Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5319/2022 12.05.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hаkim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, X1 kаtibliyi, iddiaçının nümayəndəsi (əri) X2 (Bakı şəhərində qeydiyyatdadır, ixtisası-hüquqşünas, işləmir) iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı “01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə iddiaçıya ödənilməsinin cavabdehə həvalə edilməsi” barədə iddia tələbi üzrə inzibati işə məhkəmə binаsındа аçıq məhkəmə iclаsındа bахаrаq MÜƏYYƏN ETDİ: İddiaçı Bakı İnzibati Məhkəməsində cаvаbdеh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna qarşı iddia qaldıraraq 01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanıb birdəfəyə iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən 25 yanvar 2015-ci il tarixdən 25 yanvar 2021-ci il tarixə kimi 2-ci dərəcəli əlillik təyin edilmişdir. Əlillik təyin olunma müddəti keçdikdən sonra, yəni 08.02.2021-ci il tarixdən başlayraq iddiaçı müayinədən keçmək üçün 8 saylı Şəhər poliklinikasına müraciət etmiş və 2021-ci ilin fevral-aprel aylarında müvafiq müayinələrdən keçmişdir. 26 aprel 2021-ci il tarixdə 8 saylı Şəhər Poliklinikası tərəfindən Dövlət Tibbi- Sosial Ekspertiza komissiyasından keçmək üçün tibbi sənədlər Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin yanında «Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil edilmişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyində tibbi sənədlər təqribən 10 gün hərəkətsiz saxlanıldıqdan sonra, yəni 06 may 2021-ci il tarixində iddiaçıya əlavə müayinə və müalicəyə ehtiyacı olduğu səbəb kimi göstərilərək iddiaçıya əlillik dərəcəsi verilməsindən imtina edilmişdir.İddiaçı ikinci dəfə 8 saylı Şəhər Poliklinikasının Həkim Məsləhət Komissiyasında müayinə olunduqdan sonra bu barədə göndəriş 28 sentyabr 2021-ci il tarixdə «Tibbi- sosial ekspert komissiyasına göndərişlərin reyestri»nə daxil edilmiş və həmin tarixdə Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən əlilliyi yenidən qiymətləndirilərək bərpa edilmişdir. İddiaçı müraciət edərək Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən 01 fevral 2021-ci il tarixdən, yəni əlillik müddətinin bitməsi tarixindən 28 sentyabr 2021-ci il tarixədək, yəni əlilliyinin bərpa edilməsi tarixinədək, 8 ay üçün əlilliyə görə əmək pensiyasının ödənilməsini xahiş etmişdir. Dövlət Sosial Müdafiə Fondunun 06 dekabr 2021-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, 25.01.2021-ci il tarixdə əlillik müddətinin bitməsi səbəbindən 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixdən bərpa edilmişdir. Həmin məktub ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ona 01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 8 ay üçün əlilliyə görə əmək pensiyasını ödəməkdən imtina etmişdir. O qeyd edir ki, ailəlidir, 3 övladı var. Hazırda Bakı şəhərində kirayədə yaşayır və maddi vəziyyəti çox ağırdır. Üzərində iki dəfə beyin cərrahi əməliyyatı aparılmışdır. Üçüncü dəfə də bu əməliyyatın aparılmasına ehtiyacı vardır. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiаyа dаir münasibət (еtirаz) təqdim edilməsi tələb edilsə də sərəncam icra edilməmiş, iddiaya dair etiraz məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Hazırda iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Аzərbаycаn Rеspublikаsının İnzibati Prosessual Məcəlləsinin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmiş, bunun səbəblərini məhkəməyə bildirməmişdir. İddiaçının nümayəndəsi məhkəmə iclasında iddia ərizəsində göstərilən məzmunda çıxış edərək iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi qismən əsaslıdır. İş materiallarına əlavə edilmiş: AZE ******** nömrəli Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsinə əsasən, İddiaçı xx.xx.1974-cü il təvəllüdlü Azərbaycan Respublikası vətəndaşıdır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun 06.12.2021-ci il tarixli, **********4 nömrəli iddiaçıya ünvanladığı məktubuna əsasən bildirilmişdir ki, 25.01.2021-ci il tarixində əlillik müddətinin bitməsi səbəbindən 01 fevral 2021-ci il tarixindən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi əlilliyin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixindən bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş Elektron İnformasiya Sistemindən ********** nömrəli 12.01.2022-ci il tarixli Əlillik haqqında arayışa əsasən, İddiaçı ümumi xəstəlik səbəbi ilə 2-ci dərəcəli əlillik 28.09.2021-ci il tarixdə 5 il müddətinə, yəni 28.09.2026-cı il tarixədək təyin edimişdir. Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin 18 nömrəli Tibbi-Sosial Ekspert Komissiyasının qərarına əsasən, İddiaçı əlilliyinin 06.05.2021-ci il tarixdə qiymətləndirilməsi nəticəsində əlavə müalicəyə ehtiyacı olduğu səbəb göstərilərək ona əlillik dərəcəsi verilməsindən imtina edilmişdir. İddiaçı iddia tələbini əsaslandıran sübut qismində məhkəməyə Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinin 2690004AAZLC nömrəli 17.08.2021-ci il tarixli ambulator kitabçasından çıxarışı, 2709003AACTH nömrəli Tibbi Sosial Ekspert Komissiyasına göndərişi, həmçinin İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin 23.05.2021-ci il tarixli, 8 nömrəli şəhər poliklinikasına və X3 ünvanladığı məktubunu təqdim etmişdir. Beləliklə, məhkəmə təqdim edilmiş sənədlərdən müəyyən etmişdir ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, ümumi xəstəliyi səbəbindən iddiaçıya əlillik təyin edilmiş, həmin əlillik müddəti 25.01.2021-ci il tarixində başa çatmışdır, sonradan 28.09.2021-ci il tarixdə yenidən 5 il müddətinə, yəni 28.09.2026-cı il tarixədək təyin edilmişdir, iddiaçıya 25.01.2021-ci ildən 28.09.2021-ci ilədək olan müddətdə əlillik ilə bağlı pensiya ödənilməmişdir, iddiaçı həmin pensiya məbləğinin ödənilməsi üçün cavabdehə müraciət etsə də müraciəti təmin edilməmişdir.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Məhkəmə iddiaçının iddia tələbi ilə bağlı aşagıdakıları qeyd edir. Azərbaycan Respublikasının Konstitusiyasının 12-ci maddəsinə əsasən İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. Azərbaycan Respublikasının Konstitusiyasının 15-ci maddəsinə əsasən Azərbaycan Respublikasında iqtisadiyyatın inkişafı müxtəlif mülkiyyət növlərinə əsaslanaraq xalqın rifahının yüksəldilməsinə xidmət edir. Azərbaycan Respublikasının Konstitusiyasının 16-cı maddəsinə əsasən Azərbaycan dövləti xalqın və hər bir vətəndaşın rifahının yüksəldilməsi, onun sosial müdafiəsi və layiqli həyat səviyyəsi qayğısına qalır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun preambulasına əsasən bu Qanun Azərbaycan Respublikasında vətəndaşların əmək pensiyası hüquqlarının yaranmasının əsaslarını, bu hüquqların həyata keçirilməsi qaydalarını və əmək pensiyası təminatı sistemini müəyyən edir. Həmin Qanunun 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; Həmin Qanunun 4.1-ci maddəsinə əsasən bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: 4.1.1. yaşa görə əmək pensiyası; 4.1.2. əlilliyə görə əmək pensiyası; 4.1.3. ailə başçısını itirməyə görə əmək pensiyası. Həmin Qanunun 11.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası sığortaolunanın xəstəlik və ya xəsarət nəticəsində yaranan əqli və ya fiziki qüsurlara görə əmək qabiliyyətinin məhdudlaşması ilə əlaqədar təyin edilir. Əlillik dərəcələri, əlilliyin, o cümlədən 18 yaşınadək sağlamlıq imkanları məhdudluğunun səbəbləri və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən qanunvericiliyə uyğun olaraq müəyyən olunur. Həmin Qanunun 33.1-ci maddəsinə əsasən ümumi xəstəlik nəticəsində əlilliyə görə təyin edilmiş əmək pensiyası əlillik müddəti qurtardığına görə əmək pensiyasının ödənilməsinin kəsildiyi gündən beş ildən çox vaxt keçmədikdə bərpa olunur. Həmin Qanunun 41-ci maddəsinə əsasən əlilliyi olan şəxsin əlillik müddəti bitdikdə ona əmək pensiyasının ödənilməsi əlilliyin bitdiyi gündən dayandırılır. Əlilliyi olan şəxsə əmək pensiyasının ödənilməsi onun “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq yenidən əlilliyi olan şəxs hesab edildiyi gündən bərpa edilir. “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun Preambulasına əsasən bu Qanun Azərbaycan Respublikası Konstitusiyasının 94-cü maddəsinin İ hissəsinin 1-ci bəndinə uyğun olaraq əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsaslarını və onların hüquqlarının müdafiəsi sahəsində dövlətin vəzifələrini müəyyən edir, əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasını, əlilliyi olan şəxslərin reabilitasiyasını, cəmiyyətin həyatında tam həcmdə iştirakını və sosial inteqrasiyasına şərait yaradılmasını, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasını, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsini, onların şərəf və ləyaqətinin müdafiəsi sahəsində yaranan münasibətləri tənzimləyir. Həmin Qanunun 3.3-1-ci maddəsinə əsasən əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı üçün təyin edilmiş əlillik müddəti bitdikdən sonra cavabdeh inzibati orqan ona əmək pensiyasının ödənilməsini dayandırmış, 8 aydan sonra isə 01 fevral 2021-ci il tarixdən dayandırılmış əlilliyə görə əmək pensiyasının ödənişi iddiaçının əlilliyinin yenidən qiymətləndirildiyi 28 sentyabr 2021-ci il tarixdən bərpa edilmiş, lakin 01.02.2021-ci ildən 28.09.2021-ci il tarixinə qədər olan dövr üçün ödənilməmişdir. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikasında əlilliyi olan şəxslər barəsində dövlət siyasətinin əsasları əlilliyə səbəb olan risklərin, əlillik əlamətinə görə ayrı-seçkiliyin bütün formalarının aradan qaldırılmasından, əlilliyi olan şəxslərin reabilitasiyasından, cəmiyyətin həyatında tam həcmdə iştirakı və sosial inteqrasiyası üçün şərait yaradılmasından, onlara aid olan strategiya və proqramlara dair qərarların qəbulu prosesinə fəal cəlb olunmasından, əlilliyi olan şəxslərin hüquq və azadlıqlarının tam və bərabər səviyyədə həyata keçirilməsindən ibarətdir və həmin siyasətin davam olaraq qanunvericilik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxsin ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilməsini nəzərdə tutulması barədə normanı qanuna daxil etmişdir. Məhkəmə nəzərə alır ki, iddiaçı əlillik müddəti dayandırıldıqdan sonra bir ay müddətində sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üçün müraciət etmişdir, 08.02.2021ci il tarixdən başlayraq müayinələrdən keçmişdir, bir dəfə onun əlavə müalicəyə ehtiyacı olması əsası ilə ona əlillik dərəcəsi verilməsindən imtina edilməsinə baxmayaraq növbəti müraciəti əsasında əlilliyi yenidən bərpa edilmişdir, yəni əlillik müddətinin dayandırılmasından əlilliyin bərpa edildiyi tarixə qədər olan dövrdə də əlilliyinin olması təsdiq edilən şəxsdir, əlilliyi olan şəxslərin əlilliyə görə sosial təminat almaq hüquqlarının olması qanunvericilikdə təsbit edildiyinə və dövlət siyasətinin tərkib hissəsi olduğuna görə 01.02.2021-ci ildən 28.09.2021-ci il tarixinə qədər olan dövr üçün, lakin 6 aydan çox olmayan bir müddətdə ona əlilliyə görə əmək pensiyasının ödənilməsini tələb etmək hüququ vardır. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələləri nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Həmin Qanunun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Həmin Qanunun 24.1-ci maddəsinə əsasən, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Lakin cavabdeh inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdımadan, iddiaçının əlilliyinin iddiaçıdan asılı olmayan səbəbdən 8 aydan sonra bərpa edilməsinə qiymət vermədən iddiaçının müracitinin təmin edilməsindən imtina etmişdir. “Məhkəmə onu da qeyd edir ki, “3.3-1. Əlillik müddəti bitdikdən sonra 6 ay ərzində əlilliyin təkrar qiymətləndirilməsi nəticəsində şəxsin əlilliyi yenidən müəyyən edildikdə, şəxs ötürülmüş müddət də daxil olmaqla, əlilliyi olan şəxs hesab edilir.” məzmununda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikasının Qanunu 02.07.2021-ci ildə qəbul olunsa və 24 iyul 2021-ci ildə dərc olunaraq qüvvəyə minsə də hazırda iddiaçının vəziyyətini yüngülləşdirən norma olduğu üçün iddiaçıya da şamil edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən, məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Sözügedən Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilən bütün hallara hüquqi qiymət verərək hesab edir ki, İddiaçı iddiası qismən təmin edilməli, iddiaçıya 01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək olan dövr üzrə 6 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanması cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilməli, iddia tələbi qalan hissədə (28 sentyabr 2021-ci il tarixədək olan dövr üzrə 2 ay üçün əlilliyə görə əmək pensiyasının ödənilməsi hissəsində) rədd edilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə tərəflər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 110-1-ci maddəsinə əsasən prosessual xərclər ödənilmiş tələblərə münasib olaraq işdə, işdə iştirak edən şəxslərə aid edilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İPM-nin 2-ci, 34-cü, 68-ci, 85ci, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı 01 fevral 2021-ci il tarixdən 28 sentyabr 2021-ci il tarixədək, yəni 6 ay üçün əlilliyə görə əmək pensiyasının hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna həvalə edilsin. İddia qalan hissədə rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Miminat Hacıbəyova
Məhkəmə qərarları › İş №2-1(112)-5319/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5319/2022
12.05.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver