Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5308/2021 21.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi, İddiaçı və nümayəndəsi (vəkili) X2 iştirakı ilə İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına 21 may 2021-ci il tarixdə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İPM-in 49-cu maddəsinin tələblərinə müvafiq olaraq, işin hazırlıq icraatına başlanılmış və hazırlıq icraatı üzrə məhkəmə iclası təyin edilərək, bu barədə tərəflərə məhkəmə bildirişi ünvanlanmışdır. Məhkəmənin hazırlıq icraatı üzrə ilk iclasına hər iki tərəf gəlmiş, növbəti iclasında iddiaçı iştirak etmiş, cavabdeh isə iştirak etməmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək, mübahisənin ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saydı. Məhkəmənin hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı xidmət etmək üçün işğaldan azad edilmiş Qubadlı rayonuna ezam olunduğunu, lakin cavabdehin ünvanı Bakı şəhərində olduğundan işə aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsində baxılmalı olduğunu bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Belə ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. İPM-in 2.2.1-ci maddəsinə əsasən, şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. İPM-in 8.1.2-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İPM-in 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Məhkəmə iş materialarına əsasən belə nəticəyə gəlir ki, iddiaçının iddiası “mübahisələndirmə haqqında” növündə iddiaya aiddir və mübahisə hərbi qulluqçu kimi onunla inzibati orqan Azərbaycan Respublikası Müdafiə Nazirliyi arasındakı xidməti hüquq münasibətlərindən yarandığından, işin aidiyyəti İPM-in 8.1.2-ci və 8.1.3-cü maddələrinə uyğun həll edilməlidir. Mübahisələndirilən əmr səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan (Müdafiə Nazirliyi) tərəfindən qəbul edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikasının Müdafiə Nazirlyi tərəfindən məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikasının Müdafiə Nazirinin 05.01.2021-ci il tarixli şəxsi heyət üzrə 019№-li əmrindən çıxarışdan görünür ki, 286№-li hərbi hissənin zenit artilleriya batareyiyasının komandiri mayor İddiaçı tutduğu vəzifədən azad edilmiş və 07 yanvar 2021-ci il tarixdən Azərbaycan Ordusunun şəxsi heyət sırasından çıxarılmaqla həqiqi hərbi xidmətini davam etdirmək üçün Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətinin Rəisinin sərəncamına ezam olunmuş hesab edilmişdir. Məhkəmənin sorğusuna cavab olaraq Dövlət Sərhəd Xidməti tərəfindən məhkəməyə təqdim edilmiş 16.05.2021-ci il tarixli məktuba əsasən, İddiaçı hazırda Sərhəd Qoşunlarının “Qubadlı” X1 baş zabit vəzifəsində xidmət edir. İddiaçının izahatına və iş materiallarına əlavə olunmuş sənədlərə əsasən müəyyən edilir ki, iddiaçının iddia qaldırılan zaman xidmət yeri işğaldan azad edilmiş Qubadlı rayonun ərazisindədir. Belə olan halda məhkəmənin qənaətinə görə işə İPM-in 8.1.2-ci və 8.1.3-cü maddəsinin müddəaları tətbiq edilməklə iddiaçının olduğu yer, yəni xidmət yeri üzrə inzibati məhkəmədə baxılmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Şəxsin olduğu yer — onun yaşayış yeri sayılmayan, müvəqqəti yaşadığı mehmanxana, sanatoriya, istirahət evi, pansionat, kempinq, turist bazası, xəstəxana və digər belə ictimai yerlər, habelə yaşayış binası (özünün, qohumunun, tanışının və b.) başa düşülür. Azərbaycan Respublikasının 1997-ci il 3 oktyabr tarixli, 377-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Hərbi xidmətkeçmə haqqında” Əsasnamənin 147-ci bəndinin 5-ci hissəsinə əsasən, Xidməti mənzillər Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanının fondundan ayrılır. Xidməti mənzil alana kimi hərbi qulluqçular və onların ailə üzvləri xidmət yeri üzrə (hərbi hissənin ünvanına, müvəqqəti yaşayış ünvanına) qeydiyyata alınır, onlara müvəqqəti yaşayış sahəsinin kirayəsi üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş pul kompensasiyası ödənilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə “Azərbaycan Respublıikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası” təsdiq edilmişdir. Qərara əsasən Qubadlı rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. Odur ki, məhkəmə hazırkı işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını qanunamüvafiq sayır. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İPM-in 2, 8, 23.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Müdafiə Nazirliyinə qarşı “şəxsi heyət sıralarından çıxarılaraq ezam olunması barədə əmrin ləğv edilməsi və Müdafiə Nazirliyinin şəxsi heyət sıralarına qaytarılması öhdəliyinin Müdafiə Nazirliyinə həvalə edilməsi” barədə iddia tələbinə dair inzibati iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Günel Sevdimalıyeva
Məhkəmə qərarları › İş №2-1(112)-5308/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5308/2021
21.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver