Məhkəmə qərarları › İş №2-1(112)-5307/2025

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5307/2025

21.05.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5307/2025 21.05.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Qənbərova Səlma İsgəndər qızının sədrliyi ilə, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (üçüncü şəxs "xxxx" MMC) qarşı “mənzilin hüquqi ünvan kimi qeydiyyatdan çıxarılması” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İ İşin halları İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2024-cü il tarixli ərizə ilə cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin Dövlət Qeydiyyatı İdarəsinə (bundan sonra – cavabdeh) müraciət edərək, mülkiyyətində olan mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanından çıxarılmasını xahiş etmişdir. Cavabdeh iddiaçının ərizəsini təmin etməkdən imtina edərək, xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Qanununun (bundan sonra- Qanun) 9-cu maddəsinə əsasən hüquqi şəxslərin təsis sənədlərinə edilən hər bir dəyişiklik, eləcə də qeydə alınmış faktların hər bir sonrakı dəyişikliyi qeydiyyata alınmalıdır. Dəyişikliyin qeydiyyata alınması üçün həmin dəyişikliyin baş verdiyi andan 40 gündən gec olmayaraq Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidir. Müvafiq ərizə forması Qanunun 12.12ci maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir. Ərizədə baş vermiş dəyişiklik göstərilməli və həmin dəyişikliyi təsdiq edən sənədlər təqdim edilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin (bundan sonra- Məcəllə) 91.3.1 və cəmiyyətin nizamnaməsinin 4.3-cü maddəsinə müvafiq olaraq, Cəmiyyətin nizamnaməsini dəyişdirmək iştirakçılarının ümumi yığıncağının müstəsna səlahiyyətinə aiddir və cəmiyyətin nizamnaməsinə dəyişiklik ümumi yığıncağın qərarı ilə təsdiq edilir. Mülki Məcəllənin 47.2-ci maddəsinə əsasən, hüquqi şəxsin nizamnaməsində hüquqi şəxsin adı, olduğu yer, fəaliyyətinin idarə edilməsi qaydası, habelə onun ləğvi qaydası müəyyənləşdirilir. Hüquqi şəxsin təsisçisi barədə məiumat da nizamnaməyə daxil edilən məlumatlardandır. Bununla əlaqədar olaraq hüquqi şəxsin hüquqi ünvanının dəyişilməsi ilə əlaqədar nizamnaməyə edilmiş dəyişiklik layihəsi və ya yeni redaksiyada nizamnamə təqdim edilməlidir. Cəmiyyətin hüquqi ünvan dayişikliyi faktının dövlət reyestrinə daxil edilməsi üçün müvafiq ərizəyə nizamnaməyə dəyişikliyin təsdiq edilməsi barədə təsisçilərin ümumi yığıncağın qərarının əsli, nizamnaməyə dəyişiklik layihəsi və ya yeni redaksiyada nizamnamə əlavə edərək Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi şəxslərin dövlət qeydiyyatı idarəsinə https://www.e- taxes.gov.az/ebyn/novbe/#/ keçidi ilə onlayn növbəyə yazılaraq və ya poçt vasitəsi ilə təqdim etmək tövsiyə olunmuşdur. Bundan sonra iddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mülkiyyətində olan mənzilin "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanından çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə "xxxx" MMC zəruri cəlbetmə qaydasında hazırkı inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb edilmişdir. İİ Tərəflərin əsaslandırması İddia tələbi bununla əsaslandırılmışdır ki, iddiaçının tanımadığı şəxs "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti yaradaraq qeydiyyatdan keçmişdir. Hüquqi şəxs qeydiyyat alan zamanı iddiaçının mülkiyyətində olan mənzili öz hüquqi ünvanı kimi qeyd etdirmişdir. Cavabdeh araşdırmadan və müvafiq sənədlər tələb etmədən onun mülkiyyətində olan mənzili yaradılan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanı kimi qeyd etmiş və bu da onun mülkiyyəti üzərində hüquqlarını məhdudlaşdırmaqla yanaşı, hüququi şəxsin borcları da iddiaçının ünvanına gəlmişdir. O, yazılı müraciət edərək cavabdehdən xahiş etmişdir ki, onun mənzilini "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquqi ünvanından çıxarsınlar. Lakin, cavadeh ona cavab verməmişdir. Cavabdeh iddiaya yazılı münasibətini məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddianı müdafiə edərək, onun təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Cavabdehin nümayəndəsi iddiaya etiraz edərək, onun təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarının 9-cu bəndində göstərilmişdir ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Hazırkı iddia hüquqi şəxslərin dövlət reyestrinə daxil edilmiş məlumatlara dəyişiklik edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasından ibarətdir ki, bu iddia öhdəliyin icrası haqqında iddia növünə uyğun iddiadır. Öhdəliyin icrası haqqında iddia növünə münasibətdə iddianın xüsusi mümkünlük şərti iddiaçının məhkəmədə iddia qaldırmazdan öncə müvafiq ərizə ilə cavabdeh orqana müraciət etməsidir. İddiaçı məhkəmədə iddia qaldırmamışdan əvvəl qeyd edilən tələblə bağlı müvafiq qaydada cavabdehə müraciət etmişdir. İddianın əsaslılığına gəldikdə məhkəmə qeyd edir ki, işdə olan ********** qeydiyyat nömrəli, xx.xx.2015-ci il qeydiyyat tarixli hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X2 mülkiyyətində olmuşdur. xx.xx.2015-ci il tarixli, ******* nömrəli satıcı X3 ilə alıcı İddiaçı arasında bağlanmış Daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, satıcı ünvan 1 ünvanında yerləşən ümumi sahəsi 49.01 kv/m, yaşayış sahəsi 29.01 kv/m, yardımçı sahəsi 20 kv/m olan 2 otaqlı mənzilin tam mülkiyyət üzrə ona məxsus hissəsini (tam hissə, 49.01 kv/m, 2 otaq) alıcının mülkiyyətinə vermişdir. ********** qeydiyyat nömrəli Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 121 ünvanında yerləşən 39 saylı mənzilə İddiaçı mülkiyyət hüququ qeydə alınmış və bu barədə ona xx.xx.2015-ci il qeydiyyat tarixli çıxarış verilmişdir. Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) xx.xx.2023-cü il tarixdə elektron qaydada dövlət qeydiyyatına alınmış və həmin tarixdən hazıradək reyestr məlumatlarında dəyişiklik faktı qeydə alınmamışdır. "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nizamnaməsindən və hüquqi şəxslərin dövlət qeydiyyatından çıxarışdan görünür ki, MMC-nin hüquqi ünvanı AZ1133, ünvan 2zil 39-dur. 68 saylı Mənzil Kommunal İstismarı Sahəsinin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, 68 saylı MKİS-nin xidməti ərazisində Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "AB" yaşayış sahəsi, ev 121, mənzil 39 yalnız bir adda mövcuddur və ünvanın mülkiyyətçisi İddiaçıdır. İddiaçı hazırda işin qeyd olunan hallarına istinad edərək mübahisəli ünvanda yerləşən mənzili satın aldığını və mülkiyyət hüququ üzrə ona məxsus mənzilin MMC-nin hüquqi ünvanı kimi göstərilməsinin onun mülkiyyət hüquqlarını pozduğunu bildirir və buna görə də MMC-nin hüquqi şəxslərin dövlət reyestrindəki ünvanla bağlı məlumatlarına dəyişiklik edilməsini xahiş edir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 51-ci maddəsinə əsasən hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yer hüquqi şəxsin olduğu yer sayılır. “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: -2.0.1-ci maddəsinə görə hüquqi şəxs - Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə bu cür müəyyən edilmiş qurumdur. -2.0.7-ci maddəsinə görə hüquqi şəxslərin dövlət qeydiyyatı- Azərbaycan Respublikasının ərazisində hüquqi şəxs statusu almaq istəyən qurumların, habelə xarici hüquqi şəxslərin Azərbaycan Respublikasının ərazisində yaratdıqları nümayəndəlik və ya filialların hüquq qabiliyyətinin təsdiq edilməsi, hüquqi statusunun müəyyənləşdirilməsi və onlar barəsində məlumatların (qeydlərin) hüquqi şəxslərin dövlət reyestrinə daxil edilməsidir. -2.0.8-ci maddəsinə görə hüquqi şəxslərin dövlət reyestri - Azərbaycan Respublikasının ərazisində qeydiyyata alınmış hüquqi şəxslər, xarici hüquqi şəxslərin nümayəndəlik və ya filialları, eləcə də Azərbaycan Respublikasının ərazisində dövlət qeydiyyatına alınmış hüquqi şəxslərin nümayəndəlik və filialları və digər qurumları barəsində məlumatlar (qeydlər) məcmusudur. -2.0.10-cu maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət - Azərbaycan Respublikasının vətəndaşları və (və ya) Azərbaycan Respublikasında dövlət qeydiyyatına alınmış hüquqi şəxs tərəfindən təsis edilən məhdud məsuliyyətli cəmiyyətdir. -2.0.11-ci maddəsinə əsasən yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin elektron dövlət qeydiyyatı - müvafiq icra hakimiyyəti orqanına elektron qaydada təqdim edilən ərizə əsasında yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatıdır. - 5.1-ci maddəsinə görə hüquqi şəxs statusu almaq istəyən qurumun dövlət qeydiyyatına alınması üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına ərizə ilə müraciət edilməlidi - 5.3-cü maddəsinə görə ərizədə aşağıdakılar göstərilir: 5.3.1. təsisçi (təsisçilər) fiziki şəxs olduqda - onun (onların) adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi; 5.3.2. təsisçi (təsisçilər) hüquqi şəxs olduqda - onun (onların) adı, olduğu yer və qeydiyyat nömrəsi; 5.3.2-1. təsisçi dövlət olduqda – təsisetmə səlahiyyəti verilmiş dövlət orqanının adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (olduğu halda), təsisçi bələdiyyə olduqda – bələdiyyənin adı, hüquqi ünvanı, vergi ödəyicisinin eyniləşdirmə nömrəsi; 5.3.2-2. publik hüquqi şəxsin və kommersiya qurumunun hüquqi ünvanına (daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yerə) dair məlumat; 5.3.3. ərizə səlahiyyətli şəxs tərəfindən imzalandıqda habelə onun adı, soyadı, atasının adı, yaşadığı yer, şəxsiyyətini təsdiq edən sənədin nömrəsi və verilmə tarixi və vəkalətnamə haqqında məlumatlar. 5.3.4. müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən ərizənin formasında müəyyən edilən digər məlumatlar. -5-2.1-ci maddəsinə görə təsisçinin (təsisçilərin) istəyi ilə yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı (yenidən təşkil nəticəsində yaranma halları istisna olmaqla) elektron qaydada həyata keçirilir. Elektron dövlət qeydiyyatı adi (yəni bu Qanunun 7-1-ci maddəsi ilə müəyyən edilmiş müddətdə) və ya sürətli qaydada həyata keçirilir. Təsisçi (təsisçilər) həmin cəmiyyətin elektron dövlət qeydiyyatının həyata keçirilməsi üçün müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) internet informasiya ehtiyatında müvafiq autentifikasiyadan keçməlidir. -5-2.2-ci maddəsinə görə adi elektron dövlət qeydiyyatı zamanı təsisçi (təsisçilər) elektron ərizə formasını doldurur, işçilərlə, o cümlədən Azərbaycan Respublikasının ərazisində daimi yaşamaq üçün icazəsi olan əcnəbi və vətəndaşlığı olmayan işçilərlə ilk dəfə bağlanılan əmək müqaviləsinin məlumatlarını həmin ərizəyə daxil edir, ərizədə qeyd olunan məlumatlar əsasında elektron sənəd formasında yaradılan nizamnamə ilə real vaxt rejimində tanış olur və onu gücləndirilmiş elektron imza ilə təsdiq edir. Adi elektron dövlət qeydiyyatı zamanı təsisçi tərəfindən qanunvericiliyin tələbinə uyğun olaraq hazırlanmış nizamnamə elektron ərizə formasına əlavə oluna bilər. Elektron ərizədə benefisiar mülkiyyətçi barədə bu Qanunun 5.3.2-3-cü maddəsində nəzərdə tutulan məlumatlar göstərilməlidir. -5-2.6-cı maddəsinə əsasən adi elektron dövlət qeydiyyatı zamanı ərizənin qəbul edilməsi barədə forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilən təsdiqetmə bildirişi müraciət edənin şəxsi elektron kabinetinə göndərilir. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyət dövlət qeydiyyatına alındığı gün dövlət qeydiyyatı haqqında şəhadətnamə, dövlət reyestrindən çıxarış və nizamnamə elektron kabinetinə göndərilir. -5-2.7-ci maddəsinə əsasən sürətli elektron dövlət qeydiyyatı həyata keçirildiyi andan sonra dövlət qeydiyyatına alınmış yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətin dövlət qeydiyyatı haqqında şəhadətnaməsi, dövlət reyestrindən çıxarışı və nizamnaməsi elektron kabinetinə real vaxt rejimində göndərilir. Məhkəmə qeyd edir ki, istinad olunan normalardan görünür ki, hüquqi şəxsin olduğu yer hüquqi şəxsin daimi fəaliyyət göstərən orqanının, siyasi partiyanın qərargahının yerləşdiyi yerdir və hüquqi şəxs qeydiyyata alınarkən təsisçilərin bəyan etdiyi ünvana əsasən müəyyən edilir, qanunverici bununla bağlı hər hansı bir sənəd təqdim edilməsini, qeydiyyata alınma barədə ərizədə göstərilməsini belə tələb etmir. İşdən müəyyən olunur ki, "xxxx" MMC-nin qeydiyyatı zamanı onun ünvanı kimi qeydə alınmış yer (39 saylı mənzil) xx.xx.2015-ci ildən etibarən iddiaçının mülkiyyətində olmuş, həmin ünvan MMC-nin daimi fəaliyyət göstərən orqanının yerləşdiyi yer olmamışdır. Doğrudur, qanunvericilik hüquqi şəxsin nizamnaməsinə dəyişikliyin ali idarəetmə orqanının qərarı ilə edilməsini təsbit etmişdir, lakin bu qaydalar, həmin qaydaları bilavasitə tətbiq və nəzarət edən vergi orqanının səlahiyyətləri hər bir halda mülkiyyətçi kimi iddiaçının hüquqlarının pozulması ilə nəticələnməməlidir. Nəzərə alınmalıdır ki, iddiaçının tələbi üçüncü şəxslərin qeydiyyat sənədlərinin etibarsızlığına deyil, hər bir halda təsis edilmiş hüquqi şəxslərin hüquqi ünvan kimi iddiaçının mülkiyyətində olan mənzilə aid ünvanla qeydə alınmalarına qarşı yönəlmişdir. Bu halda iddiaçının mülkiyyətçi statusundan irəli gələn hüquqları qorunmalı və təmin edilməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinə əsasən: -İ. Hər kəsin mülkiyyət hüququ vardır. -İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. -152.2-ci maddəsinə əsasən sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.3-cü maddəsinə görə istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. -152.4-cü maddəsinə görə sərəncam hüququ - əmlakın (əşyanın) hüquqi müqəddəratını təyin etməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. -157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (“Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair 2020-ci il 27 avqust tarixli Qərarı). Məhkəmə cavabdehin dəlillərinə uyğun olaraq nəzərə alır ki, iddiaçı özünün mülkiyyət hüquqlarının müdafiəsi ilə bağlı üçüncü şəxsə (hüquqi şəxsin təsisçisinə) qarşı mülki məhkəmə icraatı qaydasında müvafiq tələblə çıxış edə bilərdi. Lakin nəzərə alınmalıdır ki, iddiaçı özünün qanunla qorunan hüquqlarını müdafiə etmək üçün prosessual qanunvericiliklə nəzərdə tutulmuş müdafiə üsulunu və vasitəsini seçməkdə sərbəstdir. Cavabdehin də istinad etdiyi “Hüquqi şəxslərin qeydiyyatı və dövlət reyestri haqqında” Qanunun yuxarıda qeyd edilən müddəalarında hüquqi şəxsin hüquqi ünvanına dair təsisçinin hüquqlarını təsdiq edən sənədlərin təqdim edilməsinin zəruri şərt kimi təsbit olunmaması həmin ünvanın aid olduğu əmlakın mülkiyyətçisini Konstitusiya və digər qanunlarla ona verilmiş hüquqlardan irəli gələn hazırkı məzmunda tələb irəli sürmək (inzibati orqanının üzərinə öhdəlik qoyulmasını tələb etmək) hüququna təsir etmir (Qeyd edilən hüquqi mövqe Ali Məhkəmənin 2-1(102)-3215/2019 saylı Qərarında da ifadə olunmuşdur). İnzibati Prosessual Məcəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 75 və 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia təmin edilsin. İddiaçı mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, AB yaşayış sahəsi, ev 121 ünvanında yerləşən 39 saylı mənzilinin "xxxx" MMC-nin (VÖEN **********) hüquqi ünvanı kimi dövlət qeydiyyatından çıxarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətininin Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsinin üzərinə qoyulsun. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Səlma Qənbərova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar