Məhkəmə qərarları › İş №2-1(112)-530/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-530/2023

28.04.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-530/2023 28.04.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Məhkəmə iclas katibi Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (üçüncü şəxs X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq, müəyyən etdi: İ İşin halları: İddiaçı (bundan sonra - İddiaçı) cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə (bundan sonra - cavabdeh) ərizə ilə müraciət edərək, X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılmasını xahiş etmişdir. Cavabdeh ərizəni təmin etməkdən imtina etmiş və iddiaçıya ünvanladığı xx.xx.2021ci il tarixli məktubla bildirmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən, X6 Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanından yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması yə ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi yalnız məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında həyata keçirilir. Buna görə də iddiaçıya məhkəməyə müraciət etməsi tövsiyə olunmuşdur. Bundan sonra İddiaçı X9 üçüncü şəxs qismində göstərməklə cavabdeh Bakı şəhəri Binəqədi rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və X6 mülkiyyət hüququ ilə ona mənsub olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanından qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İİ Tərəflərin əsaslandırması: İddiaçı tələbini bununla əsaslandırmışdır ki, o, Bakı şəhəri, Binəqədi rayonu, Xocasən ərazi dairəsi, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanında yerləşən torpaq sahəsini 19 dekabr 2017-ci il tarixdə alqı-satqı müqaviləsinə əsasən almışdır. O, aldığı torpaq sahəsi və oradakı yaşayış evini Binəqədi Rayon İcra Hakimiyyəti Başçısının Xocasən qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəliyində qeydiyyatdan keçirmişdir, lakin, hələ ki, çıxarış ala bilməmişdir. Həmin torpaq sahəsi və orada tikilmiş yaşayış evi onun xüsusi mülkiyyətindədir. Lakin sonradan, yəni 20 iyul 2019-cu il tarixdə onun 2015-ci ildən rəsmi ayrıldığı keçmiş əri X11 onun evinə qeyri-qanuni, onun razılığı olmadan qeydiyyata düşmüşdür. Binəqədi rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubuna əsasən X11 onun evinə Binəqədi RİH-nin Xocasən qəsəbəsi üzrə ərazi nümayəndəsinin arayışına əsasən qeydiyyata alınmışdır, hansı ki, həmin arayışın qeydiyyat nömrəsi, tarixi, heç bir hüquqi qüvvəsi yoxdur. Belə bir saxta arayış əsasında, onun razılığı olmadan onun evinə qeyri-qanuni yollarla qeydiyyata düşmüş X6 istifadə hüququnun itirilməsi tələbi ilə Binəqədi rayon Polis İdarəsinə müraciət etmiş, lakin Polis İdarəsi imtina edərək, məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. O, X6 onun mülkiyyətində olan evə qeydiyyata alınması ilə bağlı heç bir razılıq verməmişdir, onun mülkiyyətində olan evdə qeydiyyatda qalması formal xarakter daşıyır və etibarsızdır. X6 ona məxsus olan evə qanunsuz olaraq qeydiyyata düşməsi mülkiyyətçi kimi onun hüquqlarını pozur. Əvvəla, o, üçüncü şəxsin əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. İkincisi də keçmiş ərinin onun mənzilində qeydiyyatda qalması onun həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək onun təmin olunması barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdeh ərizə ilə məhkəməyə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, üçüncü şəxs məhkəmə iclasında iştirak etməmiş, məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəflərə təqdim edilmiş məhkəmə bildirişlərində iclasa gəlmədikləri halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmənin mövqeyi: Məhkəmə tərəfin izahatını dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, müvafiq məhkəmə qərarı ilə mübahisəli ünvana köçürülən iddiaçı hazırkı iddianı qaldırmaqda subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia üçüncü şəxsin qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, AZ-İ seriyalı, 251029 nömrəli, xx.xx.2016-cı il tarixli nikahın pozulması haqqında şəhadətnamənin surətinə əsasən X6 X4 ilə olan nikahı ləğv edilmişdir. Bu barədə nikahın ləğv edilməsi haqqında akt qeydləri kitabında 2016-cı ilin sentyabr ayının 08 günündə 418 nömrə ilə qeyd edilmişdir. Kişiyə Nəbiyev, qadına Süleymanova soyadı verilmişdir. Qeyd edilən yer Yasamal rayon qeydiyyat şöbəsi. İşdə olan Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin 2(001)-926/2022 nömrəli, xx.xx.2022-ci il tarixli qətnaməsinə əsasən İddiaçı iddia tələbi təmin edilərək, onun Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, Xocalı küçəsində yerləşən 25 saylı fərdi yaşayış evinə köçürülməsi qət edilmişdir. Bakı şəhəri Binəqədi rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli məktubundan görünür ki, həmin qətnamə 27 may 2022-ci il tarixdə qanuni qüvvəyə minmişdir və iş materiallarına əsasən həmin qətnamədən tərəflər apellyasiya şikayəti verməmişlər. İddiaçı hazırda 25 sayı evin ona məxsus olduğunu və üçüncü şəxsin qanunsuz olaraq 25 saylı evə qeydiyyata alındığını iddia edir. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. Göründüyü kimi, qanunverici şəxsin qeydiyyatdan çıxarılması üçün əsasların siyahısını konkret olaraq müəyyən etmişdir. İddiaçı hazırda Ş.Nəbiyevin 25 saylı evdən qeydiyyatdan çıxarılması barədə iddia ilə məhkəməyə müraciət etsə də, Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı birini məhkəməyə təqdim etməmişdir. İddia ərizəsindən isə görünür ki, iddiaçı tələbinin əsası kimi üçüncü şəxsin qeyriqanuni olaraq onun razılığı olmadan mübahisəli ünvana qeydiyyata alınmasına istinad edir. Məhkəmə iddiaçının bu dəlili ilə razılaşmır və qeyd edir ki, işdə olan Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 2(001)-8913/2017 nömrəli, xx.xx.2017-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçılar X11, X10, X7 cavabdeh İddiaçı qarşı “evə köçürülmə tələbinə dair” iddia ərizəsi təmin edilmiş, iddiaçılar X11, X10, X7 və azyaşlı xx.xx.2007-ci il təvəllüdlü X3 ilə birlikdə cavabdeh Süleymanova (Nəbiyeva) Leyla Telman qızının istifadəsində olan Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsində yerləşən 0,05 ha torpaq sahəsi üzərində inşa edilmiş 1 mərtəbəli, 4 otaqlı evə köçürülməsi qət edilmişdir. Birinci instansiyası məhkəməsi Azərbaycan Respublikası Konstitusiyasının 43-cü maddəsinə, 01 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsinin 53-cü maddəsinə istinad edərək hesab etmişdir ki, mübahisəli ev özbaşına tikili olduğundan, tərəflərin birgə nikahda olduqları olan zaman birgə vəsaitləri hesabına tikildiyindən, iddiaçılar cavabdehlə həmin evdə birgə yaşamaqla birgə təsərrüfat idarə etdiklərindən iddiaçıların da mübahisəli yaşayış sahəsində cavabdehlə bərabər surətdə yaşamaq hüquqları vardır. Bu qətnamədən cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2017-ci l tarixli 2(103)-10799/2017 saylı qətnaməsi ilə təmin edilməmiş, Bakı şəhəri Binəqədi Rayon Məhkəməsinin 07 iyul 2017-ci il tarixli, 2(001)- 8913/2017 nömrəli qətnaməsi cavabdeh İddiaçı münasibətdə mübahisələndirilən hissədə dəyişdirilmədən saxlanılmışdır. Birinci instansiya məhkəməsinin qətnaməsi ilə razılaşan apellyasiya instansiyası məhkəməsi qeyd etmişdir ki, mübahisəli ev daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasa da, faktiki olaraq mövcuddur və cavabdeh tərəfindən yaşayış sahəsi kimi istifadə olunur. Cavabdeh mübahisəli evdə normal şərtlər daxilində yaşadığından, bərabərlik prinsipinə uyğun olaraq iddiaçıların da azyaşlı uşaq ilə birlikdə həmin şərtlər daxilində bu evdə yaşamaq hüququ vardır. Bunun əksi yanaşma, yəni iddiaçının evə köçürülməsindən evin özbaşına tikili olmasına əsaslanmaqla imtina edilməsi hamının qanun qarşısında bərabərliyi prinsipinin pozulmasına, cavabdehlərə münasibətdə faktiki olaraq qanunsuz güzəştlərin və imtiyazların tətbiq edilməsinə və nəhayət, hüquq və vəzifələrlə bağlı qərarlar qəbul edilərkən hər kəsin bərabər hüquqlarının təmin edilməməsinə səbəb ola bilər. Məhkəmə həmçinin qeyd etmişdir ki, özbaşına tikinti və onun nəticələrini tənzimləyən Mülki Məcəllənin 180-ci maddəsində şəxslərin özbaşına tikintidə yaşamalarını və oradan istifadə etmələrini birbaşa qadağan edən norma yoxdur. Cavabdeh İddiaçı kassasiya şikayəti verərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)- 10799/2017 nömrəli qətnaməsinin ləğv edilməsi və işi yenidən baxılması üçün apellyasiya məhkəməsinə göndərilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş, Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki Kollegiyasının xx.xx.2021-ci il tarixli 2(102)-4154/2021 saylı qərarı ilə cavabdehin kassasiya şikayəti təmin edilməyərək, Bakı Apellyasiya Məhkəməsinin Mülki kollegiyasının 31 oktyabr 2017-ci il tarixli, 2(103)-10799/2017 nömrəli qətnaməsi dəyişdirilmədən saxlanılmişdir. Ali Məhkəmə qərarında qeyd etmişdir ki, “İşin faktiki hallarını araşdıran məhkəmələr müəyyən etmişlər ki, mübahisə predmeti olan yaşayış sahəsi özbaşına tikilidir və tərəflərin ailə münasibətləri pozulduğu tarixədək iddiaçılar cavabdehlə birgə həmin yaşayış sahəsində yaşamışlar. Həmin hallar cavabdehin kassasiya şikayətində də etiraf olunur. Həmçinin apellyasiya instansiyası məhkəməsi tərəfindən iddiaçının yaşadığı sahədən məhrum etmənin qanunsuz olması müəyyən olunmuşdur. Belə ki, məhrum etmə o halda qanuni ola bilər ki, məhrum edilmə ilə nəticələnən hərəkətlərə yol verən şəxsin yaşayış sahəsinə hüquqları olsun, məhrum edilən şəxsin isə hər hansı hüququ olmasın. Lakin hazırki iş üzrə cavabdehin mübahisələndirilən evə iddiaçılara münasibətdə hər hansı üstün hüququnun (mülkiyyət, istifadə, icarə və s.) olmasını təsdiq edən sənəd məhkəmələrə təqdim olunmamışdır. Odur ki, apellyasiya instansiyası məhkəməsi iddiaçıların mənzildə yaşamaq hüquqlarını bərpa etməklə, düzgün nəticəyə gəlmişdir.” Binəqədi rayon Polis İdarəsinin xx.xx.2021-ci il tarixli məktubunda göstərilmişdir ki, X11, X10, X7 və X1 rayon Məhkəməsinin 2(001)-8913/2017 saylı “evə köçürülmə” barədə qətnaməsi və Binəqədi RİH-nin Xocasən qəsəbəsi üzrə ərazi nümayəndəsinin arayışına əsasən qeydiyyata alınmışlar. Daxili İşlər Nazirliyinin Yaşayış yeri üzrə qeydiyyat haqqında ******* nömrəli, xx.xx.2021-ci il tarixli arayışına əsasən xx.xx.1976-cı il təvəllüdlü X11 20 iyul 2019-cu il tarixdən Bakı şəhəri, Binəqədi rayonu, Sulutəpə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır. Məhkəmə qeyd edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Müvafiq icra hakimiyyəti orqanı yaşayış yerinin dəyişdirilməsi ilə bağlı müvafiq sənədləri təqdim etmiş vətəndaşı dərhal yaşayış yeri üzrə qeydiyyata almalı və onun şəxsiyyət vəsiqəsinin elektron daşıyıcısında yaşayış yeri haqqında məlumatı dəyişdirməlidir. Qanunvericiliyin tələblərindən göründüyü kimi, şəxsin yaşayış yerinin müəyyən edilməsi üçün üç əsas ola bilər və təqdim edilən sənədlər onlara müvafiq olaraq nəzərdə tutulmuşdurlar: - yaşayış sahəsinə hüquq şəxsin mülkiyyəti kimi yarandıqda - mülkiyyət hüququnu təsdiq edən sənəd; - yaşayış sahəsinə hüquq icarə və ya kirayə müqaviləsi əsasında yarandıqda - icarə və ya kirayə müqaviləsi; - yaşayış sahəsinə hüquq qanunvericiliklə nəzərdə tutulmuş digər əsaslarla yarandıqda - bu hüququn yaranmasına əsas olmuş sənədlər. Lakin eyni zamanda yuxarıda göstərilmiş 5-ci maddədə yaşayış yeri üzrə qeydiyyat üçün təqdim edilən sənəd kimi yaşayış sahəsinə köçmək üçün əsas verən sadalanan sənədlərin digər alternativ variantı kimi “vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi” ifadəsi işlədilmişdir ki, bu ifadə yaşayış sahəsinə köçmək üçün 2-ci maddədə nəzərdə tutulmuş əsasın olmadığı halda, lakin buna hüququ çatan şəxsin ərizəsi əsasında qeydiyyata alınma prosedurunun mümkünlüyünü müəyyən etmişdir. Beləliklə, qeydiyyat iki qaydada aparıla bilər: yaşayış sahəsinə köçmək üçün hüquqi əsas, yəni şəxsin həmin sahə ilə bağlı hansısa hüququ mövcud olduqda və ya bu yaşayış sahəsini verən şəxsin iradə ifadəsi olduqda. İşin yuxarıda istinad edilən hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə üçüncü şəxs Şahin Nəbiyev mübahisəli 25 saylı yaşayış sahəsinə köçürülmüşdür və məhkəmə qərarı “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 5-ci maddəsində göstərilən yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd kimi qəbul edilməklə Ş.Nəbiyev mübahisəli ünvana qeydiyyata alınmışdır. Belə olan halda müəyyən olunur ki, üçüncü şəxs mübahisəli ünvana qanuni əsaslarla qeydiyyata alınmışdır, həmin əsasın aradan qalxması müəyyən edilmir. Bu səbəbdən məhkəmə hesab edir ki, iddiaçının Ş.Nəbiyevin mübahisəli ünvana qanunsuz olaraq qeydiyyata alınması barədə dəlili əsassız olmaqla işin halları ilə öz təsdiqini tapmır. Buna görə də məhkəmə belə qənaətə gəlir ki, cavabdehin imtinası əsaslı olmaqla, iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Həmin Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və İPM-in 2.2-ci, 4.1-ci, 14.3-cü, 23.1-ci, 58.7-ci, 62-ci, 68 – 69-cu, 73.1-ci, 75-ci, 78 – 79-cu, 81-ci və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Qərardan onun rəsmi təqdim edildiyi vaxtdan 30 (otuz) gün müddətində apellyasiya şikayəti verilmədiyi və ya proses iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar