Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5291/2024 08.04.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin dayandırıldığı tarixdən bərpa edilməsi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia onunla əsaslandırılmışdır ki, Daxili İşlər Nazirliyinin Tibb İdarəsinin göndərişinə əsasən müayinə olunmuş və 10 aprel 2018-ci il tarixdən “Sənədlərdə təsdiqlənmmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası FS lll, tez-tez tutmalarl. İnfarkdan sonraki kardioskleroz. Hipertoniya xəstəliyi İİ mərhələ, ən yüksək risk. Aortanın anevrizması. Ürək çatmamazlığı, ÜÇ İİİ qan dövranı sistemin digər və dəqiqləşdirilmiş pozğunluqlar, QDÇ İİ dərəcə” diaqnozu üzrə ümumi xəstəliklə əlaqədar ona təyin edilmişdir. Lakin, cavabdeh heç bir əsaslı səbəb olmadan 2019-cu ilin iyun ayından onun əlilliyini dayandırmışdır. Bununla bağlı komissiyaya dəvət edilməmiş, müayinə aparılmamışdır. Odur ki, ona təyin edilmiş əlillik bərpa edilməlidir. Cavabdehin etirazı Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya əlilik təyin edilmişdir. Daxili İşlər Nazirliyinin Tibb İdarəsi tərəfindən risk qrupuna daxil olan 378 nəfər barəsində rəsmiləşdirilmiş göndərişlərin əsaslığı araşdırılmış və müəyyən edilmişdir ki, adları qeyd olunan şəxslərin Daxili İşlər Nazirliyinə aidiyyəti yoxdur, onlara Nazirliyin tibb müəssisələri tərəfindən göndərişlər əsassız olaraq rəsmiləşdirilmişdir. Bununla əlaqədar olaraq, 378 nəfərin əlillik müayinələrinin Əlillik altsistemində etibarsız edilməsinə dair tapşırıq verilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, məhkəmə qeyd etməyi zəruri hesab edir ki, iddiaçı tərəfindən 25 iyun 2019-cu il tarixdən ləğv edilən 10 aprel 2018-ci il tarixli əlilliklə bağlı ləğvə dair inzibati akt qəbul edilməmiş, əlillik altsistemdə etibarsız hesab edilmişdir ki, həmin hissədə iddia mübahisələndirmə növündə iddia ilə əlaqədar olmadığından iddia müddətin şamil edilməsi üçün əsas mövcud deyildir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Əlillik altsistemində olan sənədlərdən görünür ki, iddiaçıya “Sənədlərdə təsdiqlənmmiş spazm ilə müşayiət olunan stenokardiya, ÜİX, stabil gərginlik stenokardiyası FS lll, tez-tez tutmalarl. İnfarkdan sonraki kardioskleroz. Hipertoniya xəstəliyi İİ mərhələ, ən yüksək risk. Aortanın anevrizması. Ürək çatmamazlığı, ÜÇ İİİ qan dövranı sistemin digər və dəqiqləşdirilmiş pozğunluqlar, QDÇ İİ dərəcə” diaqnozu ilə 10 aprel 2018-ci il tarixdə ümumi xəstəlik əsasında 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. Əlillik altsisteminə daxil olmuş məlumata əsasən iddiaçıya təyin olunmuş əlillik **********2 nömrəli məktub əsasında 25 iyul 2019-cu il tarixdə ləğv edilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə iş materiallarını nəzərdən keçirərək və aşağıdakıların qeyd edilməsini zəruri sayaraq hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 19.1.İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2.Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 21.1.Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2.Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.3.İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4.Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. 25.1.Qanunla nəzərdə tutulmuş hallar istisna olmaqla, maraqlı şəxslər həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış olmaq və ya icraatla bağlı məlumat almaq hüququna malikdirlər. 64.2.İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”nın 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. 1.2.Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. 2.1.Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.2.Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3.Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4.TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. 3.4.Əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir. 3.5.Əlilliyin qiymətləndirilməsini barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır. 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Xidmət əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Qanunvericiliyin tələbindən də göründüyü kimi əlilliyin qiymətləndirilməsi barədə qərarın düzgünlüyü ilə bağlı hər hansı əsaslı şübhələrin mövcudluğu həmin qərarın birbaşa ləğvinə və ya etibarsızlığına səbəb olmur. Bununla əlaqədar olaraq mövcud şübhəli hallarla bağlı müvafiq araşdırma aparılmalı, şəxs əyani müayinəyə cəlb edilməli, bundan sonra isə qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edilməlidir. İşin faktiki hallarından görünür ki, iddiaçının sağlamlıq vəziyyəti qiymətləndirilmiş ona ikinci dərəcəli əlillik təyin edilmişdir. Daha sonra isə DİN tərəfindən ünvanlanmış məktub əsasında səhiyyə müəssisəsi tərəfindən rəsmiləşdirilmiş göndəriş əsassız hesab edildiyindən əlillik altsistemində onun əlilliyi etibarsız hesab edilmişdir. Məhkəmə tərəfindən aidiyyəti üzrə əlilliyin altsistemdə etibarsız hesab edilməsi ilə əlaqədar qərar və aidiyyəti sənədlərin, eləcə də əlilliyin etibarsız hesab edilməsinə dair bütün inzibati araşdırma materiallarının, o cümlədən iddiaçının həmin araşdırmada iştirakının təmin edilib-edilməməsi, tibbi yoxlamaların aparılıb-aparılmaması, canlı müayinəsinin aparıldığını təsdiq edən sənədlərin təqdim edilməsi təklif edilmişdir. Cavabdeh isə müvafiq sənədlər təqdim edərək əlilliyin məhz hansı səbəblərdən altsistemdə etibarsız hesab edildiyini qeyd etmiş, həmçinin, səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş forma 088 arayışını məhkəməyə təqdim etmişdir. Lakin həmin sənədlərdə əlilliyin dayandırılması ilə əlaqədar cavabdeh tərəfindən tərtib olunmuş inzibati akt müəyyən olunmamışdır. İş materiallarında olan digər sənədlərdən isə müəyyən edilmişdir ki, əlillik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı məktub (bu hal həm cavabdehin məktubunda, həmçinin də əlillik altsisteminə daxil edilmiş məlumatlar ilə təsdiq olunur) əsasında etibarsız hesab edilmişdir. Məhkəmə hesab edir ki, cavabdeh iddiaçıya təyin edilmiş əlilliyi etibarsız hesab edərkən aparılan araşdırma inzibati icraatla bağlı qanunvericiliyin tələblərinə uyğun olmamışdır. Halbuki, “İnzibati icraat haqqında” Qanunun 21,24,25-ci maddələri baxımından inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməli, inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmalı, araşdırmanın aparılması zamanı yalnız maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla kifayətlənməməli, maraqlı şəxsləri həm icraat zamanı, həm də icraatdan sonra inzibati icraat materialları ilə tanış etməlidir. İnzibati akt aparılmış inzibati icraatın nəticəsində qəbul edilə bilər. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.6-cı maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddənin məzmunundan da göründüyü kimi, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar. Lakin, cavabdeh işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmamış, öz təşəbbüsü ilə başladığı inzibati icraatda prosessual pozuntulara yol vermişdir. İlk olaraq qeyd edilməlidir ki, təqdim olunmuş sənədlərlə müəyyən edilir ki, inzibati araşdırmanın aparılması ilə əlaqədar inzibati araşdırma materialının tərtib edilməsi zərurəti müəyyən edilir ki, məhkəmə əlilliyin ləğvinə və ya etibarsızlığına əsas olacaq inzibati araşdırma ilə bağlı müvafiq sənədlərin təqdim edilməsini təklif etmişdir. Lakin, məhkəməyə təqdim edilən sənədlərdən də müəyyən edilir ki, cavabdeh təkcə Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə ünvanladığı məktubu və səhiyyə müəssisəsi tərəfindən tərtib olunmuş forma 088 arayışını təqdim edə bilmişdir. Lakin inzibati materiallarda olan iddiaçının canlı müayinəsinin aparılması ilə əlaqədar tibbi sənədlərin, yoxlamanın üsul və metod və zəruri xüsusiyyətlərini əks etdirən sənədlər, əvvəllər təyin edilmiş əlilliyin ləğv və ya etibarsız hesab edilməsi barədə qərar, həmin qərarın iddiaçıya təqdim edilməsini təsdiq edən sənədlər, həmçinin iddiaçı barəsində ümumiyyətlə əlilliyin ləğv edilməsinə və ya əsassızlığına əsas ola biləcək hansı halların mövcudluğu, şəxsin əlilliyinin ləğv və ya etibarsızlığına səbəb ola biləcək inzibati icraatın başlanılmasına əsas ola biləcək konkret hallar aşkar edilməmişdir. İş materiallarında olan sənədlərdən də görünür ki, əlillik təyinatı məhz “əlillik” altsistemində etibarsız hesab edilmişdir. İş materiallarında isə ümumiyyətlə əlilliyin ləğv edilməsi ilə bağlı qərarın mövcud olmadığı aşkardır. Belə ki, əlillik ləğv edilməmiş, məhz altsistemdə etibarsız hesab edilmişdir. Göründüyü kimi cavabdeh əlilliyin altsistemdə etibarsız hesab edilməsi ilə kifayətlənmiş, bununla bağlı inzibati qərar qəbul etməmişdir. Göründüyü kimi hazırkı iş üzrə əlillik heç bir inzibati akt olmadan etibarsız hesab edilmiş, inzibati icraat inzibati akt tərtib edilmədən başa çatdırılmışdır. Ümumiyyətlə, qeyd edilməlidir ki, qanunvericilikdə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının etibarsız hesab edilməsi yox, ləğvi nəzərdə tutulmuşdur. Belə olan halda, cavabdeh orqan iddiaçının əlilliyinin əsaslarını mötəbər hesab etmədiyi halda belə, həmin qərarın etibarsız hesab edilməsi barədə deyil, ləğvi barədə qərar qəbul edə bilərdi. Lakin hazırkı iş üzrə əlillik altsistemdə məhz etibarsız hesab edilmişdir. Cavabdeh məhkəməyə və iddiaçıya cavablarında əlilliyin etibarsız hesab edilməsi ilə bağlı mövqe nümayiş etdirmişdir ki, məhkəmə hazırkı iş üzrə də əlilliyin ləğvi yox altsistemdə heç bir inzibati akt olmadan etibarsız hesab edildiyi qənaətindədir. Məhkəmə həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Hazırkı işin sadalanan hallarından isə məlumdur ki, cavabdeh inzibati orqan tərəfindən belə bir icraat aparılmamış, iddiaçıya təyin edilmiş əlillik cavabdeh orqan tərəfindən etibarsız sayılsa da, bunun səbəbləri qanunvericiliyin maddələrinə istinad edilməklə əsaslandırılmamışdır. Məhkəmə qeyd olunanları nəzərə alaraq hesab edir ki, cavabdehin əlilliyin etibarsız hesab edilməsi ilə bağlı hərəkətləri qanunvericiliyin tələblərinə uyğun olmamış, müvafiq nəticəyə gəlinərkən, cavabdeh tərəfindən yuxarda göstərilən hüquq normaların tələblərinə əməl olunmamışdır. Məhkəmə, həmçinin onun da qeyd edilməsini zəruri hesab edir ki, hazırda iddiaçıya 10 aprel 2018-ci il tarixdən təyin edilmiş əlilliyin müddət 10 aprel 2023-cü il tarixdə bitsə də, bu hal iddiaçının əlillik altsistemində əlilliyin etibarsız kimi saxlanılması üçün əsas deyil. Çünki, iddiaçıya təyin olunmuş əlilliyin etibarsız hesab edilməsi barədə inzibati inzibati icraat düzgün aparılmamış, iddiaçının etimad göstərdiyi inzibati akt qüvvədə olduğu halda onun əlilliyi dayandırılmışdır ki, bu da öz növbəliyində vətəndaşın sosial təminat hüququnun pozulmasına səbəb olur. Əgər əlillik müddətinin hazırda bitməsi əsası ilə etibarsız hesab edilmiş əlilliyin mötəbər əsaslar olduğu halda bərpası həyata keçirilməzsə, bu hal vətəndaşın Azərbaycan Respublikasının Konstitusiyası ilə qorunan hüquqlarının pozulmasına səbəb olur. İPM-in 68.1-ci maddəsinin tələbinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinin tələbinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-ci , 69-cu , 75-ci və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmil edilsin. İddiaçı 10 aprel 2018-ci il tarixli 2-ci dərəcəli əlilliyinin əlillik altsistemində etibarsız hesab edildiyi 25 iyun 2019-cu il tarixdən bərpa edilməsi öhdəliyi cavabdeh Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov
Məhkəmə qərarları › İş №2-1(112)-5291/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5291/2024
08.04.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver