bərpa olunduğu günə kimi olan orta aylıq əmək haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi qərara alınmışdır. Məhkəmənin qanuni qüvvəyə minmiş qərarı icra olunaraq İddiaçı xx.xx.2015-ci il tarixdən bərpa edilmişdir. İddiaçı hazırkı tələbi ilə qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi gündən bərpa edildiyi tarixədək ona ödənilməyən pul təminatının iki qat hesablanmalı olduğunu bildirir. İddiaçı hesab edir ki, xidmətə bərpa olunduqdan sonra xidmət etdiyi N nömrəli hərbi hissə döyüş bölgəsində yerləşdiyi halda cavabdeh tərəfindən ona ödənilməli olan pul təminatı iki qat deyil, bir qat hesablanmışdır. Cavabdeh isə o qənaətdədir ki, iddiaçı məhkəmə qərarına əsasən hərbi xidmətə bərpa olunduğuna görə xidmətdə olmadığı dövr üçün bir qat pul təminatı hesablanaraq ödənilmişdir və iddiaçıya xidmətdə olmadığı dövrdə iki qat pul təminatı ödənilə bilməz. Məhkəmə aşağıda göstərilənlərə əsasən tələbin əsaslı olduğu nəticəsinə gəlmişdir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İV hissəsinə əsasən, hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 10-cu maddəsinin 1-ci bəndinə əsasən Azərbaycan Respublikası hərbi xidmətin xüsusi xarakterini və dövlət qulluğunun başqa növlərindən üstünlüyünü nəzərə alaraq hərbi qulluqçuların hərbi xidmət vəzifələrini icra etməsi üçün maddi və başqa şərait yaradır. Həmin Qanunun 10-cu maddəsinin 2-ci bəndinə əsasən hərbi xidmətin şəraitindən, ixtisasdan, hərbi peşədən, hərbi rütbədən və hərbi xidmətdə olmağın müddətindən asılı olaraq hərbi qulluqçuların dövlət hesabına təminat xərcliyi almaq hüququ vardır. Həm də zabitlərin, gizirlərin və miçmanların və müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçularının vəzifə maaşlarının minimum məbləğləri Azərbaycan Respublikasında dövlət qulluqçularının orta əmək haqqından az ola bilməz. Döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır. Məhkəmə qeyd edir ki, iddia tələbinin qanuni əsasını “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 10-cu maddəsinin 2-ci hissəsi təşkil edir. İstinad olunan normadan göründüyü kimi, döyüş şəraitində döyüş əməliyyatlarında iştirak edən hərbi qulluqçuların həmin dövr üçün ödənilməli olan pul təminatı ikiqat hesablanır Məhkəmə hesab edir ki, cavabdeh inzibati orqan iddiaçının məhkəmə qərarının icrası ilə əlaqədar bərpa edildiyi N nömrəli hərbi hissənin 2015-2016-cı illərdə döyüş şəraitində olan hərbi hissələrin siyahısına daxil edildiyi və orada xidmət edən hərbi qulluqçuların iki qat pul təminatı ilə təmin edilmələrini bildirir və bunu mübahisələndirmir. İddiaçı hazırkı tələbində 2015-2016-cı illər üçün iki qat təminat tələb ödənişlərini tələb edir. İddiaçı N saylı hərbi hissəyə təyin edilməmiş, yuxarıda vurğulandığı kimi, xidmətə bərpa edilmişdir. Ona görə də iddiaçının qanunsuz olaraq hərbi xidmətdən tərxis edildiyi gündən bərpa edildiyi tarixədək xidmət keçməməsi onun iradəsi ilə bağlı olmamışdır. Başqa sözlə, iddiaçının qeyd olunan məbləği almaması cavabdehin təqsirli hərəkətləri nəticəsində baş verdiyindən və bu hal qanuni qüvvəsini almış məhkəmə qərarı ilə də sübuta yetirildiyindən, cavabdehin müvafiq məbləği iddiaçıya ödəməməkdə haqlı olmamışdır. İstinad olunan məhkəmə qərarı ilə xidmətdən ehtiyata buraxılması barədə əmr ləğv edilərək xidmətə bərpa edildiyi, beləliklə də, xidmətdən tərxis olunduğu dövr xidmət illərinə hesablandığı nəzərə alındıqda, iddiaçının həmin hərbi hissənin hərbi qulluqçusu kimi təminatlardan istifadə etmək hüququ yaranmışdı. Belə olan halda, cavabdehin iddiaçının xidmətdə olmaması ilə əlaqədar dəlili əsaslı deyil və imtina iddiaçının qanunla qorunan sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur. Məhkəmə cavabdehin “Azərbaycan Ordusunun hərbi X2 haqqında Əsasnamə”nin təsdiq edilməsi barədə Qərarın 32-ci maddəsinin 5-ci bəndində istinadən, pul təminatının ödənilməsinə əmsallar tətbiq olunan hərbi hissədən gedən hərbi qulluqçulara bu Əsasnamənin 32.6-cı bəndində göstərilən hallar və əmsallar tətbiq olunan hərbi hissələr istisna olmaqla bütün hallarda (məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbs və s.) pul təminatının əmsallarla ödənilməsi getdiyi gündən dayandırıldığı və qeyd olunan səbəbdən iddiaçıya birqat pul təminatının ödənildiyinə dair dəlilinə münasibətdə isə qeyd edir ki, iddiaçının məzuniyyət, ezamiyyət, müalicə təhsil, həbsdə olması ilə bağlı cavabdeh tərəfindən hər hansı dəlil təqdim edilməmiş, əksinə iddiaçının cavabdehin qanunsuz hesab edilmiş əmri əsasında ehtiyata buraxıldığı müəyyən edildiyindən iddiaçı həmin normanın təsirinə düşmür. Odur ki, məhkəmə cavabdehin imtinasını əsassız sayır və hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. İPM-nin 14.3-cü maddəsinə əsasən, inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktik şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Göstərilənlərə əsasən, məhkəmə belə nəticəyə gəlir ki, iddia təmin edilməli, məhkəmə prosesinin getdiyi xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə iddiaçıya ödənilməyən ikinci qat pul təminatının hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. «İnzibati icraat haqqında» Qanunun 11.1-ci maddəsinə görə inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Həmin Qanunun 24.1-ci maddəsinə görə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 17.1-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İPM-in: -52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. -58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. -68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. -73.1-ci maddəsinə əsasən, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2, 33, 52, 45, 68, 69, 73, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldi: İddia təmin edilsin. xx.xx.2015-xx.xx.2017 tarixləri əhatə edən dövrlərdə iddiaçı İddiaçı “əməliyyat bölmə rəisinin döyüş hazırlığı üzrə baş köməkçisi” vəzifəsi üzrə ödənilməyən ikinci qat pul təminatının ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilsin. Qərardan tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar