Məhkəmə qərarları › İş №2-1(112)-5311/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5311/2021

05.07.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5311/2021 05.07.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Ağalarov Həmid Azər oğlunun sədrliyi, məhkəmə iclasının katibi X9 qızının katibliyi, iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə, cavabdehin nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə müavinətin əvvəlki dövrlər üzrə birdəfəlik ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: İddiaçı Qanuni nümayəndə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ailə başçısını itirməyə görə müavinətin əvvəlki 3 il üçün (01.02.2016-cı ildən 01.02.2019-cu ilədək) birdəfəlik ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı Qanuni nümayəndə X5 ilə rəsmi nikaha girərək ailə qurmuşdur. Birgə nikahlarından xx xxxx 2008-ci ildə Sultan adlı uşaqları doğulmuş, sonradan Qafqaz Paşayevlə aralarında olan nikahları pozulmuşdur. Keçmiş əri itkin düşmüş, daha sonra Şəki Rayon Məhkəməsinə iddia ərizəsilə müraciət edərək, X3 ölmüş elan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Şəki Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(075)-4011/2018 saylı qətnaməsi ilə 12 yanvar 1977-ci ildə Şəki şəhərində anadan olmuş X3 ölmüş elan edilməsi qət edilmişdir. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Lakin əvvəlki 3 il üçün, yəni 01.02.2016-cı ildən 01.02.2019-cu ilədək verilməli olan müavinət ödənilməmişdir. Bu barədə cavabdeh inzibati orqana müraciət etmiş, lakin müraciətinin təmin edilməsindən imtina olunmuşdur. İmtina qanunsuzdur. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin (bundan sonra mətndə – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İPM-in 47-ci və 49-cu maddələrinə uyğun olaraq işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə iddiaya qarşı yazılı münasibət bildirilməsi məqsədilə iddia ərizəsi və ona əlavə olunmuş sənədlərin surətləri cavabdehə təqdim edilmişdir. İş üzrə cavabdeh iddiaya qarşı etirazını yazılı şəkildə məhkəməyə təqdim edərək bildirmişdir ki, iddiaçı 05.02.2019-cu il tarixdə ailə başçısını itirməyə görə sosial müavinətin təyin edilməsi tələbi ilə DSMF-nin Şəki rayon şöbəsinə müraciət etmiş və ona (azyaşlı övladına münasibətdə) 07.01.2019-cu il tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edilmişdir. Lakin iddiaçı “Sosial müavinətlər haqqında” Qanunun 9.1-ci maddəsinə istinad edərək, inzibati orqanın təyinatla bağlı qərarının qanunamüvafiq olmadığını – ona müraciət etdiyi tarixdən əvvəlki üç illik dövr üzrə ödəmələrin həyata keçirilməli olduğunu iddia etmişdir. Adında da ifadə olunduğu kimi, sözügedən müavinətin təyin edilməsi ilə bağlı hüquq münasibətlərinin yaranmasına əsas qismində iştirak edən hüquqi fakt ailə başçısının ölümüdür. Hazırkı iş üzrə ailə başçısının ölümü faktı hüquqi əhəmiyyəti olan fakt qismində 04.12.2008-ci il tarixli Şəki Rayon Məhkəməsinin qətnaməsi ilə müəyyən olunur. Həmin qətnamə 07.01.2019-cu il tarixdə hüquqi qüvvəsini almışdır. Deməli iddiaçının tələb etdiyi sosial müavinətə hüququn əsası olan ailə başçısını itirmə faktı məhkəmə qətnaməsinin qüvvəyə mindiyi – 07.01.2019-cu il tarixdə baş vermişdir. Yəni sözügedən müavinətə tələb hüququ həmin tarixdən yaranmışdır. Cavabdeh orqan vətəndaşa müraciət edilmə tarixindən (05.02.2019) asılı olmayaraq, onun iddia etdiyi müavinətə hüququnun yarandığı tarixdən ailə başçısını itirməyə görə sosial müavinət təyin edərək qanunvericilik hədlərində davranmış, heç bir qanun pozuntusuna yol verməmişdir. İPM-in 13 və 48-ci maddələrinə əsasən məhkəmə tərəfindən iddiaçı Qanuni nümayəndə hüquqi yardım göstərilərək, izah edilmişdir ki, ailə başçısını itirməyə görə müavinət vəfat etmiş şəxsin uşaqlarına təyin edildiyi halda, hazırkı tələblə öz adından müraciət etmişdir, hansı ki, bilavasitə iddiaçı qismində deyil, məhdud fəaliyyət qabiliyyətli şəxs kimi hüquqlarının pozulmasına əsaslanan İddiaçı qanuni təmsilçisi qismində icraatda iştirak edə bilər. Məhkəmə iclasında iddiaçı Qanuni nümayəndə məhkəməyə müraciət edərək, onun əsl İddiaçı ilə əvəz edilməsini və özünün yetkinlik yaşına çatmayan iddiaçının qanuni nümayəndəsi qismində tanınmasını xahiş etmişdir. Məhkəmənin protokol qaydasında qəbul etdiyi qərardadla əsl olmayan iddiaçı Qanuni nümayəndə əsl İddiaçı ilə əvəz edilmiş, Qanuni nümayəndə İddiaçı qanuni nümayəndəsi qismində tanınmışdır. Məhkəmə iclasında iddiaçının qanuni nümayəndəsi iddia ərizəsinin dəlillərinə uyğun izahat verərək, iddianın təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında cavabehin nümayəndəsi etiraz ərizəsinə uyğun izahat verərək, iddia təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımı qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək hesab edir ki, iddia təmin edilməməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: AZ-İİ seriyalı 615474 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdə Şəki şəhərində doğulmuş, atası X6, anası Qanuni nümayəndədır; Şəki Rayon Məhkəməsinin 27 dekabr 2016-cı il tarixli, 2(075)-12999/2016 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək, 12 yanvar 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş, Şəki şəhəri N.Nərimanov küçəsi 4/1A nömrəli evdə qeydiyyatda olan X5 xəbərsiz itkin düşmüş elan edilmişdir; Şəki Rayon Məhkəməsinin 04 dekabr 2018-ci il tarixli, 2(075)-4011/2018 saylı qətnaməsindən görünür ki, ərizə təmin edilərək, 12 yanvar 1977-ci il tarixdə Şəki şəhərində anadan olmuş X5 ölmüş elan edilmiş, onun ölüm günü qətnamənin qanuni qüvvəyə mindiyi gün hesab edilmişdir; Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialının 19 fevral 2021-ci il tarixli imtina məktubunda göstərilmişdir, ailə başçısını itirməyə görə müavinət qanunauyğun olaraq təyin edilmişdir. Məhkəmə araşdırması zamanı təqdim edilmiş müavinət işinin təsdiq edilmiş surətindən görünür ki, sözügedən müavinətin təyin edilməsi ilə bağlı iddiaçının qanuni nümayəndəsi Qanuni nümayəndə tərəfindən 05.02.2019-cu il tarixdə cavabdeh inzibati orqana müraciət edilmiş, 07.01.2019-cu il tarixdən həmin müavinət təyin edilmişdir; Müavinət işində olan ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X3 ölüm günü kimi 07.01.2019-cu il qeyd edilmişdir. İş materialları ilə müəyyən olunur ki, İddiaçı atası X1 Rayon Məhkəməsinin 04.12.2008-ci il tarixli qətnaməsi ilə ölmüş elan edilmişdir. Həmin qətnamə 07.01.2019-cu il tarixdə qanuni qüvvəsini almışdır. Sonuncunun ölüm günü məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gün sayılmışdır. İddiaçı 05.02.2019-cu il tarixdə cavabdeh inzibati orqana ailə başçısını itirməyə görə müavinətin təyin edilməsi ilə bağlı müraciət etmiş, 07.01.2019-cu il tarixdən ona sözügedən müavinət təyin edilmişdir. Hazırda iddiaçı müavinətin əvvəlki dövrlər üzrə birdəfəlik ödənilməsi tələbini irəli sürür. Məhkəmə iddiaçının iddia tələbini aşağıda göstərilənlərə görə əsassız hesab edir. Azərbaycan Respublikasının Konstitusiyasının 38-ci maddəsinə əsasən, hər kəsin sosial təminat hüququ vardır, hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. (İ və İİİ hissələr) “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 4.0, 4.0.1 və 4.0.1.5-ci maddələrinə əsasən, ailə başçısını itirməyə görə müavinət bu Qanunla təyin edilən aylıq müavinətlərdən biridir; 7.0 və 7.0.5-ci maddələrinə əsasən, ailə başçısını itirməyə görə müavinət aşağıdakı hallarda təyin edilir: 7.0.5.1. əmək qabiliyyəti olmayan şəxsin əmək pensiyası hüququ olmadıqda (“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 14.4-cü maddəsində göstərilən hal istisna olmaqla); 7.0.5.2. yaşından və əmək qabiliyyətindən asılı olmayaraq valideynlərdən, qardaş, bacı, baba və nənələrdən biri vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxdıqda və işləmədikdə təyin edilir. 9.1 və 9.1.4-cü maddələrinə əsasən, ailə başçısını itirməyə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün ödənilməklə, müraciət edilmə vaxtından asılı olmayaraq bu Qanunun qüvvəyə mindiyi gündən sonra onu almaq hüququ yaranan gündən aşağıdakı müddətlərə təyin edilir: 9.1.4.1. vəfat etmiş şəxsin uşaqlarına - 18 yaşına çatanadək (əyani təhsil alanlara təhsili bitirənədək, lakin 23 yaşdan çox olmamaqla); 9.1.4.2. vəfat etmiş şəxsin 18 yaşına çatanadək sağlamlıq imkanlarının məhdudluğu müəyyən olunmuş 18 yaşından yuxarı əlilliyi olan uşaqlarına - əlillik müddətinə; 9.1.4.3. vəfat etmiş şəxsin 8 yaşınadək uşaqlarına baxan və işləməyən (yaşından və əmək qabiliyyətindən asılı olmayaraq) valideynlərdən, qardaş, bacı, baba və nənələrdən birinə - uşağın 8 yaşınadək. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 41.1-ci maddəsinə əsasən, əgər şəxsin yaşayış yerində onun harada olması barədə beş il ərzində məlumat olmazsa, habelə o, ölüm təhlükəsi törədən və ya hansısa bədbəxt hadisədən həlak olduğunu güman etməyə əsas verən şəraitdə xəbərsiz itkin düşərsə və ondan altı ay ərzində xəbər çıxmazsa, o, məhkəmə qaydasında ölmüş elan edilə bilər; 41.3-ci maddəsinə əsasən, şəxsin ölmüş elan edilməsi haqqında məhkəmə qərarının qanuni qüvvəyə mindiyi gün onun ölüm günü sayılır; 41.4-cü maddəsinə əsasən, bu Məcəllənin 41.1 və 41.2-ci maddələrində nəzərdə tutulan hallarda məhkəmə şəxsin həlakının güman edildiyi günü onun ölüm günü saya bilər. Məhkəmə sadalanan qanunvericilik normalarını təhlil edərək, iddiaçının tələbinin hüquqi əsası ilə bağlı qeyd edir ki, “Sosial müavinətlər haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1-ci maddəsinin tələbinə əsasən, ailə başçısını itirməyə görə müavinət ən çoxu müraciət edilməzdən əvvəlki üç il üçün o halda ödənilir ki, müraciət edən şəxsin həmin müavinəti almaq hüququ (ailə başçısının ölümü faktı) ən azı müraciət edilməzdən üç il və daha çox əvvəl yaranmış olsun. Həmçinin əvvəlki dövr də, bu Qanunun qüvvəyə mindiyi 01.01.2006-ci il tarixlə məhdudlaşır. Hazırkı iş üzrə ailə başçısı X3 ölüm günü məhkəmənin qətnaməsinin qanuni qüvvəyə mindiyi gün (07.01.2019-cu il) sayıldığından (qətnamədə başqa günün deyil, məhz qətnamənin qanuni qüvvəyə mindiyi günün ölüm günü kimi hesab edilməsi qeyd edilmişdir) həmin tarixdən iddiaçının sözügedən müavinəti almaq hüququ yaranmışdır və cavabdeh inzibati orqan tərəfindən müraciət edilmə tarixindən (05.02.2019-cu il) asılı olmayaraq, hüququnun yarandığı 07.01.2019-cu il tarixdən də ailə başçısını itirməyə görə müavinət təyin edilmişdir. Eyni zamanda məhkəmə onu da vurğulayır ki, X3 daha əvvəl, 27 dekabr 2016-cı il tarixli qətnamə ilə xəbərsiz itkin düşmüş hesab edilməsi də vəziyyəti iddiaçının xeyrinə dəyişmir. Belə ki, “xəbərsiz itkin düşmüş hesab edilmə” fərqli institut olmaqla, şəxsin ölməsi ilə əlaqədar olan hüquqi nəticələrə səbəb olmur. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının “ailə başçısını itirməyə görə müavinətin əvvəlki dövrlər üzrə birdəfəlik ödənilməsi” tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68-69, 75.4, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına qarşı “ailə başçısını itirməyə görə müavinətin əvvəlki dövrlər üzrə birdəfəlik ödənilməsi” tələbinə dair iddiası təmin edilməsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Həmid Ağalarov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar