Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5302/2023 02.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası Baş Prokurorluğuna qarşı “Nəsimi Rayon Polis İdarəsinin və Nəsimi Rayon Prokurorluğunun müstəntiqlərinin hərəkətlərinin qanunsuz hesab edilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək yuxarı prokurorluq orqanı kimi Azərbaycan Respublikası Baş Prokurorluğunun Nəsimi Rayon Polis İdarəsinin və Nəsimi Rayon Prokurorluğunun müstəntiqlərinin qanunsuz hərəkətlərinə münasibət bildirməsi tələbini irəli sürmüşdür.
2. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçının Nəsimi Rayon Polis İdarəsinə və Nəsimi Rayon Prokurorluğuna ünvanladığı müraciətlərinə cavab verilməmişdir.
3. Məhkəmə iclasında iştirak edən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etdi.
II. İddianın mümkünlüyü
4. Cinayət Prosessual Məcəlləsinin 442.2.2-ci maddəsinə əsasən, məhkəmə nəzarətinin həyata keçirilməsi qaydasında məhkəmə cinayət prosesini həyata keçirən orqanın prosessual hərəkətlərinə və ya qərarlarına dair şikayətlərə baxır.
5. İddia tələbində qeyd edilən məsələ cinayət-prosessual qanunvericiliyə uyğun olaraq ibtidai istintaq orqanının (müstəntiqin) hərəkətlərindən şikayətlə bağlıdır, inzibati hüquq münasibətlərindən yaranmır və inzibati məhkəmə icraatının tənzimləmə predmetinə daxil deyildir.
6. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (“İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli qərarı, № 05, 17-ci bənd).
8. Odur ki, iddiaçıya müvafiq şikayətlə bağlı məhkəmə nəzarəti qaydasında səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır.
9. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının İnzibati məhkəmə icraatına üçüncü şəxslərin cəlb edilməsi və onların hüquqi müdafiə vasitələrindən istifadə hüquqlarına dair 17 fevral 2022-ci il tarixli 01/2022 nömrəli qərardadının 53-cü bəndində əsasən İPM-in 28.3 və 28.5-ci maddələrinə əsasən istər cəlbetmə, istərsə də cəlbetmədən imtina haqqında məhkəmə ayrıca akt formasında qərardad çıxarmalıdır. Həmin qərardadlarda işin halları, cəlbetmənin və ya cəlbetmədən imtinanın səbəbləri göstərilməli, xüsusən qəbul edilməsi nəzərdə tutulan məhkəmə qərarının onların qanunla qorunan maraqlarına toxunub-toxunmadığına dair məhkəmənin mövqeyi lazımi qaydada əsaslandırılmalıdır. Bundan başqa, məhkəmənin qərardadında həyata keçirilmiş cəlbetmənin adi, yoxsa zəruri cəlbetmə olduğunu mütləq göstərməlidir. Cəlbetmə barədə, eləcə də cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardad İPM-in 28.3-cü maddəsinə əsasən inzibati prosesin bütün iştirakçılarına lazımi qaydada təqdim olunmalıdır. İPM-in 28.4-cü maddəsinə əsasən inzibati məhkəmə icraatına cəlbetmə barədə qərardaddan şikayət verilə bilməz. Bunun əksinə olaraq, cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməsi haqqında qərardaddan isə şikayət verilə bilər.
10. Məhkəmə hesab edir ki, idda mümkün sayılmadığından iddia ərizəsində qeyd edilən cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilməlidir.
11. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
12. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARAALDİ:
İddia mümkün sayılmasın. Cəlbetməyə dair vəsatətin təmin edilməsindən imtina edilsin. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim Günel Sevdimalıyeva