Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5305/2024 19.12.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyinin səbəbli əlaqəsinin dəyişdirilməsi” tələbinə dair iddiası üzrə inzibati işə 19 dekabr 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı (bundan sonra – iddiaçı) ilkin olaraq xx.xx.2004-cü il tarixdə 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” üçüncü dərəcə əlilik təyin edilmişdir. Diaqnoz: Kəllə beyin travmasından sonrakı vəziyyət. İddiaçıya xx.xx.2014 və xx.xx.2015-ci il tarixdə 1 il müddətinə eyni səbəb və eyni diaqnozla üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2015-ci il tarixdə 1 il müddətinə yenidən Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” ikinci dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınıqdan sonra sınıqdan sonra bərkimiş sümük döyənəkləri. Sol aşağı ətrafın funksiyasının pozulması. İddiaçıya xx.xx.2016-cı il tarixdə 5 il müddətinə yenidən eyni səbəb və eyni diaqnozla ikinci dərəcə əlillik təyin edilmişdir. İddiaçıya xx.xx.2022-ci il tarixdə müddətsiz ümumi xəstəliklə əlaqədar üçüncü dərəcə əlillik təyin edilmişdir. Diaqnoz: Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Travma sonrası yaranmış kobud şəxsiyyət pozuntusu. İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları: İddiaçı Cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən ona təyin edilmiş əlilliyin səbəbli əlaqəsinin dəyişdirilərək, “Hərbi travmadır, Azərbaycan Respublikasının ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar alınmışdır” kimi göstərilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). Tələb onunla əsaslandırılmışdır ki, Əmək və Əhalinin Müdafiəsi Nazirliyi Tibbi-Sosial Ekspert Komissiyasının xx.xx.2023-cü il tarixdə əlillik səbəbinin dəyişdirilməsi barədə müraciətinə baxılaraq imtina edilmişdir. Halbuki Azərbaycan Respublikası Müdafiə Nazirliyi Hərbi Həkim Komissiyasının xx.xx.2022-ci il tarixli qərarına əsasən sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınığından sonra bərkimiş sümük döyənəkləri, sol aşağı ətrafın funksiyasının pozulmaması: qapalı kəllə-beyin travması, baş beynin travmatik ensefalopatiyası, psixopatiya bənzər davranış pozğunluğu müəyyən olunmuşdur. Bu travmanın hərbi travma olduğu, Azərbaycan Respublikasının müdafiəsi zamanı alındığı həmin qərara istinadən göstərilmişdir. Nəticədə ona daha əvvəllər xx.xx.2021-ci il tarixdən ümumi xəstəlik səbəblərindən müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. Cavabdeh iddiaya yazılı etirazını məhkəməyə təqdim edərək iddianın mümkünsüz hesab edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, Bakı şəhər sakini xx.xx.1967-ci il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti 23.01,2022-ci il tarixli göndəriş əsasında DTSERA-da əyani müayinə olunmuş və ona “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin 2.5.25. bəndinə müvafiq olaraq Ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir (ESDAS **********5). Növbəti dəfə əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında xx.xx.2023-cü il tarixli əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olundu ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2022-ci il tarixli 667 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınığından sonra bərkimiş sümük döyənəkləri, sol aşaqı ətrafın funksiyasının pozulmaması ilə. Qapalı kəllə beyin travması” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Vətəndaş xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olmuş, “Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı ətraflarda hərbi qərarda qeyd olunmuş nahiyyələrə uyqun dəri çapıq toxumaları müəyyən olunmuş, lakin hərəki məhdudluq və əzələ atrofiyası izlənilməmişdir. Funksional sınaqları rahat yerinə yetirmişdir” kimi qeyd olunmuş, 2.5.25 bəndinə müvafiq olaraq Ümumi xəstəlik səbəbi ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qəbul edilmişdir.xx.xx.2022-ci il tarixində DTSERA-da əyani müayinədə olduğu zaman Vətəndaş Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2003-cü il tarixli 401 nömrəli Qərar təqdim etmişdir. Həmin qərarda “Sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınığından sonra bərkimiş sümük döyənəkləri, sol aşaqı ətrafın funksiyasının pozulmaması ilə” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Qərarın dəyişdirildiyini aşkarlanmışdır. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında oğlu şəhid olduqdan sonra başında kiminsə danışdığını, fikrini cəmlədiyi zaman səslərin kəsildiyini, səbəbsiz həyəcanlandığını, ailəsi ilə ünsiyyət problemi yaşadığını bildirmiş, hal-hazırda medikamentoz preparatlardan “Aminozin”, “Amitriptilin” qəbul etdiyini, dərman qəbul etməsə başağrılarının artığını qeyd etmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Respublika Psixiatriya Xəstəxanasının xx.xx.2020xx.xx.2020-ci il, xx.xx.2021-xx.xx.2021-ci il və xx.xx.2022-xx.xx.2023-cü il tarixli Çıxarışlarında diaqnoz "Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla kimi qeyd olunmuşdur. Rezonans Klinikasının xx.xx.2022-ci il tarixli MRT müayinəsinin nəticəsi “Kortikal sulkus və qirusların dərinliyi və genişliyi artmışdır (kortiko-subkortikal atrofiya). Hər iki təpə payda subkortikal millimetrik qlioz ocaqlı dəyişikliklər təyin olunur kimi qeyd edilmişdir. ümumi xəstəlik ilə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyinatı barədə qərar qüvvədə saxlanılmışdır. İddiaçı əyani müayinə olunaraq əlillik vəziyyətinə baxıldıqdan sonra verilən qərardan 30 gün müddətində məhkəməyə şikayət vermək hüququ olmasına baxmayaraq, o iddia müddətini ötürməklə məhkəməyə şikayət etmişdir. Tərəflərin iştirakı və izahatları: İddiaçı iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdehin nümayəndəsi iddia tələbinin rədd olunması barədə qərar qəbul edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia mümkün iddiadır. İddiaçı cavabdehin ona əlillik təyin edilməsinə dair qərarda dəyişiklik edilərək əlilliyin səbəb əlaqəsinin dəyişdirilməsini xahiş edir ki, bu iddia mübahisələndirmə haqqında iddiadır (İPM, maddə 2.2.1). Qərar iddiaçının hüquqlarını qismən məhdudlaşdırmaqla, ona xüsusi səbəbdən əlillik təyinatının deyil, ümumi səbəbdən əlillik təyinatının aparılması ilə nəticələnmişdir ki, iddiaçının hazrkı iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur (İPM, maddə 35.1). İddianın növünün mübahisələndirmə haqqında iddia olması, həmçinin Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən icmal məktubunda da qeyd edilmişdir. Belə ki, icmal məktubuna əsasən “əlilliyi müəyyən edilmiş şəxslərin sosial təminat hüquqları məhz əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddətindən asılı olaraq fərqləndirildiyindən, həmin komponentlər mütləq qaydada əlilliyin müəyyən edilməsi barədə inzibati aktda qeyd edilir. Sosial təminat hüquqlarının praktiki reallaşdırılmasına birbaşa təsir etdiyindən, bəzi hallarda əlillliyi müəyyən edilmiş şəxslərin əlilliyin dərəcəsi (şəxsin orqanizminin funksiyalarının pozulması faizi), səbəbi və müddəti ilə razılaşmamaqla onların dəyişdirilməsi barədə müraciətləri məhkəmə mübahisəsinin predmetinə çevrilir. Əlilliyin müəyyən edilməsi barədə qərarın dəyişdirilməsi mübahisələndirmə növündə iddia olmaqla, mübahisələndirmə haqqında digər iddialarda olduğu kimi, məhkəməyə bu məzmunlu iddia ilə müraciət hüququ da müddətlə bağlı məhdudiyyətlərə tabedir (bənd 60-62)” Cavabdeh vəsatət verərək iddiaçının iddia müddətini ötürməsini əsas gətirərək iddianın mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, müddətin ötürülməsi qənaətinə gəlmək üçün ilk növbədə müddətin axımının başlanma anının müəyyən edilməsi vacibdir. Məhkəmə qeyd edir ki, iddiaçı əlillik təyin edilərək əlilliyə görə pensiya ödənişlərini aldığı andan etibarən ona əlilliyin təyin edilməsini, həmçinin pensiyanın məbləğinə uyğun olaraq əlilliyin dərəcəsindən məlumatlı ola bilər. Lakin əlilliyin səbəb əlaqəsinin və təyin edilmiş əlilliyin müddətinin şəxsə məlum olması üçün əlilliyin təyin olunmasına dair qərar rəsmi qaydada, kağız daşıyıcıda iddiaçıya təqdim edilməlidir. Əks halda iddiaçı həmin qərarla tanış olmadan ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin ümumi, yaxud xüsusi səbəbdən olması, eyni zamanda əlilliyin müddətsiz və ya müddətli olması, müddətli olduğu halda hansı müddətə əlillik təyin edilməsi barədə məlumatlı ola bilməz. İş materiallarında iddiaçıya əliliyin təyin edilməsinə dair qərarın hansı tarixdə təqdim edilməsinə dair cavabdeh hər hansı sübut təqdim etmədiyindən məhkəmə iddiaçı tərərəfindən iddia müddətinin ötürülməməsi qənaətinə gəlir. Cavabehin nümayəndəsi məhkəmə iclasında izahatında bildirdi ki, iddiaçıya əlillik təyinatı aparılarkən ona SMS bildiriş göndərilir. Lakin həmçin SMS-in mətni təqdim edilməməklə bərabər, həmin SMS-də əlilliyin səbəb əlaqəsi barədə məlumatın olması barədə cavabdeh məhkəməyə hər hansı sübut təqdim edə bilməmişdir. Məhkəmə bu qənaətə gələrkən həmçinin onu də nəzərə alır ki, iddiaçıya ilk dəfə 2004-cü ildə və sonralar təkrar əlillik təyinatları aparılarkən əlillik “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar təyin edlmişdir. İddiaçı ona sonuncu dəfə təyin edilmiş əlıilliyin səbəb əlaqəsinin dəyişdirilərək ümumi əsaslarla əlilliyin təyin edilməsini ancaq qərarın ona təqdim edilməsindən sonra məlumatlı ola bilərdi. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin hallarına görə, iddiaçıya ilk dəfə xx.xx.2004-cü il tarixdə 1 il müddətinə “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar üçüncü dərəcə əlilik təyin edilmiş, daha sonra xx.xx.2014, xx.xx.2015, xx.xx.2015 və xx.xx.2016-cı il tarixlərdə iddiaçıya eyni səbəblə əlillik təyin edilmişdir. Lakin xx.xx.2022-ci il tarixdə iddiaçıya ümumi xəstəliklə əlaqədar müddətsiz üçüncü dərəcə əlillik təyin edilmişdir. İddiaçının hazırkı iddianı qaldırmaqda hüquqi marağı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsinin dəyişdirilərək “ümumi xəstəlik” kimi deyil, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” əlillik kimi qeyd edilməsinə yönəlmişdir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi qaydası”: Bənd 1.1. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.1-ci maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi ilə bağlı məsələləri tənzimləyir. Bənd 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Xidmətinin (bundan sonra – Xidmət) tibbi-sosial ekspert komissiyaları (bundan sonra – TSEK) tərəfindən həyata keçirilir. Bənd 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında" Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. Bənd 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən “Tibbi sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbisosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra –göndəriş) əsasında aparılır. Bənd 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. Bənd 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 26 dekabr 2017-ci il tarixli, 19-1 nömrəli qərarı ilə təsdiq edilmiş “Ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçulara hərbi xidmətlə əlaqədar əlillik səbəblərinin müəyyən olunması barədə Təlimat”: Bənd 2.2. "Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.2.1. Silahlı Qüvvələrdə, habelə hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) həqiqi hərbi xidmətdən (hərbi toplanışdan) ehtiyata və ya istefaya buraxılmış hərbi qulluqçu; 2.2.1.1. yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən almışsa; 2.2.1.2. xəsarəti xarici dövlətlərdə olan dövrdə kəşfiyyat və ya əks-kəşfiyyatla bağlı vəzifələrin icrası zamanı, yaxud sülhməramlı qüvvələrin tərkibində xidməti vəzifələrini yerinə yetirərkən almışsa; 2.2.1.3. xəsarəti hərbi əməliyyatlar zonasında döyüş tapşırığını yerinə yetirərkən almışsa; 2.2.1.4. xəstəliyi Azərbaycan Respublikasını müdafiə edərkən cəbhədə olduğu dövrdə, 1994-cü il may ayının 12-dək döyüş əməliyyatları aparan hərbi hissələrin tərkibində xidmət etdiyi, yaxud xarici dövlətlərdə kəşfiyyatla və ya əks-kəşfiyyatla bağlı vəzifələri yerinə yetirən, yaxud sülhməramlı qüvvələrin tərkibində olduğu dövrdə yaranmışsa, yaxud buna qədər yaranmış xəstəlik həmin dövrlərdə şəhadətləndirilən şəxsin hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişmişsə, o cümlədən, müvəqqəti yararsızlığına gətirib çıxaran dərəcəyə çatmışsa, habelə, şəhadətləndirilən şəxsdə tədricən artan xroniki xəstəlik olduğu halda, bu xəstəliyin başlanğıcını və ya kəskinləşməsini onun cəbhədə olduğu dövrə aid etməyə imkan verən tibbi sənədlər varsa; 2.2.1.5. xəsarəti, xəstəliyi bilavasitə döyüş əməliyyatları zamanı və döyüş tapşırığını yerinə yetirərkən əsir düşərək əsirlikdə olduğu dövrdə (əgər əsir düşmə könüllü olmamışsa və hərbi qulluqçu əsirlikdə olarkən dövlətə xəyanət etməmişsə) almışsa; Bənd 2.7. "Ümumi xəstəliklə əlaqədar" əlillik səbəbi aşağıdakı hallarda müəyyən edilir: 2.7.1. şəxs xəsarət, xəstəlik onun hərbi xidmətə (hərbi toplanışa) çağırılmasına, hərbi xidmətə könüllü daxil olmasına qədər yaranmışsa və hərbi xidmətkeçmə (hərbi toplanış), dövründə onun hərbi xidmətə yararlılıq kateqoriyasını dəyişən dərəcəyə çatmamışsa; 2.7.2. şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirmişsə; 2.7.3. şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas yoxdursa. Sadalanan normalardan göründüyü kimi, Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlillik" bir sıra hallarda, həmçinin şəxsin yaralanmanı, travmanı, kontuziyanı (bundan sonra-xəsarət) Azərbaycan Respublikasının ərazi bütövlüyünü, müstəqilliyini və konstitusiya quruluşunu müdafiə edərkən və ya cəbhədə olduğu dövrdə hərbi xidmətin digər vəzifələrini (xidməti vəzifələri) yerinə yetirərkən, habelə sülh dövründə dövlət sərhədini mühafizə edərkən alması halında müəyyən edilir. Şəxsə o zaman ümumi xəstəlik səbəbdən əlillik təyinatı aparılır ki, şəxsin xəstəliyi hərbi xidmətə çağırılana kimi yaransın, yaxud şəxs xəsarəti, xəstəliyi hərbi xidmətdən yayınmaq məqsədi ilə özünə yetirsin və ya şəxsin xəstəliyi hərbi xidmətdən buraxıldıqdan, hərbi toplanış başa çatdıqdan sonra yaranmışsa və xəstəliyin başlanğıcını hərbi xidmət (hərbi toplanış), dövrünə aid etməyə əsas olmasın Həmin Təlimatın: Bənd 3.3. Hərbi xidmətdən buraxılmış şəxslərin hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilərkən aşağıda göstərilən hərbi tibbi sənədlər əsas götürülür: 3.3.1. Xəstəlik haqqında şəhadətnamə (ştatdankənar HHK tərəfindən tərtib edilir və ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir); 3.3.2. arayış ştatdankənar HHK tərəfindən tərtib edilir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli qərarı ilə təsdiq edilmiş "Hərbihəkim ekspertizası haqqında Əsasnamə”nin 1.6-cı bəndində göstərilən hallarda ştatlı HHK tərəfindən təsdiq edilir, yaxud ştatlı HHK tərəfindən tərtib edilir; 3.3.3. ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı. İstinad edilən normalardan göründüyü kimi, hərbi xidmətlə əlaqədar əlillik səbəbləri müəyyən edilməsi zamanı əsas götürülən sənədlər sadalanımışdır ki, ştatlı HHK-nın xəsarətin, xəstəliyin səbəb əlaqəsi haqqında qərarı həmin sənədlərdən biridir. Baxılan işdə Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının 667 №-li, xx.xx.2022-ci il tarixli qərarında qeyd edilmişdir ki, “Ağdam RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən aldığı xx.xx.1993-cü ildə avtoqəza nəticəsində aldığı və xx.xx.1993-cü ildənxx.xx.1993-cü ilə kimi Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınığından sonra bərkimiş sümük döyənəkləri, sol aşağı ətrafın funksiyasının pozulmaması ilə” və xx.xx.1994-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Hospitalında müayinə və müalicə olunduğu travma-diaqnoz: “Qapalı kəllə-beyin travması” (SHXÇDX-nin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1129 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 1178 nömrəli arayışı, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 1819 nömrəli və xx.xx.2022-ci il tarixli 8333 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Göründüyü kimi, Hərbi Həkim Komissiyasının qərarında iddiaçıya hərbi travma və xəstəlik qeyd edilmişdir Hərbi Travmalar “Sol baldırın hər iki sümüklərinin, sümük qəlpələrinin yerini dəyişməyən, qapalı sınığından sonra bərkimiş sümük döyənəkləri, sol aşağı ətrafın funksiyasının pozulmaması ilə” və “Qapalı kəllə-beyin travması” ilə bağlı, xəstəliklər isə “Kəllə beyin travmasından sonrakı vəziyyət” və “Üzvi (travma mənşəli) şəxsiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyalarla. Travma sonrası yaranmış kobud şəxsiyyət pozuntusu” ilə bağlı olmuşdur. İddiaçıya hazırda təyin edilən əlillik onun, “üzvi (travma) mənşəli şəsxiyyət pozuntusu, tez-tez baş verən dekompensasiyayarla. Travma sonrası yaranmış kobud şəxsiyyət pozuntusu” ilə əlaqədar olmuşdur ki, HHK qərarında həmin travmanın hərbi xidmət dövründə alınması HHK qərarı ilə müəyyən edilir. İddiaçıya təyin edilmiş əlilliyin diaqnozundan da gpöründüyü kimi, onda olan şəxsiyyət pozuntusu travma mənşəlidir və travma sonrası yaranan kobud şəxsiyyət pozuntusuna aiddir. İddiaçının hərbi xidmtə dövrü travma alması isə, Hərbi Həkim Komissiyasının qərarı ilə müəyyən edilir. Məhkəmə qeyd edir ki, iddiaçıya cavabdeh inzibati orqan tərəfindən ümumi xəstəlik səbıbindən əlillik təyin edilsə də, əlililiyin səbəb əlaqəsi ilə bağlı hərbi-həkim komissiyasının mübahisələndirilməyən qərarının mövcud olması və həmin sənəd əsasında əlilliyin səbəbinin dəyişdirilməsi ilə bağlı şəxsin özünün də müraciət etmək hüququnun olması nəzərə alınmamış, bununla da cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməməsi əsassız və qanunazidd olmaqla iddiaçının hüquqlarının pozulması ilə nəticələnmişdir. Göründüyü kimi, iddiaçının Azərbaycan Respublikasının Müdafiəsi zamanı alınan xəstəliyə səbəb olan diaqnozda göstərilən xəstəliklər göndərişdə və əlillik təyini barədə çıxarışda qeyd edilməsinə baxmayaraq cavabdeh iddiaçıya əlillik təyin edərkən əlilliyin səbəbli əlaqəsini düzgün müəyyən etməmişdir. Baxılan işdə HHK komissiyasının qərarı olduği halda, iddiaçı həmin sübutu nə üçün nəzərə almadığını əsasılandırmamışdır. İşdın görünür ki, HHK qərarında qərar verilərkən Azərbaycan Respublikası SHXÇDXnin Ağdam rayon şöbəsinin xx.xx.2022-ci il tarixli 1129 nömrəli göndərişi, xx.xx.2022-ci il tarixli 1178 nömrəli arayışı, Müdafiə Nazirliyinin Baş Klinik Hospitalı tərəfindən verilmiş xx.xx.1993-cü il tarixli 1819 nömrəli və xx.xx.2022-ci il tarixli 8333 nömrəli arayışları, MN MHHK-nın həkim mütəxəssisinin rəyinə istinad edilmişdir. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1230/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadında məhkəmə kollegiyası qeyd etmişdir ki, “kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, iddiaçının hərbi xidmətlə əlaqədar əlillik səbəbləri ştatlı Hərbi Həkim Komissiyası tərəfindən tərtib edilmiş qərar əsasında təyin edildiyindən cavabdeh iddiaçının xəstəliyinin hərbi xidmətlə səbəb əlaqəsini müəyyən etməyə borclu olmuş, bu barədə hər hansı əlavə tibbi sənədlərin tələb edilməsinə zərurət qalmamışdır (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2- 1(102)-700/2022 nömrəli, xx.xx.2022-ci il tarixli 2-1(102)-2315/2022 nömrəli qərarları). 12. Eyni zamanda məhkəmə kollegiyası xatırlatmağı zəruri hesab edir ki, Ali Məhkəmənin İnzibati Kollegiyası tərəfindən qəbul edilmiş “İddiaçı X1 cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “10 dekabr 2021-ci il tarixdə təyin edilmiş əlilliyin səbəb əlaqəsinin “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” kimi qeyd edilməsi” tələbinə dair inzibati iş üzrə xx.xx.2024-cü il tarixli, 2-1(102)- 1213/2024 nömrəli qərardadla da cavabdeh tərəfindən verilmiş kassasiya şikayəti icraata qəbul edilməmiş və şikayət mümkün sayılmamışdır. Məhkəmə kollegiyası həmin şikayəti mümkün saymayarkən bu növ işlərlə bağlı vahid məhkəmə təcrübəsinin mövcudluğuna istinad etmiş, eyni zamanda cavabdeh tərəfindən öz mövqeyinin əsaslı olması ilə bağlı yeni dəlillər və məlumatlar təqdim etmədiyini əsas götürmüşdür” Məhkəmə həmçinin qeyd edir ki, iddiaçıya əvvəl eyni diaqnozla təyin edilmiş əlilliyin səbəb əlaqəsi də “Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar” olmuşdur. Oxşar iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasının 2- 1(102)-1908/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli və 2-1(102)-1637/2024 nömrəli iş üzrə, xx.xx.2024-cü il tarixli qərardadlarında məhkəmə kollegiyası qeyd etmişdir ki, “...kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, cavabdeh hər bir halda əlilliyin müəyyən olunması məsələsinə fərdi yanaşmalı, iş üzrə müəyyən olunmuş hallara obyektiv qiymət verməlidir. Bu zaman iddiaçının dəyişməyən xəstəliyi, habelə ötən müddət ərzində xəstəliyinin ağırlaşması, eyni zamanda, iddiaçıya həmin diaqnoz əsasında müvafiq əlillik dərəcəsinin artıq bir neçə dəfə təyin olunduğu da cavabdeh tərəfindən nəzərə alınmalıdır”. Bundan başqa idddiaçıda qeyd edilən diqanozun mövcud olması Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Psixitarik Ekspertiza Mərkəzi” X5 xx.xx.2024-cü il tarixli, 3537 № li ekspert rəyi ilə də təsdiq edilir. Belə ki, həmin rəydə qeyd edilmişdir ki, xx.xx.2022-ci il tarixdə təyin edilmiş “Üzvi (travma) mənşəli şəxsiyyət pozuntusu tez-tez baş verən dekompensasiyalarla. Travma sonrası yaranmış kobud şəxsiyyət pozuntusu” diqanozu psixiatriya sahəsinə aid olub F07 kodu (XBT-10) qeyd edilir. Məhkəmə iş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə Tibbi Ekspertiza və X3” X5 xx.xx.2024-cü il tarixli, 1076 № li rəyini mötəbər sübut kimi qəbul etmir. Belə ki, cavabdehin nümayəndəsi həmin rəyin tərtib edilməsində iştirak etmişdir. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən məhkəmələrə göndərilən icmal məktubunda da qeyd edilmişdir ki: “...bununla belə, ekspertizanın keçirilməsi ilə bağlı ən qabarıq problemlərdən biri ekspertiza idarəsi tərəfindən həmin idarənin əməkdaşı olmayan, Agentliyin səlahiyyətli nümayəndəsinin ekspertizanın aparılmasında iştirakı ilə bağlıdır. “Məhkəmə Tibbi Ekspertiza və X3” publik hüquqi şəxsi (bundan sonra-Birlik) ekspertizanın keçirilməsində cavabdehin iştirakının “zərurət” olduğunu bildirərək, bu zərurəti onunla əlaqələndirir ki, əlilliyin müəyyən edilməsi yalnız Dövlət Tibbi-Sosial Ekspert Komissiyasının müstəsna səlahiyyətinə aid edildiyindən, Birliyin bu suallar üzrə tədqiqat aparıb cavablandırmaq səlahiyyəti istisna edilir. Halbuki, qanunvericiliklə yalnız məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqanla və ya şəxslə razılaşdırmadan, müstəqil olaraq, bu idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək qadağan edilir (“Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Qanunun 9-cu maddəsi). Beləliklə, hazırkı halda, məhkəmə ekspertizasını təyin (sifariş) etmiş orqan kimi məhkəmə çıxış etdiyindən, müvafiq olararaq onun razılığı olmadan idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində məhkəmə ekspertizasının aparılmasına cəlb etmək yolverilməzdir. O da vurğulanmalıdır ki, cavabdehin nümayəndəsinin mübahisənin həlli üçün əhəmiyyət kəsb edən halın müəyyən edilməsi məqsədilə təyin edilmiş ekspertizada ekspert qismində iştirakı ekspertin şəxsən, bilavasitə və ya dolayı yolla işin nəticəsində maraqlı olmasına, obyektivliyinə və qərəzsizliyinə dair şübhə doğuran əsas hesab edilməklə, prosessual qanunvericilikdə ekspertə etirazın əsaslarından biri kimi göstərilmişdir. Mülki Prosessual Məcəllənin 88 və 103-cü maddələrinin tələblərinə görə, ekspertin rəyi məhkəmə üçün məcburi deyildir və məhkəmə ekspert rəyi də daxil olmaqla sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Bu anlamda, Birlik tərəfindən qanuni əsaslar olmadan cəlb edilmiş cavabdehin nümayəndəsinin iştirakı ilə tərtib edilmiş ekspert rəyinin məhkəmə tərəfindən mötəbər sübut kimi qiymətləndirilməklə, həmin rəyə uyğun nəticəyə gəlinməsi prosessual qanunvericiliyin tələblərinə ziddir. Sübutetmənin və etirazın əsaslarını müəyyən edən prosessual normaların qanunvericinin müəyyənləşdirdiyi məqsədlər baxımından tətbiq edilməli olması zərurəti, digər tərəfdən də qanunvericinin idarənin əməkdaşı olmayan şəxsləri ekspert qismində cəlb etmək məsələsinin həllini məhkəmənin mülahizəsinə buraxması göz önündə tutulmaqla hesab edilir ki, ekspertizanın keçirilməsinin mümkünsüz olduğu müstəsna hallarda, məhkəmələr tərəfindən TSEK-in inzibati icraatda iştirak etməmiş mütəxəssisinin və ya ixtisaslaşmış tibb müəssisəsinin mütəxəssis həkiminin ekspertiza keçirilməsində iştirakı nəzərdə tutula bilər. Lakin belə iştirak mütləq ekspertiza təyin etmiş məhkəmənin razılığı ilə baş tuta bilər (39-45 bəndlər). Aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır təmin edilməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır; NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən İddiaçı təyin edilmiş əlilliyin səbəbinin dəyişdirilərək “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” kimi göstərilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov
Məhkəmə qərarları › İş №2-1(112)-5305/2024
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5305/2024
19.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver