Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5301/2024 25.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayev Emin Ağamusa oğlunun sədrliyi, Cəfərova Yasəmən Fərman qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı (bundan sonra - iddiaçı) Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) qarşı iddia ərizəsi və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək ona 60 yaşından, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçı xx xxxxxx 1963-cü il tarixdə doğulub və 60 yaşı var. O, 1981-ci ildən etibarən əmək fəaliyyətinə başlayıb və davamlı olaraq müxtəlif vəzifələrdə çalışıb. Belə ki, 1981-1989-cu illər ərzində Azərbaycan Memarlıq və İnşaat Universitetində inşaat mühəndisi ixtisası üzrə qiyabi olaraq ali təhsil alıb. 31 oktyabr 1982-ci il tarixdən 19 noyabr 1984-cü il tarixədək müddətli həqiqi hərbi xidmətdə olub. 30 oktyabr 1981-ci il tarixdən 26 may 1998-ci il tarixədək Azərbaycan SSR Sənaye və Tikinti Nazirliyinin Trest 8, İTİ-85-də müxtəlif vəzifələrdə çalışıb. Həmin dövrdə Azərbaycan SSR, Sənaye və Tikinti Nazirliyi Trest 8, İTİ-85-də 30 oktyabr 1981-ci il tarixdən 14 oktyabr 1982-ci il tarixədək və 14 dekabr 1984-cü il tarixdən 07 iyun 1985-ci il tarixədək 2-ci dərəcəli rəngsaz, 07 iyun 1985-ci il tarixdən 04 dekabr 1985-ci il tarixədək 3cü dərəcəli rəngsaz, 04 dekabr 1985-ci il tarixdən 05 sentyabr 1989-cu il tarixədək 4-cü dərəcəli rəngsaz, 05 sentyabr 1989-cu il tarixdən 02 yanvar 1990-cu il tarixədək tikinti ustası, 02 yanvar 1990-cu il tarixdən 25 may 1998-ci il tarixədək iş icraçısı vəzifələrində çalışıb. 1998-2011-ci illərdə "xxxx" ASC-də müxtəlif vəzifələrdə işləyib. 2012-2017-ci illərdə Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsində mühəndis vəzifəsində işləyib. "xxxx" Firmasında 30 oktyabr 2017-ci il tarixdən 27 fevral 2018-ci il tarixədək, "xxxx" MMC-də 18 may 2018-ci il tarixdən 03 yanvar 2019-cu il tarixədək, "xxxx" MMC-də 07 may 2021-ci il tarixdən 04 mart 2022-ci il tarixədək, X5 adlı fiziki şəxsin rəhbərliyi altında 13 aprel 2022-ci il tarixdən 25 iyun 2023-cü il tarixədək iş icraçısı vəzifəsində çalışıb. 13 dekabr 2023-cü il tarixdən hal-hazıradək "xxxx" MTK-da iş icraçısı vəzifəsində işləyir. İddiaçının ümumilikdə 41 il iş stajı vardır və iş stajının 16 il 3 ayı xüsüsilə zərərli və ağır olan işlərə aiddir. Qeyd olunanlar nəzərə alınaraq, cavabdehə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edib. Cavabdehin 07 dekabr 2023-cü il tarixli məktubu ilə iddiaçıya imtina cavabı verilib. İmtina məktubunda qeyd olunmuşdur ki, rəngsaz vəzifəsində işlədiyi dövrün zərərli iş hesab edilməsi üçün işəgötürən tərəfindən müvafiq arayış verilməmiş və rəngsaz vəzifəsində çalışdığı dövrün güzəştli şərtlərlə pensiya hüququnun yaranmasına hüquq verən iş olmasını təsdiq edən sənədlər təqdim edilməmişdir. Nəzərə alınmalıdır ki, həmin dövrdən artıq 40 ilə yaxın zaman keçmiş və sözügedən müəssisənin fəaliyyət göstərməməsi müvafiq arayışın alınmasını mümkünsüz etmişdir. Göründüyü kimi cavabdeh təşkilatın imtinası formal mülahizələrə əsaslanmış və onların heç bir hüququ əsası yoxdur. Cavabdeh tərəfindən məhkəməyə təqdim edilmiş yazılı etirazda göstərilmişdir ki, iddiaçının cavabdehə təqdim etdiyi sənədlərdə onun xx.xx.1985-ci il tarixdən xx.xx.1989cu il tarixədək Sənaye və Tikinti Nazirliyinin 8 nömrəli Trestində İTİ-85-də rəngsaz peşəsində işlədiyi qeyd edilmişdir. Lakin təqdim edilmiş sənədlərdə rəngsaz peşəsində əmək fəaliyyəti ilə məşğul olduğu zaman tətbiq etdiyi maddələr, onların təhlükəlilik sinifi və həmin sinifin hansı sənədlərə əsasən müəyyən edildiyi qeyd olunmamışdır. Bu səbəbdən də həmin dövrü güzəştli iş stajınıza daxil etmək mümkün olmadığından 1 yanvar 2006-cı il tarixədək iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az - 8 il 8 ay 20 gün ( xx.xx.1989-ci il tarixdən xx.xx.1998-ci il tarixədək olan dövr) təşkil etmişdir. İddiaçı tərəfindən təqdim edilmiş xx.xx.1982-ci il tarixli, ИТ-İ ******* nömrəli əmək kitabçasının surətində xx.xx.2017ci il tarixdən xx.xx.2018-ci il tarixədək “Xəzər-1 Firması”nda, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək isə "xxxx" MMC-də iş icraçısı vəzifəsində işlədiyi qeyd edilmişdir. Lakin, həmin dövrlər üzrə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə işləməyinə dair işəgötürənin arayışı təqdim edilmədiyindən qeyd edilmiş dövrləri güzəştli iş stajına daxil etmək mümkün olmamışdır. Beləliklə, iddiaçının güzəştli iş stajının qanunvericiliklə müəyyən edilmiş müddətdən az olduğundan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün olmamışdır. İddiaçı məhkəmə iclasında iddia ərizəsi ilə oxşar məzmunlu izahat verərək, həmçinin bildirdi ki, Sənaye və Tikinti Nazirliyinin 8 nömrəli Tresti hal-hazırda fəaliyyət göstərmir. Həmin Trest vaxtilə Nizami metrostansiyasının yaxınlığında yerləşirdi. Qeyd edilənlərə əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi X3 xx.xx.2024-cü il iddia ərizəsinə yazılı etirazla oxşar məzmunlu izahat iddianın təmin edilməməsini xahiş etmişdir. Lakin, sonuncu məhkəmə iclasında iştirak etməmişdir. İş üzrə məhkəmə tərəfindən aşağıdakı sübutlar tədqiq edilmişdir. İşdən görünür ki, iddiaçı xx.xx.1963 -cü ildə anadan olmuşdur. O, ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdehin xx.xx.2023-cü il tarixli imtina məktubunda etirazda göstərilən əsaslar qeyd edilmişdir. ИТ-İ № 174848 nömrəli, əmək kitabçasının notariat qaydasında təsdiq edilmiş surətinə əsasən iddiaçı xx.xx.1981-ci ildən xx.xx.1982-ci ilədək Azərbaycan SSR Sənaye və Tikinti Nazirliyinin Trest 8, İTİ-85-də iş rəngsaz vəzifəsində işləyib. xx.xx.1982-ci ildən xx.xx.1984-cü ilədək hərbi xidmətdə olub. O, Azərbaycan SSR Sənaye və Tikinti Nazirliyinin Trest 8, İTİ-85-də xx.xx.1985-ci ildən xx.xx.1985-ci ilədək rəngsaz, xx.xx.1989cu ildən xx.xx.1990-cı ilədək tikinti ustası, xx.xx.1990-cı ildən xx.xx.1998-ci ilədək iş icraçısı işləyib. O, X2 Su Cəmiyyəti Su ölçmə cihazlarının istismar təsərrüfatı və su satış müəssisəsində xx.xx.1998-ci ildən xx.xx.2005-ci ilədək müfəttiş vəzifəsində işləyib. O, "xxxx" ASC-də xx.xx.2005-ci ildən xx.xx.2011-ci ilədək aparıcı müfəttiş və aparıcı mühəndis vəzifələrində, xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək mühəndis vəzifələrində işləyib. Həmin ASC-nin Sutikinti müəssisəsində xx.xx.2011-ci ildən xx.xx.2011-ci ilədək usta vəzifəsində işləyib. Həmçinin iddiaçı Azərbaycan Respublikası müdafiə Sənayesi Nazirliyinin Sosial Xidmətlər İdarəsində xx.xx.2012-ci ildən xx.xx.2017-ci ilədək 10-cu dərəcəli mühəndis işləyib. O, xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək “Xəzər-1 Formasında” Təmir-tikinti şöbəsində iş icraçısı, xx.xx.2018-ci ildən xx.xx.2019-cu ilədək "xxxx" MMC-də iş icraçısı, xx.xx.2019-cu ildən xx.xx.2021-ci ilədək “X1” MMC-də sahə rəisi vəzifəsində işləyib. Məhkəmə sorğusu əsasında "xxxx" Firmasının xx.xx.2014-cü il tarixli məktubunda göstərilmişdir ki, iddiaçı həmin firmada xx.xx.2017-ci ildən xx.xx.2018-ci ilədək iş icraçısı işləyib. Arxiv sənədləri saxlanılmadığı üçün həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli Qərarının təsir dairəsinə düşməsi barədə məlumat vermək imkanı yoxdur. Məhkəmə iddiaçının və cavabdehin nümayəndəsinin izahatlarını dinləyib, iş üzrə sübutları tədqiq edərək aşağıdakı nəticəyə gəlir. İddianın mümkünlüyü: İPM-in 35.1-ci maddəsində nəzərdə tutulmuşdur ki, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli Qərarının 2.3-cü bəndində göstərilmişdir ki, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. Göründüyü kimi iddiaçı hazırkı iddia tələbində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş edir. Həmin iddia mahiyyətcə məcburetmə haqqında iddiadır. Cavabdeh iddiaya cavab verməli olan inzibati orqandır. Cavabdehin imtina məktubundan da görünür ki, iddiaçı iddia ərizəsində göstərilən tələblə cavabdehə müraciət etmiş və ona imtina cavabı verilmişdir. Bu səbəbdən iddiaçının hazırkı tələbi mümkün hesab edilmişdir. İddianın mahiyyəti üzrə məhkəmənin mövqeyi: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsində göstərilmişdir ki, 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi şəxsi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Həmin maddənin “Qeyd” hissəsində göstərilir ki, bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021-ci il iyulun 1dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Həmin Qanunda “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci bəndinin xx.xx.2022ci ildən sonra qüvvədə olan redaksiyasında göstərilir ki, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Qanunun qeyd edilən müddəalarından görünür ki, iddiaçının ona pensiya təyin edilməsini tələb etdiyi xx.xx.2023-cü il tarixində qüvvədə olan pensiya qanunvericiliyinə görə kişilər üçün adi pensiya yaşı 65, güzəştli şərtlərlə pensiya yaşı isə 60 yaşdır. Hazırda iddiaçı onun 41 il iş ümumi, 16 il 3 ayı güzəştli şərtlərlə pensiya hüququ verən əmək stajı olmasına əsaslanaraq ona 60 yaşdan, yəni xx.xx.2023-cü ildən güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsini xahiş edir. Bunun üçün onun həmin tarixə kimi 25 il ümumi stajı olmalı və həmin stajın 12 il 06 ayını Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş peşələrdə çalışmalıdır. Cavabdeh isə iddiaçının xx.xx.1985-ci il tarixdən xx.xx.1989-cu il tarixədək Sənaye və Tikinti Nazirliyinin 8 nömrəli Trestində İTİ-85-də işlədiyi rəngsaz peşəsinin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olub-olmaması müəyyən edilmədiyi üçün iddiaçının ümumi güzəştli stajının 8 il 8 ay 20 gün olduğunu bildirmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın 35-ci bəndində (ümumi peşələr) “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələri tətbiq etməklə işlərdə məşğul olan rəngsazlar” peşəsi öz əksini tapmışdır. İdiaçının işlədiyi müəssisə artıq fəaliyyət göstərmədiyi üçün onun həmin müəssisədə işlədiyi “rəngsaz” peşəsində məhz “təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələrin” tətbiq edilib-edilməməsini müəyyən etmək mümkün deyildir. Bu səbəbdən məhkəmə həmin halı iddiaçının xeyrinə şərh edərək onun işlədiyi həmin peşəni güzəştli şərtlərlə pensiya hüququ verən peşələr siyahısına aid olması qənaətinə gəlir. İddiaçı həmin peşədə 04 il 02 ay 14 gün işlədiyi üçün, həmin müddəti cavabdeh tərəfindən güzəştli staj kimi nəzərə alınmış 08 il 08 ay 20 gün stajla topladıqda iddiaçının güzəştli stajı 12 il 11 ay 04 gün təşkil edir ki, bu da ona güzəştli şərtlərlə yaşa görə pensiya təyini üçün kifayət edir. Qeyd edilənlərə əsasən məhkəmə cavabdehin mübahisələndirdiyi digər dövrlər üzrə əlavə araşdırma aparılmasına zərurət görmür. Göründüyü kimi iddiaçı 60 yaşının tamam olduğu xx.xx.2023-cü ildə 25 ildən artıq ümumi, 12 il 06 aydan artıq güzəştli staja malik olmuşdur ki, bu da ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyini üçün əsasdır. Bu səbəbdən iddia təmin edilməlidir. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68-69, 73, 75, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı 60 yaşının tamam olduğu 10 noyabr 2023-cü il tarixindən ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. Qərardan onun rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasına apellyasiya şikayəti verə bilər. Hakim Emin Abdullayev
Məhkəmə qərarları › İş №2-1(112)-5301/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5301/2024
25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver