Məhkəmə qərarları › İş №2-1(112)-532/2021

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-532/2021

17.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-532/2021 17.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abdullayeva Aygün Abdulla qızının sədrliyi ilə, Məhkəmə iclas katibi X6 Ağa qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı əmrin ləğvi və işə bərpa tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) şifahi, açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinə qarşı Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 09 dekabr 2019-cu il tarixli, 1000/1425Ş nömrəli əmrinin ləğv edilməsi və onun xidmətə və tutduğu vəzifəyə bərpa olunması tələbi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 09 dekabr 2019-cu il tarixli, 1000/1425Ş saylı əmrinə əsasən onun xidmətinə 09 dekabr 2019-cu il tarixdən xitam verilib. Rəsmi səbəb “Gömrük Orqanlarında Xidmət Haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən, yəni təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə qeyd edilib. Hesab edir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 09 dekabr 2019-cu il tarixli, 1000/1425Ş saylı əmri ləğv edilməlidir və o, xidmətə və tutduğu vəzifəyə bərpa edilməlidir. Belə ki, o, 02.08.2004cü ildən, 16 ilə yaxın müddətdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsində həmin sahədə xidmət edir. Bu müddət ərzində heç bir ciddi pozuntulara yol verməmişdir. Vaxtlı-vaxtında rütbəsi artaraq sonda gömrük xidməti mayoru rütbəsini almışdır. Mütəmadi keçirilən atestasiyalarda fəal iştirak edərək yaxşı nəticələr almışdır. Kollektiv arasında hörmət qazanmışdır. Bəs səbəb nədir? Səbəb odur ki, o, Azərbaycan vətəndaşı olmasına baxmayaraq milləti rusdur. Həyat yoldaşı Rusiya Federasiyasının vətəndaşıdır. Bu səbəbdən, yeni təyin edilmiş Dövlət Gömrük Komitəsinin rəhbərliyi onu xidmətdən 3 ay müddətinə ayırmış və ona bildirilmişdir ki, digər vakant vəzifəyə keçiriləcəkdir. Lakin, 3 ayın sonunda ona qeyd etdiyi əmri verdilər və dedilər ki, hara istəsə şikayət edə bilər. Onu heç bir səbəb olmadan işdən qovdular. O, Azərbaycan vətəndaşıdır və hesab edir ki, onun milləti rus olmasına baxmayaraq, o, Azərbaycana qüsursuz xidmət etmişdir. Onun 2 azyaşlı uşağı var. Həyat yoldaşı Dağıstan Respublikasında anadan olmasına baxmayaraq, 10 ildən yuxarı Bakıda yaşayır və azərbaycanlıdır. Əgər onu vakant vəzifəyə keçirmək olurdusa və vakant yerlər mövcud deyildisə, onda bu son 3 ay ərzində yeni qəbul edilmiş işçiləri hansı vəzifəyə təyin edirlər. Son 3 ay ərzində 10-dan çox yeni əməkdaş işə qəbul edilmiş və hazırda tutduğu vəzifədə onun əvəzinə digər bir şəxs xidmət edir. Cavabdehə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 47.2-ci maddəsində göstərilən qaydada iddia ərizəsinə münasibət bildirmək üçün sərəncam göndərilmiş, sərəncama əsasən cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, iddiaçı X2 cavabdeh Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsinə qarşı iddiası ilə əlaqədar bildirirlərki, Komitənin 2019-cu il 9 dekabr tarixli, 1000/1425ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən gömrük orqanlarında xidmətinə xitam verilmiş İddiaçı barəsində həmin əmrin verilməsinə əsas olan müvafiq sənəd Komitədə təşkilatı-ştat tədbirləri olaraq həyata keçirilmiş 2019-cu il 9 sentyabr tarixli, 1000/1092ş nömrəli əmrdir. Həmin əmr əsasında təşkilati-ştat tədbirləri olaraq İddiaçı Azərbaycan Respublikasının 1999-cu il 7 dekabr tarixli, 768-İQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 50-ci maddəsinə əsasən Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada üç ayadək müddətdə sərəncamda saxlanılmışdır. İddiaçı oğlu sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından İddiaçı hər hansı digər vəzifə təklif olunmamışdır. Dövlət Gömrük Komitəsinin fəaliyyət istiqamətləri, hüquq və vəzifələri, fəaliyyətinin təşkili və Komitə sədrinin səlahiyyətlərinin Azərbaycan Respublikası Prezidentinin 2012-ci il 4 iyun tarixli 646 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi haqqında Əsasnamə” ilə müəyyən edildiyini nəzərə alaraq təşkilati-ştat tədbirlərinin həyata keçirilməsinin əmrləşdirilməsi (sərəncam, qərar) qeyd olunan Əsasnamədə nəzərdə tutulmadığından bununla əlaqədar Komitə tərəfindən hər hansı bir əmr (sərəncam, qərar) qəbul edilməmişdir. Həmin Əsasnamənin 5.6.6-cı yarımbəndinə əsasən Komitə sədri müəyyən edilmiş qaydada Komitənin aparatının işçilərini, gömrük orqanlarının və tabeliyində olan digər qurumların rəhbərlərini vəzifəyə təyin və vəzifədən azad edir, həmçinin digər işçilərini vəzifəyə təyin və vəzifədən azad edir. Qeyd olunan inzibati aktların qanuniliyi sübhə doğurmur, çünki formal-hüquqi baxımdan həmin aktda İnzibati icraat haqqında” Qanunun 58-ci (inzibati akta dair ümumi tələblər) və 61-ci (inzibati aktın əsaslandırılması) maddələrinin icraatla bağlı tələblərinə əməl olunmuşdur. Eyni zamanda həmin inzibati aktlar maddi-hüquqi baxımdan da qanunidir, çünki qəbul edildiyi vaxt qüvvədə olan hüquq normalarının, o cümlədən Azərbaycan Respublikasının Gömrük Məcəlləsinin, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin müddəalarının tələbləri Dövlət Gömrük Komitəsi tərəfindən gözlənilmişdir. Həmçinin digər hüquq mühafizə orqanlarının (“Hərbi vəzifə və hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanunu (38.2.2 maddə), “Miqrasiya orqanlarında qulluq keçmə haqqında Əsasnamə” (111.4 maddə) oxşar təcrübələrində də təşkilati-ştat tədbirlərinin nədən ibarət olması, həmin tədbirlərin keçirilməsinə əsas verən hallar və qanunvericilikdə bununla bağlı müddəalar öz əksini tapmışdır. Əlavə olaraq bildirilmişdir ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin aparatının, strukturuna daxil olan ərazi və ixtisaslaşdırılmış gömrük idarələrinin və tabeliyində olan digər qurumlarının ştat cədvəli məxfi qaydada təsdiqlənmişdir, xidməti istifadə üçün nəzərdə tutulmuşdur və həmin dövrə aid ştat cədvəlinin təsdiq edilmiş surətinin məhkəməyə təqdim edilməsi imkan xaricindədir. Şifahi məhkəmə baxışı iclasında iştirak edən iddiaçı iddia ərizəsinə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. İşdə olan ИТ-İ seriyalı, ******* nömrəli əmək kitabçasının surətindən görünür ki, İddiaçı 02.08.2004-cü il tairxdə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi “Azərterminalkompleks” THXİB-nin Ərazi terminalı üzrə Bakı Şöbəsinin inspektoru vəzifəsinə təyin edilmiş, 01.03.2006-cı il tarixdə Birliyin Bəyanetmə üzrə Bakı şöbəsinin inspektoru vəzifəsinə keçirilmiş, 31.05.2006-cı il tarixdə gömrük brokeri və texniki xidmətin göstərilməsi üzrə Bakı şöbəsinin kompyuter operatoru vəzifəsinə keçirilmiş, 31.10.20074-ci il tarixdə X3 Baş Gömrük İdarəsinin 1-ci sərnişin şöbəsinin inspektoru vəzifəsinə keçirilmiş, 29.04.2014-cü il tarixdə Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin “Yoxlama baxış sistemlərinin tətbiqi” şöbəsinin böyük inspektoru keçirilmiş, 18.05.2017-ci il tarixdə Bakı Baş Gömrük İdarəsi gömrük rəsmiləşdirilməsi şöbəsinin böyük inspektoru keçirilmiş, 14.08.2018ci il tarixdə Komitənin sərəncamına götürülmüş, 14.08.2018-ci il tarixdə Bakı Baş Gömrük İdarəsi “İpək Yolu” Gömrük Postunun böyük inspektoru təyin edilmiş, 09.09.2019-cu il tarixdə Komitənin sərəncamına götürülmüş, 09.12.2019-cu il tarixdə “Gömrük orqanlarında xidmətkeçmə haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar xidmətinə xitam verilmişdir. İşdə olan Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 1000/1425Ş nömrəli, 09.12.2019-cu il tarixli əmrinin surətindən görünür ki, Komitənin sərəncamında olan İddiaçı xidmətinə “Təşkilati-Ştat Tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda və ya həmin vəzifədən imtina etdikdə” əsası ilə 09.12.2019cu il tarixdə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh inzibati orqan tərəfindən iddiaçının xidmətinə xitam verilərkən bu barədə əmrdə iki əsasa - “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda” və “və ya həmin vəzifədən imtina etdikdə” əsaslarına istinad olunmuşdu. Halbuki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 76.1-ci maddəsinə əsasən işəgötürən tərəfindən əmək müqaviləsinə bu Məcəllənin 68, 69, 70, 73, 74 və 75-ci maddələrində nəzərdə tutulan əsaslardan yalnız biri ilə xitam verilə bilər. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən əmək müqaviləsinə eyni zamanda iki və daha artıq əsasla, həmçinin qanunvericilikdə nəzərdə tutulmayan əsasla, habelə bu Məcəllə ilə müəyyən edilmiş əmək müqaviləsinin ləğv edilməsi qaydalarına əməl olunmadan xitam verilə bilməz. Cavabdeh inzibati orqan tərəfindən xidmətinə xitam verilmiş iddiaçıya münasibətdə qəbul edilmiş əmrdə göstərilən hər iki əsasla bağlı qeyri-müəyyənliyə, yəni iddiaçının xidmətinə xitam verilməsinin hansı əsasla bağlı olduğu məsələsinə aydınlıq gətirilməsi üçün məhkəmə tərəfindən araşdırma aparılmış və müəyyən olunmuşdur ki, iddiaçı Dövlət Gömrük Komitəsinin müəyyən etdiyi qaydada 3 ay müddətinə sərəncamda olduğu müddət ərzində struktur bölmə üzrə vakant vəzifə olmadığından onun digər vəzifəyə keçirilməsi mümkün olmamış və digər vakant vəzifə olmadığından ona hər hansı digər vəzifə təklif olunmamışdır. “İnzibati icraat haqqında” Qanunun 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.3-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Həmin Qanunun 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Həmin Məcəllənin 33.2-ci maddəsinə görə bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. Hazırki işdə iddiaçı barəsində cavabdeh inzibati orqan tərəfindən müvafiq 1000/1425Ş saylı, 09 dekabr 2019-cu il tarixli əmr verilərkən “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə istinad olunsa da, iddiaçının xidmətinə “təşkilati-ştat tədbirlərinin keçirilməsi ilə əlaqədar digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda”, “və ya həmin vəzifədən imtina etdikdə” səbəblərindən məhz hansı ilə 09 dekabr 2019-cu il tarixdən xitam verilməsi konkret olaraq göstərilmədiyindən və nəticədə cavabdeh tərəfindən qeyri-müəyyənliyə yol verildiyindən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2536/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərardadı ilə hazırki iş üzrə iddiaçının xidmətinə xitam verilərkən tutduğu vəzifəsinə uyğun vakant vəzifəyə təyin edilməsinin mümkünlüyü məsələsinə baxılması üçün cavabdeh inzibati orqana 3 (üç) aylıq müddət təyin edilməsi qərara alınmışdır. 14.04.2021-ci il tarixdə cavabdeh inzibati orqan tərəfindən məhkəməyə daxil olmuş məktubla Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2536/2020 saylı, 12 noyabr 2020-ci il tarixli qərardadının icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin 09.12.2019-cu il tarixli, 1000/1425ş nömrəli əmrinə dəyişiklik edildiyi bildirilmiş və bununla bağlı Komitənin 08.04.2021-ci il tarixli, 1000/1425ş nömrəli əmrinin surəti təqdim olunmuşdur. Həmin əmrin məzmunundan müəyyən olunur ki, 09.12.2019-cu il tarixli əmrin 2-ci hissəsində “və ya həmin vəzifədən imtina etdikdə” sözləri çıxarılmışdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edildi ki, Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi sədrinin 2019-cu il 23 oktyabr tarixli, 1000/1288Ş nömrəli əmri ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən iddiaçı xidmətinə xitam verilmişdir. İddiaçının sərəncamda olduğu müddət ərzində qeyd edilən struktur bölmə üzrə vakant vəzifə olmadığından iddiaçıya hər hansı digər vəzifə təklif olunmamış və onun digər vəzifəyə keçirilməsi mümkün olmamışdır. Bu səbəbdən də, iddiaçı gömrük orqanlarında xidmətinə Komitənin 2019-cu il 23 oktyabr tarixli, 1000/1288Ş nömrəli əmri (təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi mümkün olmadıqda) ilə “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 120-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən xitam verilmişdir. Göründüyü kimi, cavabdeh tərəfindən mübahisəli əmr “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun, “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin tələblərinə uyğun qəbul edildiyindən və onun qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu cavabdeh inzibati orqan tərəfindən sübuta yetirildiyindən, iddiaçının həmin inzibati orqana qarşı əmrin ləğv edilməsi və işə bərpa olunması ilə bağlı tələbi əsaslı deyildir. Bu səbəbdən də, iddia təmin edilməməlidir. “Gömrük orqanlarında xidmət haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən Gömrük orqanlarında xidmət - Azərbaycan Respublikasının hüquq mühafizə orqanları sisteminə daxil olan gömrük orqanlarının vəzifə, funksiya və hüquqlarını öz peşəkar fəaliyyətləri ilə həyata keçirən Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğunun xüsusi növüdür. Həmin Əsasnamənin 50-ci bəndinə görə gömrük orqanlarının vəzifəli şəxsləri təşkilatiştat tədbirlərinin həyata keçirilməsi ilə əlaqədar, habelə intizam tənbehi qaydasında tutduğu vəzifədən azad edildikdə Azərbaycan Respublikasının gömrük işini aparan icra hakimiyyəti orqanının müəyyən etdiyi qaydada üç ayadək müddətdə həmin orqanın sərəncamında saxlanıla bilər. Bu müddətə gömrük orqanının vəzifəli şəxsinin məzuniyyətdə olduğu müddət daxil edilmir. Gömrük orqanının vəzifəli şəxsinin sərəncamda olduğu müddətdə onun əvvəlki vəzifədə aldığı əməkhaqqı saxlanılır. Həmin Əsasnamənin 120.4-cü bəndinə əsasən təşkilati-ştat tədbirlərin keçirilməsi ilə əlaqədar, əgər vəzifəli şəxsin gömrük orqanlarında digər vakant vəzifəyə keçirilməsi qeyrimümkün olarsa və ya belə vəzifəyə keçirilmədən göstərilən vəzifəli şəxs imtina edərsə, gömrük orqanının vəzifəli şəxsinin xidmətinə xitam verilə bilər. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Həmin Qanunun 67.2-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 14.1-ci maddəsinə əsasən mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Hazırki halda isə mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğu (digər vakant vəzifəyə keçirilmənin qeyri-mümkün olması) cavabdeh orqan tərəfindən sübut edildiyindən, iddia əsassızdır və təmin edilməməlidir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İ və İİ hissələrinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Ümumdünya İnsan Hüquqları Bəyannaməsinin 8-ci maddəsində deyilir: «Hər bir insan Konstitusiaysının, yaxud qanunun ona verdiyi əsas hüquqların pozulması hallarında bu hüquqların səlahiyyətli milli məhkəmələr tərəfindən bərpa edilməsi hüququna malikdir». Bu müddəa məhkəmə təminatı ilə bağlı Konstitusiyanın 60-cı maddəsində öz əksini tapmışdır. Konstitusiyanın bu maddəsi ilə vətandaşların həm Konstitusiya ilə təsbit edilmiş hüquqlarını və azadlıqları, həm də Azərbaycan Respublikasının qanunlarında və digər normativ hüquqi aktlarında nəzərdə tutulmuş hüquqlarının və azadlıqlarının məhkəmələrin müdafiəsi altında olmasına təminat verilir. Məhkəmə təminatı bir tərəfdən, hər kəsin pozulmuş hüquqlarının və azadlıqlarının bərpası məqsədilə məhkəməyə müraciət etmək hüququnu, digər bir tərəfdən isə məhkəmələrin həmin müraciətlərə baxmaq və onlara dair ədalətli qərar qəbul etmək vəzifəsini müəyyən edir. Konstitusiyanın 125-cü maddəsinin İİİ hissəsinə görə Məhkəmə hakimiyyəti Konstitusiya, mülki və cinayət mühakimə icraatı vasitəsilə və qanunla nəzərdə tutulmuş digər vasitələr ilə həyatı keçirilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi A.H.Zalovun şikayəti üzrə 21 may 2004-cü il tarixdə qəbul etdiyi qərarında Konstitusiyanın 60-ci maddəsində təsbit edilən hüquq və azadlıqların məhkəmə təminatı hüququna dair öz mövqeyini bəyan edərək göstərmişdir ki, qeyd edilən bu hüququn mühüm elementlərindən biri ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsindən ibarətdir. Daha sonra Konstitusiya Məhkəməsi qərarında göstərmişdir ki, X4 da hər kəsin qanun əsasında yaradılmış, müstəqil, qərərsiz və səlahiyyətli məhkəmədə müdafiə olunmaq hüququ ədalət mühakiməsinin mühüm təminatlarından biri kimi təsbit edilmişdir. (İnsan Hüquqlarına dair ümumi bəyannamənin 10-cu maddəsi, Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Paktın 14-cü maddəsi, «İnsan Hüquq və əsas Azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 6-cı maddəsi və.s.). Öz növbəsində məhkəmədə mühakimə olunmaq hüququ həmin məhkəmənin müvafiq mübahisəyə qanuna uyğun baxmalı olmasını ehtiva edir. Buna görə də hər hansı mübahisənin həll edilməsi qanun çərçivəsində olmalıdır. Məhkəmələr mübahisəni qanunla müəyyən edilmiş qaydada həll etməlidir. Göründüyü kimi, Azərbaycan Respublikası Konstitusiyası ilə təsbit olunan və qorunan hüquqların daha effektiv şəkildə təmin olunması üçün ədalət mühakiməsinin məhkəmələr tərəfindən qanunla müəyyənləşdirilmiş qaydada həyata keçirilməsinə Konstitusion təminat verilmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Beləliklə, məhkəmə iş materiallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia əsassız olduğundan təmin edilməməlidir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 69, 73, 75, 81, 85-ci maddələrinə əsasən, məhkəmə QƏRARA ALDİ: İddia tələbi təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apelyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Aygün Abdullayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar