Məhkəmə qərarları › İş №2-1(112)-530/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-530/2022

20.04.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-530/2022 20.04.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi, Məhkəmə iclas katibi Cəfərov Murad Şadtat oğlunun katibliyi, Cavabdehin nümayəndəsi X2, 3-cü şəxs X4 iştirakları ilə, İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X9 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 3-cü şəxslər X6 və qeyriləri işə cəlb edilməklə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi barədə iddia tələbinə ünvan 1 ünvanda məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh “Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidməti” X9 1 saylı ünvan 2 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79.2 kv.m ümumi sahəsi olan qeyriyaşayış sahəsinə onun mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi Rayon məhkəməsinin 2(001)-246/2020 saylı sənədinə əsasən, cavabdeh X3 17.678,43 manat məbləğində borc və ümumilikdə 60 manat dövlət rüsumunun alınaraq Bank VTB Azərbaycan ASC-yə ödənilməsi, tutulacaq məbləğin X5 məxsus ünvan 3 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilməsi, qeyri-yaşayış sahəsinin açıq hərracdan satılması və onun satışından əldə olunmuş pul vəsaitinin təmin edilmiş iddia tələbi həcmində iddiaçıya ödənilməsi, ipoteka predmetinin ilkin satış qiymətinin 205.000 manat müəyyən edilməsi, qeyri-yaşayış sahəsinin hərracda satıldıqdan sonra cavabdeh X4 qeyriyaşayış sahəsindən 1 ay ərzində çıxmadığı təqdirdə o, həmin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması qət edilmişdir. Məhkəmə sənədi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş, 01,05.2020-ci il tarixdə icra sənədi verilmişdir (əlavə olunur). xx.xx.2020-ci il tarixdə “X1 Mərkəzi” MMC tərəfindən keçirilmiş hərracda X5 məxsus ünvan 3 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79,2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi (mağaza) 174.250 manata ona (alıcı İddiaçı) satılmış və xx.xx.2020-ci il tarixli YP 030 saylı Satış Protokolu ilə rəsmiləşdirilmiş, sifarişçi Nəsimi Rayon İcra və Probasiya şöbəsinin icra məmuru, hərracın təşkilatçısı “X.İ.H.M." MMC və onun (İddiaçı) tərəfindən imzalanaraq müvafiq möhürlər vurulmuş (satış protokolunun notarial təsdiqli surəti əlavə olunur), qeyriyaşayış sahəsinin satış dəyəri olan 174.338 (yüz yetmiş dörd min üç yüz otuz səkkiz) manat “Kapital Bank”ın Xətai filialında ödənilmişdir (ödənişin təyinatı ünvan 3 ünvanında yerləşən qeyri-yaşayış sahəsi İddiaçı) (əlavə olunur). xx.xx.2020-ci il tarixdə qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınması və çıxarışın alınması üçün cavabdehə müvafiq sənədlərlə müraciət etmişdir (263867 saylı poçt qaiməsinin əsli əlavə olunur). Müraciət etdiyi tarixdən otuz beş gündən artıq müddətin keçməsinə baxmayaraq, cavabdeh faktiki olaraq hərəkətsizlik göstərir və bununla da, ona çıxarış vermək vəzifəsinin icrasından yayınır. Həmçinin, Nəsimi rayon İcra və Probasiyanın əməkdaşı onunla əlaqə saxlayaraq qeyri-yaşayış sahəsindən imtina barədə ərizə yazmağı və ödədiyi pulu geri götürməyini xahiş etmişdir. Səbəb kimi, isə qeyri-yaşayış sahəsinin heç bir qanuni əsas olmadan əvvəlki sahibi olan borclu X5 qaytarılmalı olduğunu göstərmişdir. İcra bununla bağlı hər-hansı sübut təqdim etməmiş və qanuni əsas gətirə bilməmişdir. O, isə imtina ərizəsi yazmaqdan qəti olaraq imtina etmişdir. Qeyri-yaşayış sahəsinin almaq üçün ödədiyi pul halhazırdada Kapital Bankın hesabında qalmaqdadır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2021 saylı, 07 aprel 2021-ci il tarixli qərardadı ilə Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi və "xxxx" Azərbaycan ASC üçüncü şəxs qismində cəlb edilmişlər. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3343/2021 saylı, 22 dekabr 2022-ci il tarixli qərardadı ilə X6 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı münasibət təqdim edilərək bildirilmişdir ki, sərəncamın icrası ilə əlaqədar aparılmış araşdırma nəticəsində məlum olmuşdur ki, müvafiq daşınmaz əmlaka dair iddiaçının 1 saylı Bakı Ərazi İdarəsinə rəsmi müraciəti daxil olmamışdır. Bundan əlavə, Nəsimi rayon İcra və Probasiya Şöbəsinin 1 saylı Bakı Ərazi İdarəsinə ünvanlanmış xx.xx.2020-ci il tarixli, 18278-54637/2020-5-1 saylı məktubu ilə sözügedən daşınmaz əmlakın İddiaçı adına rəsmiləşdirilməsinin dayandırılması xahiş edilmişdir. Əvvəlki məhkəmə iclasında iştirak etmiş 3-cü şəxs "xxxx" Azərbaycan ASC-nin nümayəndəsi iş üzrə qərar qəbul edilməsini məhkəmnin mülahizəsinə buraxdığını bildirmişdir. Tərəflərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada məlumat verilməsinə baxmayaraq, iddiaçı və digər 3-cü şəxslər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbi barəsində isə məlumat verməmişlər. Məhkəmə işə iddiaçının və digər 3-cü şəxslərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak etmiş cavabdehin nümayəndəsini izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Belə ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli icra vərəqəsinin surətindən görünür ki, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020 saylı, xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən cavabdeh X3 13227.67 manat məbləğində əsas borc 4350.76 manat məbləğində faiz borcu, 100 manat cərimə borcu, cəmi 17.678,43 (on yeddi min altı yüz yetmiş səkkiz manat 43 qəpik) manat məbləğindən borc, habelə məhkəməyə müraciət edilməsi üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu və ipotekanın qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumunun əvəzi alınaraq iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, tutulacaq məbəğ cavabdeh X5 məxsus ünvan 3 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79.2 kv. ümumi sahəsi olan qeyri-yaşayış sahəsinə yönəldilmiş, ünvan 3 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti təmin edilmiş iddia tələbi həcmində iddiaçı “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməsi, ipoteka predmetinin ilkin satış qiyməti 205.000 (iki yüz beş min) manat müəyyən edilmiş, “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilməli olan kredit borcu və dövlət rüsumu ödənildikdən sonra ipoteka predmetinin hərracda satışından əldə olunmuş pul vəsaitinin qalan hissəsinin cavabdehə qaytarılması, ünvan 3 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsi hərracda satıldıqdan sonra cavabdeh X6 qeyri-yaşayış sahəsindən 1 ay ərzində çıxmadığı təqdirdə o həmin qeyri-yaşayış sahəsindən məcburi qaydada çıxarılması qərara alınmışdır. Məhkəmə aktı xx.xx.2020-ci il tarixdə qüvvəsini almışdır. İşdə olan “X1 Mərkəzi” MMC tərəfindən verilmiş YP-030 nömrəli, xx.xx.2020-ci il tarixli satış protokolunun surətindən görünür ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 246/2020 nömrəli, xx.xx.2020-ci il tarixli icra vərəqəsi əsasında, sifarişçi Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifairşi ilə X5 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış sahəsi (mağaza) əmlakın hərracda satılmış son qiyməti olan 174.250 (bir yüz yetmiş dörd min iki yüz əlli) manata İddiaçı tərəfindən alınmışdır. İşdə olan məhkəmənin sorğusuna əsasən Bakı şəhəri Nəsimi rayon İcra Şöbəsi tərəfindən təqdim edilmiş Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020-009 nömrəli, xx.xx.2020-ci il tarixli məhkəmə qərarının icrası ilə bağlı başlanılmış 54637/2020-5-1 saylı icra işinin təsdiq olunmuş materiallarının surətindən müəyyən edilmişdir ki, “Bank VTB (ASC)” tərəfindən xx.xx.2020-ci il tarixli məktubla Nəsimi rayon İcra Probasiya Şöbəsinə və Daşınar və Daşınmaz Əmlakların Satışı üzrə Hərrac Mərkəzinin rəhbərliyinə müraciət olunaraq, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-246/2020 sayl, 17 fevral 2020-ci il tarixli məhkəmə qətnaməsinə əsasən, borclu X3 “Bank VTB (Azərbaycan)” ASC-nin onlara qarşı olan borc tələbini tam icra etdiyindən, Binəqədi Rayon Məhkəməsi tərəfindən verilmiş 2(001)-246/2020 saylı, 17 fevra 2020-ci il tarixli məhkəmə qətnaməsi əsasında verilmiş icra sənədi üzrə icraata xitam verilməsi xahiş edilmiş, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı ünvan 5 ünvanında yerləşən tikilinin 1-ci mərtəbəsində 79.2 kv.m ümumi sahəsi olan qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin dayandırılması, “X1 Mərkəzi” MMC-yə isə müraciət edilərək, borc məbləğinin tam şəkildə ödənilməsini, bu səbəbdən də, əmlakın rəsmiləşdirilməsi istiqamətində görülən tədbirlərin dayandırılmasını, alıcı İddiaçı depozit hesabına ödədiyi məbləğin geri götürülməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə bank rekvizitinin təqdim edilməsi barədə məlumat verilməsi xahiş edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra və Probasiya Şöbəsinə xx.xx.2020-ci il tarixli məktubla müraciət edilərək, Bakı şəhəri, Nəsimi rayonu, Süleyman Rüstəm küçəsi, ev 15 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin İddiaçı adına rəsmiləşdirilməsinin dayandırılması barədə daşınamz əmlakın dövlət reyestrində müvafiq qeyd aparılması bildirilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarına əsasən tələbkar “Bank VTB (Azərbaycan” ASC-nin məktubu və borclunun xitam ərizəsi əsasında icra sənədində qeyd olunan tələb tam şəkildə təmin olunduğundan, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020-009 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. İşdə olan “Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020 aylı, xx.xx.2020-ci il tarixli icra sənədi üzrə borclu X6 tərəfindən borc məbləğinin ödənilməsini təsdiq edən ödəniş qəbzinin təsdiq edilmiş surətinin təqdim edilməsi barədə” məhkəmənin sorğusuna əsasən “Bank VTB (Azərbaycan)” ASC tərəfindən xx.xx.2021-ci il tarixli, 5015 nömrəli cavab məktubuna əlavə edilmiş xx.xx.2020-ci il tarixli qəbzin surətindən görünür ki, X6 tərəfindən 17801.15 manat məbləğində pul məbləği “Bank VTB (Azərbaycan)” ASC-yə ödənilmişdir. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd). Qeyd edilən normaların tələbindən çıxış edərək məhkəmə ilk növbədə verilmiş iddianın mümkünlüyünü qiymətləndirir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu Qanuna uyğun olaraq hüquqların dövlət qeydiyyatı haqqında ərizənin və ərizəyə əlavə olunan sənədlərin, o cümlədən dövlət rüsumunun ödənilməsi haqqında sənədin qəbul edilməsi əsasında aparılır. İddiaçı məhkəmədə qaldırdığı iddia ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, bununla bağlı poçt qəbzini iş materiallarına əlavə etmişdir. Göründüyü kimi, iddia mümkünlük şərtlərini ödəyir. İddianın mahiyyətinə gəldikdə isə, iddia mahiyyəti etibarı ilə əsassızdır. Belə ki, «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun 8.0.2-ci maddəsinə görə qanunla müəyyən edilmiş qaydada ixtisaslaşdırılmış təşkilatlar tərəfindən keçirilən açıq hərracın nəticələrinə dair yekun protokol, habelə təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunmasına dair protokol daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur. Həmin Qanunun 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Hazırki işin hallarından müəyyən edilmişdir ki, Binəqədi Rayon Məhkəməsinin 2(001)- 246/2020 saylı, xx.xx.2020-ci il tarixli icra sənədi əsasında Nəsimi rayon İcra və Probasiya Şöbəsinin sifarişinə əsasən X5 məxsus ünvan 4 ünvanında yerləşən qeyri-yaşayış (mağaza) sahəsi 174.250 (bir yüz yetmiş dörd min iki yüz əlli) manata “X1 Mərkəzi” MMC-nin YP-030 nömrəli, xx.xx.2020-ci il tarixli satış protokoluna əsasən satılsa da, xx.xx.2020-ci il tarixdə Binəqədi Rayon Məhkəməsinin sözügedən icra sənədi üzrə borclu X6 tərəfindən ödənilməli olan pul məbləği ödənilmiş, hərracın yekunları üzrə əmlakın alğı-satqı müqaviləsi bağlanmamış, Nəsimi rayon İcra və Probasiya Şöbəsi tərəfindən Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə müraciət olunaraq, əmlakın İddiaçı adına rəsmiləşdirilməsinin dayandırılması və “X1 Mərkəzi” MMC-yə müraciət olunaraq İddiaçı depozit hesabına ödədiyi məbləğin geri götürülməsi üçün Nəsimi rayon İcra və Probasiya Şöbəsinə bank rekvizitlərinin təqdim edilməsi xahiş edilmişdir. Nəsimi rayon İcra və Probasiya Şöbəsinin xx.xx.2020-ci il tarixli “İcraata xitam verilməsi haqqında” qərarı ilə Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-246/2020-009 nömrəli, xx.xx.2020-ci il tarixli icra sənədinə xitam verilmişdir. Göründüyü kimi, İddiaçı mübahisəli daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin dövlət qeydiyyatı üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsində nəzərdə tutulmuş əsaslar müəyyən edilməmişdir. Belə olan təqdirdə məhkəmə hesab edir ki, iddia tələbi əsassız hesab edilməklə təmin edilməməlidir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. Məhkəmə hesab edir ki, hazırki mübahisə üzrə cavabdeh tərəfindən aparılmış inzibati icraat zamanı işin faktiki və hüquqi hallarına düzgün qiymət verilərək, cavabdeh tərəfindən hər hansı bir yanlışlığa və ya qanunsuzluğa yol verilməmişdir. Əsas insan və vətəndaş hüquq və azadlıqları sırasında olan və Konstitusiyada təsbit edilmiş digər hüquqların təminatı kimi çıxış edən hüquq və azadlıqların inzibati və məhkəmə təminatı Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuşdur. Həmin maddənin İ hissəsinə müvafiq olaraq, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Konstitusiya Məhkəməsi Plenumunun formalaşdırdığı hüquqi mövqeyə görə, məhkəmə müdafiəsi hüququ yalnız məhkəməyə müraciətlə məhdudlaşmır, habelə pozulmuş hüquqları və azadlıqları səmərəli bərpa etmək iqtidarında olan ədalət mühakiməsini də nəzərdə tutur. Ədalət mühakiməsi mahiyyət etibarı ilə ədalət anlayışına cavab verməli və pozulmuş hüquqların bərpa olunmasını təmin etməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.7-ci maddəsinə əsasən inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Məhkəmə iş üzrə sübutları məcmu halında qiymətləndirərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 70, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apellyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar