Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5319/2024 31.07.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçının nümayəndəsi (vəkili) Vəkil Şahin qızının, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına qarşı “güzəştli şərtlərlə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Sonradan iddiaçı tərəf iddia tələbinə dəqiqləşmə verərək məhkəmədən “iddiaçıya 60 yaşdan yəni xx.xx.2023-cü il tarixindən güzəştli pensiya təyin edilməsi və ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi” barədə qərar qəbul edilməsini xahiş etmiş və ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia ərizəsinin məzmunundan göründüyü kimi iddiaçı 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir və bu halı onunla əsaslandırır ki, onun işlədiyi illər nəzərə alındıqda onun iş stajı 25 ildən, güzəştli iş stajı isə 12 il 06 aydan çox təşkil edir. İddiaçının fəaliyyət göstərdiyi vəzifələr isə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuşdur. İddiaçı güzəştli şərtlərlə yaşa görə pensiyanın təyin edilməsi ilə bağlı aidiyyəti üzrə cavabdeh orqana müraciət etmiş, lakin güzəştli iş stajının az olması səbəbi ilə ona pensiyanın təyin olunmasından imtina edilmişdir. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdehin etirazı: Cavabdeh tərəfindən iddia tələbinə münasibətdə yazılı etiraz təqdim edilmiş və bildirilmişdir ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi "xxxx" ASC-nin 01,08.2023-cü il tarixli arayışında xx.xx.1984-xx.xx.1990-cı il tarixləri arasındakı dövr ərzində 4 saylı Dəmir Beton məmulatları zavodunda qəlibləyici vəzifəsində işlədiyi qeyd olunmuşdur. İşlədiyi vəzifə sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş Siyahıda nəzərdə tutulan betonçular vəzifəsinə uyğun deyil. Həmçinin, iddiaçının ******* nömrəli əmək kitabçasında xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 129 nömrəli Təmir Tikinti idarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi qeyd olunub. Lakin, təqdim etdiyi sənədlərdə qaynaqçı peşəsində işlədiyi müddətdə əl ilə və ya qazla qaynaq aparıb-äparmamağı barədə hər-hansı məlumat göstərilməyib. Göstərilən səbəblərdən də iddiaçının güzəştli iş stajı 12 il 6 aydan az (4 il 7 ay (xx.xx.1990xx.xx.1995-ci il tarixləri arasındakı dövr)) təşkil edir.Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Tərəflər izahatları: İddiaçının nümayəndəsi (vəkili) Vəkil Şahin qızı iddia tələbinin təmin edilməsini xahiş etdi. Cavabdehin nümayəndəsi Nümayəndə iddia tələbinin rədd edilməsini xahiş etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1963-cü il təvəllüdlüdür. Hərbi biletin surətindən görünür ki, iddiaçı xx.xx.1981-ci il tarixdən xx.xx.1983-cü il tarixədək hərbi xidmətdə olmuşdur. Əmək kitabçasının surətindən görünür ki, iddiaçı xx.xx.1980-ci il tarixdən xx.xx.1981ci il tarixədək sovxoza çoban, xx.xx.1984-cü il tarixdən xx.xx.1984-cü il tarixədək sovxoza fəhlə, xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixədək Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici, xx.xx.1990-cı il tarixdən xx.xx.1991-ci il tarixədək qaz benzinin və mayeləşdirilmiş qazın istehsalı üzrə əmtəə qrupunda təmizləyici qurğular sahəsinin İİ qrupun ustası; xx.xx.1991-ci il tarixdən xx.xx.1993-cü il tarixədək Mexaniki xidmətin 4 saylı blokunda mexanik; xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Mexaniki xidmətin 1 saylı blokunda mexanik; xx.xx.1995-ci il tarixdən xx.xx.1999-cu il tarixədək 129 №-li Təmir Tikinti İdarəsində 5-ci dərəcəli elektrik qaynaqçısı, xx.xx.1999-cu il tarixdən xx.xx.2000-ci il tarixədək nəzarətçi; xx.xx.2000-ci il tarixdən xx.xx.2000-ci il tarixədək nəzarətçi, xx.xx.2001-ci il tarixdən xx.xx.2002-ci il tarixədək elektrik montyoru, xx.xx.2002-ci il tarixdən xx.xx.2009-cu il tarixədək elektrik montyoru, xx.xx.2009-cu il tarixdən mühəndis, baş mühəndis vəzifəsində işləyir. “Azneft” İstehsalat Qaz emalı zavodu tərəfindən verilmiş arayışdan görünür ki, iddiaçı 26 sentyabr 1990-cı il tarixdən 18 yanvar 1991-ci il tarixədək qaz benzinin və mayeləşdirilmiş qazın istehsalı üzrə əmtəə qrupunda təmizləyici qurğular sahəsinin İİ qrupun ustası; 18 yanvar 1991-ci il tarixdən 02 avqust 1993-cü il tarixədək Mexaniki xidmətin 4 saylı blokunda mexanik; 02 avqust 1993-cü il tarixdən 26 aprel 1995-ci il tarixədək Mexaniki xidmətin 1 saylı blokunda mexanik vəzifəsində zərərli iş şəraitində işləyib. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Yaşa görə güzəştli şərtlərlə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin,vəzifələrin və göstəricilərin siyahısTnın təsdiq edilməsi barədə əsasnamənin 10 bölməsinin 10.5. bəndinə və 10.5.1. bəndinin əlavəsinə (b) əsasən güzəştli əmək stajı - 4 il 7 ay . "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixinə qədər Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici vəzifəsində işləmişdir. Həmin müəssisə dəmir beton məmulatlarının istehsalı ilə məşğul olmuşdur. Qəlibləyicinin vəzifəsi beton qarışığını xüsusi bunkerlər vasitəsilə qəbul edərək xüsusi qəliblərə yerləşdirməkdən ibarət olub. Vətəndaş İddiaçı vəzifəsi beton məmulatlarını qəbul edib qəliblərə xüsusi titrədicilər vasitəsilə qəlibləməkdən ibarət olmuşdur. Ona görə adı çəkilən vəzifə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədir. xx.xx.2001-ci il tarixdən Əmək Nazirliyinin 100 saylı Sərəncamına əsasən 4 saylı Dəmir Beton məmulatları zavodu "xxxx" ASC-nə çevrilmişdir. İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, məktubda qeyd olunan 129 nömrəli Təmir Tikinti İdarəsi barədə Əmlak Məsələləri Dövlət Xidmətində hər hansı məlumat yoxdur. Dövlət Arxivinin Bakı filialı tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 129 nömrəli Təmir Tikinti İdarəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir. DVX Milli Gəlirlər Baş İdarəsinin Hüquqi Şəxslərin Dövlət Qeydiyyatı İdarəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İdarədə olan reyestrdə 129 nömrəli Təmir Tikinti İdarəsi adlı kommersiya qurumu aşkar edilməmişdir. Dövlət Statistika Komitəsi tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, 129 nömrəli Təmir Tikinti İdarəsi 26 iyun 1996-cı il tarixində Azərbaycan Respublikasının statistik vahidlərinin Dövlət reyestrində qeydiyata alınsa da, qeydiyyat tarixindən hal-hazıradək Dövlət Statistika Komitəsində sözügedən müəssisəyə dair hər hansı əlavə məlumat mövcud olmamışdır. X2 Xidməti tərəfindən verilmiş sorğuya cavab məktubundan görünür ki, İddiaçı 28 aprel 1995-ci il tarixdən 26 fevral 1999-cu il tarixədək 129 nömrəli Təmir Tikinti İdarəsində güzəştli şərtlərlə işləməsi ilə bağlı hər hansı bir məlumatın, eləcə də, onun həmin müəssisədə işiəməsini müəyyən edə biləcək hər hansı bir təsdiqedici sənədin, eyni zamanda, məktubunuzda qeyd etdiyiniz digər məlumat və sənədlərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X1 Xidmətində, həmçinin Nazirliyin “Əmək və Məşğulluq” altsistemində mövcud olmadığı bildirilmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi. İddia tələbinin mahiyyəti ilə bağlı məhkəmə işin materiallarını araşdıraraq hesab edir ki, iddia tələbi təmin edilməlidir. Gəlinən nəticə ilə bağlı aşağıdakıların qeyd edilməsi zəruridir. İddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı müraciətə qiymət verilən zaman, cavabdeh imtina üçün bir halı əsas götürmüşdür:
1. Güzəştli iş stajının az olmasıdır.
Məhkəmə iş materiallarından müəyyən etdi ki, iddiaçı Azərbaycan Respublikasının vətəndaşıdır, təvəllüdü xx.xx.1963-cü ildir, iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsini xahiş etmiş, lakin güzəştli iş stajının az olması səbəbindən, ona güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsindən imtina olunmuşdur. Məhkəmə vurğulamağı zəruri hesab edir ki, vətəndaşa, yəni hazırki iddiaçıya ümumiyyətlə, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün pensiya təyin olunmasına əsas verən sığorta stajının və xüsusi sahələrdə işlədiyi illərinin nə qədər təşkil etdiyi müəyyən edilməlidir. Məhkəmə bu istiqamətdə zəruri qiymətləndirmənin aparılmasını aşağıda göstərilən normalar əsasında həyata keçirir. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanun: 1.0.1. Əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıq-ları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.2. Sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur; 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixədək olan redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.1-ci maddəsinin 13 may 2022-ci il tarixdən sonraki redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikasının Qanunun 2.1-ci maddəsinə əsasən bu Qanunla “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun yeni redaksiyada verilmiş 9.1 – 9.3-cü, 9.6-cı, 9.7-ci və 14.4-cü maddələri əmək pensiyalarının bu Qanunun qüvvəyə mindiyi gündən əvvəlki dövr üçün təyin edilməsi və ya yenidən hesablanması hallarına münasibətdə tətbiq edilmir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsində nəzərdə tutulmuş axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışmış şəxslərin əmək pensiyası hüququ Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı” üzrə, həmin “Siyahı” təsdiq olunanadək isə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq olunmuş “Yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və xüsusilə ağır olan işlərdə çalışanlara, dənizdə çalışan neftçilərə yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 1 nömrəli Siyahısı” və “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı” (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə bu siyahılar qüvvədən düşmüşdür) əsasında müəyyən edilir. Əvvəla Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olduğundan, onun 60 yaşı xx.xx.2023-cü il tarixdə tamam olur. Bu səbəbdən də Məhkəmə hesab edir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunun 9.1-ci maddəsinin hazırki redaksiyası iddiaçıya münasibətdə tətbiq olunur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin olunması üçün 3 element mövcud olmalıdır: a)İddiaçının 60 yaşına çatması; b)İddiaçının azı 25 il ümumi iş stajının mövcud olması; c)İddiaçının azı 12 il 6 ay güzəştli iş stajının mövcud olması Hazırki işin faktiki hallarından görünür ki, iddiaçının yaş və ümumi staj ilə bağlı şərtlərin ödənilməsi işin mübahisələndirilməyən hallarına aiddir. Tərəflər arasında mübahisə açan məsələ məhz iddiaçının güzəştli iş stajının az olması ilə bağlıdır. Cavabdeh iddiaçının yalnız xx.xx.1990-xx.xx.1995-ci il tarixləri arasındakı dövrlərini nəzərə alaraq onun güzəştli iş stajının 4 il 7 ay olduğu qənaətinə gəlmişdir. Məhkəmə iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilib-ödənilməməsinə münasibət bildirir. İlkin olaraq qeyd olunmalıdır ki, 11 dekabr 2017-ci il tarixdə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları»na 2 nömrəli Əlavənin 2.4.1-cü bəndinə görə, müraciət edən şəxs “Əmək pensiyaları haqqında” Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışını təqdim etməlidir. Yəni, güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə, şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalat-texnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda da məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Məhkəmə iddiaçının güzəştli iş stajına münasibətdə bildirir ki, cavabdeh iddiaçının güzəştli iş stajı ilə bağlı şərtin ödənilmədiyini iddia edərkən, onun yalnız X3 xx.xx.1990xx.xx.1993-cü il tarixləri arasındakı dövrlərini nəzərə almış, iddiaçının 4 saylı Dəmir Beton məmulatları Zavodu və 129 nömrəli Təmir Tikinti İdarəsində işlədiyi peşələri güzəştli iş stajı kimi nəzərə almamışdır. Məhkəmə hesab edir ki, cavabdehin nümayiş etdirdiyi mövqeyi əsassız olmuşdur. Məhkəmə ilk növbədə iddiaçı 4 saylı Dəmir Beton məmulatları zavodunda işlədiyi müddət ilə bağlı bildirir ki, "xxxx" ASC tərəfindən verilmiş sorğuya cavab məktubuna əsasən İddiaçı xx.xx.1984-cü il tarixdən xx.xx.1990-cı il tarixinə qədər Dəmir Beton məmulatları zavodunda 2-ci dərəcəli qəlibləyici vəzifəsində işləmiş, həmin müəssisə dəmir beton məmulatlarının istehsalı ilə məşğul olmuş, qəlibləyicinin vəzifəsi beton qarışığını xüsusi bunkerlər vasitəsilə qəbul edərək xüsusi qəliblərə yerləşdirməkdən ibarət olmuşdur. Arayışda göstərilmişdir ki, vətəndaş İddiaçı vəzifəsi beton məmulatlarını qəbul edib qəliblərə xüsusi titrədicilər vasitəsilə qəlibləməkdən ibarət olmuşdur ki, adıçəkilən vəzifə ona güzəştli şərtlərlə pensiya hüququ imkan verən vəzifələr sırasına aiddir. Göründüyü kimi, "xxxx" ASC iddiaçının xx.xx.1984-xx.xx.1990 dövrlər üzrə işlədiyi qəlibçi vəzifəsini güzəştli şərtlərlə pensiya hüququ verən vəzifələrə aid olduğunu qəbul etmişdir. Məhkəmə həmin zavodun dəmir beton məmulatları fəaliyyəti üzrə məşğul olduğunu nəzərə alaraq hesab edir ki, iddiaçının qəlibləyici vəzifəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Odur ki, iddiaçının həmin vəzifədə işlədiyi müddət güzəştli iş stajına daxil edilir. (xx.xx.1984-xx.xx.1990= 05 il 11 ay 10 gün) Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Bu konkteskdə məhkəmə kassasiya instansiya məhkəməsinin qərarlarında məhkəmə təcrübəsinə əsas kimi gətirilməsini zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-697/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından görünür ki, “"xxxx" ASC-nin yuxarıda qeyd edilən arayışları ilə müəyyən olunmuşdur ki, iddiaçının 1989-2004-cü illərdə işlədiyi vəzifələrin xüsusiyyətləri, o cümlədən iş şəraiti (vəzifənin adı fərqli ifadə olunsa da) təsvir olunmuş və həmin vəzifələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə təsdiq edilmiş “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa, qocalığa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nın “XVİİ. Tikinti materialları istehsalı” bölməsinin “Dəmir-beton və beton məmulatları istehsalı” yarımbölməsində nəzərdə tutulan “a) fəhlələr” vəzifələrinə uyğundur. Odur ki, iddiaçının 2006-cı ilədək işlədiyi “qəlibçi” vəzifəsi üzrə güzəşli iş stajı 12 il 6 aydan artıq (15 il 08 ay 18 gün) təşkil edir” Məhkəmə, iddiaçının xx.xx.1995-xx.xx.1999-cu il tarixləri arasındakı dövr ərzində 129 nömrəli Təmir Tikinti idarəsində elektrik qaynaqçısı peşəsində işlədiyi müddətidə güzəştli iş stajı kimi qəbul edir. Belə ki, iddiaçının işlədiyi peşənin güzəştli olmasını təsdiq edən güzəştli arayış təqdim olunmasa belə, bu hal hazırki vəziyyəti iddiaçının ziyanına dəyişmir. Ona görə ki, iddiaçının həmin dövrdə işlədiyi müəssisə ilə bağlı sənədlər aşkar olunmamış, lakin Dövlət Statistika Komitəsi tərəfindən verilmiş məktub ilə müəssisəsinin həmin dövrdə mövcud olduğu müəyyən olunmuşdur. Buna baxmayaraq ki, onun işlədiyi peşəsinin adından da göründüyü kimi o, həmin dövrdə elektrik qayanqçısı kimi işləmişdir ki, həmin peşənin zərərli olması ona pensiya hüququnun yaranmasına dəlalət edir. “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na nəzər yetirdikdə görünür ki, 23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları pensiya hüququ verən peşələrə aid olmuşdur. Bundan başqa Məhkəmə bildirir ki, ixtisasca məhz qaynaçı olan iddiaçının əmək kitabçasında işlədiyi qeyd olunan peşənin “23200000-19906 - əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsi ilə eyni olması, SSRİ və postsovet dövrlərində elektrik qaynaqçılarının tam əksəriyyətinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları olması səbəbindən, inandırıcı, ağlabatan və məntiqlidir, bu işlərin fərqli olması məhkəmə təcrübəsi və iş materialları ilə təsdiqini tapmır, cavabdeh də Məhkəməyə bu barədə və ya təcrübədə ixtisasca qaynaqçı olan şəxslərin əslində əl ilə qaynaq aparan elektrik qaynaqçıları olmamasına dair yaxud ümumiyyətlə faktın əksini sübut edəcək heç bir mötəbər dəlil təqdim etməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-241/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022-ci il tarixli qərarında analoji iş üzrə də vətəndaşın elektrik qaynaqçısı işlədiyi illər güzəştli iş stajı kimi nəzərə alınaraq, həmin peşənin Siyahıda nəzərdə tutulmuş əl ilə qaynaq aparan elektrik qaynaqçısı ilə uyğunlaşdırılmışdır. Məhkəmənin qənaətinə görə iddiaçının işlədiyi həmin peşə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”na görə iddiaçıya güzəştli iş stajı imkanı verir və ona 03 il 10 ay güzəştli iş stajı imkanı verir. İddiaçının faktiki olaraq həmin dövrdə işlədiyi müddəti nəzərə alasaq müəyyən olunur ki, onun xx.xx.2006-cı il tarixədək 12 il 06 aydan çox güzəştli iş stajı (03 il 10 ay + 05 il 11 ay 10 gün + 4 il 7 ay = 14 il 4 ay) mövcuddur. Beləliklə, qanunvericilikdə tələb olunan ümumi və güzəştli iş stajı ilə bağlı şərtlər iddiaçı tərəfindən ödənildiyindən, ona xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməlidir. İddiaçı tələbində həmçinin, ödənilməmiş pensiya məbləğinin hesablanıb ona ödənilməsini də xahiş edir. Məhkəmə hesab edir ki, bu hissədə də iddia tələbi təmin edilməlidir. Belə ki, «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun xx.xx.2017-ci il tarixdən qüvvədə olan 32.1-1 maddəsinə əsasən, əmək pensiyası onu almaq hüququ yarandığı gündən, lakin bu Qanun qüvvəyə mindiyi gündən tez olmamaqla və müraciət edilən tarixdən əvvəlki ən çoxu üç il üçün ödənilməklə, bu maddədə müəyyən edilmiş müddətlərə təyin edilir. Qüvvədə olan qanunvericiliyin tələblərinə görə, inzibati orqan tərəfindən pensiya məbləği ilə bağlı mübahisə yarandığı təqdirdə, ötən illərə görə yaranmış pensiya məbləğinin həmin hissəsini birdəfəlik ödənilməsi nəzərdə tutulmamışdır. Səlahiyyətli inzibati orqan, yəni Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı öz səlahiyyətləri çərçivəsində ötən dövr üçün hesablanan pensiya üzrə fərq məbləği ötən dövrdəki ayların sayına bölünərək aylıq pensiyanın üzərinə əlavə edilməklə ödəyir. İş üzrə araşdırma zamanı iddiaçı tərəfindən təqdim edilmiş sənədlərdən görünür ki, iddiaçı güzəşli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi məqsədilə 04 noyabr 2023-cü il tarixdə Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi filialına müraciət etmişdir. Belə olan halda iddiaçıya «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 32.1-1 maddəsinə əsaslanmaqla ilkin müraciət tarixindən geriyə üç il üçün deyil, məhz pensiya hüququ yarandığı xx.xx.2023-cü tarixdən pensiya məbləği hesablanaraq ödənilməlidir. Göründüyü kimi, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş şərtlər tam ödənildiyindən, cavabdehin imtinası əsassız olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmuşdur. Qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, iddia tələbi təmin olunmalıdır.
NƏTİCƏVİ HİSSƏ
Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə
qərara aldı:
İddia tələbi təmin edilsin. İddiaçı 60 yaşı tamam olduğu xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və qeyd edilən tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.
Hakim: Orxan Həsənov