Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-530/2020 04.03.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçının nümayəndəsi X1, Cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair işə məhkəmə hazırlıq icraatı mərhələsində məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" MMC cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, cavabdeh Vergilər Nazirliyi yanında Bakı şəhər Lokal Gəlirlər Departamentinin (vəzifəli şəxslərin) "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi şəxsi hesab vərəqəsində qeyd olunan 27358,99 manat vergi borcunun və ona hesablanmış 11959,25 manat faizlərin silinməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3179/2018 saylı qərardadına əsasən iddianın mümkün sayılmaması qərara alınmışdır. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-431/2019 saylı, 29 yanvar 2019-cu il tarixli qərardadına əsasən iddiaçı "xxxx" MMC-nin apelyasiya şikayəti təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3179/2018 saylı iş üzrə 26 oktyabr 2018-ci il tarixli qərardadı ləğv edilmiş, inzibati iş məhkəməyə göndərilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-1534/2019 saylı, 14 may 2019-cu il tarixli qərarına əsasən cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 29 yanvar 2019-cu il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. 27 sentyabr 2019-cu il tarixdə keçirilən məhkəmə iclasında iddiaçının nümayəndəsi məhkəməyə ərizə təqdim edərək cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Bundan əlavə məhkəməyə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, buraxılmış prosessual müddətin bərpa edilərək, cavabdehin xx.xx.2018-ci il tarixli **********731200 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-3407/2019 saylı, xx.xx.2019-cu il tarixli qərardadına əsasən inzibati iş ərazi aidiyyəti üzrə baxılması üçün 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə göndərilməsi qərara alınmışdır. xx.xx.2020-ci il tarixdə cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi məhkəməyə vəsatət ünvanlayaraq iddia müddətinin tətbiq edilməsini və iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X2 iddia tələbini müdafiə edərək izahatında göstərdi ki, iddiaçı vergi orqanının xx.xx.2018-ci il tarixli **********731200 saylı qərarından məlumatlı olmamışdır. Həmin qərarın mövcudluğundan məhkəmə mübahisəsi zamanı xəbər tutduqda sonra xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdiriməsi və buraxılmış prosessual müddətin bərpa edilməsi ilə bağlı ərizə ilə məhkəməyə müraciət etmişdir. Göstərilənlərə əsasən buraxılmış prosessual müddətin bərpa edilərək, vergi orqanının xx.xx.2018-ci il tarixli **********731200 saylı qərarının ləğv edilməsini xahiş etdi. Məhkəmə iclasında cavabdehin nümayəndəsi X5 iddianın mümkün sayılmamasını məhkəmədən xahiş edərək izahatında göstərdi ki, tərəfin hal-hazırki iddia tələbi mübahisələndirmə haqqında iddiaya aiddir və mübahisələndirilən inzibati akt xx.xx.2018-ci il tarixində vergi ödəyicisinə elektron qaydada göndərilmişdir. İddiaçı tərəfindən mübahisələndirilən inzibati akt xx.xx.2018-ci il tarixində oxunmasına baxmayaraq, xx.xx.2019-cu il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edilməklə iddianın qaldırılması üçün qanunvericiliklə müəyyən edilmiş prosessual müddəti ötürmüşdür. İddiaçı ilə vergi orqanı arasında bağlanmış xx.xx.2013-cü il tarixli elektron sənəd mübadiləsi haqqında müqaviləyə əsasən vergi orqanı tərəfindən vergi ödəyicisinə sənədlərin elektron qaydada göndərilməsi həyata keçirilir. Beləliklə iddiaçı halhazırda mübahisə predmetini təşkil edən, vergi orqanı tərəfindən qəbul edilən **********731200 nömrəli xx.xx.2018-ci il tarixli “Vergilərin hesablanması barədə” qərarı xx.xx.2018-ci il tarixdə oxumuş, lakin həmin qərardan bir ildən çox müddət keçdikdən sonra məhkəməyə müraciət etməklə qərarların mübahisələndirilməsi üçün 30 günlük iddia müddətini ötürmüşdür və bu da öz növbəsində hazırki iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərtlərinin ödənilməməsi ilə nəticələnmişdir. Göstərilənlərə əsasən iddianın mümkün sayılmaması barədə qərardad qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını nəzərdən keçirərək hesab edir ki, aşağıdakı əsaslara görə iddia mümkün sayılmamalıdır. Məhkəmə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. İddiaçı hazırda baxılan mübahisə üzrə iddia müddətini ötürdüyündən, iddia tələbi mümkün sayılmamalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 05 nömrəli, 10 aprel 2015-ci il tarixli, Qərarında qeyd edilmişdir ki, “...Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3-cü bənd); Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4-cü bənd); Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. (2.1-ci bənd); Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini...yoxlamalıdırlar (2.3-cü bənd); İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. (8.6-cı bənd); Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. (9-cu bənd)” Qeyd olunan normaların tələblərinə və müvafiq Plenum qərarındakı hüquqi mövqelərə görə işə baxan məhkəmələr icraatın bütün mərhələlərində iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcud olub-olmadığını yoxlamalıdırlar ki, həmin şərtlərdən biri də iddianın verilməsi müddətinə riayət olunmasıdır. Məhkəmə hesab edir ki, iddiaçı tərəf inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş iddianın verilmə müddətini buraxmışdır. İddia ərizəsinə xx.xx.2019-cu il tarixdə edilən dəqiqləşdirmə barədə ərizədən göründüyü kimi iddiaçının sonuncu tələbi Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhəri Lokal Gəlirlər Departamentinin xx.xx.2018-ci il tarixli **********731200 saylı vergilərin hesablanması barədə qərarının ləğv edilməsindən ibarətdir. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Bakı şəhər Vergilər Departamenti (bundan sonra mətndə Departament) tərəfindən iddiaçı barəsində “Vergilərin hesablanması barədə” **********731200 saylı, xx.xx.2018-ci il tarixli qərar qəbul edilmişdir. İşdə olan “Elektron sənəd mübadiləsi haqqında” xx.xx.2013-cü il tarixli müqavilənin surətindən görünür ki, bu müqavilə hazırki iş üzrə tərəflər arasında bağlanılmışdır. Həmin müqavilənin 2.1-ci bəndindən görünür ki, müqavilənin predmetini həmçinin, vergi orqanı tərəfindən vergi ödəyəcisinə sənədlərin (qərarların) elektron şəkildə göndərilməsi təşkil edir. Cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş “Vergi ödəyiciləri ilə yazışmalar barədə hesabat”dan görünür ki, mübahisələndirilən xx.xx.2018-ci il tarixli qərar elektron şəkildə xx.xx.2018-ci il tarixdə iddiaçıya göndərilmiş və həmin qərar iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfındən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Həmin Məcəllənin 14.1-ci maddəsinə əsasən, mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Beləliklə mübahisələndirmə haqqında iddia onunla xarakterizə olunur ki, hüquqi əhatəsinə müdaxilə edilməklə şəxsi əlverişsiz vəziyyətə salan inzibati aktın ləğv edilməsi və ya dəyişdirilməsi məhkəmədən tələb olunur. Mübahisələndirmə haqqında iddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı, xüsusi mümkünlük şərtlərinə də cavab verməlidir. Bu növ iddia üçün xüsusi mümkünlük şərtlərinə - iddia qaldırmaq səlahiyyətinə (İPM-in 35-ci maddəsi) və iddia qaldırmaq müddətinə (İPMin 38.1-ci maddəsi) əməl olunmalıdır. İddia qaldırmaq səlahiyyəti onu nəzərdə tutur ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbulu nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçının hüququnun həqiqətən pozulub-pozulmaması iddianın mümkünlüyü ilə deyil, əsaslılığı ilə bağlı məsələdir və ikinci mərhələdə (əsaslılıq mərhələsində) yoxlanılmalıdır. Qanunverici orqan mübahisələndirmə haqqında iddianın qaldırılmasını müddətə tabe tutmuş və müddətin başlanğıcını aşağıdakı kimi müəyyən etmişdir:
1. inzibati aktın təqdim (elan) olunduğu vaxtdan 30 gün müddətində;
2. şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsi). Göründüyü kimi, tərəflərin öz hüquq və mənafelərini müdafiə etmək üçün istifadə etmək imkanına malik olduqları əhəmiyyətli prosessual vasitələrdən biri iddia müddətidir. İddia müddətinin mahiyyəti pozulmuş hüquqların bərpası və mülki hüquqların müdafiəsi məqsədi ilə məhkəməyə müraciət etmə müddəti olub, aktiv tərəfin, bu tələb hüququna malik olma imkanının qanuna əsasən zamanla məhdudlaşdırılmasından ibarətdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 373-cü maddəsinin şərh edilməsinə dair” 27 dekabr 2001-ci il tarixli Qərarında qeyd edilmişdir ki; iddia müddətinin əhəmiyyəti aşağıdakılardan ibarətdir: birinci, o, hüquq münasibətləri iştirakçılarını intizamlandırır, onları öz hüquqlarını vaxtında müdafiə etməyə məcbur edir, müqavilə və maliyyə intizamının nizamlanmasına kömək edir; ikinci, iddia müddəti institutu mülki hüquq münasibətlərində qeyri-müəyyənliyin, qeyrisabitliyin aradan qaldırılmasına xidmət göstərir; üçüncü, iddia müddəti tərəflərə üzərindən çox vaxt ötmüş mötəbərliyinin yoxlanılması çətin və ya qeyri-mümkün olan sübutlara istinad etməsini aradan qaldıraraq ədalət mühakiməsi orqanlarına mübahisələri obyektiv əsaslarla həll etmək imkanı yaradır. Hazırki iş üzrə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, iddiaçı sözügedən qərarı almadığını iddia etsə də, cavabdeh tərəfindən məhkəməyə təqdim olunmuş vergi ödəyicilər ilə yazışmalar barədə hesabatdan görünür ki, qərar elektron üsulla xx.xx.2018-ci il tarixdə iddiaçıya göndərilmiş və iddiaçı tərəfindən xx.xx.2018-ci il tarixdə oxunmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati aktın qəbul edilməsi haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə rəsmi məlumat verməyə borcludur. Rəsmi məlumat inzibati aktın maraqlı şəxslərə birbaşa elan edilməsi, təqdim olunması və ya dərc edilməsi yolu ilə verilir. Həmin Qanunun 62.2-ci maddəsinə əsasən, poçt rabitəsi vasitəsi ilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Göründüyü kimi iddiaçı mübahisələndirdiyi xx.xx.2018-ci il tarixli **********731200 saylı qərarı 01 avqust 2018-ci il tarixdə alsa da, 01 ildən artıq müddət keçdikdən sonra xx.xx.2019-cu il tarixdə iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək həmin qərarı mübahisələndirmiş, bununla da həmin qərarı mübahisələndirmək imkanını itirmişdir. İddiaçı sözügedən qərardan məhkəmə mübahisəsi zamanı yeni xəbərinin olduğunu, buna görə də ötürülmüş prosessual müddətin bərpa edilməsini xahiş etsə də, iddiaçı tərəfindən müddətin onun təqsiri olmadan buraxılmasına dair hər hansı sübut məhkəməyə təqdim edilməmişdir. Həmçinin iş materialları ilə sözügedən qərarın elektron üsulla ona göndərildiyi, inzibati aktın elektron üsulla xx.xx.2018-ci il tarixdə ona təqdim edildiyi müəyyən edilmişdir. Göstərilənlərə əsasən məhkəmənin xx.xx.2020-ci il tarixli qərardadına əsasən iddiaçı tərəfindən verilmiş prosessual müddətin bərpası barədə ərizə təmin edilməmişdir. Məhkəmə hesab edir ki, iddiaçı tərəfindən müddətin buraxılmasına səbəb olmuş hallara dair hər hansı sübut məhkəməyə təqdim edilmədiyindən, qəbul edilmiş inzibati aktı şərtləndirən hallar həmin dövr ərzində iddiaçıya məlum olduğundan və onun tərəfindən qanunvericiliklə müəyyən edilən müddətdə məhkəməyə müraciət olunmadığından hazırkı iddia mümkün sayıla bilməz. Beləliklə, hazırkı iddianın qaldırılması üçün müddətə dair mümkünlük şərti ödənilmir və buna görə də hazırkı iddia mümkün sayılmamalıdır. Bütün göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 38, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ: İddiaçı "xxxx" MMC-nin cavabdeh Azərbaycan Respublikası Vergilər Nazirliyi yanında Lokal Gəlirlər Baş İdarəsinə qarşı qərarın ləğv edilməsi tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verilə bilər.
Hakim Fərid Mədətli