Məhkəmə qərarları › İş №2-1(112)-5313/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5313/2023

22.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5313/2023 22.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Bəşirli Pərvanə Böyükağa qızının katibliyi, İddiaçının nümayəndəsi Vəkil, Cavabdehin nümayəndəsi X7, Üçüncü şəxsin nümayəndəsi X8 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə (üçüncü şəxs Azərbaycan Respublikasının X16) qarşı “dövlət qulluqçusu statusunun tanınması və sair” tələbinə dair inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, müəyyən etdi: I. İşin halları

1. İddiaçı (bundan sonra – iddiaçı) xx.xx.2022-ci il tarixdə ərizə ilə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinə (bundan sonra - cavabdeh) müraciət edərək, etibarlı dövlət qulluğu münasibətlərinin, dövlət qulluqçusu statusunun və stajının tanınması məsələsinə baxılmasını xahiş etmişdir.

2. Cavabdeh 22 dekabr 2022-ci il tarixli, 1257/12-12 nömrəli məktubla iddiaçının müraciətini cavablandıraraq bildirmişdir ki, İddiaçı xx.xx.2011-ci il tarixindən Komitə Aparatının 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsi üzrə staj müddəti ilə dövlət qulluğuna qəbul edilmişdir və hal-hazırda İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Asiya ölkələri ilə iş sektorunun böyük məsləhətçisi vəzifəsini icra edir. İddiaçı diasporla iş sahəsindəki təcrübəsini və biliyini nəzərə alaraq Komitədə fəaliyyətini davam etdirməsi tərəflərindən məqsədəmüvafiq hesab edilmişdir. Azərbaycan Respublikasının vətəndaşlarının dövlət qulluğuna qəbulunun qanunvericiliyin tələblərinə uyğun olubolmamasının yoxlanılması və “X6i İnformasiya Sistemi”nə nəzarət DİM tərəfindən həyata keçirilir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Komitəyə qanunvericiliyin tələbləri pozularaq dövlət qulluğuna qəbul edilmiş şəxslərlə bağlı Mərkəz tərəfindən ünvanlanan məktubların konkret şəxslərə aid olduğu və konfidensial xarakter daşıdığı nəzərə alınaraq, məlumatların əldə edilməsi ilə bağlı, o cümlədən, İddiaçı etibarlı dövlət qulluğu münasibətlərinin və dövlət qulluqçusu statusunun tanınması üçün aidiyyəti üzrə müraciət etmək tövsiyə olunmuşdur.

3. İddiaçı daha sonra xx.xx.2023-cü il tarixdə X13 müraciət edərək əlverişli inzibati aktın 10 mart 2011-ci ildə qəbul edildiyini və dövlət qulluqçusu statusunun tanınması, gələcəkdə müsahibədə iştirak hüququnun tanınması məsələsinə baxılmasının təmin edilməsini xahiş etmiş, X16 tərəfindən iddiaçının müraciəti cavablandırılmamışdır.

4. Bundan sonra İddiaçı xx.xx.2023-cü il tarixdə cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində xx.xx.2011-ci il tarixdən hal-hazıradək qulluqda olduğu dövrləri nəzərə alaraq, etibarlı dövlət qulluğu münasibətlərinin, dövlət qulluqçusu statusunun və stajının tanınması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmənin xx.xx.2023-cü il tarixli, 2-1(112)-5313/2023 saylı qərardadı ilə Azərbaycan Respublikasının X16 üçüncü şəxs qismində hazırkı məhkəmə icraatına cəlb edilmişdir. II. Tərəflərin əsaslandırması

6. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, İddiaçı xx.xx.2009-cu il tarixdə 157 saylı əmrə əsasən Komitənin Təbliğat-İnformasiya və Analitik Təhlil şöbəsinə ştatdankənar mütəxəssis vəzifəsinə təyin olunmuşdur. xx.xx.2011-ci il tarixdə 044/1к saylı əmrə əsasən 1 (bir) il müddətinə Komitənin 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə stajçı kimi dövlət qulluğuna qəbul edilmişdir. xx.xx.2012-ci il tarixdə “Dövlət qulluğu haqqında” AR-nın Qanunun 28-ci maddəsinin 6-cı bəndini rəhbər tutaraq bir illik staj müddəti bitdiyindən əmək müqaviləsi bağlanılmaqla 6 (altı) ay sınaq müddətinə Komitənin 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə təyin olunmuşdur. xx.xx.2012-ci il tarixdə 127/1k saylı əmrə əsasən “Dövlət qulluğu haqqında” AR-nın Qanunun 28.6-cı, 16.2.6-cı və 17.1-ci maddələrinə əsas olaraq sınaq müddətinin bitdiyi nəzərə alınaraq daimi dövlət qulluğuna qəbul edilmiş və ona 2-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2013-cü il tarixli 151/1ü saylı əmrə əsasən Komitənin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2015-ci il tarixdə 106/1ü saylı əmrə əsasən İnzibati vəzifələrin beşinçi təsnifatı üzrə ona 1-ci dərəcəli dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. xx.xx.2015-ci il tarixli 138/1к saylı əmrə əsasən “Dövlət qulluğu haqqında” AR-nın Qanunun 29.2, 29.3, 32-ci maddələrinə uyğun olaraq əvvəlki vəzifə üzrə dövlət qulluğuna xitam verilərək və 3-cü Ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir. xx.xx.2018-ci il tarixli 164-k saylı əmrə əsasən AR Diasporlarla İş üzrə Dövlət Komitəsinin yeni struktur və ştat cədvəlinin təsdiq edilməsi haqqında 11 dekabr 2018-ci il tarixli 162 nömrəli əmrinə əsasən 3-cü Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) Asiya ölkələri ilə iş sektorunun böyük məsləhətçisi vəzifəsinə keçirilmişdir. xx.xx.2018-ci il tarixli 171-k saylı əmrə əsasən “Dövlət qulluğu haqqında” AR Qanunun 20.1.1-ci maddəsinə və AR Əmək Məcəlləsinin 61-ci maddəsinin 2-ci hissəsinə uyğun olaraq Komitənin 4-cü Ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) Türkdilli dövlətlərlə iş sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi müvəqqəti həvalə edilmişdir. Sonrakı tarixlərdə xx.xx.2019-cu il tarixli 025-k saylı əmr və xx.xx.2019-cu il tarixli 038-k saylı əmrə əsasən Komitənin 4-cü Ərazi şöbəsinin (Gürcüstan və türkdilli dövlətlər) Türkdilli dövlətlərlə iş sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyasının yerinə yetirilməsi müvəqqəti həvalə edilmişdir. xx.xx.2020-ci il tarixli 72-k saylı əmrə əsasən Azərbaycan Respublikası Disporlarla İş üzrə Dövlət Komitəsinin yeni strukturunun və ştat cədvəlinin təsdiq edilməsi haqqında 30 dekabr 2020-ci il tarixli 64-ü nömrəli əmrinə əsasən 3-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Asiya ölkələri ilə iş sektorunun böyük məsləhətçisi vəzifəsindən 4-cü Ərazi (Asiya, Avstraliya və Okeaniya ölkələri) şöbəsinin Asiya ölkələri ilə iş sektorunun böyük məsləhətçi vəzifəsinə keçirilmişdir və hal-hazıradək həmin vəzifədə qulluq keçir. xx.xx.2021-ci il tarixli 13-k saylı əmrə əsasən Komitənin 4-cü Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) müdir müavini-Asiya ölkələri ilə iş sektorunun müdiri vəzifəsi üzrə əmək funksiyalarının yerinə yetirilməsi 2021-ci il 1 fevral tarixdən 2021-ci il 1 may tarixədək müvəqqəti olaraq həvalə edilmişdir. Qeyd olunan Əmrlərlə təsdiqlənmiş məlumatlar “X6i” (bundan sonra - Reyestr) informasiya sisteminə daxil edilmişdir. Həmin məlumatların reyestrə daxil edildiyi AR X11 (bundan sonra - Mərkəz) müxtəlif vaxtlarda Komitəyə ünvanlandığı məktublarda da öz əksini tapmışdır. Dövlət qulluğunda olduğu müddətdə İddiaçı tutduğu inzibati vəzifəyə uyğun ixtisas dərəcəsi almış, barəsində hər hansı tənbeh tədbiri tətbiq edilməmiş, orta aylıq vəzifə maaşı, ona əlavələr almış və dövlət büdcəsinə müvafiq məcburi ödənişlər və məcburi sosial sığorta haqları ödəmişdir. Qulluq keçdiyi müddətdə dövlət qulluqçusu statusunun verilməsi, başqa vəzifəyə (vəzifədə irəliləmə) keçirilməsi və ixtisas dərəcəsinin verilməsi ilə bağlı inzibati aktlar həm qulluq keçdiyi orqan, həm də dövlət qulluğuna qəbulu həyata keçirən orqan, o cümlədən Mərkəz tərəfindən mübahisələndirilməmişdir. Belə ki, bütün məlumatlar Reyestrə daxil edilmiş və reyestri aparan orqanın məlumatı olmuşdur. Heç bir inzibati akt mübahisələndirilməmişdir. İddiaçı dövlət qulluğuna daxil olarkən and içmiş və qulluğa başlamışdır. 15 aprel 2010-cu il tarixdə 039/1 к saylı əmrə əsasən məsləhətçi vəzifəsi üzrə stajçı kimi Azərbaycan Respublikası Diasporlarla İş üzrə Dövlət Komitəsində qulluğa qəbul olunmasından və xx.xx.2011-ci il tarixdə İnzibati Orqanın rəhbərinin 181/1 к saylı əmrinə əsasən məsləhətçi vəzifəsinə təyin edilməsi əlverişli inzibati akt hesab olunur və həmin aktın mübahisələndirilməsi üçün qanunvericiliklə müəyyən edilmiş müddət ötürülmüşdür. İddiaçı isə Komitədə 13 il inzibati vəzifədə qulluq keçmiş və dövlət qulluğu haqqında qanunda göstərilən təminat və məhdudiyyətlər xidmət illərində ona da şamil edilmiş və müvafiq ixtisas dərəcələri verilmişdir. Həmçinin DİM və həmin funksiyanı həyata keçirən əvvəlki qurum da İddiaçı 10 mart 2011-ci ildən dövlət qulluğuna stajçı kimi qəbul olunduğunu bildikləri halda buna dair heç bir reaksiya (işə qəbul edilməyi barədə inzibati aktın ləğv edilməsini tələb etmək) verməmişdir. Qeyd olunan halın üzərindən 13 il müddət keçmişdir. Dövlət qulluğunda çalışdığı 13 il müddət, İddiaçı mübahisəsiz qaydada hüquq münasibətlərində dövlət qulluqçusu olmağının göstəricisidir. Digər tərəfdən inzibati orqanın (Komitə) İddiaçı ilə işə qəbul prosesi ilə əlaqədar işçi ilə işəgötürən münasibətlərini tənzimləyən və bir-birini tamamlayan yuxarıda qeyd olunan inzibati aktlar mövcuddur. Dövlət qulluğu sahəsində müvafiq funksiyaları həyata keçirən əvvəlki qurumun və DİM-in İddiaçı 2011-ci il mart ayından inzibati vəzifədə qulluq keçməsini bilməsini təsdiq edən hal kimi xx.xx.2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nı göstərmək olar. Əlavə olaraq, qulluğa qəbul edildiyi vaxtdan etibarən barəsində olan məlumatlar, o cümlədən dövlət qulluğuna qəbul, başqa vəzifəyə keçirilmə və müvafiq ixtisas dərəcələrinin verilməsi barədə aktlar Reyestrə daxil edilmişdir.

7. Cavabdeh 21 fevral 2023-cü il tarixli, 3-31/2-160/2023 nömrəli məktubla iddia ərizəsinə münasibətini məhkəməyə təqdim edərək bildirmişdir ki, İddiaçı Komitə Aparatının İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) böyük məsləhətçisi vəzifəsində dövlət qulluqçusu olaraq fəaliyyət göstərir və fəaliyyəti müsbət qiymətləndirilir. İnzibati işlə bağlı heç bir etirazları yoxdur.

8. Üçüncü şəxs iddia ərizəsinə yazılı etirazını məhkəməyə təqdim edərək bildirmişdir ki, inzibati vəzifələr üzrə dövlət qulluğuna qəbul qaydaları “Dövlət qulluğu haqqında" Azərbaycan Respublikası Qanununun 28-ci maddəsi ilə tənzimlənmişdir. Həmin maddəyə əsasən, dövlət qulluğuna qəbul müsabiqə əsasında aparılır. Müsabiqə test imtahanından və müsahibədən ibarətdir. Qeyd edilən Qanunun 33-cü maddəsində dövlət qulluğuna xitam verilməsi əsasları müəyyən edilmişdir. Həmin maddədə qanunvericiliyin tələbləri pozularaq işə qəbul edilmə dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi nəzərdə tutulmuşdur. Aparılmış araşdırma nəticəsində müəyyən edilmişdir ki, Mərkəzin məlumat bazalarında iddiaçının hər hansı müsabiqədə (test imtahanında və müsahibədə) iştirakı qeydə alınmamışdır. Beləliklə, iddiaçı xx.xx.2011-ci il tarixində Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 1-ci Ərazi şöbəsində məsləhətçi vəzifəsinə dövlət qulluğuna dair qanunvericiliyin tələbləri pozulmaqla, yəni müsabiqədənkənar (test imtahanında və müsahibədə iştirak etmədən) inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilmiş və dövlət qulluqçusu statusunu qanunvericiliyin tələbləri pozulmaqla əldə etmişdir. Bundan əlavə, Mərkəz Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 11 aprel tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və 2016-cı ilin oktyabr ayında dövlət qeydiyyatına alınmışdır. Azərbaycan Respublikası Prezidentinin adıçəkilən Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının X16 publik hüquqi şəxsin Nizamnaməsi" ilə Mərkəzin üzərinə dövlət qulluğuna dair qanunvericiliyin icra vəziyyətini öyrənmək və bu barədə hesabat hazırlamaq (Nizamnamənin 2.1.28-ci yarımbəndinə uyğun olaraq), dövlət orqanlarının dövlət qulluğu ilə bağlı qanunsuz aktlarının ləğv edilməsinə dair təkliflər vermək (Nizamnamənin 2.1.29-cu yarımbəndinə uyğun olaraq), dövlət qulluğu və dövlət qulluqçularının etik davranış qaydaları haqqında qanunvericiliyin tələblərinin pozulması hallarını aradan qaldırmaq üçün dövlət orqanlarına və vəzifəli şəxslərə təqdimat vermək və yol verilmiş pozuntu halları barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək (Nizamnamənin 2.1.34-cü yarımbəndinə uyğun olaraq) kimi vəzifələrin icrası qoyulmuşdur. Qeyd edilən vəzifələrin icrası ilə əlaqədar Mərkəz dövlət orqanlarında dövlət qulluğuna qeyri-qanuni qəbul hallarını araşdıraraq yol verilmiş pozuntu halları ilə bağlı 2017-ci ildən etibarən mütəmadi olaraq müxtəlif dövlət orqanlarına məktublar göndərmiş, o cümlədən, eyni məsələ ilə bağlı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1323 nömrəli və xx.xx.2018-ci il tarixli 01/xx-xx/3566 nömrəli məktublarla Azərbaycan Respublikası Prezidentinin Administrasiyasına müraciət etmişdir. Həmin məktublarda dövlət qulluğuna dair qanunvericiliyin tələbi pozulmaqla dövlət qulluğuna qəbul edilmiş şəxslərin siyahısında iddiaçıya dair məlumatlar da öz əksini tapmışdır. Mərkəz tərəfindən iddiaçının hazırda işlədiyi cavabdeh orqana da eyniməzmunlu məktublar göndərilmişdir. "Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 14.1-ci maddəsində dövlət qulluqçusunun anlayışı verilmişdir. Həmin maddəyə əsasən dövlət qulluqçusu adıçəkilən Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Qeyd edilən maddədən də göründüyü kimi, dövlət qulluqçusu statusunun əldə edilməsi üçün şəxs “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanunu ilə müəyyən edilmiş qaydada dövlət qulluğu vəzifəsini tutmalıdır. İddiaçı dövlət qulluğu vəzifəsini qanunvericiliklə müəyyən edilmiş qaydada tutmamış, dövlət qulluqçusu statusunu qanunvericiliklə müəyyən edilmiş qaydada əldə etməmişdir. Hansı ki, bu hal “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununda dövlət qulluğuna xitam verilmə əsaslarından biri kimi müəyyən edilmişdir. İddiaçının inzibati dövlət qulluğu vəzifəsinə birbaşa (müsabiqədənkənar) təyinatı eyni zamanda “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 4.1.6-cı maddəsində nəzərdə tutulmuş dövlət qulluğuna qəbulun şəffaflığı, 4.1.7-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların dövlət qulluğuna müsabiqə və müsahibə əsasında qəbul edilməsi və 4.1.8-ci maddəsində nəzərdə tutulmuş vətəndaşların öz qabiliyyətlərinə, xidməti nailiyyətlərinə və peşə hazırlığına uyğun olaraq dövlət qulluğunun hər hansı vəzifəsini tutmaqda hüquq bərabərliyi prinsiplərinin tələblərini də pozmuşdur. İstər dövlət orqanı, istərsə də iddiaçı dövlət qulluğuna qəbul prosedurları və müsabiqədə iştirak etmədən inzibati vəzifə üzrə dövlət qulluğuna qəbulun qanunsuz olmasını bilməli idilər. Belə ki, ləğv edilmiş Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiyanın xx.xx.2007-ci il tarixli 01/06/15DQ-S nömrəli məktubunda Azərbaycan Respublikasının nazirliklərinə, dövlət komitələrinə və mərkəzi icra hakimiyyəti orqanlarına bərabər tutulan icra hakimiyyəti orqanlarına “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanununun 28-ci maddəsinin (Maddə 28. Dövlət qulluğuna qəbul) və Azərbaycan Respublikasının Dövlət X10 yanında Korrupsiyaya qarşı mübarizə üzrə Komissiyanın 2005-ci il 2 may tarixli 3 nömrəli Qərarının 3.1-ci bəndinin (3.1. Korrupsiyaya qarşı mübarizə üzrə Dövlət Proqramına və dövlət qulluğu haqqında Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq dövlət orqanları bütün sahələrdə dövlət qulluğuna qəbulun müsabiqə və şəffaflıq əsasında həyata keçirilməsini təmin etsinlər və görülmüş tədbirlər barədə 3 ay müddətində Komissiyaya məlumat təqdim etsinlər) icrasının təmin edilməsi məqsədilə inzibati vəzifələrin altıncı-doqquzuncu (hazırkı beşinci-yeddinci) təsnifatlarına uyğun olan bütün vakant vəzifələr barədə məlumatların və həmin vəzifələrə dair vəzifə təlimatlarının təqdim edilməsi tapşırılmışdır. Bu isə onu sübut edir ki, müvafiq dövlət orqanı dövlət qulluğuna qəbul prosedurlarından məlumatlı idi və qəbul etdiyi inzibati aktın qanunsuz olduğunu bilirdi. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 21 iyun tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydası”nın 2-ci hissəsinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. Adı çəkilən Qaydaların 12-ci hissəsinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir. İddiaçı barədə məlumatlar hazırda qulluq keçdiyi orqan tərəfindən X6inə daxil edilmişdir. X16 Azərbaycan Respublikası Prezidentinin 11 aprel 2016-cı il tarixli 860 nömrəli Fərmanına əsasən yaradılmış və dövlət qeydiyyatına alındığı andan Azərbaycan Respublikasının Prezidenti yanında X12 üzrə Komissiya və Azərbaycan Respublikasının Tələbə Qəbulu üzrə Dövlət Komissiyası ləğv edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 59.1-ci maddəsinə əsasən hüquqi şəxsin ləğvi onun mövcudluğuna və fəaliyyətinə hüquq və vəzifələri hüquq varisliyi qaydasında başqa şəxslərə keçmədən xitam verilməsi deməkdir. Həmin Komissiya ləğv edildiyi və X9 hüquqi varisi olmadığı üçün iddiaçı haqqında məlumatların X6inə daxil edilməsi ilə bağlı sənədlərin ləğv edilmiş Komissiyaya təqdim edilib-edilməməsi, edildiyi halda nə zaman təqdim edilməsi barədə Mərkəzdə hər hansı məlumat mövcud deyil. Dövlət Reyestrinə dövlət qulluqçusu barədə məlumatlar onun qulluq keçdiyi dövlət orqanı tərəfindən daxil edilir və Dövlət Reyestrində dövlət qulluqçusu haqqında məlumatların həmin Reyestrə ilk dəfə daxil edildiyi tarix deyil, məlumatlarda edilmiş son dəyişiklik tarixi göstərilir. Bundan əlavə, yuxarıda qeyd edilən Qaydaların müddəalarından da göründüyü kimi, Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Yəni, şəxs dövlət qulluğuna qəbul edildikdən sonra onun haqqında məlumatlar qulluq keçdiyi dövlət orqanı tərəfindən Dövlət Reyestrinə daxil edilir. Beləliklə, iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsi barədə məlumat Dövlət Reyestrinə daxil edilənədək artıq onun dövlət qulluğuna qeyriqanuni təyin edilməsi faktı baş vermişdir. Nəzərə alsaq ki, Mərkəz iddiaçının inzibati dövlət qulluğu vəzifəsinə təyin edilməsindən sonra - 2016-cı ildə yaranmış və həmin ilin sonlarında fəaliyyətə başlamışdır, təbii ki, bu hal iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edildiyi 2010-cu ildə məsələnin Mərkəz tərəfindən mübahisələndirilməsini istisna edir. Digər bir tərəfdən, dövlət qulluğuna qəbul edilmə ilə bağlı müvafiq akt Mərkəz tərəfindən deyil, dövlət orqanı tərəfindən qəbul edilir və dövlət qulluğuna xitam verilmə də məhz dövlət orqanı tərəfindən həyata keçirilir. Bu baxımdan, iddiaçının inzibati vəzifəyə qanunvericiliyin tələbləri pozulmaqla təyin edilməsi barədə Mərkəzdə nə vaxt məlumatın olması əslində inzibati iş üçün heç bir əhəmiyyət kəsb etmir.

9. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

10. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iddia tələbinə etiraz etmədiyini bildirdi.

11. Məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi iddia ərizəsinə etiraz etdi və iddia ərizəsinin təmin edilməməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. III. Məhkəmənin mövqeyi

12. Məhkəmə proses iştirakçılarının izahatlarını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia təmin edilməlidir.

13. Belə ki, iddia mümkün iddiadır. Baxılan işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İnzibati Prosessual Məcəllənin 36.1-ci maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia vasitəsi ilə iddiaçı hər hansı hüquq münasibətinin mövcud olması və ya olmamasının, yaxud inzibati aktın etibarsızlığının tanınmasını məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 36.3-cü maddəsinə görə müəyyən etmə və ya tanınma haqqında iddia iddiaçının həmin münasibətlərin qısa müddətdə müəyyən edilməsində kifayət qədər maraqlı olduğu hallarda qaldırıla bilər. Hüquq münasibətlərinin müəyyən edilməsində iddiaçının marağı hüquqi, iqtisadi və ya ideya xarakterli ola bilər. İddiaçının cavabdehdən dövlət qulluğu münasibətlərinin mövcudluğunun müəyyən edilməsi barədə iddiası qeyd edilən müəyyən etmə haqqında iddia növünə uyğundur. İddiaçının belə bir iddia qaldırmaqda müəyyənetmə marağı mövcuddur və müəyyən edilməli münasibətlər pyblik hüquq münasibətləridir.

14. İddianın əsaslılığına gəldikdə, məhkəmə qeyd edir ki, iş materiallarında olan və məhkəmə iclasında tədiq edilən sənədlərdən görünür ki: - Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 29 oktyabr 2009cu il tarixli, 157/1k nömrəli əmrinə əsasən İddiaçı 02 noyabr 2009-cu il tarixdən Dövlət Komitəsinin Təbliğat, İnformasiya və analitik təhlil şöbəsinə ştatdankənar mütəxəssis kimi təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 04 mart 2010-cu il tarixli, 025/1k nömrəli əmrinə əsasən İddiaçı 09 mart 2010-cu il tarixdən Dövlət Komitəsinin Təbliğat, İnformasiya və analitik təhlil şöbəsinin aparıcı mütəxəssisinformasiya texnologiları üzrə menecer vəzifəsinə təyin edilmiş, dövlət qulluğunun yardımçı vəzifələrin beşinci təsnifatına uyğun olaraq ona dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 10 mart 2011-ci il tarixli, 044/1k nömrəli əmrinə əsasən Dövlət Komitəsinin Təbliğat, İnformasiya və analitik təhlil şöbəsinin aparıcı mütəxəssisi İddiaçı 10 mart 2011-ci il tarixdən 1 (bir) il müddətinə stajçı kimi qulluğa götürülmüş və Dövlət Komitəsinin 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə təyin edilmişdir. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 09 mart 2012-ci il tarixli, 027/1k nömrəli əmrinə əsasən İddiaçı 09 mart 2012-ci il tarixdə birillik staj müddətinin bitdiyindən 2012-ci il 09 mart tarixindən əmək müqaviləsi bağlamaqla 6 (altı) ay sınaq müddətinə Dövlət Komitəsinin 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə qəbul edilmişdir. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 07 sentyabr 2012ci il tarixli, 027/1k nömrəli əmrinə əsasən Dövlət Komitəsinin 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə sınaq müddəti ilə qulluğa qəbul edilmiş İddiaçı sınaq müddətinin bitdiyini nəzərə alaraq 10 sentyabr 2012-ci il tarixindən daimi dövlət qulluğuna qəbul edilmiş və 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. - Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 02 dekabr 2013cü il tarixli, 151/1ü nömrəli əmrinə əsasən İddiaçı Dövlət Komitəsinin 3-cü Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə keçirilmişdir. -xx.xx.2015-ci il tarixli, 106/1ü nömrəli əmrinə əsasən iddiaçıya inzibati vəzifələrin beşinci təsnifatı üzrə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. -Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin 29 dekabr 2015-ci il tarixli, 138/1k nömrəli əmrinə əsasən Dövlət Komitəsinin 3-cü Ərazi (Asiya və Qafqazyanı ölkələri) şöbəsinin məsləhətçisi İddiaçı əvvəlki vəzifə üzrə dövlət qulluğuna xitam verilmiş və 2016-cı il 05 yanvar tarixindən 3-cü Ərazi şöbəsinin böyük məsləhətçisi vəzifəsinə təyin edilmişdir.

15. Eyni zamanda işdən görünür ki, iddiaçının fəaliyyəti “Dövlət qulluqçusunun xidməti fəaliyyətinin qiymətləndirilməsi Qaydası” na uyğun olaraq 2015-2022-ci illərdə qiymətləndirilmiş, bununla bağlı tərtib edilmiş cədvəllər iş materiallarına əlavə edilmişdir.

16. İşdə olan Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin 04 may 2023-cü il tarixli, 3-31/2-456/2023 nömrəli məktubda göstərilmişdir ki, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində dövlət qulluğu keçən İV Ərazi şöbəsinin (Asiya, Avstraliya və Okeaniya ölkələri) böyük məsləhətçisi İddiaçı dair məlumatların işə girdiyi tarixdə X6i İnformasiya Sisteminə işlənilməsi ehtimal olunsa da (o zaman üçün SİNAM proqramı mövcud idi və X12 üzrə Komissiya tərəfindən sistem kompyuterlərə yüklənilir, onlar tərəfindən nəzarət edilirdi, proqramda hər hansı problem yaranardısa və ya kompyuter yenilənərdisə bununla bağlı Komissiyaya müraciət olunardı), nəzərə çatdırılması zəruridir ki, İddiaçı dair qeyd edilən məlumatlar 2015-ci ilin yanvar ayında artıq X6i İnformasiya Sistemində mövcud idi. O zaman üçün Reyestri həmin sistemə cavabdeh məsul şəxs idarə edirdi və sistemdə hər-hansı problem yarandıqda həmin şöbənin aparıcı məsləhətçisi Şəfəq Binnətovaya müraciət etməsi ilə əlaqədar olaraq Ş.Binnətova qeyd edilən şəxslərlə bağlı məlumatların sistemdə mövcud olduğunu birbaşa olaraq görmüşdür.

17. Azərbaycan Respublikasının X16 dövlət qulluğuna dair qanunvericiliyin tələblərinin pozulması hallarının aradan qaldırılması haqqında Komitəyə xx.xx.2017-ci il tarixli 01/xx-xx/1674 nömrəli məktub ünvanlamış və həmin məktubda qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən şəxslər sırasında İddiaçı adı göstərilmişdir.

18. Komitəyə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 2/484 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X4 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xxxx/1323 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında İddiaçı adı qeyd edilmiş və məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. Bununla əlaqədar olaraq X2 ünvanladığı 520/1-7 nömrəli xx.xx.2018-ci il tarixli məktubunda adları siyahıda qeyd edilən şəxslərin dövlət qulluğu və diaspor sahəsindəki təcrübəsinin, bilik və bacarıqlarının nəzərə alınaraq onların iştirakı ilə daxili müsahibənin keçirilməsi təklifinə baxılması və bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin məktubuna hər hansı münasibət bildirilməmişdir.

19. Daha sonra Komitəyə Azərbaycan Respublikasının Prezidenti Administrasiyasının 15/1720 nömrəli xx.xx.2018-ci il tarixli məktubu ilə X3 ünvanladığı xx.xx.2018-ci il tarixli 01/xx-xx/1699 nömrəli məktubu daxil olmuş, həmin məktuba əlavə olunmuş qanunvericiliyin tələbləri pozulmaqla dövlət qulluğuna qəbul edilən dövlət qulluqçularının siyahısında İddiaçı adı qeyd edilmiş və Komitə tərəfindən məsələyə münasibət bildirilməsi xahiş olunmuşdur. X2 ünvanladığı 465/1-7 nömrəli xx.xx.2018-ci il tarixli cavab məktubunda adları siyahıda qeyd edilən şəxslərin dövlət qulluğu və diaspor sahəsindəki təcrübəsinin, bilik və bacarıqlarının nəzərə alınaraq onların iştirakı ilə daxili müsahibənin keçirilməsi təklifinə baxılması və bu məsələyə münasibət bildirilməsi xahiş edilmişdir. Komitənin məktubuna hər hansı münasibət bildirilməmişdir.

20. İddiaçı hazırda onun 13 ilə yaxın dövlət qulluğu vəzifələrini icra etməsinə, ixtisas dərəcələri, dövlət qulluqçularına şamil edilən mükafat, müavinət almasına istinad edərək onunla cavabdeh qurum arasında yaranmış etibarlı dövlət qulluğu münasibətlərinin tanınmasını xahiş edir.

21. Məhkəmə qeyd edir ki, “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun: -2.1-ci maddəsinə əsasən dövlət qulluğu Azərbaycan Respublikasının Konstitusiyasına və digər qanunvericilik aktlarına uyğun olaraq dövlətin məqsədlərinin və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluqçularının öz vəzifə səlahiyyətlərini yerinə yetirməsidir. -2.2-ci maddəsinə əsasən bu Qanun icra, qanunvericilik və məhkəmə hakimiyyətləri orqanlarının aparatlarında dövlət qulluğu keçən qulluqçulara şamil edilir. -7.1-ci maddəsinə görə dövlət orqanı Azərbaycan Respublikasının qanunvericilik aktları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsəd və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. -7.2-ci maddəsinə görə dövlət orqanının bölməsi bu orqanın qanunvericilik aktlarında nəzərdə tutulmuş, yaxud müəyyən edilmiş qaydada təsis olunan elə struktur hissəsidir ki, özünə həvalə edilmiş funksiyalar çərçivəsində həmin orqanın səlahiyyətlərinin bir hissəsini həyata keçirir. - 9-cu maddəsinə görə dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. -10.1-ci maddəsinə əsasən dövlət orqanlarında vəzifələr həmin vəzifələrin funksiyalarının məzmunundan, səlahiyyətlərinin mənbəyindən və tutulması üsullarından asılı olaraq inzibati və yardımçı vəzifələrə bölünür. -10.5-ci maddəsinə əsasən inzibati vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanları aparatları və bölmələri rəhbərlərinin, onların müavinlərinin, habelə dövlət qulluğunda çalışan mütəxəssislərin vəzifələridir. İnzibati vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -10.6-cı maddəsinə əsasən yardımçı vəzifələr Ali - 5-ci kateqoriya dövlət orqanlarında texniki işləri həyata keçirən dövlət qulluqçularının (kargüzar, makinaçı, kuryer, arxiv qeydiyyatçısı, liftçi, sürücü və sair işçilərin) vəzifələridir. Yardımçı vəzifə tutan şəxsin hüquqi statusu müvafiq orqanın səlahiyyətlərini müəyyən edən qanunvericilik aktları ilə, habelə vəzifə təlimatları ilə müəyyən edilir. -13.2-ci maddəsinə görə inzibati vəzifə iddiasında olan şəxsin müvafiq ali təhsili olmalıdır. Həmin şəxsin başqa ali təhsili olduqda, o, ixtisasını dəyişdirib iddiasında olduğu inzibati vəzifənin profilini öyrənməlidir. -13.3-cü maddəsinə görə yardımçı vəzifə iddiasında olan şəxsin tam orta təhsili olmalıdır. -14.1-ci maddəsinə görə dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. -16.1-ci maddəsinə görə dövlət qulluqçusunun ixtisas dərəcəsi onun ixtisas səviyyəsini göstərir, dövlət qulluqçusuna inzibati vəzifə tutmaq, vəzifə maaşına əlavə haqq almaq və sosial təminatlardan istifadə etmək hüququ verir. -22.1-ci maddəsinə əsasən dövlət məvacibi dövlət qulluqçusuna pul ilə ödənilən haqdır. Dövlət məvacibinin məbləği səlahiyyət həcmindən, məsuliyyət dərəcəsindən, tələb olunan peşəkarlıq səviyyəsindən, qulluq stajından asılıdır. -22.2-ci maddəsinə əsasən dövlət məvacibi vəzifə maaşından, mükafatlardan və vəzifə maaşına əlavələrdən (dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına və s. görə verilən əlavələr) ibarətdir.

22. Azərbaycan Respublikası Prezidentinin 21 iyun 2006-cı il tarixli 420 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Qulluqçuları Reyestrinin aparılması Qaydaları”nın: -2-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikasının dövlət qulluqçuları (o cümlədən stajçı kimi və sınaq müddətinə qəbul edilmiş və dövlət qulluğuna xitam verilmiş şəxslər də daxil olmaqla) barədə məlumatları əks etdirən və Azərbaycan dilində aparılan dövlət mərkəzləşdirilmiş məlumat bankıdır. -5-ci bəndinə görə Dövlət Reyestri Azərbaycan Respublikası Prezidentinin Administrasiyası və Azərbaycan Respublikasının X16 tərəfindən birgə aparılır. -9-cu bəndinə əsasən Dövlət Reyestrinə Azərbaycan Respublikasının dövlət qulluqçuları haqqında əsas məlumatlar daxil edilir. -12-ci bəndinə əsasən Dövlət Reyestrinə dövlət qulluqçusu haqqında məlumatların ilk dəfə daxil edilməsinə əsas bu şəxsin stajçı kimi dövlət qulluğuna qəbul edilməsidir. Aidiyyəti dövlət orqanı bu şəxs haqqında məlumatları Dövlət Reyestrini aparan dövlət qurumuna dövlət qulluğunda vəzifəyə (o cümlədən staj müddətinə) təyin edildikdən sonra on beş gün ərzində rəsmən təqdim etməlidir.

23. İşin hallarından görünür ki, iddiaçı 02 noyabr 2009-cu il tarixdə Azərbaycan Respublikasının Diasporla iş üzrə Dövlət Komitəsinin Təbliğat, İnformasiya və analitik təhlil şöbəsinə ştatdankənar mütəxəssis kimi təyin edilmiş, 09 mart 2010-cu il tarixdə aparıcı mütəxəssis-informasiya texnologiları üzrə menecer vəzifəsinə təyin edilmiş, dövlət qulluğunun kiçik referenti ixtisas dərəcəsi verilmiş, 10 mart 2011-ci il tarixdə 1 il müddətinə stajçı kimi qulluğa götürülmüş, 09 mart 2012-ci il tarixdə birillik staj müddətinin bitdiyindən 6 (altı) ay sınaq müddətinə 1-ci Ərazi şöbəsinin məsləhətçisi vəzifəsinə qəbul edilmiş, 10 sentyabr 2012-ci il tarixində daimi dövlət qulluğuna qəbul edilmiş, 2-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi, xx.xx.2015-ci il tarixdə 1-ci dərəcə dövlət qulluqçusu ixtisas dərəcəsi verilmişdir. Bundan əlavə, iddiaçı barəsində məlumatlar işlədiyi orqan tərəfindən X6 İnformasiya Sisteminə daxil edilmişdir.

24. Eyni zamanda qeyd edilməlidir ki, İddiaçı Komitədə işlədiyi dövr ərzində ödənilən vəzifə maaşının tərkibində dövlət qulluqçusunun ixtisas dərəcəsinə, qulluq stajına görə əlavələr nəzərə alınaraq ödənilmiş, iddiaçı il ərzində dövlət qulluqçuları üçün ödənilən mükafatlar ilə təmin edilmişdir.

25. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun: -13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. -13.4-cü maddəsinə əsasən inzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Bu maddədə ehtiva olunan etimadın qorunması prinsipinin vacibliyini vurğulayan məhkəmə qeyd edir ki, bu prinsipin mahiyyətinə görə, maraqlı şəxs inzibati akta etibar etmək, inzibati orqanın davranışını, qəbul etdiyi aktı qanunauyğun və düzgün hesab etmək, məzmununa uyğun davranmaq və ona etimad göstərmək haqqına malikdir. Etimadın qorunması doktrinası o zaman tətbiq edilir ki, inzibati orqanın səlahiyyətləri çərçivəsində hərəkətləri, xüsusilə də qəbul etdikləri inzibati aktlar, vətəndaşda publik maraqlara zidd olmayan əlverişli qanuni gözləntilərin yaranması ilə nəticələnsin (X.Mustafayevanın şikayəti üzrə 2021-ci il 19 noyabr tarixli Qərar).

26. İşin yuxarıda qeyd olunan hallarından göründüyü kimi cavabdeh iddiaçını xx.xx.2011-ci il tarixdən dövlət qulluqçusu vəzifəsinə təyin etməklə onu həmin tarixdən dövlət qulluğu haqqında qanunvericiliklə nəzərdə tutulmuş təminatlara uyğun olaraq təmin etmiş, ona müvafiq ixtisas dərəcəsi, tutduğu vəzifəyə uyğun olaraq ixtisas dərəcəsinə, qulluq stajına əlavələr və s. ilə birlikdə dövlət məvacibini ödəməklə bilavasitə iddiaçıya münasibətdə dövlət qulluqçusu münasibətini sərgiləmişdir.

27. İddiaçı da öz növbəsində dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində işlədiyi dövlət orqanında müvafiq əmək funksiyalarını icra etmiş, inzibati orqanın yazılı formada əmrlərdə təsbit etdiyi onun dövlət qulluğuna qəbul edilməsi, dövlət qulluqçusu kimi müvafiq təminatlar tətbiq edilməsi barədə bəyanatlarına, inzibati aktlarına etimad etmişdir.

28. Həmçinin hazırkı halda iddiaçı barəsində məlumatların Dövlət X1ması onun barəsində məlumatların işlədiyi qurum tərəfindən Dövlət Reyestrini aparan dövlət qurumuna təqdim edildiyi və sonuncu tərəfindən həmin məlumatların qəbul edilməsi kimi də qiymətləndirilməlidir.

29. İnzibati Prosessual Məcəllənin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məvəllənin 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.

30. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 68, 69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia təmin edilsin. İddiaçı xx.xx.2011-ci il tarixdən Azərbaycan Respublikasının Diasporlarla İş üzrə Dövlət Komitəsində etibarlı dövlət qulluğu münasibətlərində olması müəyyən edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar