Məhkəmə qərarları › İş №2-1(112)-5297/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5297/2024

20.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5297/2024 20.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı, cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi X2 iştirakları ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbi üzrə inzibati mübahisəyə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56), şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin imtinasının əsassız hesab edilməsi və ona xx.xx.2022-ci ildən əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1965-ci ildə Quba rayonunda anadan olmuş, xx.xx.1980-xx.xx.1982-ci illərdə 65 nömrəli Bakı Texniki peşə məktəbində təhsil almış, xx.xx.1982-ci ildə 21-ci qurultay adına gəmi təmiri zavodunda tokar peşəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1983-cü ildə hərbi xidmətə çağırılması ilə əlaqədar işdən azad olmuş, xx.xx.1983-xx.xx.1985-ci illərdə Sovet Ordusu sıralarında qulluq etmişdir. xx.xx.1985-ci il tarixindən hərbi xidmətdən qayıtdıqdan sonra əvvəllər işlədiyi müəssisədə gəmi-gövdə təmirçisi kimi işə daxil olmaqla xx.xx.2002-ci ilədək həmin peşədə çalışmışdır. xx.xx.2002-xx.xx.2006-cı illərdə "xxxx" LTD-də gəmi-gövdə təmirçisi kimi işləmişdir. xx.xx.2006-cı ilədək 25 ildən çox ümumi iş stajı var ki, bu müddətin 12 il 6 aydan çoxunu güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən gəmi-gövdə təmirçisi peşəsində işləmişdir. Bu peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş siyahının 11.7-ci metal emalı bölməsində zərərli peşə kimi nəzərdə tutulub. xx.xx.2022-ci ildə 57 yaşı tamam olub. “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən, bu Qanun qüvvəyə minən günədək əvvəlki qanunvericilikdə nəzərdə tutulmuş ümumi və güzəştli iş stajını toplayan şəxslər yaşa və staja görə əvvəlki qanunvericilikdə nəzərdə tutulan şərtlərlə əmək pensiyası hüququna malik olurlar. xx.xx.2006-cı ilədək qüvvədə olmuş qanunvericiliyin 13-cü maddəsinə əsasən 57 yaşına çatmış kişilər azı 25 il ümumi iş stajına və bunun azı 12 il 6 ayını, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilmiş siyahıda nəzərdə tutulmuş işlərdə çalışdıqda əmək pensiyası hüququ qazanırlar. Qeyd edilən zəruri şərtlər daxilində əmək pensiyası hüququ yarandığından sənədlərini pensiya təyin edən müvafiq quruma təqdim etmişdir. DSMF-in Xüsusi Şərtlərlə Təyinat İdarəsinin Mərkəzi Filialı ona əmək pensiyası təyin etməkdən imtina etmiş, səbəb olaraq ümumi iş stajının 25 ildən az 21 il olduğunu göstərmişdir. Əmək kitabçasında qeyd edilmiş xx.xx.2002-xx.xx.2006-cı ilədək olan dövr iş stajına daxil edilməmişdir. Səbəb olaraq məcburi dövlət sosial sığorta haqqının ödənilmədiyini təsdiq etməyib, güman edir. Halbuki, “Əmək pensiyaları haqqında” Qanuna əsasən: əmək pensiyası hüququnun müəyyən edən edən əsas sənəd əmək kitabçasıdır. İş stajı iki hissədən ibarətdir bu zaman xx.xx.2006-ci ilədək olan dövr əmək kitabçası əsasında xx.xx.2006-cı ildən sonrakı dövr məcburi dövlət sosial sığorta haqqı ödənilən dövrlər nəzərə alınır. Eyni zamanda iddiaçı bildirir ki, məcburi dövlət sosial sığorta haqqının ödənilməsinə nəzarəti DSMF həyata keçirirdi. 2002-2006-cı illərdə işlədiyi "xxxx" LTD müəssisəsinin sosial sığorta haqqlarını ödəməməsi heç bir sənədlə təsdiq edilmir. Əgər ödənilməyibsə cavabdeh DSMF "xxxx" LTD barədə hansı tədbiri görmüşdür. Əmək pensiyası hüququ konstitusion hüquqdur. Bunu heç kim məhdudlaşdıra bilməz. Əksinə konstitusion hüququn məhdudlaşdırılmasına dövlət, icra, qanunverici, məhkəmə hakimiyyəti orqanları yol verməməlidir. Qeyd olunanlara əsasən iddiaçı iddianın təmin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi məqsədi ilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi yazılı münasibətində iddiaçının tələbinə etiraz edərək bildirmişdir ki, İddiaçı xx.xx.2006-cı ilə kimi 25 ildən artıq ümumi iş stajına, 12 il 6 aydan artıq güzəştli iş stajına malik olduğunu qeyd etmiş və ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Belə ki, İddiaçı cavabdeh orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli 3-17-1 /2-M-311683/5/2023 nömrəli məktubla ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina edilmişdir. Hesab edilir ki, cavabdehin imtinası qanuni və əsaslı olduğundan iddia tələbi aşağıda məhkəmə tərəfindən təmin edilməməlidir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1 -ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixədək Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Azərbaycan Respublikasının 06 mart 2007-ci il tarixli 260- İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş 2 nömrəli Siyahı üzrə müəyyən edilmiş 25 il ümumi stajı olan və bu stajın ən azı 12 il 6 ayını güzəştli işlərdə çalışan 57 yaşı tamam olmuş kişilərin güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildirilir ki, Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Sözügedən Qanunun 21.1-ci maddəsinə görə şəxsin müvafiq iş, hərbi xidmət və digər fəaliyyət müddətləri sığorta stajına qanunvericiliklə müəyyən edilmiş caydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə daxil edilir. İddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə xx.xx.2002-xx.xx.2006-cı il və xx.xx.2016xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində “M.Tosun" LTD-də işlədiyi qeyd olunmuşdur. Bununla əlaqədar, sözügedən müəssisədəki iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006-xx.xx.2006-cı il və xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqlarının iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığı müəyyən edilmişdir. Bu səbəbdən də iddiaçının xx.xx.2002-xx.xx.2006-ci il tarixləri arasındakı dövr ərzində də işləyibişləməməyinə dair əsaslı şübhələr yarandığından Mərkəzi Filialın aidiyyəti mütəxəssisləri tərəfindən iddiaçının iş stajına dair məlumatların yerində dəqiqləşdirilməsi həyata keçirilib. Dəqiqləşdirmə zamanı həmin müəssisənin arxiv sənədlərinin saxlanılmadığı və işçilərə aylıq əməkhaqqı ödənilməsi barədə məlumatların yalnız “1C” mühasibatlıq proqramında olduğu müəyyən edilmişdir. Qeyd olunan fakt "xxxx" LTD tərəfindən 15 fevral 2023-cü il tarixli birgə Akt ilə təsdiq edilmişdir. Buna görə də, xx.xx.2002-xx.xx.2006-cı il və xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrləri İddiaçı iş stajına daxil etmək mümkün deyil. Qeyd olunan səbəbdən İddiaçı 01 yanvar 2006-cı il tarixədək ümumi iş stajı 25 ildən az (21 il 08 ay 19 gün (xx.xx.1980-xx.xx.1982-ci il, xx.xx.1982-xx.xx.1983-cü il, xx.xx.1983-xx.xx.1985-ci il və xx.xx.1985-xx.xx.2002-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Beləliklə, yuxarıda sadalanan əsaslara görə və qanunvericiliyin tələbləri baxımından İddiaçı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehin üzərinə doyulması” tələbinə dair iddiası təmin edilməməlidir. Qeyd olunanlardan bir daha aydın olduğu kimi iddia tələbi əsassızdır, cavabdeh orqanın müvafiq qərarı qanunauyğun olmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı, iddianı müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun məzmunda izahat verdi və tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk öncə qeyd edir ki, irəli sürülmüş iddia öhdəliyin icrası növünə aid olduğundan inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. İddia tələb olunan mümkünlük şərtlərinə cavab verir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə tərəfindən tədqiq edilmiş: -Аzərbаycаn Rеspublikаsı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sоsiаl Müdаfiə Fоndunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli məktubunun surətindən görünür ki, iddiaçının müraciətinə baxılaraq etirazdakı dəlillərə uyğun məzmunda imtina cavabı verilmişdir. -2 saylı “ASAN Xidmət” mərkəzi tərəfindən verilmiş şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1965-ci il təvəllüdlüdür. Azərbaycan Respublikasının vətəndaşıdır. -Azərbaycan Respublikası Təhsil Nazirliyi Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən verilən 31 yanvar 2022-ci il tarixli, M-57/25 saylı arayışdan görünür ki, İddiaçı xx.xx.1980-ci il tarixində 65 nömrəli Bakı Texniki Peşə Məktəbinin “Tornaçı” ixtisasına qəbul olmuş və xx.xx.1982-ci il tarixində həmin ixtisası əyanı formada bitirmişdir. -НЗ seriyalı № ******* saylı hərbi biletin surətindən görünür ki, İddiaçı xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə qədər hərbi xidmətdə olmuşdur; -21 iyun 1982-ci il tarixdən doldurulmağa başlanmış iddiaçıya məxsus ИТ-İ № ******* saylı əmək kitabçasının təsdiq olunmuş surətindən görünür ki, İddiaçı xx.xx.1980xx.xx.1982-ci illərdə 65 nömrəli Bakı Texniki peşə məktəbində təhsil almışdır. xx.xx.1982-ci il tarixdə 21-ci qurultay adına gəmi təmiri zavodunda tokar peşəsində əmək fəaliyyətinə başlamışdır. xx.xx.1983-cü ildən xx.xx.1985-ci ilə kimi Sovet ordusunda həqiqi hərbi xidmətdə olmuşdur. xx.xx.1985-ci ildən xx.xx.2002-ci il tarixədək “Xəzərdənizneftdonanması” İdarəsinin gəmi təmiri zavodunda gəmi-gövdə təmirçisi, xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" LTD-də gəmi-gövdə təmirçisi kimi işləmişdir. xx.xx.2006-cı il tarixdən xx.xx.2006-cı il tarixədək “X3 Service LTD” MMC-də istehsalat quraşdırıcısı, xx.xx.2011-ci il tarixdən xx.xx.2014-cü il tarixədək Hectel İndustrial Services BV Şirkətinin Azərbaycan Respunblikasındakı filialında quraşdırma işləri üzrə nəzarətçi, xx.xx.2014-cü il tarixdən xx.xx.2016-cı il tarixədək “X4” MMC-də quraşdırma işləri üzrə nəzarətçi, xx.xx.2016-cı il tarixdən xx.xx.2016-cı il tarixədək "xxxx" MMC Şirkətində gəmi gövdəçisi, xx.xx.2016-cı il tarixdən xx.xx.2021-ci il tarixədək "xxxx" Şirkətinin Azərbaycan Nümayəndəliyində tikinti departamentinin neft-qaz-mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsinin qum-dəniz sahəsində usta, həmin sexin Bahar sahəsində dəniz üzrə nəzarətçi işləmişdir. xx.xx.2021-ci il tarixdən “X5 Company Limited” Şirkətinin Azərbaycan Respublikasında Mümayəndəliyi Əməliyyat Departamentinin neft-qaz mədən qurğularının tikintisi və təmiri istehsalat şöbəsində dəniz üzrə nəzarətçi vəzifəsində işləyir. -"xxxx" MMM-nin insan resursları üzrə meneceri Ə.E.İsmayılova tərəfindən imzalanaraq möhürlə təsdiq edilmiş 29 dekabr 2021-ci il tarixli arayışdan görünür ki, İddiaçı 17 iyun 2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək və 07 yanvar 2016-cı ildən 01 iyun 2016-cı il tarixədək "xxxx" LTD MMM-də gəmi gövdəçisi vəzifəsində çalışmışdır. -"xxxx" MMM tərəfindən verilmiş 07 yanvar 2020-ci il tarixli arayışdan görünür ki, İddiaçı 17 iyun 2002-ci il tarixdən xx.xx.2006-cı il tarixinədək və "xxxx" LTD MMM-də gəmi gövdəçisi vəzifəsində çalışmışdır. Arayışda işçinin iyun 2002-ci il tarixdən fevral 2006-cı il tarixədək aldığı əməkhaqqı barədə məlumat cədvəl şəkilndə göstərilmişdir. -Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhər Lokal Gəlirlər Baş İdarəsinin məhkəmənin sorğusuna cavab olaraq verdiyi xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, "xxxx" X1 xx.xx.1996-cı il tarixdə dövlət qeydiyyatına alınmışdır. Məktubda eyni zamanda bildirilmişdir ki, xx.xx.2002-xx.xx.2006-cı il dövrü üzrə tələb olunan sənədlər saxlama müddəti bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. -"xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, A-68 nömrəli şəxsin güzəştlli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair arayışdan görünür ki, İddiaçı güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən gəmi gövdə təmirçisi vəzifəsində “Bibiheybət” GTZ-də xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək arasındakı dövr ərzində işləmişdir. İşlədiyi vəzifə üzrə sosial sığorta (və ya iş) stajı 16 il, 10 ay, 17 gün təşkil edir. İşlədiyi vəzifənin güzəştli pensiya hüququna əsas olan xüsusiyyətləri: Təmir olunan gəmilərdə bölmələrin daxili işləri və gəmi gövdəsi işləri istehsalında metal əyilməsi ilə məşğul olan fəhlələr. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş siyahının 11-ci bəndində, 11.6-cı yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynidir. - Məhkəmənin sorğusuna əsasən "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodu tərəfindən “Bibiheybət” Gəmi Təmiri Zavodunun gövdə-qaynaq bölməsinin Peşə Təlimatı təqdim edilmişdir. Təlimata əsasən gəmi gövdə təmirçisinin işinin xüsusiyyətlərinə aşağıdakılar aiddir: “Dokda xüsusi mürəkkəblikli, böyük ölçülü həcmli seksiyaların, mürəkkəb haşiyəli gəmi ətraflarının sökülməsi, təmiri, yığılması, nişanlanması, yoxlanması, konturlanması, qurulması, çəkilib bağlanması. Gəmi ətraflarmdakı xüsusi mürəkkəblikli konstruktiv əyriliyi olan xarici üz tikişi təbəqələrinin (gəminin arxa hissəsindəki sükan üstü çıxıntının, deydvudun, mortirin və pər vallarının vtkrujkalannın, gəmi ətraflarmdakı gil qutularının, yanalma və pər qurğuları təbəqələrinin) dəyişdirilməsi. Müəyyən edilmiş qüsurların aradan qaldırıilması ilə gövdə konstruksiyalarının 1.0 Mpa-dan (10 kqq/sm-dən) yuxarı təzyiqlə hidravlik sınaqları. Gəmidə xüsusi mürəkkəblikli və mühüm gəmi avadanlığı, mebeli, qurğu və əşyalarının məmulatlarının hazırlanması, yığılması və qurulması. Xüsusi mürəkkəblikli karkasların, qurğuların hazırlanması. Briqadaya rəhbərlik. Bilməlidir: Xüsusi mürəkkəblikli haşiyəli olan həcmli seksiyaların, otaqların və qurğuların xüsusi mürəkkəblikli avadanlığının yığılma, qurulma, birləşdirilmə və ardıcıllığını; mürəkkəb qaynaq konstruksiyalarının konstruktiv və texnoloji deformasiyalarının səbəblərini; mürəkkəb konstruksiyaların qurulmasının düzgünlüyünün yoxlanılması üsullarını; mürəkkəb konstruksiyaların (özüllər, taxta evlər, üst tikililər və i.a.) qurulmasının düzgünlüyünün üsullarını; dokda və suda böyük gəmilərin vəziyyətinin yoxlanma üsullarını; böyük ölçülü tökmə məmulatlarının qurulması və yoxlanmasının texnologiyası və üsullarını; zəruri texnoloji sənədləri; Dövlət Registrinin qaydalarını; mürəkkəb nəzarət-ölçü alətləri və qurğularının xüsusiyyətləri və iş rejimlərini. Beləliklə işin faktiki hallarına əsasən, xx.xx.1965-ci il təvəllüdlü iddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə uyğun olaraq ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciəti təmin edilməmişdir. Hazırda iddiaçı cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə hesab edir ki, iddiaçı tələbində haqlıdır və cavabdehin imtinası qanunauyğun olmamışdır. Məhkəmə gəldiyi nəticəni aşağıdakı qaydada əsaslandırır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinə əsasən hər kəsin sosial təminat hüququ vardır. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir (İİİ hissə). “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. -7-ci maddəsinə əsasən, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. -9.1.-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. -9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. İstinad olunan “Əmək pensiyaları haqqında” Qanun xx.xx.2006-cı il tarixdə qüvvəyə minmiş, həmin tarixə qədər isə “Vətəndaşların pensiya təminatı haqqında” Qanun qüvvədə olmuşdur. “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 13cü maddəsinin “b” bəndinə əsasən əmək şəraiti zərərli və ağır olan işlərdə çalışan işçilər – istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə kişilər 55 yaşa çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdirlər. Sözügedən Qanunun 13-cü maddəsinə 1997-ci il 13 iyun tarixli 321-İQD №-li Qanunla edilmiş dəyişikliyə əsasən 13-cü maddədə nəzərdə tutulmuş yaş həddi 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılması nəzərdə tutulmuşdur. Məhkəmə qeyd edir ki, «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanunvericiliyə əsasən güzəştli şərtlərlə pensiya təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək qazanmış olsunlar. Göründüyü kimi, iddiaçıya “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13cü maddəsinin “b” bəndinə əsasən 57 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün iki element mövcud olmalıdır: 1) xx.xx.2006-cı ilə qədər azı 25 il ümumi iş stajının mövcud olması; 2) xx.xx.2006-cı ilə qədər azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması. Həmçinin məhkəmə əlavə edir ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş «Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı» üzrə, həmin «Siyahı» təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı» və «Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı» (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 12 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Məhkəmə qeyd edir ki, cavabdeh iddiaçının güzəştli şərtlərlə pensiya tələb etmək üçün yaş həddinə çatmasını və güzəştli iş stajını mübahisələndirməmişdir. Bununla belə, iş materiallarından məlum olur ki, xx.xx.1965-ci il təvəllüdlü iddiaçının xx.xx.2022-ci il tarixdə 57 yaşı tamam olmuş və onun güzəştli şərtlərlə yaşa görə pensiya almaq hüququ yaranmışdır. Güzəştli iş stajına gəldikdə isə "xxxx" QSC “Bibiheybət” Gəmi Təmiri Zavodunun arayışları ilə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.2002-ci il tarixədək işlədiyi gəmi gövdə təmirçisi vəzifəsinin AR Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin” Siyahının 11-ci bəndinin 11.6 yarımbəndində nəzərdə tutulmuş (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri”: a) fəhlələr) sahənin və vəzifənin xüsusiyyətləri ilə eyni olduğu bildirilmişdir. İddiaçının əvvəlki qanunveriliciyə müvafiq olaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahişi etdiyi nəzərə alındıqda qeyd edilir ki, həmin vəzifə həmçinin AR Nazirlər Kabinetinin 21 iyun 1993-cü il, 320 saylı qərarı ilə təsdiq edilmiş «Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər - istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin»in 2 №-li Siyahısının XVİ bölməsində (“Qazanxana, gəmi gövdəsi, gəmiqayırma və gəmi təmiri işləri» ) 2150300a kod altında (fəhlələr) göstərilmiş peşələrə uyğun gəlir. Hazırkı iş üzrə yeganə mübahisəli hal iddiaçının ümumi iş stajı ilə bağlıdır. Belə ki, cavabdeh pensiya qurumu iddiaçının əmək kitabçasında qeyd edilmiş xx.xx.2002xx.xx.2006-cı illərdə "xxxx" LTD-də işlədiyi dövrü sığorta stajına daxil etməmiş, nəticədə iddiaçıya pensiya təyin edilməsi üçün ümumi sığorta stajının tələb olunan həddən (25 il) az 21 il, 8 ay, 19 gün olması qənaətinə gəlmişdir. Cavabdeh hesab etmişdir ki, iddiaçının qeyd olunan müəssisədə xx.xx.2002-xx.xx.2006-cı il və xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər ərzində iş stajına dair məlumatların araşdırılması zamanı xx.xx.2006xx.xx.2006-cı il və xx.xx.2016-xx.xx.2016-cı il tarixləri arasındakı dövrlər üzrə ödənilməli olan məcburi dövlət sosial sığorta haqları iddiaçının fərdi hesabının sığorta hissəsində öz əksini tapmadığından, bununla da onun 2002-2006-ci il tarixləri arasındakı dövr ərzində də işləyib-işləməməyinə dair əsaslı şübhələr yaranmışdır və həmin dövrün sığorta stajına hesabalnması mümkün olmamışdır. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin, Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Normaların tələblərindən göründüyü kimi, Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Məhkəmə cavabdehin imtina dəlili ilə bağlı bildirir ki, iddiaçının əmək kitabçasında onun xx.xx.2002-xx.xx.2006-cı il tarixləri arasındakı dövr ərzində "xxxx" MMC-də işlədiyi əmək fəaliyyəti dövrü ilə bağlı onun əmək kitabçasında müvafiq qeydiyyat aparılmış, aparılan araşdırma ilə müəssisənin mövcudluğu təsdiqlənmişdir. Cavabdeh tərəfindən iddiaçının əmək kitabçasındakı qeydlərin mötəbərliyini şübhə altına ala biləcək hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Adıçəkilən müəssisənin məcburi dövlət sosial sığorta haqları ödəməməsi ilə bağlı qeyd edilənlərə münasibətdə isə nəzərə alınmalıdır ki, «Məcburi dövlət sosial sığorta sahəsində borcların tənzimlənməsi haqqında» Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən sığortaedənlərin müvafiq icra hakimiyyəti orqanının uçot sistemində mövcud olan 2006-cı ilin 1 yanvar tarixinə yaranmış və 2018-ci ilin 1 aprel tarixinədək ödənilməmiş məcburi dövlət sosial sığorta haqları üzrə borcları tam məbləğdə silinmişdir. Bu baxımdan iddiaçının xx.xx.2002-ci il tarixdən xx.xx.2006-cı il tarixədək "xxxx" MMC-də işlədiyi dövr (3 il, 5 ay, 16 gün) onun ümumi iş stajına daxil edilməlidir. Belə olan halda, iddiaçının ümumi iş stajı qanunla tələb edilən 25 ildən artıq olur (21 il 8 ay 19 gün (mübahisələndirilməyən) + 3 il 5 ay 16 gün= 25 il, 2 ay, 5 gün) Oxşar mübahisələr üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi tərəfindən qəbul edilmiş çoxsaylı qərarlarda da qeyd edilmişdir ki, əmək kitabçasında göstərilmiş iş stajının yoxlanılmasının bu və ya digər səbəblərdən mümkün olmaması iddiaçının təqsiri ilə bağlı hallarla əlaqədar olmadığından, bu, onun üçün hüquqlarını məhdudlaşdırıcı nəticələr doğurmamalıdır. Beləliklə, iddiaçı 01 yanvar 2006-cı il tarixə kimi 25 ildən artıq ümumi, 12,6 ildən artıq güzəştli əmək stajına malik olduğundan ona 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanunun 9.8-ci maddəsinə əsasən güzəştli şərtlərlə yaşa görə pensiyası təyin edilməsi üçün əsaslar mövcuddur. Odur ki, cavabdehin imtinası qanuna zidd və iddiaçının sosial təminat hüququnun pozulmasına səbəb olan hal kimi qiymətləndirilməli, iddia əsaslı olduğundan təmin edilməli, İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni 09 aprel 2022-ci tarixdən güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmalıdır. İPM-in 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və İPM-in 2, 33.1, 52, 58, 68-69, 75.4, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia təmin edilsin. İddiaçı hüququnun yarandığı 57 yaşdan, yəni 09 aprel 2022-ci tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar