Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-532/2025 24.01.2025 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Almazova Aysev Mehman qızının sədrliyi, İddiaçının vəkili və nümayəndəsi Nümayəndə, Cavabdehin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3-17866/2023 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi" barədə iddia tələbi üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri Nəsimi rayonu N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏNETDİ: I. İşin halları İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı Cavabdehin əmək pensiyasıyamın yenidən hesablanmasına dair qərarının ləğv edilməsi, mənə təyin edilmiş pensiya məbləğinin bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Fondun Sabunçu rayon şöbəsi tərəfindən 9 yanvar 2018-ci tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Bu il sentyabr ayının əmək pensiyasını alanda görmüşdür ki, pensiyası azaldılıb. X5 rayon şöbəsinə müraciət etdi. Orada dedilər ki, o Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına müraciət etsin. O da ərizə ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin bu günə kimi Mərkəz Filialı tərəfindən ərizəsinə cavab verilməmişdir. 09 yanvar 2018- ci il tarixdən etibarən ona dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Pensiyanın məbləği həmin vaxt qüvvədə olan “Əmək pensiyaları haqqında’’ Azərbaycan Respublikası Qanununun 20.11.3-cü maddəsinə əsasən 33 il 10 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının 80 faizi məbləğində hesablanıb, və sonralar artımlar nəzərə alınaraq məbləğ 2396,36 manata çatdırılmışdır.Təyin edilən pensiya məbləğini mütəmadi olaraq maneəsiz surətdə almış, məbləğin düzgün təyin edilibedilməməsi barədə həmin müddət ərzində heç bir xəbərdarlıq almamış və ya bu barədə ona qarşı heç bir pretenziya irəli sürülməmişdir. Bu ilin sentyabr ayında bankomatdan pensiyasını çəkərkən məbləğin az olduğunu öyrənmişdir. Dərhal cavabdeh müraciət etmiş, lakin onlar qanunvericiliyin tələblərinə uyğun müddət ərzində müraciətinə cavab verilmədiyi üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hesab edir ki, ona təyin edilmiş əvvəlki pensiya məbləği düzgün və müvafiq dövrlər üzrə qanunvericiliyin tələblərinə uyğun və əsaslı hesablanmışdır. Həmin məbləğ bərpa edilməli və qanunsuzluğa yol vermiş şəxslər barədə tədbir görülməlidir. Məhkəmənin xx.xx.2024-cü il tarixli qərardadı ilə iş üzrə iddia tələbi “cavabdehin əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/3-3- 17866/2023 saylı qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. Cavabdeh iddiaya dair yazılı etiraz ilə məhkəməyə müraciət edərək bildirmişdir ki, iddia tam əsassızdır və qanunazidd olduğuna görə rədd edilməlidir. İddiaçıya pensiya işinə aid sənədlərdə Fondun Sabunçu rayon şöbəsi tərəfindən 9 yanvar 2018-ci il tarixindən sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edildiyi qeyd olunub.“Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib.Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla iddiaçının pensiya işi araşdırılaraq aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 24 avqust 2020-ci il tarixində iddiaçıya vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 381,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 240,98 manat olmaqla orta aylıq əmək haqqı 2006,98 manat təşkil edib. Bununla əlaqədar iddiaşının əmək pensiyası "Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 10 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2006,98 manat) 80 faizi-1605.58 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1901,69 manat məbləğində köçürülüb. Buna görə də iddiaçıya həmin dövr ərzində ümumilikdə 8367,50 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən iddiaçının əmək pensiyası 2025,76 manat məbləğində hesablanmalı olduğu halda. xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində onun müvafiq kart hesabına hər ay 2399,36 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 2988,80 manat artıq pul vəsaiti ödənilib.Eyni zamanda bildirilir ki, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 28.1.2-ci maddəsinə əsasən iddiaçıya vaxtilə təyin edilmiş sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası hüququna yenidən baxılması haqqında inzibati icraata başlanılıb, həmçinin nəzərdə tutulan tədbirlər haqqında mülahizələri dinlənilərək müvafiq qərar qəbul edilməsi üçün ona 24 avqust 2023-cü il tarixində məktub göndərilməklə 6 sentyabr 2023-cü il tarixinədək Mərkəzi Filiala gəlməsi xahiş edilib. Lakin mülahizənin dinlənilməsi üçün Mərkəzi Filiala gəlməmişdir. Göründüyü kimi “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya ümumilikdə 11356,30 (8367,50+2988,80) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 11356,30 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığını qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş olunub. Əlavə olaraq bildirilir ki, iddiaçıya maddi yardım üzrə 2022-ci il üçün 355,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti cari ilin sentyabr və oktyabr aylarında hissəhissə əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilib. Belə ki, sosial təminat hüququnun məzmununa nəzər salsaq, həmin hüququn da Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi, mədəni) bərabər, eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Dövlətin pensiya sisteminin əsas prinsiplərindən biri də pensiya təminatı zamanı ədalətliliyin gözlənilməsi və dövlətin maliyyə dayanıqlılığının təmin edilməsidir. Respublika ərazisində pensiya alan şəxslərin dairəsinin geniş olduğunu nəzərə aldıqda, pensiya hüquq münasibətləri ilə bağlı düzgün hesablanmamış pensiyaların qanunamüvafiq qaydada yenidən hesablanması çərçivəsində hərəkətlərin edilməsi və ya inzibati aktların qəbul edilməsi zamanı hər bir şəxsə ayrı-ayrılıqda məlumat verməklə inzibati icraatın həyata keçirilməsi inzibatı icraatın səmərəli aparılmasına mane olmaqla yanaşı, ictimai maraqlara və ya dövlət maraqlarına ziyan vurulmasının aradan qaldırılması üçün təcili tənzimlənmə imkanlarını aradan qaldırsa da ictimai maraqlar zəminində ədalət prinsipinin pozulmasına səbəb olur, o cümlədən dövlət büdcəsindən pensiya xərcləri ilə bağlı əlavə öhdəliklər yaratmaqla büdcəyə mənfi təsir göstərir. Cavabdeh tərəfindən təqdim edilmiş xx.xx.2024-cü il tarixli, 3-17-1/2-155280/2024 nömrəli etiraza əlavədən görünür ki, iddiaçıya vaxtilə sabiq dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilərkən pensiya hesablanması üçün əsas götürülən dövr ərzində ona ödənilməyən əlavələr nəzərə alınmaqla orta aylıq əmək haqqının yanlış müəyyən edildiyi aşkar olunub. Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X6 qərarlarını, X6 sədrinin sərəncam və əmrlərini rəhbər tutur.“İnzibati icraat haqqında” Qanunun 11.1-ci maddəsinə əsasən inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. “İnzibati icraat haqqında” Qanunun 21-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. Qanunda başqa hallar nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur.Bununla əlaqədar olaraq, iddiaçının pensiya işi araşdırılaraq onun aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 24 avqust 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 381,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 240,98 manat olmaqla onun orta aylıq əmək haqqı 2006,98 manat təşkil edib. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 10 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2006,98 manat) 80 faizi- 1605,58 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1901,69 manat məbləğində köçürülüb.Belə ki, iddiaçıya vaxtilə pensiya təyin edilərkən onun orta aylıq əmək haqqının hesablanması zamanı hakimiyyət səlahiyyətlərinin icrasına görə vəzifə maaşının 15 faizi məbləğində əlavə nəzərə alınıb.“Əmək pensiyaları haqqında” Qanunun 1.0.19-cu maddəsinə əsasən əməkhaqqındakı (təminat xərcliyindəki, dövlət məvacibindəki) sonrakı artımlar - əmək pensiyasına qulluq stajına görə əlavə alan şəxsin müvafiq vəzifədə işlədiyi vaxt əməkhaqqına (təminat xərcliyinə, dövlət məvacibinə) daxil olan ödənişlərdəki artımlardır.Eyni zamanda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, və 20.14-cü maddələrinin şərh edilməsinə dair 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. Eyni zamanda həmin qərarda təsbit olunur ki, “Əmək pensiyaları haqqında” Qanunun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə ahna bilməz.İddiaçının pensiya işinə dair materiallarda onun vaxtilə dövlət qulluqçusu kimi fəaliyyət göstərdiyi dövrdə sözügedən 15%-lik bağlı əlavənin ona ödənildiyini təsdiq edən hər hansı sənəd aşkar edilməyib. Vaxtilə iddiaçının pensiya məbləği hesablanarkən onun dövlət məvacibinə daxil olan mükafatlarının cəmi vəzifə maaşının 1500 faizi məbləğində nəzərə alınıb. Halbuki təqdim olunan sənədlərdə qeyd olunanlara əsasən pensiya hesablanması zamanı əsas götürülən 60 ay ərzində iddiaçıya ümumilikdə vəzifə maaşının 1138,4 faizi həcmində mükafat ödənilib. Göstərilən səbəbdən adıçəkilən şəxsə həmin dövr ərzində ümumilikdə 8367,50 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 2025,76 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2399,36 manat məbləğində köçürülmüşdür. İddiaçı dair İT-İ seriyalı ******* saylı xx.xx.2004-cü il tarixli əmək kitabçasının surəti məhkəməyə təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sabunçu rayon şöbəsinin Pensiyaçının Uçot vərəqindən görünür ki, İddiaçı xx.xx.2008-ci il tarixdən 3 uşaqlı ana kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna ünvanlanmış xx.xx.2018-ci il tarixli ərizəsindən görünür ki, xx.xx.2018-ci il tarixdən dövlət qulluğundan yaş həddinə görə işdən azad edilmişdir. Həmin tarixdən dövlət qulluqçusu pensiyasına keçirilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-17866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmış məbləği 2025 manat 76 qəpikdir. İlkin təyinat tarixi xx.xx.2018-ci il, pensiyanın yenidən hesablanma səbəbi – inventarlaşdırma, əvvəlki pensiya məbləği 2399,36 manat qeyd edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış 3-17-1/2-Q-239828/2023 saylı xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Buna görə də müvafiq hesablamalar aparılarkən artıqödəmə məbləği yalnız son üç il üçün müəyyən edilib.Yuxarıda qeyd edilən Qanunun 39.1-ci maddəsinin tələbləri nəzərə alınmaqla adıçəkilən şəxsin pensiya işi araşdırılaraq onun aylıq ödənişi yenidən hesablanıb. Nəticədə məlum olmuşdur ki, 24 avqust 2020-ci il tarixində vaxtilə qulluq keçdiyi vəzifə üzrə vəzifə maaşı 1270,00 manat, qulluq stajına görə vəzifə maaşının 30 faizi miqdarında əlavəsi 381,00 manat, ixtisas dərəcəsinə görə əlavəsi 115,00 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 240,98 manat olmaqla onun orta aylıq əmək haqqı 2006,98 manat təşkil edib. Bununla əlaqədar onun əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 20.11.2-ci maddəsinə əsasən 33 il 10 ay 27 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (2006,98 manat) 80 faizi- 1605,58 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2020-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 1901.69 manat məbləğində köçürülüb. Buna görə də adıçəkilən şəxsə həmin dövr ərzində ümümilikdə 8367.50 manat artıq pul vəsaiti ödənilib. Maddi yardımın pensiyanın tərkibinə daxil edilməsi, həmçinin indeksləşdirilmə ilə əlaqədar 1 yanvar 2023-cü il tarixindən onun əmək pensiyası 2025,76 manat məbləğində hesablanmalı olduğu halda, xx.xx.2023-xx.xx.2023-cü il tarixləri arasındakı dövr ərzində müvafiq kart hesabına hər ay 2399,36 manat məbləğində köçürülüb. Buna görə də ona həmin dövr ərzində ümumilikdə 2988,80 manat artıq pul vəsaiti ödənilib. Qeyd olunanları nəzərə alaraq, adıçəkilən şəxsə son üç il üzrə ümumilikdə 11356,30 (8367,50+2988,80) manat artıq pul vəsaitinin ödənildiyi müəyyən edilib. Həmin 11356,30 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi məqsədilə onun əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığının qısa müddətdə Mərkəzi Filiala təqdim etməyi xahiş olunmuşdur. Adıçəkilən şəxsə maddi yardım üzrə 2022-ci il üçün 355,33 manat artıq pul vəsaiti ödənilib. Həmin pul vəsaiti ötən ilin sentyabr və oktyabr aylarında hissə-hissə onun əmək pensiyasından çıxılmaqla büdcəyə bərpa edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəmənin sorğusuna cavab olaraq 3-17-1/2-12079/24 saylı xx.xx.2024-cü il tarixli məktub ilə vətəndaş İddiaçı pensiya işinə dair dair inzibati icraat materiallarının təsdiq edilmiş surətləri təqdim edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının xx.xx.2024-cü il tarixli, 3-17-1/2-205920/24 nömrəli məktubundan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 21 avqust 2024-cü il tarixində daxil olmuş 2-1(112)-3730/2024 nömrəli sorğuya aidiyyəti üzrə baxılmışdır. Məhkəmə iclasında iştirak edən iddiaçının vəkili və nümayəndəsi iş üzrə dəyişdirilmiş iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş üzrə iddiaya dair yazılı etirazın məzmununa uyğun izahat verərək iddianın təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. II. İddianın növü və mümkünlüyü İddia qərarın ləğv edilməsi və inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması hissəsində mübahisələndirmə, pensiyanın iddiaçıdan artıq ödəmə kimi tutulan pensiya məbləğinin geri qaytarılması hissəsində öhdəliyin icrası haqqqında iddiadır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2.1-ci maddəsinə əsasən şəxsin hüquq və vəzifələri ilə bağlı inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktın mübahisələndirilməsinə (ləğv olunmasına və ya dəyişdirilməsinə) dair iddialara (mübahisələndirmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 32.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. Mübahisələndirilən qərarın iddiaçıya təqdim edilməsi tarixi müəyyən edilmir. İddia mümkündür. III. Məhkəmənin mövqeyi İddiaçıya xx.xx.2018-ci il tarixdən dövlət qulluqçusu kimi yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X4 pensiyasının yenidən hesablanması haqqında 3-17-1/3-3-17866/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərardan görünür ki, İddiaçı yaşa görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanmış məbləği 2025 manat 76 qəpikdir. İlkin təyinat tarixi xx.xx.2018-ci il, pensiyanın yenidən hesablanma səbəbi – inventarlaşdırma, əvvəlki pensiya məbləği 2399,36 manat qeyd edilmişdir. İddiaçıya dair pensiya təyinatı alt sistemindən çıxarışdan görünür ki, artıq ödənilmiş vəsaitlə əlaqədar iddiaçının pensiyasından 355,33 manat məbləğində pul cavabdeh tərəfindən tutulmuşdur. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunundan: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 21.1. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir. 21.2. Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 63.1. İnzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. 64.1. İnzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır. 64.2. İnzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır. 64.3. İnzibati orqan inzibati aktın geri çağırılması, ləğv olunması, dəyişdirilməsi və ya qüvvədən düşmüş hesab olunması barədə maraqlı şəxslərə məlumat verməyə borcludur. 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. 67.2. Qanunsuz inzibati akt həmin aktı qəbul etmiş inzibati orqan və ya subordinasiya baxımından yuxarı inzibati orqan tərəfindən və yaxud məhkəmə qaydasında ləğv oluna bilər. 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. 67.9 Maraqlı şəxsin etimadı qanunla qorunduğu hallarda, bu Qanunun 67.8-ci maddəsinə əsasən ləğv olunmuş inzibati aktın məzmununa etimad göstərməsi səbəbindən həmin şəxsə vurulmuş maddi ziyana görə ona kompensasiya ödənilməlidir. Kompensasiya maraqlı şəxsin müraciətinə əsasən ödənilir. Göründüyü kimi inzibati aktın qəbul edilməsi zamanı qanunvericilik müvafiq prosedur müəyyən etmişdir, yəni qanunvericiliyin tələbinə görə inzibati aktın qəbul edilməsi və ümumiyyətlə, inzibati icraatın aparılması zamanı inzibati icraatda iştirak etmək hüququna malik olan şəxsin dinlənilmək, inzibati icraat materialları ilə tanış olmaq, inzibati akt qəbul edilənədək və qəbul edildikdən sonra həmin akt barəsində qanunla müəyyən olunmuş vaxt ərzində məlumatlanmaq (tanış olmaq), həmin aktdan şikayət vermək hüquqlarının izah olunması və şikayət verə bilmək imkanlarının təmin edilməsi inzibati orqanın borcudur. Məhkəmə hesab edir ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Eyni zamanda təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Həmçinin qeyd edilməlidir ki, iddiaçıdan asılı olmayan hallar nəticəsində cavabdehin səhv etməsi iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçının öz pensiya məbləğinə müdaxilə etməsi müəyyən edilməmişdir. Eləcə də, işin hallarına görə, inzibati aktın qanunsuz olduğunu bilməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. X7 Məhkəməsinin presedent hüququna əsasən: - Məhkəmə bir daha xatırladır ki, 1 saylı Protokolun 1-ci maddəsi konkret məbləğdə pensiya almaq hüququna təminat vermir, bununla belə, pensiyanın bütünlüklə məhrum edilməsi 1 saylı Protokolun 1-ci maddəsinin müddəalarını poza bilər və əksinə, pensiyaya və ya müvafiq müavinətlərə ağlabatan azalmaların bunu etməməsi ehtimalı var. Bununla belə, ədalətli tarazlıq testi mücərrəd olaraq yalnız məruz qalan azalmanın məbləğinə və ya faizinə əsaslana bilməz. Bir sıra işlərdə Məhkəmə bütün müvafiq elementləri konkret hallara uyğun qiymətləndirməyə cəhd göstərmişdir (bax: Stefanetti və başqaları § 59; Domalewski Polşaya qarşı (kk.), №. 34610/97, AİHM 1999V). Bununla da, Məhkəmə hüququn itirilməsinin ayrı-seçkilik xarakteri kimi amillərinə əhəmiyyət vermişdir (Kjartan Asmundsson, § 43); keçid tədbirlərinin olmaması (bax: Moskal işi § 74, burada ərizəçi praktiki olaraq bir gündən digərinə yeganə gəlir mənbəyini təşkil edən erkən pensiya pensiyasının tamamilə itirilməsi ilə üzləşdi və dəyişikliyə uyğunlaşmağın perspektivləri zəif idi); şərtin özbaşınalığı (Klein, § 46), eləcə də ərizəçinin vicdanlılığı (bax: Moskal, § 44) (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 113); - Hər hansı xüsusi formada müavinətlərin və ya pensiyaların verilməsi üçün daxili hüquqi şərtlər dəyişdikdə və bu şərtlərin dəyişməsi səbəbindən müvafiq şəxs artıq onları tam təmin etmədikdə, milli qanunvericiliyə əsasən kifayət qədər müəyyən edilmiş, maddi marağın mövcudluğunu yoxlamaq üçün işin fərdi halları, xüsusən də dəyişikliyinin xarakteri ciddi nəzərdən keçirilməlidir. Konvensiyanı özündə birləşdirən əsas dəyərlərə aid hüquqi müəyyənlik və qanunun aliliyi tələbləri bunlardır (Béláné Nagy Macarıstana qarşı №. 53080/13, 2016 § 89); - Məhkəmə əvvəllər qərara almışdır ki, əlavə pensiya müavinətlərinin dəyişdirilməsi və ya dayandırılması “nə özgəninkiləşdirmə, nə də əmlakın istifadəsinə nəzarət tədbiri” təşkil etmir (bax: Aizpurua Ortiz və başqaları İspaniyaya qarşı, № 42430/05, § 48, 2 fevral 2010) və pensiyanın müsadirə yolu ilə azaldılması “nə istifadəyə nəzarət, nə də əmlakdan məhrumetmə”dir (bax: X1rşı (dek.), № 6223/04, AİHM 2005-Xİ ). Məhkəmə hesab edir ki, bu işdə ərizəçinin mülkiyyət hüquqlarına müdaxilə yuxarıda qeyd olunan birinci qaydaya, yəni mülkiyyətdən dinc istifadənin ümumi prinsipinə əsasən nəzərdən keçirilməlidir (Lakiçeviç və digərləri v. Monteneqro və Serbiya, № 27458/06 § 64, 13 dekabr 2011-ci il və Panfile işi § 19) (Fabian Macarıstana qarşı №. 53080/13, 2016 § 64); - Moskal Polşaya qarşı məhkəmə işindən (Ərizə № 10373/05; xx.xx.2009-cu il tarixli qərar): Ərizəçi vicdanla və qüvvədə olan qanuna uyğun olaraq erkən pensiya təyin edilməsi üçün müraciət etmişdir. Səlahiyyətli orqanlar onun bu hüququnu təsdiq edən kimi, o, bu qərarı düzgün hesab etməkdə və həyatını buna uyğun təşkil etməkdə haqlı idi. O, pensiya hüququnun səhvən verildiyini dərk edə bilməzdi. Onu pensiya almaq hüququndan məhrum edən qərar onun mülkiyyətinə müdaxilə idi. Müdaxilə qanuni idi və hakimiyyətin səhvini düzəltmək və sosial təminat sisteminin layiq olmayan benefisiarlarına dövlət vəsaitinin vaxtında məhdudiyyət olmadan subsidiya verməyə çağırılmamasını təmin etmək üçün qanuni məqsəd güdürdü. Proporsionallığa gəldikdə, pensiya təyini qərarı müəyyən müddətdə qüvvədə qalmışdı və şübhəsiz ki, ərizəçiyə və onun ailəsinə təsir göstərmişdir. Bununla belə, səhv aşkar edildikdə, müavinətin ödənilməsinin dayandırılması barədə qərar nisbətən tez və dərhal qüvvəyə minir. Ərizəçidən səhvən ödənilmiş pensiyanın qaytarılması tələb olunmaması bu qərarın nəticələrini kifayət qədər yumşaltmadı. Onun pensiya hüququ məhkəmələr tərəfindən cəmi iki ildən sonra müəyyən edilib və bu müddət ərzində o, heç bir pensiya almayıb. Mülkiyyət hüquqları kontekstində yaxşı idarəetmə prinsipinə xüsusi əhəmiyyət verilməli idi. Dövlət orqanlarının, xüsusən də rifah müavinətləri kimi fərdlər üçün həyati əhəmiyyət kəsb edən məsələlərə baxarkən son dərəcə diqqətli davranması arzu edilirdi. Öz səhvlərini aşkar edərək, səlahiyyətli orqanlar öz vəzifələrini vaxtında, lazımi və ardıcıl şəkildə yerinə yetirməmişlər. Ümumi prinsip olaraq, dövlət orqanlarının öz səhvlərini, hətta öz səhlənkarlıqlarından irəli gələn səhvləri düzəltməyə mane olmamalıdır. Başqa cür yanaşma əsassız varlanma doktrinasına zidd olardı. Sosial müdafiə fonduna töhfə verən digər şəxslərə, xüsusən də qanunla müəyyən edilmiş tələbləri yerinə yetirmədiklərinə görə müavinətdən məhrum edilmiş şəxslərə qarşı da ədalətsizlik olardı. Nəhayət, bu, özlüyündə ictimai maraqlara zidd olan qıt dövlət resurslarının yersiz bölüşdürülməsinə sanksiya tətbiq etmək deməkdir. Lakin üçüncü şəxsin təqsiri olmadan, səlahiyyətli orqanların özləri tərəfindən səhvə yol verilmişsə, müavinət alanın üzərinə düşən yükün həddən artıq olub-olmadığını müəyyən etmək üçün fərqli proporsional yanaşma tətbiq edilməli idi. Etiraz edilən tədbir nəticəsində ərizəçi praktiki olaraq bir gündən digər günə onun yeganə gəlir mənbəyi olan erkən pensiya pensiyasının tam itirilməsi ilə üzləşmişdi. Üstəlik, onun yeni iş tapmaqda xeyli çətinlik çəkməsi riski var idi. Yalnız üç ildən sonra o, yeni müavinət əldə edə bildi (əvvəlki tarifdən 50% az). Buna görə də, cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq təmin edilməmişdir və ərizəçinin üzərinə qoyulan yük həddindən artıq olmuşdur. Etimad hüququnun qorunması Konstitusiyadan və X7 Konvensiyasından irəli gəlir. Azərbaycan Respublikası Konstitusiyasının 12-ci maddəsinə (Dövlətin ali məqsədi) əsasən: İ. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının, Azərbaycan Respublikasının vətəndaşlarına layiqli həyat səviyyəsinin təmin edilməsi dövlətin ali məqsədidir. İİ. Bu Konstitusiyada sadalanan insan və vətəndaş hüquqları və azadlıqları Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrə uyğun tətbiq edilir. X7 Konvensiyasının 1-ci maddəsinə (İnsan hüquqlarına hörmət olunması öhdəliyi) əsasən: Razılığa gələn Yüksək Tərəflər onların yurisdiksiyası altında olan hər kəs üçün bu Konvensiyanın 2 bölməsində müəyyən olunmuş hüquq və azadlıqları təmin edirlər. Etimad hüququn qorunması dövlətə münasibətdə pozitiv öhdəliklər yaradır və buna uyğun qaydada davranma tələb edir. Belə ki, dövlət bu hüququn reallaşdırılması üçün müvafiq işlək mexanizmlər yaratmalı; dövlət orqanları öz fəaliyyətlərində hüquq və azadlıqların səmərəli həyata keçirilməsini təmin edəcək qaydada davranmalıdırlar. Konstitusiya və AİHK ilə müəyyən edilən hüquqlar xəyali və nəzəri hüquq deyil, odur ki, dövlət tərəfindən təqdim edilən mexanizmlər səmərəsizdirsə, həmin hüquq və azadlıqların təmin edilməsi kimi qiymətləndirilə bilməz. Etimad hüququnun qorunmasının əsasları “İnzibati icraat haqqında” qanunun 2.0.8, 13, 67-69-cu maddələrində əksini tapmışdır. 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inam kimi anlayı verilmişdir. 13-cü maddə etimad hüququnun qorunması prinsipinin mahiyyətini, nəzəri əsaslarını, 67-69-cu maddələr isə praktik tətbiqi zamanı təzahürünü müəyyən edir. Məhkəmə hesab edir ki, pensiya ödənişinin azaldılmasına dair inzibati akt iddiaçının dinlənilmə hüququ təmin edilməklə pensiyaçının fərdi hallarına uyğun olaraq (yaşı və digər gəlirlərinin müəyyən olunması) cəmiyyətin ümumi mənafeyinin tələbləri ilə fərdin əsas hüquqlarının müdafiəsi tələbləri arasında ədalətli tarazlıq pozulmasına səbəb olmadıqda və vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Məhkəmə nəzərə alır ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasının səbəbi cavabdeh qurum tərəfindən yol verilmiş hər hansı hesab və ya riyazi səhvin düzəldilməsi kimi qiymətləndirilə bilməz. Belə ki, inzibati araşdırma materiallarından da aydın göründüyü kimi, iddiaçının orta aylıq əmək haqqının pensiya təyin edilən vaxt cavabdeh qurumun səhvi nəticəsində düzgün dövrün və əlavələrin nəzərə alınmaması, məhkəmə hesab edir ki, iddiaçının təqsiri səbəbindən baş verməmişdir və iddiaçıya münasibətdə əlverişli inzibati akt qeyd edilən əsasla ləğv edilə və ya dəyişdirilə bilməz. Məhkəmə hesab edir ki, pensiya ödənişinin azaldılmasına dair inzibati akt vətəndaşın üzərinə həddindən artıq yük qoyulmadıqda qəbul edilə bilər. Bu zaman inzibati orqan həm də şəxsin etimadın qorunmasına olan hüququnu da nəzərə almalıdır. Cavabdeh “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 67.6-cı maddəsində nəzərdə tutulan halların mövcudluğu sübut edilməmiş və həmin hallara istinad edilməmişdir. Bundan başqa, iddiaçıya müxtəlif məbləğlərdə artıq ödəmə müəyyən edilmiş, iddiaçı inzibati icraata cəlb edilmədən və onun bu barədə razılığı olmadan pensiyadan tutmalar (əvəzləşdirmələr) aparılmışdır. Odur ki, məhkəmə hesab edir ki, iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Həmin Məcəllənin 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.2, 13, 52, 68, 69, 75, 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddia tələbi təmin edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində "Əmək pensiyasının yenidən hesablanması haqqında" xx.xx.2023-cü il tarixli 3- 17-1/3-3-17866/2023 saylı Qərarı ləğv edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Aysev Almazova
Məhkəmə qərarları › İş №2-1(112)-532/2025
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-532/2025
24.01.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver