Məhkəmə qərarları › İş №2-1(112)-5296/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5296/2020

14.10.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5296/2020 14.10.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, iddiaçının vəkili və nümayəndəsi Vəkil, cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı qərarın qanunsuz hesab edilərək ləğv edilməsi və qaçqın statusunun verilməsi barədə iddia tələbi üzrə işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə (bundan sonra mətndə Xidmət) qarşı məhkəmədə iddia qaldıraraq Xidmətin İQ-75/2 saylı xx.xx.2020-ci il tarixli qaçqın statusu verilməsindən imtina edilməsi haqqında qərarının qanunsuz hesab edilməklə ləğv edilməsi, onun xx xxxxxx 2020-ci il tarixli vəsatətini təmin edərək, onaqaçqın statusu verilməsi barədə qərarın qəbul edilməsi vəzifəsinin Xidmətin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, o, İran İslam Respublikası vətəndaşı və etnik olaraq fars, dini mənsubiyyətinə görə xristian protestantdır. xx.xx.1987ci ildə İran İslam Respublikasının Tehran şəhərinin Şimran məntəqəsində anadan olub. 2002-ci ildə orta məktəbi bitirmiş, həmin ildə Şəhid Gofli adına peşə məktəbində memarlıq ixtisasına qəbul olmuş 2004-cü ildə oranı bitirmişdir. 2004-2007-ci illərdə X7 Səma adlı universitetdə memarlıq ixtisası üzrə təsil almışdır. 2011 -2019-cu illərdə əmlak alqı-satqısı ilə məşğul olmuşdur. 2010-cu ildə ailə qurmuş, bu evliliyindən bir oğlu olmuşdur. 2019-cu ildə boşanmış, oğlu onunla qalmışdır. Müsəlman şiə olaraq doğulsa da 2017-ci ildə Araş adlı iranlı vasitəsi ilə xristian dini haqqında məlumat almış, həmin ilin iyul ayında Ermənistan Respublikasına gedərək xaç suyuna salınaraq xristian dinini qəbul etmişdir. Dinini dəyişdikdən sonra mütəmadi olaraq Araşın evində toplaşıb dini mövzuda söhbətlər etmişdirlər. Sonuncu dəfə xx.xx.2019-cu ildə toplaşdıqları məkana təhlükəsizlik orqanlarının basqın edərək Araşı və bir neçə şəxsi naməlum istiqamətdə aparmışdırlar. O isə qaçaraq bir neçə gün Tehrandakı bacısı gilə getmişdir. Bir neçə gün sonra təhlükəsizlik orqanları bacısıgilə zəng edərək onu axtardıqlarını bildirmişdirlər. Bundan sonra İranda yaşamaqdan ehtiyyat etmiş, qalacağı təqdirdə dinini dəyişdiyi üçün edam ediləcəyindən qorxaraq xx.xx.2019-cu ildə İran İslam Respublikasını tərk edərək Azərbaycan Respubliksına gəlmişdir. xx xxxxxx 2020-ci ildə ərizəçi sığınacaq vəsatəti ilə müraciət edib. Dövlət Miqrasiya Xidməti (“DMX”) onun vəsatətini 19-2020 saylı iş nömrəsi ilə qeydiyyata alıb və iddiaçıyla müsahibə aparıb. İddiaçı bildirib ki, dinini dəyişdiyi üçün dövlət orqanları tərəfindən təqib olunur və edam ediləcəyindən qorxduğu üçün İrana geri qayıtmaq istəmir. İddiaçı cavabdehin qərarından inzibati şikayət verib. 136 saylı xx.xx.2020-ci il tarixli qərar inzibati şikayət rədd edilib. Şikayət instansiyası qərarını İddiaçı tərəfindən verilmiş şikayətin əsassız olması ilə (ümumi sözlərlə) əsaslandırıb. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianı qəbul etmədi və izahat verərək bildirdi ki, ərizəçi İran İslam Respublikasının Tehran şəhərinin Şimran məntəqə-sində andan olmuşdur, milliyyətcə fars, dini etiqadına görə xristiandır. 2002-ci ildə 9 illik orta təhsilini bitirmişdir, həmin ildə Şəhid Ğofli adına peşə məktəbi-nin memarlıq ixtisasına qəbul olunmuşdur, 2004-cü ildə bu məktəbi bitirmişdir, sonradan X7 Səma adlı universitetin eyni ixtisasına qəbul olunmuşdur, 2004-2007-ci illərdə həmin universitetdə təhsil almışdır, 2011-2019-cu illərdə isə əmlak alqı-satqısı ilə məşğul olmuşdur. Ərizəçi 2010-cu ildə ailə qurmuş, bu evlilikdən bir oğlunun doğulmuşdur, 2019-cu ilin oktyabr ayında arvadından rəsmi qaydada boşanmış, bir qardaşı, altı bacısı var, valideynləri, qardaş və bacıları hazırda İranda, oğlu isə onunla birlikdə Azərbaycanda yaşayır. Ərizəçi müsəlman (şiə) olaraq doğulmuş, 2017-ci ildə Araş adlı iranlının vasitəsilə xristian dini haqqında məlumat əldə etdiyini, sonradan dinini dəyişərək xristianlığı qəbul etmək qərarına gəldiyini, bu məqsədlə İranı tərk edərək 2017-ci ilin iyul ayında (12-xx.xx.2017) Ermənistan Respublikasına getmiş və orada xaç suyuna salındığını qeyd edilmişdir. O, dinini dəyişdikdən sonra ölkəsində mütəmadi olaraq Araşın evində toplaşmışlar, dini mövzularda söhbət aparmışlar, sonuncu dəfə xx xxxxxxxx 2019-cu ildə onların toplaşdıqları məkana təhlükəsizlik orqanlarının basqın etdiklərini, Araşı və bir neçə şəxsi naməlum istiqamətdə apardıqlarını, özünün isə hadisə yerindən qaçaraq Tehranda yaşayan bacısının evinə getmiş, bir neçə gün sonra bacısının və anasının evinə təhlükəsizlik orqanı tərəfindən zəng edildiyini, onu axtardıqlarını, bundan sonra iranda yaşamaqdan ehtiyat etdiyini, qalacağı təqdirdə dinini dəyişdiyi üçün edam ediləcəyini bildirərək ölkəsini tərk etdiyini və oğlu ilə birlikdə xx xxxxxxxx 2019-cu il tarixdə Azərbaycan Respublikasına gəlmişdir. Ərizə-anketinin qeydiyyatı və müsahibəsi zamanı ərizəçinin verdiyi məlumatların həqiqətə uyğunluğunun təhlili aparılmış və onun söylədiyi məlumatların bir qismi sübuta yetirilmişdir. Belə ki, ərizəçi özünün və ailə üzvünün etibarlı pasportlarını təqdim edərək adlarını, yaşlarını, vətəndaşlıqlarını sübut etmiş və bu doğru olaraq qəbul edilmişdir. Ərizəçinin müsahibə zamanı söylədiyi bəzi məqamlar inandırıcılıq baxımından qəbul edilməmişdir. Belə ki, o, ölkəsini dinini dəyişməsi və qayıdacağı təqdirdə edam ediləcəyi ilə əlaqələndirərək bu səbəbdən Azərbaycan Respublikasında qaçqın statusu almaq istədiyini bildirmişdir. Lakin ərizəçinin söylədiklərindən və pasportuna baxış keçirilən zaman onun 13 09.2019-cu ildə Azərbaycan Respublikasına gəldiyi, xx.xx.2019-cu il tarixdə Azərbaycanı tərk edərək Türkiyə Respublikasına getdiyi, 2 gecə orada qaldıqdan sonra yenidən xx.xx.2019-cu il tarixdə ölkə ərazisinə daxil olduğu və 04.12 2019-cu ildə Livana getmək məqsədilə Azərbaycanı yenidən tərk etdiyi məlum olmuşdur. Ərizəçi ölkəsini hakimiyyət orqanları tərəfindən təhdid ediləcəyindən ehtiyat etdiyi üçün tərk etdiyini bildirsə də, onun Azərbaycan Respublikasında bir müddət yaşadığı və həyatı üçün təhlükə olduğunu düşündüyü halda ölkədə olduğu müddət ərzində qaçqın statusu almaq üçün müraciət etmədiyi məlum olmuşdur. O, Livan hava limanında olarkən Türkiyə Respublikası vətəndaşına məxsus saxta pasport təqdim etdiyi üçün (ərizəçi pasportun Fərşad Cəmşidi (əsl adının Əsgər Cəmşidi olduğunu bildirmişdir) adlı şəxs tərəfindən ona verildiyini söyləmişdir) Türkiyə, daha sonra isə Azərbaycan Respublikasına deportasiya olunduğunu, bundan sonra ölkə ərazisində qeyri-qanuni yaşamaq istəmədiyi üçün qaçqın statusu almaq məqsədilə Dövlət Miqrasiya Xidmətinə müraciət etdiyini,-əslində əsl məqsədinin Avropa ölkələrindən birinə getmək olduğunu bildirmişdir. Bundan başqa, ərizəçinin söylədiklərindən onun 2017-ci ildən etibarən dinini dəyişdiyi məlum olsa da, o qeyd olunanları təsdiq edən hər hansı sənəd təqdim etməmişdir. Bununla yanaşı ərizəçi Ermənistanda xristian dinini qəbul etdiyini bildirsə də, o hansı kilsədə, hansı keşiş tərəfindən xaç suyuna salınması ilə bağlı verilən sualları cavablandıra bilməmişdir ki, bu da inandırıcılıq baxımından qənaətbəxş sayıla bilməz. Dinini dəyişməsi səbəbindən axtarışda olan bir şəxsin asanlıqla İran ərazisini tərk etməsi, habelə təxminən iki ay yarım Azərbaycan Respublikasında yaşamasına baxmayaraq qaçqın statusu almaq üçün müraciət etməməsi də, onun dinini dəyişməsi səbəbindən təqib olunması ilə bağlı dediklərinin həqiqət olmadığını deməyə əsas verir. X1 müsahibə zamanı verdiyi izahatlardan məlum olmuşdur ki, o, vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmamış, siyasi fəaliyyətlə məşğul olmamış, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır İşin materiallarına əsasən müəyyənləşdirilmişdir ki, ərizəçinin nə özü, nə də ailə üzvləri vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmamışlar. Odur ki, iddianın rədd olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin nümayəndələrinin izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia rədd edilməlidir. Hazırki işin faktiki halları iş materiallarına əlavə edilmiş sənədlərdə əks olunan aşağıdakı hallardan ibarət olmuşdur. X2 Mohammadali xx.xx.1987-ci ildə İran İslam Respublikasının Tehran şəhəri, Şimran məntəqəsində doğulmuş və hazırda da həmin ölkənin vətəndaşıdır. X2 Mohammadali xx.xx.2020-ci il tarixdə qaçqın statusunun verilməsi ilə bağlı vəsatətlə Xidmətə müraciət etmişdir. İddiaçının vəsatətinə Xidmət tərəfindən təşkil olunmuş Komissiya tərəfindən baxılmış və xx.xx.2020-cu il tarixli İQ-75/2 №-li qərarla ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İddiaçı bundan sonra adıçəkilən qərarla razılaşmayaraq məhkəməyə iddia ərizəsi ilə müraciət etmişdir. İddiaçı hesab edir ki, Xidmət tərəfindən vəsatətə baxılan zaman onun tərəfindən irəli sürülən bütün hallar nəzərə alınmamış və bununla da qanunla qorunan hüquq və mənafeləri pozulmuşdur. Cavabdeh isə hesab edir ki, iddiaçının irəli sürdüyü fikirlər öz təsdiqini tapmadığından Xidmət tərəfindən ona qaçqın statusunun verilməsindən imtina edilmişdir. İmtinanı verilməsinə əsas kimi aşağıdakılar qeyd olunmuşdur: İddiaçı vətəndaşı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətlərinə, milliyyətlərinə və dini baxışlarına görə təqib olunmadığı, iddiaçı və ailə üzvlərinin vətəndaşı olduqları ölkədə dövlət orqanları tərəfindən təqibə məruz qalmadıqları müəyyən edilmişdir. Cavabdeh tərəfindən təqdim olunmuş vəsatətə baxılması haqqında sənədlərdən (müsahibə, ərizə-anket) görünür ki, iddiaçı ilə aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən ona qaçqın statusu verilməmişdir. Göründüyü kimi, iddiaçı qaçqın statusu alınması üçün əsas gətirdiyi hallar ehtimal üzərində qurulmuş və hər hansı bir mötəbər sübut Xidmətə təqdim olunmamışdır. Qaçqın statusunun verilməsi haqqında məsələlər “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu və “Qaçqın statusunun verilməsi haqqında vəsatətə baxılması Qaydası” haqqında Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli Fərmanı ilə tənzimlənir. Həmin Qanunun 1-ci maddəsinə əsasən qaçqın–Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməlidir. Həmin Qanunun 10-cu maddəsinin ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə əsasən şəxs qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin 419 saylı xx.xx.2000-ci il tarixli Fərmanı ilə təsdiq edilmiş ““Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın preambulasına görə, bu Qayda Azərbaycan Respublikasının Konstitusiyasına, “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikasının Qanununa, X4 Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyasına, 1967-ci il Protokoluna, Azərbaycan Respublikası Prezidentinin 1999-cu il 8 iyul tarixli 148 nömrəli Fərmanına, habelə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına uyğun olaraq hazırlanmışdır və Azərbaycan Respublikasında “Qaçqın” statusunun verilməsi haqqında vəsatətə baxılması qaydasını müəyyən edir. Həmin “Qayda”nın 1-ci bəndinin 3-cü abzasına uyğun olaraq “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində “Qaçqın” statusu verilmə xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxlər də daxil olmaqla ) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən, “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Həmin Məcəllənin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Həmin Məcəllənin 73.1-ci maddəsinin tələbinə görə inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinə əsasən fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. İş materiallarından görünür ki, hazırkı iş üzrə iddiaçı arzuladığı inzibati aktın qəbulunu konkret halda zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut edə bilməmiş, cavabdeh inzibati orqan isə iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmişdir. “Qaçqın və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanunu ilə cavabdehə verilmiş səlahiyyətin dispozisiya şərtlərinə və hüquqi nəticələrinə iş üzrə riayət olunmuş, cavabdehin imtinası qanunauyğun olmuşdur İmtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Göstərilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllə-sinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar