Məhkəmə qərarları › İş №2-1(112)-5307/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5307/2022

01.06.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5307/2022 01.06.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Hüseynova Sevinc Nizami qızının katibliyi, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı "dəfn pulunun ödənilməsi” barədə iddia tələbi üzrə inzibati işə Bakı İnzibati Məhkəməsinin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq şifahi məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı (bundan sonra – iddiaçı) Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum həyat yoldaşı X4 vəfatı ilə əlaqədar dövlət tərəfindən müəyyən edilmiş 600 manat dəfn pulunun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı ərizə ilə müraciət edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialının əsl cavabdeh Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı ilə əvəz olunmasını xahiş etmiş, məhkəmənin xx.xx.2022-ci il tarixli qərardadı ilə ərizə təmin olunmuşdur. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, mərhum həyat yoldaşı X6 ikinci qrup əlil olmaqla 10 ildən artıq pensiya almış, xx.xx.2021-ci il tarixdə sahə həkimi müayinə apararaq bildirmişdir ki, Akif Əliyevə ömürlük birinci qrup əlillik dərəcəsi verilməlidir. Həmin vaxt həkim xəstənin vəziyyəti ilə bağlı sənədləri TƏBİB-ə və TSEK-ə göndərməli idi. xx.xx.2021-ci ildə mərhum ərinə verilən pensiya ödənişi dayandırılmışdır, lakin onun əlilliyinin müddəti may ayının 30 və ya 31-i tarixlərində bitməli idi. Mərhum həyat yoldaşı 2008-ci il tarixdən ikinci qrup əlil olmaqla pensiya alırdı. Qoyulmuş diaqnoz beyin insultu idi. Kartotekasında elektrokardioqrammalar və mütəmadi olaraq yoxlamaların nəticələri öz əksini tapmış, hər bir il üçün müayinə və müalicə planı əks olunmuşdur. Həyat yoldaşı vəfat etdikdən sonra dövlət tərəfindən verilməli olan 600 manat dəfn pulu verilməmişdir. Cavabdeh məhkəməyə təqdim etdiyi xx.xx.2022-ci il tarixli iddiaya yazılı etirazında bildirmişdir ki, dəfn üçün müavinət – ölüm sosial sığorta hadisəsi hesab olunur və dəfn üçün müavinət sosial sığorta üzrə ödəmələrin bir növüdür. “Sosial müavinət haqqında” Azərbaycan Respublikası Qanununun 9.3-cü maddəsinə əsasən dəfn üçün birdəfəlik müavinətlər müraciət etmə müddətindən asılı olmayaraq təyin edilir. Həmin qanunun 10- 1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. Həmin qanunun 7.0.13-cü maddəsinə əsasən dəfn üçün müavinət Qanunun 4.0.1-4.0.1.5-ci və 4.0.1.11-ci maddələrində nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” AR Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə təyin edilir. Qanunvericiliklə müəyyən olunmuş şərtlərə cavab vermədiyindən İddiaçı müvafiq müavinətin ödənilməsi qanunvericiliyin tələblərinə zidddir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək, iddia tələbinin təmin olunmaması haqqında qərar qəbul olunmasını məhkəmədən xahiş etdi. Şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri barədə lazımi qaydada xəbərar edilməsinə baxmayaraq, iddiaçı məhkəmə iclasına gəlməmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Belə ki, tərəfə təqdim edilmiş məhkəmə bildirişində iclasa gəlmədiyi halda işə baxılmasının və iş üzrə qərar qəbul edilməsinin mümkünlüyü barədə xəbərdarlıq olunmuşdur (İPM-in 62.3-cü maddəsi). Məhkəmə, cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdırıb, hesab edir ki, iddia təmin edilməməlidir. Belə ki, iddia mümkün iddiadır. Çünki baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Belə ki, “Sosial müavinətlər haqqında” Qanunun 10-1.6-cı maddəsinə əsasən müavinət alan şəxsin ölümü ilə əlaqədar dəfn üçün müavinət onun dəfni ilə bağlı xərcləri çəkmiş şəxslərə ödənilir. İşdə olan 354267 nömrəli nikah haqqında şəhadətnamənin surətindən görünür ki, X6 və İddiaçı arasında 11 aprel 1981-ci ildə nikah bağlanmışdır. İddiaçı hazırda mərhum əri X4 vəfatı ilə bağlı ona dəfn üçün müavinətin verilməsini xahiş etdiyindən məhkəmə hesab edir ki, A.Əliyevin ailə üzvü kimi iddiaçının bu iddianı qaldırmaq üçün subyektiv hüququ mövcuddur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia müavinətin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. Belə ki, işdən görünür ki, iddiaçı dəfn üçün müavinətin verilməsi ilə bağlı xx.xx.2021ci il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etmiş, Filial isə iddiaçının tələbinə mahiyyəti üzrə baxaraq xx.xx.2021-ci il tarixli məktubla bildirmişdir ki, “Əmək pensiyaları haqqında” qanunun 42-ci maddəsinə əsasən pensiyaçının vəfatı ilə əlaqədar dəfn xərci əmək pensiyası statusuna malik şəxslərə şamil edilir. X1 əlillik müddəti xx.xx.2021-ci il tarixində bitdiyi üçün vəfat etdiyi 27 may 2021-cı il tarixində aktiv əmək pensiyaçısı deyildi. Buna görə də X1 vəfatı ilə əlaqədar Mərkəzi Filial tərəfindən dəfn xərci müavinətinin ödənilməsi mümkün deyildir. “İnzibati icraat haqqında” Qanunun 33.1-ci maddəsinə əsasən ərizəyə baxılması və həmin ərizə üzrə müvafiq inzibati aktın qəbul edilməsi başqa inzibati orqanın səlahiyyətlərinə aid olduğu halda, ərizəçinin müraciət etdiyi inzibati orqan ərizənin daxil olduğu vaxtdan ən geci 10 gün müddətində ərizəni və ona əlavə olunmuş sənədləri səlahiyyətli inzibati orqana göndərməlidir. İşdən müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı iddiaçının ərizəsini aidiyyəti üzrə səlahiyyətli orqan olan Dövlət Sosial Müdafiə Fondunun tabeliyindəki digər quruma, yəni Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına göndərməmiş, özü cavablandırmışdır. Məhkəmə hesab edir ki, hər iki qurum Dövlət Sosial Müdafiə Fondunun tabeliyindədir və iddiaçının müraciətinə mahiyyəti üzrə baxılmışdır. Buna görə də iddiaçının Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciəti Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciəti kimi qəbul edilməlidir. Bu zaman o da nəzərə alınır ki, məhkəmə icraatı zamanı cavabdehin iddiaya yazılı etirazında tələbə mahiyyəti üzrə qiymət verilmişdir. Göründüyü kimi, iddiaçının tələbi Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına müraciət etdiyi halda da təmin edilməyəcəyindən prosessual qənaət prinisipinə əsaslanan məhkəmə hesab edir ki, iddia mümkün sayılmalıdır. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, Dövlət Tibbi Sosial Ekspertiza və X3 çıxarışdan görünür ki, X6 xx.xx.2008-ci il tarixdə tibbi nəzarətə götürülmüş, 2009-cu il tarixdən etibarən ona xx.xx.2016-cı il tarixədək bir il müddətinə olmaqla ikinci dərəcə əlillik təyin edilmiş, xx.xx.2016-cı il tarixdə ikinci dərəcə əlillik 5 il müddətinə təyin edilmiş, xx.xx.2021-ci il tarixdə əlilliyin müddəti bitmişdir. Əlillik müddəti bitdikdən sonra xx.xx.2021-ci il tarixdə A.Əliyev təqdim edilmiş tibbisosial ekspertiza müayinəsinə göndəriş əsasında müayinə olunmuş, göndərişin natamam doldurulması (son 5 ildə aldığı stasionar müalicəsi qeyd olunmayıb) əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. İşdən görünür ki, X6 xx.xx.2009-cu ildə ərizə ilə Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsinə müraciət edərək, ona ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun Əzizbəyov rayon şöbəsi tərəfindən xx.xx.2009-cu il tarixli 4 nömrəli qərarla A.Əliyevə xx.xx.2009-cu il tarixdən ikinci qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. 184519 nömrəli ölüm haqqında şəhadətnamədən görünür ki, X6 xx.xx.2021-ci il tarixdə “beyin ödemi” səbəbi ilə ölmüşdür. A.Əliyev vəfat etdikdən sonra iddiaçı dəfn pulunun ödənilməsi ilə bağlı Dövlət Sosial Müdafiə Fondunun Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialına müraciət etmiş, cavabdeh xx.xx.2021-ci il tarixli məktubla bu tələbdən yuxarıda qeyd olunan əsasa görə imtina etmişdir. İddiaçı hazırda bu imtinanı mübahisələndirir. Məhkəmə qeyd edir ki, “Sosial müavinətlər haqqında” Qanuna əsasən (iddiaçının cavabdehə müraciət etdiyi tarixə qüvvədə olan redaksiyasına əsasən): - Maddə 1.0.1. sosial müavinətlər (bundan sonra-müavinətlər) - bu Qanunla müəyyən edilmiş qaydada ayrı-ayrı kateqoriya şəxslərə sosial yardım göstərilməsi məqsədilə aylıq və ya birdəfəlik ödənilən pul vəsaiti; - Maddə 4.0. Bu Qanunla aşağıdakı müavinətlər təyin edilir: - 4.0.2. Birdəfəlik müavinətlər: - 4.0.2.3. dəfn üçün müavinət. - Maddə 7.0. Müavinətlər aşağıdakı hallarda təyin edilir: 7.0.13. dəfn üçün müavinət - bu Qanunun 4.0.1.1-4.0.1.5-ci maddələrində (4.0.1.1. dövlət qulluqçularına ömürlük müavinət; 4.0.1.2. yaşa görə müavinət; 4.0.1.3. əlilliyə görə müavinət; 4.0.1.5. ailə başçısını itirməyə görə müavinət) nəzərdə tutulan müavinətlərdən biri təyin edilmiş şəxs, “İşsizlikdən sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsizlikdən sığorta ödənişini alan şəxs vəfat etdikdə. İstinad olunan normanın tələbindən müəyyən olunur ki, dəfn üçün müavinət yalnız ömürlük müavinət alan dövlət qulluqçularının, yaşa görə, əlilliyə görə və ya ailə başçısını itirməyə görə müavinət alan şəxslərin vəfat etməsi ilə bağlı ödənilir. İşdə olan cavabdehin xx.xx.2022-ci il tarixli xidməti məktubundan və digər sənədlərdən görünür ki, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin Sosial ödənişlər altsistemində X5 hər hansı növ sosial müavinət və prezident təqaüdü ödənilməsi aşkar edilməmiş, “Mərkəzləşdirilmiş elektron informasiya sistemi”nin Pensiya altsistemində Əliyev Akifə təyin edilmiş əlilliyə görə əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixində əlillik müddətinin bitdiyi üçün dayandırılmışdır. Göründüyü kimi, A.Əliyev Qanunun 7.0.13-cü maddəsində göstərilən şəxslərdən heç birinə aid olmamış, yəni hər hansı bir sosial müavinət və ya işsizlikdən sığorta ödənişi almamış, ona əlilliyə görə müavinət deyil, əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Belə olan halda aydın olur ki, A.Əliyev qanunla müəyyən edilmiş şəxslər dairəsinə aid olmadığından iddiaçının A.Əliyevin vəfatına görə dəfn üçün müavinət verilməsini tələb etməsi əsasız olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Hazırkı halda cavabdehin hərəkəti qanuni olduğundan və iddiaçının hüquqlarının pozulmasına səbəb olmadığından məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 23.1-ci, 68-69-cu və 85.1-ci maddələrinin tələblərini rəhbər tutaraq, qərara aldı: İddia təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apelyasiya şikayəti verilə bilər. Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar