Məhkəmə qərarları › İş №2-1(112)-5309/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5309/2023

17.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5309/2023 17.03.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “çıxarışın verilməsi” tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı çıxarışın verilməsi barədə məhkəməyə müraciət etmişdir. İddia ərizəsinin məzmunundan göründüyü kimi Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 34-35 ünvanında yerləşən 1048 m2 torpaq sahəsi iddiaçının istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində üzvlük kitabçası mövcuddur. İddiaçı torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin təqdim etdiyi etirazdan görünür ki, cavabdeh iddianı etiraz ilə qarşılayır və bu halı onunla əsaslandırır ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Krasnaya Zvezda” bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında İddiaçı adı aşkar olunmamışdır. Elektron kadastr baza məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin bir hissəsi 23 saylı bağ sahəsinin ərazisinə uyğun gəlir. Həmçinin, texniki baxış keçirilən zaman iki bağ sahəsinin bir hasar daxilində yerləşir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. İddia tələbinin mahiyyəti ilə bağlı isə məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, imtina məktubunun və yazılı etirazın surətindən görünür ki, cavabdeh iddiaçının müraciətinin təmin olunmaması üçün 3 əsas gətirir:

1. Bağçılıq-yoldaşlıq təsərrüfatı üzvlərinin siyahısında iddiaçının adının aşkar olunmaması;

2. Elektron kadastr məlumatlarına əsasən qeyd edilən bağ sahəsinin bir hissəsinin 23 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsi;

3. İki bağ sahəsinin bir hasar daxilində yerləşməsidir. İddiaçının müraciətinin təmin olunmamasının əsası kimi yuxarıda göstərilmiş halların əmlakın özəlləşdirilməsinə dair maneənin yaradıb-yaratmamasına qiymət verilməsi üçün əmlaka dair hüquqmüəyyənedici sənədlərin əhatə dairəsi müəyyən edilməlidir. Bağ sahəsinə dövlət reyestrində hüququn qeydə alınması, ondan imtina edilməsi və digər hallar aşağıdaki qanunvericiliyin müddəaları ilə tənzimlənir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.9-cu maddəsinə əsasən əşyaya mülkiyyət hüququ həmin əşyanın mühüm tərkib hissələrinə də şamil edilir. Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin: 84.1-ci maddəsinə görə torpaq istifadəçilərinin hüquqları qanunla qorunur. Bununla da, qanun torpaq istifadəçilərinin hüquqlarını qorumaqla, həmin hüquqların həyata keçirilməsində maneçilik törədən halların aradan qaldırılmasına təminat verir. «Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanunun: 9-cu maddəsinə əsasən vətəndaşların qanuni istifadəsindəki fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqlar qanunvericiliklə müəyyən olunmuş qaydada əvəzsiz olaraq onların mülkiyyətinə verilir. 10-cu maddəsinin 1-ci abzasına əsasən həyətyanı sahələr və bağlar altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Həmin maddənin 4-cü abzasına əsasən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və bağların altında olan torpaqlar üzərində vətəndaşların mülkiyyət hüququ yerquruluşu işlərinin tərtibi ilə torpaqayırma qaydasında hazırlanan sənədlər əsasında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun: 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.7-ci maddəsinə əsasən 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının (şəhər (rayon) icra hakimiyyəti orqanları nəzərdə tutulur) nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər, kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsi üçün əsasdır. 10.2-ci maddəsinə görə qeydiyyata orqanına verilən ərizəyə hüquqların dövlət qeydiyyatı üçün bu Qanunun 8-ci maddəsində nəzərdə tutulmuş əsaslardan biri, torpaq sahəsinin plan və ölçüsü, torpaq sahəsində yerləşən bina, qurğu, tikililərin və digər daşınmaz əmlakın texniki pasportu, plan-cizgisi əlavə olunur. 12.1-ci maddəsinə görə daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən verilən dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli Fərmanı ilə təsdiq edilmiş «Vətəndaşların qanuni istifadəsindəki (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqların onların mülkiyyətinə verilməsi haqqında» Əsasnamədə isə təsbit olunmuşdur ki, vətəndaşların qanuni istifadəsində və ya icarəsində olan (fərdi yaşayış evlərinin, həyatyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların, dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların) torpaqlar əvəzsiz olaraq onların mülkiyyətinə verilir. Fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların altında olan torpaqlar vətəndaşların mülkiyyətinə onların qanuni istifadəyə və ya icarəyə götürdükləri ölçüdə verilir. Göstərilən torpaqları öz mülkiyyətinə keçirmək üçün vətəndaşlar ərizə ilə Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsinə müraciət edirlər. Ərizəyə vətəndaşların fərdi yaşayış evlərinin, həyətyanı sahələrin, fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaqların onların qanuni istifadəsinə və ya icarəsinə verilməsini təsdiq edən sənədin surəti əlavə edilməlidir. Azərbaycan Respublikası Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi və Naxçıvan Muxtar Respublikası Dövlət Torpaq Komitəsi ərizənin daxil olduğu gündən etibarən 30 gün ərzində vətəndaşlara onların mülkiyyətinə verilən fərdi yaşayış evlərinin, həyətyanı sahələrin və fərdi, kollektiv və kooperativ bağların və dövlət bağçılıq təsərrüfatının idarəçiliyindəki bağların altında olan torpaq sahəsi üzrə torpaq sahəsinin planını və ölçüsünü hazırlayıb verir. Vətəndaşların torpaq üzərində mülkiyyət hüququ qanunvericiliklə müəyyən edilmiş qaydada daşınmaz əmlakın dövlət reyestrində dövlət qeydiyyatına alınır və həmin reyestrdən çıxarışla rəsmiləşdirilir. Sadalanan normaların birgə təhlilindən görünür ki, ümumiyyətlə, bağ sahəsi üzərində xüsusi mülkiyyət hüquqlarının yaranması əsasları “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunun 8-ci maddəsi ilə tənzimlənir. Həmin maddədə həm üzvlük kitabçasının, həm də üzvlərin iclasının protokolundan çıxarışın kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilməsini sözügedən sənədlərin mötəbərliyinin əsas şərti kimi göstərmişdir. Belə halda, fiziki şəxsin həmin bağ sahəsi üzərində hüququ mövcüd olur və qanunvericiliyin tələbləri əsasında, onun həmin bağ sahəsinin özəlləşdirilməsini tələb etmək hüququ yaranır. Şərh olunan qanunvericiliyin müddəalarından irəli çıxaraq Məhkəmənin formalaşdırdığı mövqeyi odur ki, iddiaçının mübahisələndirilən bağ sahəsi üzərində mülkiyyət hüquqları yaranmışdır ki, həmin hüquqlar daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmaqla bu barədə müvafiq çıxarış verilməlidir. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş üzvlük kitabçasından (əsli) görünür ki, İddiaçı “Krasnaya zvezda” bağçılıq-yoldaşlıq təsərrüfatının üzvü olmuş və ona Zirə qəsəbəsi ərazisində 34,35 saylı bağ sahələri ayrılmışdır. Göründüyü kimi, iddiaçı mübahisə predmetini təşkil edən bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınması üçün hüquqmüəyyənedici sənədə malikdir. Sözügedən sənədin mövcudluğu isə şübhə doğurmur. Çünki, hər nə qədər də cavabdeh iddiaçının adının kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında olmamasına istinad etsə də, iddiaçının bağ sahəsi üzərində hüquqlarının qeydə alınması üçün üzvlük kitabçası mövcuddur. Digər tərəfdən isə nəzərə alınmalıdır ki, sözügedən bağ sahələri ilə bağlı hüquqmüəyyənedici sənədlərin təqdim edilməsi ilə bağlı sorğuya cavab məktubunda həmin nömrə altında olan bağ sahəsinə dair digər fiziki şəxsin adına sənədin olub-olmaması və ya sözügedən bağ sahələri üzərində mülkiyyət hüququnun qeydə alınması ilə bağlı hər hansı bir fiziki şəxsin müraciətinin olub-olmaması cavabdeh tərəfindən bildirilməmişdir. Məhkəmə xüsusi ilə diqqətə çatdırmağı zəruri hesab edir ki, Bakı İnzibati Məhkəməsinin anoloji digər işi olan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-954/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarı ilə “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığı tərəfindən iddiaçı X2 istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 23-24 ünvanında yerləşən 1048 m2 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilmişdir. Həmin qərardan verilmiş apellyasiya şikayəti üzrə işə baxan Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2828/2022 saylı iş üzrə qəbul etdiyi 27 dekabr 2022-ci il tarixli qərarı ilə apellyasiya şikayəti təmin edilməmiş və qərar qüvvədə saxlanılmışdır. Apellyasiya instansiya məhkəməsi “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının arxivdə saxlanılan qovluğundakı sənədlərə baxış keçirilərək müəyyən edilmişdir ki, Azərbaycan SSR Ali Ümumhərbi Komandanlıq Məktəbinə (sonrakı adı Bakı Ali Hərbi Məktəbi) məxsus olmuş “Krasnaya Zvezda” bağçılıq yoldaşlıq təsərrüfatı xx.xx.1987-ci ildə yaradılmış və 64 nəfərdən ibarət üzvlərinin siyahısı həmin ildə tərtib edilmişdir. Qovluqda olan xx.xx.2000-ci il tarixdə Bakı şəhəri X1 və İstismarı Birliyinin bağçılıq yoldaşlığı şöbəsinin mühəndisləri və “Krasnaya Zvezda” bağçılıq-yoldaşlığının üzvləri Kazbek Kurbanov, Lyudmila Poqrevnaya, İlham Quliyev, Elman Quliyev, Kamal Quliyev, Rza Rüstəmli, Qadir Kerimov tərəfindən imzalanmış aktda qeyd edilmişdir ki, “Krasnaya Zvezda” bağçılıqyoldaşlığının ərazisində Bakı şəhər İcra hakimiyyəti Başçısının “Bağçılıq yoldaşlıqları üçün ayrılmış ərazilərdə istifadəsiz qalmış boş torpaq sahələrinin verilməsi barədə” xx.xx.1998- ci il tarixli 124 saylı sərəncamının yerinə yetirilməsi ilə bağlı yoxlama aparılmış, yoxlama nəticəsində müəyyən olunmuşdur ki, bağçılıq yoldaşlığın bağ sahələri 64 nəfər üçün ayrılsa da cəmi 24 nəfər bağçılıq üzvü öz sahəsindən səmərəli istifadə edir. Qalan 40 nəfər isə 5 ildən artıq müddət ərzində bağ sahələri almalarına baxmayaraq həmin sahələrdə heç bir abadlıq və becərmə işləri aparılmamış və ərazi boş istifadəsiz qalmışdır. Apellyasiya instansiya məhkəməsi hesab etmişdir ki, qeyd edilən aktı imzalamış üzvlərin adlarının “Krasnaya Zvezda” bağçılıq yoldaşlığının 1987-ci il tarixdə tərtib edilmiş ilk siyahısında olmaması onu təsdiq edir ki, bağçılıq yoldaşlığa yeni üzvlər qəbul edilmiş, lakin üzvlərin yeni siyahısı tərtib edilməmiş, əgər tərtib edilmişdirsə arxivdəki qovluğa əlavə edilməmişdir. Eyni zamanda akta əsasən müəyyən olunur ki, istifadəsiz qalmış bağ sahələrinin müəyənləşdirilməsi üçün yoxlama təşkil edilmiş, lakin bağ sahələrinin yeni üzvlərə paylanması ilə bağlı protokol və qərar qovluğa əlavə edilməmişdir. Eyni zamanda nəzərə alınmalıdır ki, həmin məhkəmə qərarından kassasiya şikayəti verilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2-1(103)-2828/2022 saylı iş üzrə qəbul etdiyi 27 dekabr 2022-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. Məhkəmə, analoji iş üzrə apellyasiya instansiya məhkəməsinin mövqeyini hazırki işin faktiki halları ilə birgə təhlil etdikdə hesab edir ki, iddiaçı iddia olunan bağ sahəsinə münasibətdə qanunvericilikdə nəzərdə tutulmuş sənədlərə malik olduğundan, cavabdehin imtina əsası kimi istinad etdiyi 1 hal hazırki iddianın təmin edilməməsinə əsas vermir. Cavabdehin imtina əsası kimi göstərdiyi 2 hala münasibətdə məhkəmə bildirir ki, hər nə qədər də cavabdeh qeyd edilən bağ sahəsinin bir hissəsinin 23 saylı bağ sahəsinin ərazisinə uyğun gəlməsi ilə bağlı mülahizələr irəli sürsə də, bu halı təsdiq edən mötəbər dəlil təqdim etməmişdir. Göründüyü kimi, cavabdeh yalnız faktiki mülahizələrə əsaslanaraq, heç bir hüquqi əsasa söykənmədən və dəlil olmadan bağ sahəsinin 23 saylı bağ sahəsinin ərazisinə uyğunluğunu müəyyən etmişdir. Məhkəmə qeyd edir ki, hətta cavabdeh bu halı təsdiq edən sübut təqdim etsə belə, bu hal iddiaçının ziyanına şərh edilmir. Çünki, həmin ərazidə yerləşən 23 saylı bağ sahəsi iddiaçının yoldaşı X3 məxsusdur ki, onun iddia olunan bağ sahəsi üzərində artıq mülkiyyət hüquqlarının qeydiyyatı həyata keçirilmişdir ki, bu zaman bağ sahələrin üst-üstə düşdüyü halı müəyyən olunmamışdır. Cavabdehin imtina əsası kimi göstərdiyi 3 hala münasibətdə məhkəmə bildirir ki, məhkəmə icraatı zamanı təqdim olunmuş müayinə aktından da göründüyü kimi, iki bağ sahəsi bir hasar və çəpər daxilindədir, bir tərəfinin bir hissəsi şərtidir, döngə nöqtələrinə 3- 4 ədəd m.daşı qoyulmuşdur, ara sərhədləri şərtidir. Hazırda bağ sahələrinin faktiki ölçüsü 1.048 m2 təşkil edir. Məhkəmə qeyd edir ki, sözügedən bağ sahələrinin faktiki ölçülərinin 1.048 m2 təşkil etməsi, eyni zamanda iki bağ sahəsinin bir hasar daxilində yerləşməsi hər hansı digər fiziki şəxsin mülkiyyət hüquqlarını pozmur. Məhkəmə işin qeyd edilən hallarını, iddiaçının “Krassnaya Zvezda” bağçılıqyoldaşlığının üzvü olduğunun və ona həmin təsərrüfat təəfindən verilmiş üzvlük kitabçasının mötəbərliyinin mübahisələndirilmədiyini, 1991-ci ildən sahiblik və istifadə etdiyi bağ sahələri üzərində mülkiyyət hüququnu əldə etməyə iddiaçının qanundan («Torpaq islahatı haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu və 10-cu maddələri) irəli gələn “qanuni gözlənti”si olduğunu, 20 ildən artıq müddət ərzində bağ sahələri üzərində iddiaçının hüquqlarına dövlət tərəfindən hər hansı müdaxilə edilmədiyindən bu hüquqların tanındığını, “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığı halhazırda fəaliyyət göstərmədiyindən iddiaçının onun adı olan üzvlərin yeni siyahısının təqdim edilməsi ilə bağlı müraciət etmək imkanı olmadığını nəzərə alaraq hesab edir ki, iddiaçının tələbi əsaslı olmuşdur. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, Məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır. Göstərilənlərə və İPM-in 23.1-ci, 69-cu, 75-ci, 81-ci və 85-ci maddələrinə əsaslanaraq, Məhkəmə qərara aldı: İddia təmin edilsin. “Krassnaya Zvezda” bağçılıq-yoldaşlığı tərəfindən İddiaçı istifadəsinə verilmiş və faktiki sahibliyində olan Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi, 34-35 ünvanında yerləşən 1048 m2 torpaq sahəsi üzərində iddiaçının mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması və bu barədə çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) apelyasiya şikayəti verilə bilər.

Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar