Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5315/2021 12.04.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Sevdimalıyeva Günel Arif qızının sədrliyi ilə, İddiaçı iştirakı ilə, Cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodunun nümayəndəsi X1, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavoduna qarşı “arayışın verilməsi” iddia tələbi üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ : I. Mübahisəli hüquqi məsələnin qısa xülasəsi
1. İddiaçı məhkəməyə müraciət edərək bildirmişdir ki, o, 13.04.1979-cu il tarixdən 2014-cü il tarixədək, 45 il fasiləsiz olaraq cavabdeh müəssisədə kanalizasiya sxemində 3 metr dərinlikdə yerləşən su borularının və kanalizasiya xətlərinin təmiri üzrə şəbəkə çilingəri işləmişdir. Lakin əmək kitabçasında zərərli iş sahəsində işlədiyi illər yalnız 2002-ci ildən 2010-cu ilədək, yəni 8 il qeydə alınmışdır. Bu məsələyə dair o, Sumqayıt İnzibati Məhkəməsinə müraciət etmiş, cavabdeh qismində hazırki cavabdehi və Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Sumqayıt şəhər şöbəsini göstərmişdir. Daha sonra iddiaçı məcbur qalaraq cavabdehi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialı ilə əvəz etmişdir. Sumqayıt İnzibati Məhkəməsinin 1(118)-1069/2020 nömrəli iş üzrə 05.08.2020-ci il tarixli qərardadına əsasən işə baxılması mümkün sayılmamışdır. İddiaçı məhkəmə qərardadına əsasən idarəyə müraciət etmişdir. İddiaçıya ünvanlanmış 10.09.2020-ci il tarixli **********8 nömrəli cavab məktubunda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinə əsasən arayış təqdim edilməli olduğu qeyd edilmişdir. İddiaçı yenidən Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavoduna (bundan sonra - zavod) müraciət etmişdir. Ona ünvanlanan cavab məktubunda Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21.06.1993-cü il tarixli 320 nömrəli qərarına əsasən həmin dövrlər üçün güzəştli şərtlərlə pensiya təyin edilməsinin mümkünsüz olduğu qeyd olunmuşdur. İddiaçı həmin imtinanı qanunsuz hesab edərək məhkəməyə müraciət etmiş və hazırda məhkəmədən 13.04.1979-cu il tarixdən 2014-cü il tarixədək eyni işdə, eyni sahədə işlədiyi illər üzrə arayış verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasını xahiş edir.
2. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə etdi. İzatına əlavə olaraq bildirdi ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyinin Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialının imtinası ilə razıdır, hesab edir ki, müvafiq arayış cavabdeh zavod tərəfindən ona təqdim edilməlidir.
3. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi bildirdi ki, zavod ayrılıqda hüquqi şəxs deyil, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyinin balansında yerləşir. Nümayəndə hazırki işə Bakı inzibati məhkəməsində deyil, Sumqayıt şəhər məhkəməsində baxılmalı olduğunu bildirdi.
II. İddianın mümkünlüyü
4. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. (1.3). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. (1.4). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 1.3 və 1.4-cü bəndlər)
5. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.1-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında inzibati hüquq münasibətlərindən yaranan mübahisələrə baxıla bilər.
6. Cavabdeh zavod Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 28 avqust tarixli 136 nömrəli qərarı ilə təsdiq edilmiş inzibati orqanların təsnifatına əsasən inzibati orqan deyil.
7. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır (İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10.04.2015-ci il tarixli № 05 qərarı; 17-ci bənd).
8. Məhkəmə müəyyən etdi ki, kommersiya qurumlarının dövlət reyestri məlumatlarına əsasən, Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin “Azərikimya” İstehsalat Birliyinin “Etilen-polietilen” zavodu adlı hüquqi şəxs mövcud deyil. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin "Azərikimya" İstehsalat Birliyi (VÖEN:**********) AZ5000, ünvan 1 ünvanında yerləşir.
9. Odur ki, iddiaçıya müvafiq tələblə Sumqayıt şəhər məhkəməsinə müraciət etmək hüququ izah olunsun.
10. İPM-in 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.
11. Göstərilənlərə əsasən və İPM-in 23, 35 və 85-ci maddəsini rəhbər tutaraq, məhkəmə
QƏRARA ALDİ:
İddia mümkün sayılmasın. Qərardaddan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər.
Hakim Günel Sevdimalıyeva