Məhkəmə qərarları › İş №2-1(112)-5295/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5295/2021

22.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5295/2021 22.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə işə məhkəmə binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarına qaytarılması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə tərəflərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə nazirinin 05.01.2021-ci il tarixli 022 nömrəli əmrindən çıxarışdan görünür ki, maddi-texniki təminat bölüyünün komandiri, kapitan İddiaçı 07.01.2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuş hesab edilməsi əmr edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə ünvanlanmış 16.05.2021-ci il tarixli 16/2850 nömrəli məktubdan görünür ki, kapitan İddiaçı hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 mənzil-istismar bölməsinin baş zabiti vəzifəsində xidmət edir. Məhkəmə iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı hərbi qulluqçudur, hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 mənzil-istismar bölməsinin baş zabiti vəzifəsində xidmət edir və xidməti yaşayış sahəsi Qubadlı rayonudur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Qubadlı rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahididir (17.6-cı bənd). Məhkəmə hesab edir ki, hazırki iddia inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlı olduğundan, iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer isə Qubadlı rayonu olduğundan və Qubadlı rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidi olduğundan hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8, 80, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair inzibati iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar