Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5296/2021 02.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ X5 Oruczadənin sədrliyi, Məhkəmə iclas katibi Yasəmən Fərman qızı Cəfərovanın katibliyi, 3-cü şəxs Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma” tələbinə dair inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun şəxsi heyətin sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 47 – 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi üçün iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-5296/2021 saylı, 17.05.2021-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 3-cü şəxs qismində işə cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2004-cü ildən Azərbaycan Respublikası Müdafiə Nazirliyində həqiqi hərbi xidmətə başlamışdır. 2021-ci ilin yanvar ayının 5-də onu və bir neçə hərbi qulluqçunu müvəqqəti olaraq fevral ayının sonunadək kömək məqsədi ilə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyəti sıralarından çıxarılaraq Azərbaycan Respublikası Sərhəd Xidmətinə ezam olunmuşdur. Lakin ezam olunarkən onların heç birinin razılığı tələb olunmamışdır. Qeyd edilənlərə əsasən onun şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmri qanunsuz və əsassız olduğundan ləğv edilməli və şəxsi heyət sıralarına qaytarılması barədə qərar qəbul edilməlidir. 02 iyul 2021-ci il tarixə təyin edilmiş məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş iddiaçı və cavabdehin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə iddiaçı və cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını araşdırarkən müəyyən etmişdir ki, iş ərazi aidiyyəti baxımından Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aiddir. İnzibati iş üzrə 08 iyun 2021-ci il tarixə təyin edilmiş hazırlıq icraatının iclasında iştirak edən İddiaçı verilmiş suallara cavab olaraq bildirmişdir ki, Sərhəd Qoşunlarının “Qubadlı” X1 çevik hərəkət briqadasında xidmət edir, hazırda xidmət etdiyi “N” saylı hərbi hissə Cəbrayıl rayonunda yerləşir. İddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və işin ərazi aidiyyəti üzrə səlahiyyətli məhkəməyə göndərilməsinə etiraz etməmişdir. Hazırki məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin səlahiyyətli nümayəndəsi X4 izahatında bildirdi ki, İddiaçı Sərhəd Qoşunlarının “Qubadlı” X1 çevik hərəkət briqadasında xidmət edir. Xidmət etdiyi hərbi hissə N nömrəli hərbi hissə olmaqla Cəbrayıl şəhərində yerləşir. Bu barədə xidməti məktubu məhkəməyə təqdim etmişdir. Məhkəmə araşdırması zamanı 3-cü şəxsin nümayəndəsi tərəfindən təqdim edilmiş Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti Kadrlar Baş İdarəsinin 10.06.2021-ci il tarixli xidməti məktubunda qeyd edilmişdir ki, gizir İddiaçı Sərhəd Qoşunlarının “Qubadlı” X1 çevik hərəkət briqadası (2028 N-li h\h, Cəbrayıl şəhəri) maddi təminat şöbəsi ərzaq bölməsinin anbar rəisi vəzifəsində xidmət edir. Aşağıda göstərilənlərə əsasən Məhkəmə hesab edir ki, hazırkı iş ərazi aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, hazırkı mübahisə inzibati orqanla (Azərbaycan Respublikasının Müdafiə Nazirliyi) hərbi qulluqçular arasında mövcud olan (və ya əvvəllər mövcud olmuş) xidməti hüquq münasibətləri ilə bağlıdır. İPM-in 8.1.3-cü maddəsinə əsasən, inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Normanın mənasına görə inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir – 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. İş materialları ilə və iddiaçının məhkəmə iclasında verdiyi izahatından müəyyən olunur ki, iddiaçının hal-hazırda xidmət etdiyi Sərhəd Qoşunlarının “Qubadlı” X1 çevik hərəkət briqadası- N nömrəli hərbi hissəsi Cəbrayıl şəhərində yerləşir. Buna görə də, hazırkı iddia tələbinə baxılması İPM-in 8.1.3-cü maddəsində göstərilən (iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə) aidiyyətin təsir dairəsinə düşür. Məhkəmə hesab edir ki, iddia tələbinə ərazi aidiyyəti üzrə baxmağa səlahiyyətli olan məhkəmə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yer üzrə səlahiyyətli məhkəmə olan Şirvan İnzibati Məhkəməsidir. Belə ki, Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 14.11.2019-cu il tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası”na əsasən Cəbrayıl rayonu Şirvan İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidlərinə daxildir. Beləliklə, məhkəmənin gəldiyi nəticəyə görə, hazırkı iş baxılması üçün ərazi aidiyyəti üzrə Şirvan İnzibati Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1, 8.2-ci və 8.5-ci maddələrini rəhbər tutaraq, Məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti 3-cü şəxs qismində cəlb olunmaqla “əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5296/2021 saylı iş aidiyyəti üzrə baxılması üçün Şirvan İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər. Hakim: Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(112)-5296/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5296/2021
02.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver