Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5308/2024 05.09.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi ilə, İddiaçı, onun nümayəndəsi və vəkili Nümayəndə1, cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı “dəymiş ziyanın ödənilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : İddiaçı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan 5 adda 537 qutu tibbi ləvazimatın və 57 adda dərman vasitələrinin dəyəri olan 111000 (yüz on bir min) manat məbləğində pulun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, İddiaçı Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirli bilinərək Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-32/2020 saylı hökmü ilə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmişdir. İş üzrə məhkəmənin hökmündə qeyd olunmuşdur ki, Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyində saxlanılan “Mercedes Benz 2528” markalı, 01CB1 Dövlət Gömrük Komitəsinin 68121ZA568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsinin yük yerində olan yük müşayiət sənədlərində göstərilmiş 5 adda 537 qutu tibbi ləvazimat və həmçinin “DAF TE47MS” markalı, 90DF262/992A866 dövlət nömrə nişanlı və QAZ- 3302 markalı, **-BE-*** dövlət nömrə nişanlı nəqliyyat vasitələrində olan və boşaldılacaq dərman qutularının yerinə qoyulması məqsədilə gətirilmiş 39 qutu hər birində 150 ədəd ördək, 14 qutu hər birində 50 ədəd sürgü və 19 qutu hər birində 750 ədəd plastik stəkandan ibarət tibbi ləvazimatları və 57 adda, 123071,12 manat dəyərində olan Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş dərman vasitələri Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 99-1ci maddəsinin tələbinə əsasən, gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılmalıdır. Lakin məhkəmənin hökmündə qeyd olunanlara baxmayaraq, bu günədək qeyd olunan mallar iddiaçıya qaytarılmamışdır. Əlavə olaraq qeyd edilir ki, xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixdə malların yaxud onun dəyərinin iddiaçıya qaytarılması barədə ərizə ilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə müraciət edilsə də, birinci müraciətinə ümumiyyətlə cavab verilməmiş, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinin 08 dekbar 2023-cü il tarixli cavab məktubunda qeyd olunmuşdur ki, xx.xx.2018-ci il tarixli 126 S saylı aktla qəbul edilmiş dərman preparatlarının bir hissəsi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq hərbi qulluqçuların qeyri-ərzaq mallarına olan təlabatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşlarına verilmişdir. Digər bir hissəsi xx.xx.2021-ci il tarixli aktla X5 qaytarılmışdır. “Azərterminalkompleks” Birliyinin Baş anbarında Birlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, 2300/102Ş saylı Əmr əsasında yaradılmış komissiya üzvləri ilə birlikdə anbarın sayımı həyata keçirilərkən 126 S saylı aktda qeyd olunan dərman preparatlarının qoşmada qeyd olunan adda və sayda hissəsi Birliyin anbarında olduğu komissiya üzvləri tərəfindən müəyyən edilmişdir və hal-hazırda həmin mallar Birliyin anbarında saxlanılmaqdadır. Birliyin anbarında mövcud olan dərman preparatları və tibbi ləvazimatların müvafiq məhkəmə qərarı və müraciət əsasında təhvil verilməsi təmin edilə bilər. Qeyd edilir ki, 12 aprel 2021-ci il tarixli aktla iddiaçının qardaşı X5 14 qutu sürgü (50), 39 qutu ördək (150) və 19 qutu idrar qabı (750) qaytarılmışdır. Bildirilir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi vaxtında qeyd olunan malları qaytarmadığından həmin malların istifadə müddəti bitmişdir və istifadəyə yararsız haldadır. Cavabdeh orqanın hərəkətsizliyi nəticəsində iddiaçıya 111.000 (bir yüz on bir min) manat məbləğində ziyan dəymişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra mətndə - İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına daxil olduqdan sonra İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə göndərilmişdir. Cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi tərəfindən məhkəməyə təqdim edilmiş yazılı münasibətdə (etirazda) iddianın mahiyyətinə münadibət bildirilməyərək qeyd edilmişdir ki, iddiaçı iddia tələbi üzrə cavabdehə müraciət etməmişdir. Bu səbəbdən də, hazırkı iddia tələbi mümkün sayılmamalıdır. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın mümkünlüyü məsələsinin müzakirə edilməsini zəruri saymış və tərəflərin fikri dinlənilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı tərəf iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianı müdafiə edərək tələbə inzibati məhkəmə icraatı qaydasında baxılmalı olduğunu bildirmiş və tələbin təmin edilməsini xahiş etmişlər. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun məzmunda izahat verərək tələbin mümkün sayılmamasını xahiş etmişdir. Məhkəmə tərəflərin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan: -İddiaçı tərəfindən AR Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə ünvanlanmış xx.xx.2023-cü il tarixli ərizədən görünür ki, iddiaçı Gəncə Ağır Cinayətlər Məkəçməsinin xx.xx.2020-ci il tarixli, 1(100)-32/2020 nömrəli hökmündə qeyd olumasına baxmayaraq bu günədək qeyd olunan malların ona qaytarılmasını xahiş etmişdir. -Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyi tərəfindən iddiaçının müraciətinə cavab olaraq verilmiş məktubdan görünür ki, Birliyin anbarına xx.xx.2018-ci il tarixli 126 S saylı aktla qəbul edilmiş dərman preparatlarının bir hissəsi xx.xx.2020-ci il tarixdə Azərbaycan Respublikasında qismən səfərbərliyin elan edilməsi ilə əlaqədar olaraq hərbi qulluqçuların qeyri-ərzaq mallarına olan tələbatının ödənilməsi məqsədilə Azərbaycan Respublikası Müdafiə Nazirliyi və Dövlət Sərhəd Xidmətinin məsul əməkdaşlarına təhvil verilmişdir. Digər bir hissəsi xx.xx.2021-ci il tarixli aktla X5 qaytarılmışdır. Birliyin Baş anbarında Birlik tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli 2300/102Ş saylı Əmr əsasında yaradılmış komissiya üzvləri ilə birlikdə anbarın sayımı həyata keçirilərkən 126 S saylı aktda qeyd olunan dərman preparatlarının qoşmada qeyd olunan adda və sayda hissəsi Birliyin anbarında olduğu komissiya üzvləri tərəfindən müəyyən edilmişdir və hal-hazırda həmin mallar Birliyin anbarında saxlanılmaqdadır. Birliyin anbarında mövcud olan dərman preparatları və tibbi ləvazimatların müvafiq məhkəmə qərarı və müraciət əsasında təhvil verilməsi təmin edilə bilər. Müvafiq sorğu əsasında Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən AR CM-in 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə məhkum edilmiş İddiaçı cinayət işindən maddi sübutlara dair hissədə icrası barədə göndərilmiş və daxil olmuş sənədlərin surətləri məhkəməyə təqdim edilmişdir. Həmin məktuba əlavə edilmiş: -Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli İcra vərəqəsinin surətindən görünür ki, Məhkəmə X6, X3, X1, X2 və İddiaçı Azərbaycan Respublikası CM-nin 206.3.2, 200-1.2.2 və 200-1.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə baxaraq Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanlan “Mercedes Benz 2528” markalı, 01CB168101ZA568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsnin yük yerində olan yük müşaiyət sənədlərində göstərilmiş 5 adda 537 qutu tibbi ləvazimat və həmçinin “DAF TE47MS’ markalı. 90DF262/992A866 dövlət nömrə nişanlı və QAZ-3302 markalı, 85BE759 dövlət nömrə nişanlı nəqliyyat vasitələrində olan və boşaldılacaq dərman qutularının yerinə qoyulması məqsədilə gətirilmiş 39 qutu hər birində 150 ədəd ördək, 14 qutu hər birində 50 ədəd sürgü və 19 qutu hər birində 750 ədəd plastik stəkandan ibarət tibbi ləvazimatlan və 57 adda, 123071,12 manat dəyərində olan Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş dərman vasitələri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1-ci maddəsinin tələbinə əsasən gömrük rəsmiləşdirilməsi apanldıqdan sonra qanuni sahibinə qaytarılmasını, Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyində saxlanılan “Mercedes Benz 2528' markalı, 01CB168/01ZA568 dövlət nömrə nişanlı nəqliyyat vasitəsi və 'DAF TE47MS' markalı, 90DF262/992A866 dövlət nömrə nişanlı nəqliyyat vasitələrinin sahiblərinə qaytarılmasını hökm etmişdir. Hökm 20 noyabr 2020-ci ildə qanuni qüvvəsini almışdır. -Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli 1(100)- 32/2020 №-li hökmün və ya digər yekun qərarının icrası barədə Göstərişin surətindən görünür ki, maddi sübuta dair icra vərəqəsi icra edilməsi üçün Dövlət Gömrük Komitəsinin «Azərterminalkompleks» Birliyinə göndərilmişdir. -Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının xx.xx.2020-ci il tarixli, 1(104)- 153/2020 №-li qərarının surətindən görünür ki, məhkəmə kollegiyası Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-32/2020 №-li hökmündən məhkumlar tərəfindən verilmiş apellyasiya şikayətləri üzrə cinayət işinə baxaraq sözügedən dərman preparatlarının hər birindən bir ədəd nümunə saxlanılmaqla qalan dərman preparatlarının Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinə və ya Müdafiə Nazirliyinə təhvil verilməsini qərara almışdır. Qərarın icrası Dövlət Gömrük Komitəsinin “Azərterminalkompleks” Birliyinə tapşırılmışdır. İşin araşdırılan hallarından görünür ki, Gəncə Ağır Cinayətlər Məhkəməsinin xx.xx.2021-ci il tarixli, 1(100)-32/2020 №-li hökmünə əsasən maddi sübut qismində götürülmüş 5 adda 537 qutu tibbi ləvazimat və 39 qutu hər birində 150 ədəd ördək, 14 qutu hər birində 50 ədəd sürgü və 19 qutu hər birində 750 ədəd plastik stəkandan ibarət tibbi ləvazimatlarının və 57 adda, 123071,12 manat dəyərində olan Azərbaycan Respublikasında dövlət qeydiyyatından keçmiş dərman vasitələrinin qərar icra edildiyi zaman, yəni müvafiq gömrük rəsmiləşdirilməsi aparıldıqdan sonra qanuni sahibinə qaytarılması müəyyən edilmişdir. Hökm qanuni qüvvəsini aldıqdan sonra icraya yönəlmiş və maddi sübutlara dair icra vərəqəsi icra edilməsi üçün xx.xx.2021-ci il tarixdə AR Dövlət Gömrük Komitəsinin “Azərterminalkompeks” Birliyinə göndərilmişdir. Hazırda iddiaçı yuxarıda göstərilən malların ona qaytarılmadığını və məhkəmənin müvafiq hökmü vaxtında icra edilmədiyindən Birlikdə saxlanılan 5 adda 537 qutu tibbi ləvazimatın, 57 adda dərman vasitələrinin istifadə müddətinin bitdiyini və istifadəyə yararsız hala düşdüyünü bildirir və cavabdeh AR Dövlət Gömrük Komitəsinin hərəkətsizliyi nəticəsində həmin malların dəyəri olan 111000 (yüz on bir min) manat məbləğində vurulmuş ziyanın cavabdehdən xeyrinə tutulmasını tələb edir. Məhkəmə aşağıdakılara əsasən hesab edir ki, hazırkı işə inzibati məhkəmə icraatı qaydasında baxılması yolverilməzdir. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı Qərarında qeyd edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. Göründüyü kimi, tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. İnzibati məhkəmə icraatı qaydasında baxılmalı olan istənilən növ iddia yalnız onun verilməsi üçün nəzərdə tutulmuş şərtlərə kompleks şəkildə cavab verdiyi və əsaslandırıldığı halda inzibati məhkəmə icraatı qaydasında baxıla bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 2.0.1-ci maddəsinə əsasən, inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir; 2.0.2-ci maddəsinə əsasən, inzibati akt– inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir; 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Həmin Qanunun 4.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunla onların səlahiyyətinə aid edilmiş işlər üzrə inzibati icraatı həyata keçirirlər. AR İPM-in 1.1-ci maddəsinə görə, bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin (bundan sonra - inzibati mübahisələr) məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. İstinad olunan Plenum Qərarının 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir (12-ci bənd). Məhkəmə göstərilənləri hazırkı mübahisəyə tətbiq edərək qeyd edir ki, inzibati məhkəməyə iddia ilə müraciət hüququ inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmuş müəyyən şərtlərə və məhdudiyyətlərə, o cümlədən mübahisənin yarandığı hüquq münasibətinin xarakteri ilə bağlı məhdudiyyətlərə tabedir. Bu baxımdan, inzibati məhkəmə icraatında iddianın digər mümkünlük şərtlərindən əvvəl yoxlanılmalı olan əsas mümkünlük şərti həmin iddianın predmetinin inzibati hüquq mübahisəsinə və həmin mübahisənin inzibati hüquq münasibətlərindən yaranmasına bağlı olmasıdır. Baxılan iş üzrə iddiaçının hüquqi marağı qanuni qüvvəyə minmiş məhkəmə hökmünün icra edilməməsi ilə bağlı cavabdeh inzibati orqanın ehtimal edilən hərəkətsizliyi nəticəsində ona vurulmuş maddi ziyanın kompensasiyasına nail olmaqdan ibarətdir. Göründüyü kimi, hazırkı mübahisənin predmeti cavabdeh inzibati orqanın publik fəaliyyəti ilə bağlı olmamaqla tərəflər arasındakı inzibati hüquq münasibətlərindən yaranmamışdır. Halbuki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmçinin nəzərə almaq lazımdır ki, İPM-in 2.2.7-ci maddəsinə görə, yalnız inzibati mübahisələrin həlli ilə bağlı əmlak tələbinə, habelə inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi tələbinə dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. AR Dövlət Gömrük Komitəsi əlbəttə ki, inzibati orqandır, lakin hazırkı tələb cavabdeh qurumun publik fəaliyyətindən irəli gələn mübahisə ilə bağlı olmadığından inzibati mübahisə deyildir. Belə olan halda, məhkəmə aktının vaxtında icra edilməməsi və onun nəticələri ilə bağlı hərəkətlər (hərəkətsizlik) “İnzibati icraat haqqında” Qanun anlamında inzibati orqanın inzibati icraat çərçivəsində fəaliyyəti kimi qiymətləndirilə və həmin mübahisələrə də inzibati prosessual qanunvericiliyin tələblərinə uyğun baxıla bilməz. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 506.0-cı maddəsinə əsasən hökm və ya məhkəmənin digər yekun qərarlarını çıxarmış məhkəmələr (onların çıxarılması zamanı məhkəmə iclasında sədrlik edən hakimlər) aşağıdakı hərəkətləri yerinə yetirməlidirlər: 506.0.1. məhkəmələrin qanuni qüvvəyə minmiş hökmlərinin və ya digər yekun qərarlarının icrası barədə dərhal göstəriş vermək. Həmin Məcəllənin 507.1-ci maddəsinə əsasən hökmün və ya məhkəmənin digər yekun qərarının icrası barədə hakimin göstərişi, bir qayda olaraq, məhkəmənin müvafiq hökmünün və ya qərarının qanuni qüvvəyə mindiyi andan təxirə salınmadan yerinə yetirilir. Həmin Məcəllənin 507.4-cü maddəsinə əsasən, hökmün və ya məhkəmənin digər yekun qərarının icra edilməsi haqqında hakimin göstərişi hökm və ya məhkəmənin digər yekun qərarının icraya yönəldilməsi vəzifəsi üzərinə qoyulmuş müəssisə və orqanların vəzifəli şəxslərinə göndərilir. Hakimin göstərişi ilə birlikdə, həmçinin məhkəmənin müvafiq hökmünün və ya digər yekun qərarının surəti göndərilir. Həmin Məcəllənin 508.1-ci maddəsinə əsasən müvafiq müəssisə və ya orqanların vəzifəli şəxsləri təxirə salınmadan hökm, yaxud məhkəmənin digər yekun qərarının lazımınca icrasını təmin etməli və onun icraya yönəldilməsi barədə göstəriş vermiş hakimə dərhal məlumat verməlidirlər. Həmin Məcəllənin 508.3-cü maddəsinə əsasən, bu Məcəllənin 508.1 və 508.2-ci maddələrinin tələblərinə müvafiq olaraq hökmün və ya məhkəmənin digər yekun qərarının icrasından boyun qaçıran, yaxud onları lazımınca icra etməyən müvafiq orqanların vəzifəli şəxsləri Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş cinayət məsuliyyəti daşıyırlar. Həmin Məcəllənin 518.0-cı maddəsinə əsasən hökmü və ya digər yekun qərarını çıxarmış məhkəmə onun icrası zamanı yaranan aşağıdakı şübhə və anlaşılmazlıqları məhkumun və ya barəsində cinayət-hüquqi tədbirlər tətbiq edilmiş hüquqi şəxsin nümayəndəsinin ərizəsi, cəzanı və ya cinayət-hüquqi xarakterli digər tədbirləri icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz təşəbbüsü ilə həll etmək hüququna malikdir: 518.0.3. hökmlə həll edilmədiyi və ya anlaşılmazlıqla həll edildiyi halda qətimkan tədbiri, məhkəmə xərclərinin bölüşdürülməsi və ya maddi sübutların taleyi haqqında məsələləri həll etmək. İstinad olunan cinayət-prosessual qanunvericliyinin normalarından göründüyü kimi hökmün icrası ilə bağlı göstərişin icra edilməsində xüsusi qaydalar mövcuddur. “İcra haqqında” Qanunun tələbinə əsasən icra sənədinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Hazırkı mübahisə üzrə icra sənədi Gəncə Ağır Cinayətlər Məhkəməsi tərəfindən verilmişdir. Məhkəmə hesab edir ki, hökmün və ya məhkəmənin digər yekun qərarının icrası çərçivəsində cavabdehin hərəkətlərinin qanuniliyinin yoxlanılması ilə bağlı tələb inzibati məhkəmə icraatı qaydasında deyil, qanuni qüvvəsini almış məhkəmə aktlarının icrasının davamı olaraq icra sənədini vermiş və icraya nəzarət edən məhkəmədə mübahisələndirilə və həmin icraatda vurulmuş ziyanın əvəzinin ödənilməsi ilə bağlı məsələlərə münasibət bildirilə bilər. Nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Konstitusiyasının 129-cu maddəsinə əsasən, məhkəmənin qəbul etdiyi qərarlar dövlətin adından çıxarılır və onların icrası məcburidir. Həmçinin, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “İcra haqqında” Qanunun 20-ci maddəsinin şərh edilməsinə dair xx.xx.2017-ci il tarixli qərarında göstərilmişdir ki, “...qanuni qüvvəyə minmiş məhkəmə qərarının icrası məhkəmə müdafiəsi hüququnun tərkib hissəsi olmaqla pozulmuş hüquqların bərpa olunmasında xüsusi önəm daşıyır. Belə ki, məhkəmə qərarının vaxtında və düzgün icra olunmaması bütövlükdə məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini səmərəsiz və qəbul olunmuş qərarı əhəmiyyətsiz edər. İPM-in 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Beləliklə, aparılmış qiymətləndirmənin nəticəsi olaraq məhkəmə belə qənaətə gəlir ki, hazırkı iş üzrə ərizəyə inzibati məhkəmə icraatında baxıla bilməz. Odur ki, iddia mümkün sayılmamalıdır. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 35, 80, 81 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov
Məhkəmə qərarları › İş №2-1(112)-5308/2024
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5308/2024
05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver