Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5297/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin əmrinin ləğv edilməsi və Azərbaycan Respublikası Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Azərbaycan Respublikası Müdafiə Nazirliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. Məhkəmə 21.05.2021-ci il tarixli məhkəmə iclasında inzibati işin ərazi aidiyyəti məsələsinə baxılmasını zəruri hesab etmişdir. İddiaçı hazırki inzibati işə Bakı İnzibati Məhkəməsində baxılaraq müvafiq qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq səlahiyyətli nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan iddianın ərazi aidiyyəti məsələsini araşdırmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, inzibati iş ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, İnzibati Prosessual Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Müdafiə Nazirliyinin 05 yanvar 2021-ci il tarixli 021 nömrəli əmrindən görünür ki, Azərbaycan Respublikası Müdafiə nazirinin 28 noyabr 2020-ci il tarixli 0120 nömrəli və Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin 26 noyabr 2020-ci il tarixli 0088 nömrəli birgə əmrinə və “Hərbi Xidmətkeçmə haqqında” Əsasnamənin 84-cü maddəsinə əsasən kapitan İddiaçı, rabitə bölüyünün komandiri 07 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyətinin siyahısından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam olunmuş hesab edilmişdir. Hazırki mübahisə yuxarıda adı çəkilən əmrin ləğv edilməsi və iddiaçının Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması olmaqla inzibati orqanla hərbi qulluqçu arasında mövcud olan xidməti hüquq münasibətləri ilə bağlıdır. İnzibati Prosessual Məcəllənin qeyd olunan 8.1.3-cü maddəsinə görə inzibati orqanla hərbi qulluqçusu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı iddialara baxılmasının ərazi aidiyyəti aşağıdakı qaydada həll edilməlidir: 1) ərazi aidiyyəti ilk olaraq iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerlə, 2) belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yeri ilə, 3) bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerlə müəyyənləşdirilir. Məhkəmə hesab edir ki, hazırki iş üzrə ərazi aidiyyəti məsələsi iddiaçının xidmət yeri üzrə yaşayış yeri ilə müəyyən edilməlidir. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 12-ci maddəsinin 1-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçunun (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) xidmət yerinə kəlməsindən ən geci 3 ay keçənədək ona və onunla birlikdə yaşayan ailə üzvlərinə Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş normalara uyğun gələn xidməti mənzil verilir. Xidməti mənzil Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, başqa mərkəzi icra hakimiyyəti orqanlarının və yerli icra hakimiyyəti başçılarının fondlarından ayrılır. Hərbi qulluqçular və onların ailə üzvləri xidməti mənzil alanadək xidmət yeri üzrə (qoşun hissəsinin ünvanı, müvəqqəti yaşayış ünvanı üzrə) qeydiyyata alınır, xidmət yerində onlara müvəqqəti mənzilin əsas kirayəçidən kirayəyə götürülməsi (kirayəsi) üçün Azərbaycan Respublikası Nazirlər Kabinetinin müəyyən etdiyi məbləğdə pul kompensasiyası ödənilir. «Hərbi xidmətkeçmə haqqında» Əsasnamənin 147-ci bəndinə əsasən hərbi qulluqçular (müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularından başqa) və onların ailələri xidmət yerinə gəlməsindən 3 aydan gec olmayaraq xidməti mənzil ilə təmin edilirlər və ondan istifadə haqqını qüvvədə olan qanunvericiliyə uyğun olaraq güzəştlə ödəyirlər. Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. “«Hərbi qulluqçuların statusu haqqında» Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinin birinci hissəsinin və 3-cü maddəsinin, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 333-cü maddəsinin şərh edilməsinə dair” Konstitusiya Məhkəməsinin 26 oktyabr 2001-ci il tarixli Qərarında göstərilmişdir ki, hərbi hissə Silahlı Qüvvələrin bütün növlərində müəyyən olunmuş ştatlı təsərrüfat vahididir. Hərbi hissənin ərazisi dedikdə, hərbi hissənin kazarmalaşdırılmış, düşərgələşdirilmiş və ya səyyarlaşdırılmış yeri başa düşülür. Xidmət yeri dedikdə isə, əgər o, hərbi hissənin ərazisi ilə üst-üstə düşmürsə, hərbi qulluqçu tərəfindən hərbi xidmət üzrə vəzifələrinin faktiki olaraq yerinə yetirildiyi yer başa düşülür. “Hərbi xidmət keçməkdən boyun qaçırma, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə və fərarilik işləri üzrə məhkəmə təcrübəsi haqqında" Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 1 noyabr 2001-ci il tarixli Qərarının 10-cu bəndində göstərilmişdir ki, hərbi hissənin mövqeyi dedikdə kazarmanın, düşərgənin sahəsi və ya hərbi hissənin yürüş vaxtı tutduğu yer nəzərdə tutulur. Xidmət yeri, hissənin mövqeyinin yerləşdiyi sahədə deyilsə, hərbi qulluqçunun müəyyən müddət ərzində hərbi vəzifələrini icra etdiyi, yaxud komandirin əmri və ya icazəsi ilə olduğu yer başa düşülür (məsələn, hissənin mövqeyindən kənarda təsərrüfat işlərinin görüldüyü yer, təlim dərslərinin keçirildiyi yer və s.). Sadalanan normalardan görünür ki, hərbi qulluqçunun yaşayış yeri xidmət yeri ilə müəyyənləşir. Belə ki, hərbi qulluqçu xidmət yerinə gəldikdən sonra ya xidməti mənzil ilə təmin olunur, ya xidmət etdiyi hərbi hissənin ərazisində kazarma, düşərgə və ya səyyarlaşdırılmış yerdə yaşamaqla xidməti vəzifələrini icra edir, bu zaman həmin yer həm də onun yaşayış yeri hesab olunur. Və yaxud bunlar heç biri olmadığı təqdirdə hərbi qulluqçu dövlət büdcəsi hesabına ödənilən kirayə xərci hesabına xidməti yerinə yaxın ərazidə müvəqqəti olaraq yaşayış sahəsini kirayə edir. Hər üç halda hərbi qulluqçu bilavasitə xidmət yeri ilə bağlı olur və hər üç halda hərbi qulluqçu xidməti yaşayış yeri üzrə, yəni xidməti mənzil, hərbi hissə və yaxud müvəqqəti yaşayış ünvanı üzrə qeydiyyata alınır. Məhkəmə hesab edir ki, qanunverici İnzibati Prosessual Məcəlləsinin 8.1.3-cü maddəsində 3 növ kateqoriyalı şəxsə münasibətdə yəni, hakim, dövlət qulluqçusu və hərbi qulluqçuya münasibətdə ərazi aidiyyətini digərlərindən ayırmağı təsadüfən seçməmişdir. Qeyd olunan 3 növ kateqoriya vəzifələr dövlətin əsas funkisonal vəzifələrinin həyata keçirilməsində, tənzimləmə və idarəetməsində mühüm rol oyanayan vəzifələrdir və həmin vəzifələri icra edənlərin öz xidməti yerindən ayrılmaması, qulluq başında olmalarının təmini vəzifə funksiyalarının vaxtında və lazımınca icrası baxımından prioritet məsələ hesab olunur. Belə ki, “Hərbi qulluqçuların statusu haqqında” Qanunun 4-cü maddəsinin 2-ci bəndində göstərilmişdir ki, hərbi qulluqçular hərbi xidmət vəzifələrini faktik yerinə yetirdikləri bütün hallarda, o cümlədən döyüş, əməliyyatlarında iştirak edərkən, təlimlərdə, döyüş növbəsində (döyüş xidmətində), gündəlik və qarnizon növbələrində, toplanışlarda, ezamiyyətlərdə olarkən, xidmət yerinə gedib-gələrkən və başqa hallarda hərbi xidmət başında sayılırlar. Zərurət olduqda hərbi qulluqçu komandirin (rəisin) əmri ilə və ya öz təşəbbüsü ilə istənilən vaxtda və istənilən yerdə öz vəzifələrinin icrasına başlamalıdır. Həmin Qanunun 23-cü maddəsinə əsasən hərbi xidmətin xarakterindən və şəraitindən, xidmət vəzifələrinin yerinə yetirilməsi xüsusiyyətlərindən asılı olaraq hərbi qulluqçuların Azərbaycan Respublikası vətəndaşları üçün müəyyən edilmiş hüquqları məhdudlaşdırılır: e)hərbi hissələrin yerləşməsi şərtlərinə uyğun olaraq hərbi qulluqçuların yaşayış yeri seçməsi və hərəkət sərbəstliyi məhdudlaşdırılır. Göründüyü kimi hərbi qulluqçunun özünə yaşayış yeri seçməsi və hərəkət sərbəstliyinin məhdudlaşdırılması məhz onun xidmət başından ayrılmaması, dövlətin təhlükəsizliyi baxımından mühüm funksiyanı yerinə yetirən bu qulluqçuların daha çox xidmət etdiyi yerlə bağlı qalmasına xidmət edir. Şərh olunanlara əsasən məhkəmə bu qənaətə gəlir ki, prosessual qanunvericiliyin qeyd olunan 8.1.3-cü maddəsində yaşayış yeri məhz hərbi qulluqçunun xidmət yeri üzrə yaşayış sahəsini ifadə edir. Hərbi qulluqçunun öz xidmət etdiyi yerdən ayrılmadan, xidmət yerinin aid olduğu inzibati ərazi vahidini tərk etmədən həmin inzibati ərazi vahidinin yurisdiksiyasında olduğu müvafiq məhkəməyə müraciət etməsi istər iddiaçının xidməti vəzifəsindən kənarlaşmaması baxımından, istərsə də məhkəməyə əlçatanlılığının təmin edilməsi, prosessual qənaət, vaxt itkisinə yol verilməməsi, məhkəmənin işə çevik və iddiaçının bilavasitə iştirakı ilə baxılması, müvafiq yer üzrə sübutları tələb edərək araşdırmasının təmin edilməsi baxımından səmərəlidir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsinin 16.05.2021-ci il tarixdə məhkəməyə daxil olmuş cavab məktubunda göstərilmişdir ki, İddiaçı 07 yanvar 2021-ci il tarixdə xidmətini davam etdirmək üçün Müdafiə Nazirinin sərəncamından Dövlət Sərhəd Xidməti rəisinin sərəncamına ezam edilmiş və hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 təhsil şöbəsinin zabiti vəzifəsində xidmət edir. Məhkəmə iclasında iştirak edən iddiaçı izahatında hazırda Sərhəd Qoşunlarının tərkibində “Qubadlı” X1 Qubadlı rayonunun Xanlıq kəndində yerləşən hərbi hissəsində xidmət etdiyini bildirdi. “Məhkəmələr və Hakimlər haqqında” Qanunun 43-cü maddəsinə əsasən inzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə “Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir ki, həmin qərara görə Qubadlı rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aiddir. İnzibati Prosessual Məcəllənin 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, hazırkı iddia tələbi üzrə inzibati iş ərazi aidiyyatı üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 8.1.3, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “əmrin ləğv edilməsi və şəxsi heyət sıralarına qaytarılma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin icraatında olan 2-1(112)-5297/2021 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5297/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5297/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver