Məhkəmə qərarları › İş №2-1(112)-532/2022

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-532/2022

03.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-532/2022 03.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Hüseynov Pərviz Aktiv oğlunun sədrliyi, məhkəmə iclas katibi Əhmədov Rəşad Əhməd oğlunun katibliyi, iddiaçı X1, cavabdehin nümayəndəsi X3 iştirakı ilə, iddiaçı X1 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması və sair” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında şifahi, açıq məhkəmə baxışı iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması, ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020-ci il tarixli **********8 nömrəli qərarının ləğv edilməsi və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi ondan tutulmuş pul məbləğinin ona qaytarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı X4 izahatında bildirdi ki, o, cavabdehdən əlilliyə görə sabiq hakim kimi əmək pensiyası alır. “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsində göstərilir ki, hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. Səaliyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında vergidən azad pul təminatı verilir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi, 10 ilinə görə 30 faizi, 15 ilinə görə 45 faizi həcmində əlavə haqq ödənilir. Bundan əlavə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət, həmin Qanunun 109-cu maddəsinə əsasən isə müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun qulluq stajına görə əmək pensiyasına əlavələrə dair 20.7-ci maddəsində göstərilir ki, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsində fəaliyyətin son 24 ay və ya istənilən ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləğindən, əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla hesablanır. Həmin maddədəki son 24 ay və ya ardıcıl gələn 60 ay ərzindəki əmək haqqının orta aylıq məbləği müddəası hakimlərin fəaliyyətdə olduqları dövrdə aldıqları vəzifə maaşı və ona olan əlavə və artımları, əmək haqqındakı sonrakı artımlar müddəası isə hakimlik fəaliyyətindən sonrakı dövrdə ödənilən artımları nəzərdə tutmuşdur. O, cavabdehə 25 iyun 2020-ci il tarixli müraciət yazmış və qəbulda olmuşdur, cavabdeh süründürməçilik etmiş, qeyri-qanuni olaraq 01 dekabr 2020-ci il tarixli, **********1 saylı məktubu ilə Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0, 1.0.2, 1.0.3 və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına istinad etməklə müraciətinin təmin olunmasından imtina etmişdir. Eyni zamanda onun müraciətləri 2018-ci ildən başlanmışdır və bu sübutlar Sosial arayışda da təsdiqini tapmışdır. Lakin ona rəsmi olaraq cavab yalnız 01 dekabr 2020-ci il tarixində verilmişdir. Sosial arayışda göstərilmişdir ki, guya onun ərizəsi icra edilmişdir, halbuki onun ərizəsi baxılmaqda idi. Onun əmək pensiyası hüququnun düzgün təmin olunması cavabdehin vəzifə borcudur. Cavabdeh bütün qanunvericiliyi, vətəndaş hüquqlarını pozaraq, onun hüquqlarını məhdudlaşdıraraq qanunsuzluq etmişdir. Cavabdeh həmin məktubda eyni zamanda düzgün olmayaraq göstərmişdir ki, guya ona pensiya hesablanarkən düzgün hesablanmamış və nəticədə 05.05.2011-ci il tarixdən 30.10.2020-ci il tarixə kimi olan dövr ərzində ona cəmi 4029,81 manat arlıq pul vəsaiti hesablanmışdır. Onun əmək pensiyasını qanunsuz olaraq azaltmışlar. O, bununla əlaqədar cavabdehə 11 dekabr 2020-ci il tarixində yenidən müraciət edərək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla qanunvericiliyə uyğun olaraq onun əmək pensiyasının hesablanmasını tələb etmişdir. Hazırda 01.09.2019-cu ilə kimi işləmiş hakimlərə əmək pensiyası məhkəmə qərarları əsasında vəzifə maaşına 25 faiz həcmində vergidən azad pul təminat, iki aylıq əmək haqqı miqdarında məzuniyyət və iki aylıq əmək haqqı miqdarında müalicə xərci olan artımlar nəzərə alınmaqla hesablanır, 01.09.2019-cu ildən sonra əmək pensiyasına çıxmış hakimlərə isə bir aylıq vəzifə maaşı həcmində əlavə də nəzərə alınmaqla hesablanır. Eyni vəzifəni yerinə yetirmiş və eyni hakimlik stajına malik olmuş məhkəmə hakimlərinə kəskin dərəcədə fərqli əmək pensiyası ödənilməsi, yəni bəzisinə 3500, bəzisinə 2800, ona isə 1524 manat əmək pensiyası ödənilməsi Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində nəzərdə tutulmuş bərabərlik prinsipinə və “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa Konvensiyasının 14-cü maddəsində nəzərdə tutulmuş ayrı-seçkilik prinsiplərinə ziddir. Azərbaycan Respublikası Konstitusiyasının 149 maddəsinin Vİİ hissəsində göstərilir ki, fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. Ona əmək pensiyası 2011-ci ildən təyin edildiyi üçün əmək pensiyası Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 15 may 2020-ci il tarixli Plenum Qərarı deyil, 25 fevral 2014-cü il tarixli Plenum Qərarına əsasən yenidən hesablanmaqla “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106, 107 və 109-cu maddələrində nəzərdə tutulma sonrakı artımlar, yəni bir aylıq vəzifə maaşı həcmində, vəzifə maaşına əlavə vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı həcmində məzuniyyət haqqı və iki aylıq əmək haqqı həcmində müalicə xərci nəzərə alınmalıdır. Eyni zamanda cavabdeh əsassız olaraq «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020-ci il tarixli **********8 nömrəli qərar qəbul edərək ona təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğini yenidən hesablama nəticəsində azaldaraq 1524,16 manat müəyyən etmişdir və ona təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldaraq artıq ödənilmiş vəsait kimi ondan 4029,81 manat pul tutmuşdur. Hesab edir ki, həmin qərar qanunsuz və əsassızdır və ləğv edilməlidir, tutulmuş vəsait isə ona geri qaytarılmalıdır. Göstərilənlərə əsasən iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X9 oğlu izahatında bildirdi ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi iddiaçının qeyd etdiyi əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən göstərilən əlavələrin, həmçinin hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən əlavənin iddiaçıya münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. İddiaçıya Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən 5 may 2011-ci il tarixindən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. İddiaçının müraciətinə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 may 2007-ci il tarixindən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 857,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-257,10 manat və mükafatlara görə əlavəsi 63,94 manat olmaqla orta aylıq əmək haqqı 1178,04 manat təşkil etmişdir. Bununla əlaqədar iddiaçının əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1178,04 manat) 80 faizi-942,43 manat məbləğində müəyyən edilmişdir. Lakin 05.05.2011-30.11.2013-cü il tarixləri arasındakı dövr ərzində ona hər ay 969,83 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 845,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşını 993,60 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-298,08 manat və mükafatlara görə əlavəsi 74,13 manat olmaqla orta aylıq əmək haqqı 1365,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1365,81 manat) 80 faizi-1092,65 manat məbləğində müəyyən edilmişdir. Lakin ona 2013-cü ilin dekabr ayında 1124,42 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə iddiaçıya 31,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı 1159,20 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-347,76 manat və mükafatlara görə əlavəsi 86,48 manat olmaqla orta aylıq əmək haqqının 1593,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanın “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1593,44 manat) 80 faizi-1274,75 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.01.2014-30.04.2018-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1311,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 1916,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 1277,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-383,10 manat və mükafatlara görə əlavəsi 95,27 manat olmaqla orta aylıq əmək haqqının 1755,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyasının “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1755,37 manat) 80 faizi- 1404,30 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.05.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində ona hər ay 1442,76 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 615,36 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən iddiaçının vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşının 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi-415,80 manat və mükafatlara görə əlavəsi 103,40 manat olmaqla orta aylıq əmək haqqının 1905,20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyası “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajına uyğun olaraq vaxtilə işlədiyi vəzifə üzrə orta aylıq əmək haqqının (1905,20 manat) 80 faizi-1524,16 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2019-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində ona hər ay 1568,49 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində iddiaçıya 620,62 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya 05.05.2011-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığını qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyasından tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən iddiaçının əmək pensiyası 1524,16 manat müəyyən edilməklə müvafiq kart hesabına köçürülür. Göstərilənlərə əsasən iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə proses iştirakçılarının izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin edilməlidir. İş materiallarında olan iddiaçıya məxsus AZE seriyalı 0******* nömrəli şəxsiyət vəsiqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.1958-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 01.12.2020-ci il tarixli məktubda qeyd edilir: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 26 iyun 2020-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 107-ci maddəsinə əsasən hakimlər məzuniyyətə çıxarkən onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. Həmin Qanunun 109-cu maddəsinə əsasən isə hakimlərə müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə iki aylıq əmək haqqı həcmində birdəfəlik müavinət verilir. Göründüyü kimi qeyd etdiyiniz əlavələr hazırda hakim kimi çalışan əməkdaşlar üçün nəzərdə tutulur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlara əsasən yuxarıda göstərilən əlavələrin, həmçinin hakimlərə səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün verilən əlavənin Sizə münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab olunmur. Eyni zamanda bildiririk ki, Sizə Dövlət Sosial X6 rayon şöbəsi tərəfindən 5 may 2011-ci il tarixindən sabiq hakim kimi İİ qrup əlilliyə görə əmək pensiyası təyin edilmişdir. Müraciətinizə əsasən aparılan araşdırma nəticəsində məlum olmuşdur ki, 8 may 2007-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 857,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-257,10 manat və mükafatlara görə əlavəniz 63,94 manat olmaqla orta aylıq əmək haqqınız 1178,04 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1178,04 manat) 80 faizi-942,43 manat məbləğində müəyyən edilmişdir. Lakin 05.05.2011-30.11.2013-cü il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 969,83 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 845,86 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 993,60 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-298,08 manat və mükafatlara görə əlavəniz 74,13 manat olmaqla orta aylıq əmək haqqınız 1365,81 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında" Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1365,81 manat) 80 faizi-1092,65 manat məbləğində müəyyən edilmişdir. Lakin Sizə 2013-cü ilin dekabr ayında 1124,42 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin ay üzrə sizə 31,77 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 yanvar 2014-cü il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1159,20 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-347,76 manat və mükafatlara görə əlavəniz 86,48 manat olmaqla orta aylıq əmək haqqınız 1593,44 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız "Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1593,44 manat) 80 faizi-1274,75 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.01.2014-30.04.2018-ci il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 1311,60 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 1916,20 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 may 2018-ci il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1277,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-383,10 manat və mükafatlara görə əlavəniz 95,27 manat olmaqla orta aylıq əmək haqqınız 1755,37 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1755,37 manat) 80 faizi-1404,30 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.05.2018-31.08.2019-cu il tarixləri arasındakı dövr ərzində sizə hər ay 1442,76 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində Sizə 615,36 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Hakimlərin vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən vaxtilə işlədiyiniz vəzifə üzrə vəzifə maaşınız 1386,00 manat, hakimlik stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəniz-415,80 manat və mükafatlara görə əlavəniz 103,40 manat olmaqla orta aylıq əmək haqqınız 1905,20 manat təşkil etmişdir. Bununla əlaqədar əmək pensiyanız “Məhkəmələr və hakimlər haqqında” Qanunun 109-cu maddəsinin 30 dekabr 2005-ci il tarixinədək qüvvədə olan redaksiyasına əsasən 10 il 3 gün sabiq hakim kimi iş stajınıza uyğun olaraq vaxtilə işlədiyiniz vəzifə üzrə orta aylıq əmək haqqınızın (1905,20 manat) 80 faizi-1524,16 manat məbləğində müəyyən edilmişdir. Lakin 01.09.2019-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində Sizə hər ay 1568,49 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr müddətində sizə 620,62 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən Sizə 05.05.2011-31.10.2020-ci il tarixləri arasındakı dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi müəyyən edilmişdir. Həmin artıq ödənilmiş vəsaitin qaytarılması ilə əlaqədar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin tələblərinə uyğun qaydada yazılı razılığınızı qısa müddət ərzində Mərkəzi Filiala təqdim etməyiniz xahiş olunur. Əks halda həmin maddəyə uyğun olaraq əmək pensiyanızdan tutulmanın aparılması üçün məhkəməyə müraciət ediləcəkdir. Məlumat üçün bildiririk ki, Mərkəzi Filial tərəfindən cari ilin noyabr ayından etibarən əmək pensiyanız 1524,16 manat müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 01.06.2011ci il tarixli 8/516 saylı arayışından görünür ki, hal-hazırda Sumqayıt şəhər məhkəməsi hakiminin vəzifə maaşı 857 manat təşkil edir. Eyni zamanda onlara hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-ı, 10 İlinə görə 30%-ı, 15 ilinə görə 45%-ı həcmində əlavə haqq ödənilir. Bundan əlavə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 09.02.2014cü il tarixli 8/165 saylı arayışından görünür ki, hal-hazırda rayon (şəhər) məhkəməsi hakiminin vəzifə maaşı 1159,00 manat təşkil edir. Eyni zamanda onlara hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-ı, 10 ilinə görə 30%-ı, 15 ilinə görə 45%-ı həcmində əlavə haqq ödənilir. Bundan əlavə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. İlk dəfə hakim vəzifəsinə təyin olunan şəxslərə hakimlik fəaliyyətinin birinci ilində bir dəfə aylıq vəzifə maaşının iki misli, sonrakı dörd il ərzində ildə bir dəfə bir aylıq vəzifə maaşı məbləğində birdəfəlik yardım ödənilir. Hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 31.05.2018ci il tarixli 8/511 saylı arayışından görünür ki, 01.05.2018-ci il tarixdən Sumqayıt şəhər məhkəməsi hakiminin vəzifə maaşı 1277 manat müəyyən edilmişdir. Eyni zamanda onlara hakimlik stajına görə 5 ildən 10 ilə qədər vəzifə maaşlarının 15%, 10 ildən 15 ilədək 30%, 15 ildən yuxarı 45% əlavə haqq ödənilir. Bundan əlavə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununa əlavə və dəyişikliklər edilməsi barədə 8 oktyabr 2010-cu il tarixli 1092-İİİQD nömrəli Qanuna əsasən birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15%-i miqdarında aylıq pul təminatı verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin 26.11.2020ci il tarixli 8/929 saylı arayışından görünür ki, 01.09.2019-cu il tarixdən Sumqayıt şəhər məhkəməsi hakiminin vəzifə maaşı 1386,00 manat təşkil edir. Eyni zamanda “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%-ı, 10 İlinə görə 30%-ı, 15 ilinə görə 45%-ı həcmində əlavə haqq ödənilir. Bundan əlavə birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar 01.09.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin 01.09.2019-cu il tarixdən hakimlərə hər ay bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən hakimlər məzuniyyətə çıxdıqda onlara iki aylıq əmək haqqı məbləğində müavinət və müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi tərəfindən X2 ünvanlanmış 21.01.2021-ci il tarixli 8/32 saylı məktubda qeyd edilir: Sizin hakim işlədiyiniz dövrdə ixtisas dərəcəsi verilməsi barədə müraciətinizlə əlaqədar arxiv sənədlərinə baxış keçirilərək məlum olmuşdur ki, Azərbaycan Respublikası Milli Məclisinin 01 iyul 1994-cü il tarixli 844 nömrəli Qərarı ilə Sizə dördüncü ixtisas dərəcəsi verilmişdir. Azərbaycan Respublikası Milli Məclisinin 04 noyabr 1992-ci il tarixlii 364 nömrəli ‘Azərbaycan Respublikası məhkəmələrinin ixtisas dərəcəli hakimlərinə əlavə haqq verilməsi haqqında” Qərarı ilə dördüncü ixtisas dərəcəli hakimlərə 1993-cü il yanvarın 1-dən minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilməsi müəyyən edilmişdir. Sizə əmək haqqı hesablanarkən hər ay vəzifə maaşına minimum əmək haqqının 2 misli məbləğində əlavə haqq ödənilmişdir. Həmçinin bildiririk ki, əvvəlki qanunvericiliyə əsasən Sizə ödənilmiş mükafatlar barədə 02.06.2011-ci il tarixli arayış təqdim olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və X5 Nazirliyi Tibbi-Sosial Ekpert Komissiyası sonuncu müayinəyə dair məlumatdan görünür ki, İddiaçı 30.04.2021-ci il tarixdən müddətsiz İİ dərəcəli əlillik təyin edilmişdir. Əlillik səbəbi: ümumi xəstəlik. İş materiallarında olan iddiaçı X2 məxsus pensiya işində olan sənədlərdən görünür ki, iddiaçı X2 05.05.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. Həmin pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020ci il tarixli **********8 nömrəli qərarından görünür ki, iddiaçı X2 təyin edilmiş hazırki pensiya məbləği 1568,49 manat, yenidən hesablanmış pensiya məbləği isə 1524,16 manat təşkil edir. İddiaçıya pensiya təyin olunduğu 05.05.2011-ci ildən yenidən hesablamanın aparıldığı 31.10.2020-ci ilədək dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi qeyd olunur. İş materiallarında olan iddiaçı X2 məxsus əmək kitabçasının notarial qaydada tərcümə və təsdiq edilmiş surətindən görünür ki, iddiaçı X4 29.08.1990-cı ildən 02.09.2000-ci ilədək Sumqayıt şəhər xalq məhkəməsinin xalq hakimi vəzifəsində işləmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 106-cı maddəsinin 1-ci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir. 106-cı maddəsinin 2-ci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin 3-cü hissəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin 1-ci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt məzuniyyət haqqı və iki aylıq əmək haqqı məbləğində müavinət verilir. 109-cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. 109-cu maddəsinin 5-ci hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Məhkəmə tərəfindən müəyyən edildi ki, iddiaçı X4 29.08.1990-cı ildən 02.09.2000-ci ilədək Sumqayıt şəhər xalq məhkəməsinin xalq hakimi vəzifəsində işləmişdir. İddiaçıya 05.05.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir. İddiaçıya pensiya hesablanarkən vaxtilə işlədiyi vəzifə üzrə vəzifə maaşı, hakimlik stajına görə (10 ilə görə) vəzifə maaşının 30 faizi miqdarında əlavə, mükafatlara görə əlavə, ixtisas dərəcəsinə görə əlavə nəzərə alınmışdır. Hazırda iddiaçı hakimlərə bir aylıq vəzifə maaşı həcmində əlavə, hakimlərə səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi həcmində vergidən azad pul təminatı, iki aylıq əmək haqqı məbləğində məzuniyyət üçün müavinət və iki aylıq əmək haqqı məbləğində müalicə haqqı nəzərə alınmaqla ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması tələb edir. 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.1-ci hissəsinə əsasən 106-cı maddə üzrə birinci hissəyə “məbləğdə” sözündən sonra “aylıq” sözü və “edilir” sözündən sonra “və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir” sözləri əlavə edilmişdir. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. 08.10.2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 1-ci hissəsinə əsasən 106-cı maddəyə aşağıdakı məzmunda üçüncü hissə əlavə edilmişdir: "Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir». Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. Daha sonra isə 12 iyul 2019-cu il tarixli “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə” Azərbaycan Respublikası Qanununun 1.1.3-cü hissəsinə əsasən 106-cı maddə üzrə üçüncü hissə aşağıdakı redaksiyada verilmişdir: “Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir.”. Həmin Qanun 2019-cu il sentyabrın 1-dən qüvvəyə minmişdir. 08.10.2010-cu il tarixli "Məhkəmələr və hakimlər haqqında" Azərbaycan Respublikasının Qanununa əlavə və dəyişiklik edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən 107-ci maddənin birinci hissəsinin ikinci cümləsində "iki aylıq vəzifə maaşı məbləğində məzuniyyət haqqı verilir" sözləri, "iki aylıq əmək haqqı məbləğində müavinət verilir" sözləri ilə əvəz edilmişdir. Həmin Qanun 2010-cu il oktyabrın 1-dən qüvvəyə minmişdir. “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 109cu maddəsinin 4-cü hissəsinə əsasən hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Həmin hissədə “müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada” sözləri 16 fevral 2001-ci il tarixli “Konstitusiya Məhkəməsi haqqında” və “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunlarına dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikası Qanununun 2-ci hissəsinə əsasən əlavə edilmişdir və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2001ci il 27 avqust tarixli 142 nömrəli qərarı ilə «Hakimlərə müalicə olunmaq üçün pul təminatının verilməsi Qaydası» təsdiq edilmişdir. Göründüyü kimi, iddiaçı 02.09.2000-ci ilədək hakim vəzifəsində işləmişdir və iddiaçı işlədiyi dövrdə ona təyin edilmiş əmək pensiyasının yenidən hesablanması üçün nəzərə alınmasını tələb etdiyi təminatları almamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Qeyd olunanlardan göründüyü kimi, iddiaçı pensiyasının hesablanması zamanı nəzərə alınmasını tələb etdiyi təminatları işlədiyi dövrdə almadığı üçün həmin təminatlar iddiaçıya təyin edilmiş pensiyanın yenidən hesablanması zamanı nəzərə alına bilməz. Bu səbəbdən də məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə əsassızdır və təmin edilməməlidir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikasının Qanununun: 1.1-ci maddəsinə əsasən bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. 1.2-ci maddəsinə əsasən bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. 2.0.3-cü maddəsinə əsasən maraqlı şəxs - inzibati aktın qəbul edilməsi və ya müvafiq hərəkətin edilməsi ilə bağlı inzibati orqana müraciət etmiş və ya barəsində inzibati akt qəbul edilmiş və ya müvafiq hərəkət (hərəkətsizlik) edilmiş şəxs və yaxud inzibati orqan tərəfindən qəbul edilməsi nəzərdə tutulan və ya qəbul edilmiş inzibati aktın və ya inzibati orqanın hərəkətinin hüquqlarına və ya qanunla qorunan maraqlarına birbaşa təsir etdiyi və ya təsir edə biləcəyi və öz vəsatətinə əsasən və ya xidməti vəzifəsindən irəli gələn hallarda inzibati orqanın təşəbbüsü ilə inzibati icraata cəlb edilən hər hansı fiziki və ya hüquqi şəxsdir. 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 2.0.8-ci maddəsinə əsasən qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. 2.0.10-cu maddəsinə əsasən əlverişli inzibati akt - maraqlı şəxsə hüquq verən və ya onun hüququnu təsdiq edən, yaxud onun üzərinə qoyulmuş vəzifəni (vəzifələri) götürən aktdır. 67.1-ci maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.3-cü maddəsinə əsasən qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4-cü maddəsinə əsasən qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. 67.6-cı maddəsinə əsasən maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7-ci maddəsinə əsasən bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8-ci maddəsinə əsasən başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.1-ci maddəsinə əsasən qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. 68.2-ci maddəsinə əsasən qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. 68.3-cü maddəsinə əsasən qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 68.4-cü maddəsinə əsasən qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qeyd olunduğu kimi iddiaçıya 05.05.2011-ci tarixdə əlil olmuş sabiq hakim kimi əmək pensiyası təyin edilmişdir və bugünədək ödənilir. Daha sonra iddiaçıya pensiya məbləğinin düzgün hesablanmadığı qeyd olunmaqla pensiya məbləği azaldılmış və artıq ödənildiyi qeyd olunan vəsait iddiaçıdan tutulmuşdur. Lakin bu zaman cavabdeh tərəfindən inzibati icraat tam aparılmamış, iddiaçıya bu barədə məlumat verilməmiş, onun iştirakı təmin edilməmiş və münasibəti aydınlaşdırılmamışdır. İş materiallarında olan iddiaçı X2 məxsus pensiya işində olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020-ci il tarixli **********8 nömrəli qərarından görünür ki, iddiaçı X2 təyin edilmiş hazırki pensiya məbləği 1568,49 manat, yenidən hesablanmış pensiya məbləği isə 1524,16 manat təşkil edir. İddiaçıya pensiya təyin olunduğu 05.05.2011-ci ildən yenidən hesablamanın aparıldığı 31.10.2020-ci ilədək dövr ərzində 4029,81 manat artıq vəsait ödənildiyi qeyd olunur. Lakin pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Məhkəmə qeyd edir ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadığından, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadığından inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Məhkəməyə təqdim edilmiş sənədlərdə cavabdehin güman etdiyi əmək pensiyasının səhv təyin edilməsində iddiaçının təqsirli olması barədə, əmək pensiyasının səhv hesablanmasında iddiaçının hər hansı müdaxiləsinin mövcud olması barədə heç bir qeyd edilməmişdir, bu barədə sübutlar məhkəməyə təqdim edilməmişdir. Həmçinin qeyd olunduğu kimi, pensiya məbləğinin yenidən hesablanma nəticəsində azaldılması cavabdeh inzibati orqan tərəfindən əsaslandırılmamışdır. Beləliklə, şəxsin etimad hüququ qanunla qorunur və ona istinad edilməsini istisna edən hər hansı bir hal mövcud deyildir və iddiaçı etimadın qanunla qorunması hüququna malikdirsə, inzibati orqanın ehtimal olunan səhv hesablaması və ya pensiyanı səhv təyin etməsi səbəbindən etimad hüququ qorunduğu müddətdə cavabdeh tərəfindən iddiaçının məlumatı və razılığı olmadan və heç bir əsaslandırma olmadan pensiya məbləğini azaltması və geri tələb etməsi əsassız hesab olunur. Göründüyü kimi inzibati orqan tərəfindən əmək pensiyası səhv təyin edilsə belə məsuliyyəti həmin inzibati orqanın səhvə yol vermiş əməkdaşları daşıya bilər, həmin səhvlərin maraqlı şəxsin hesabına, indiki halda isə iddiaçının hesabına düzəldilməsi yolverilməzdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçıya təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdehin «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilməli, iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi iddiaçıdan tutulmuş pul məbləğinin iddiaçıya qaytarılması öhdəliyi cavabdehin üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsində göstərilir ki, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia qismən təmin edilsin. İddiaçı təyin edilmiş 1568,49 manat əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq 1524,16 manat müəyyən edilməsi ilə əlaqədar cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının «Əmək pensiyasının yenidən hesablanması haqqında» 06.11.2020-ci il tarixli **********8 nömrəli qərarı ləğv edilsin və iddiaçıya təyin edilmiş əmək pensiyası məbləğinin yenidən hesablama nəticəsində azaldılaraq artıq ödənilmiş vəsait kimi iddiaçıdan tutulmuş pul məbləğinin İddiaçı qaytarılması öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulsun. İddia digər hissədə təmin edilməsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Pərviz Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar