Məhkəmə qərarları › İş №2-1(112)-5320/2022

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5320/2022

30.03.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5320/2022 30.03.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Abıyev Nəriman İbrahim oğlunun sədrliyi, məhkəmə iclas katibi Quliyeva Rəşidə Paşa qızının katibliyi, cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndəsi X1, üçüncü şəxs Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X5 iştirakları ilə, iddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “şikayət ərizəsinin cavablandırılmasının cavabdehə həvalə edilməsi”nə dair inzibati işə məhkəmə binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X6 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “şikayət ərizəsinin cavablandırılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh Dövlət Vergi Xidmətinin 16 mart 2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, “Şəki Qala” restoranının mülkiyyətçisinin və administratorunun dələduzluq əməllərinin inzibati icraat qaydalarına uyğun olaraq iştirakları təmin edilməklə, araşdırılaraq 16 mart 2021-ci il tarixli şikayət ərizəsini cavablandırması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar çıxarılmasını xahiş etmişlər. İddiaçılar iddia tələbini onunla əsaslandırmışlar ki, Dövlət Vergi Xidmətinə pozulmuş hüquqlarının bərpası barədə 16 mart 2021-ci il tarixli şikayət ərizəsi ilə müraciət edərək, “Şəki Qala” restoranın mülkiyyətçisinin və administratorunun dələduzluq əməllərinin inzibati icraat qaydalarına uyğun olaraq iştiraklarının təmin edilməklə araşdırılmasına, həmçinin “Şəki Qala” restoranın mülkiyyətçisinin və administratorunun barəsində cinayət işinin başlanmasına köməklik göstərməsini xahiş etmişlər. Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 04 may 2021-ci il tarixli və 07 may 2021-ci il tarixli məktublarında müvafiq tədbirlər görülməsi bildirilmişdir. Qeyd olunanlara əsasən cavabdeh Dövlət Vergi Xidmətinin 16 mart 2021-ci il tarixli şikayət ərizəsini cavablandırmaqdan imtina etməsinin qanunsuz hesab edilməsi, 16 mart 2021-ci il tarixli şikayət ərizəsini cavablandırması və “Şəki Qala” restoranının mülkiyyətçisinin və administratorunun dələduzluq əməllərinin inzibati icraat qaydalarına uyğun olaraq iştirakının təmin edilməklə araşdırılması vəzifəsinin cavabdeh Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qərar qəbul edilməsini zəruri hesab edirlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəməyə daxil olduqdan sonra iddianın mümkünlük məsələsi ilə bağlı məhkəmə iclası 18.02.2022-ci il tarixə təyin olunmuş, məhkəmənin 18.02.2022-ci il tarixli qərardadı ilə Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi inzibati məhkəmə icraatına üçüncü şəxs qismində cəlb olunmuş və bu barədə tərəflərə və üçüncü şəxslərə qanunla müəyyən olunmuş qaydada xəbər verilməklə yanaşı, İPM-nin 62.3-cü maddəsinin tələblərinin izah olunmasına baxmayaraq, iddiaçılar və üçüncü şəxs X6 məhkəmə iclasına gəlmədiklərindən və işə onların iştirakı olmadan baxılıb-baxılmamasına dair münasibət bildirmədiklərindən. məhkəmə İPM-nin 62.3-cü maddəsinə əsasən iddianın mümkünlük məsələsinə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Üçüncü şəxslərin iddia tələbinə dair yazılı etriazı (mülahizəsi) məhkəməyə daxil olmamışdır. Cavabdeh Dövlət Vergi Xidməti tərəfindən məhkəməyə təqdim olunmuş iddia tələbinə dair yazılı etirazda (münasibət) göstərilmişdir ki, iddiaçıların iddia ərizələrinə və məhkəməyə təqdim etdikləri sübutlara nəzər saldıqda iddianın əsassız və mümkünsüz olduğu açıq şəkildə görünür. İddiaçılar ərizələrində “Vətəndaşların müraciətləri haqqında” Qanunun 10-cu maddəsinə istinad edərək vətəndaşların müraciətlərinə ən geci 15 iş günü, əlavə öyrənilmə və yoxlanılma tələb edən müraciətlərə isə ən geci 30 iş günü müddətində baxıldığını qeyd etmiş və cavabdeh tərəfindən onların 16.03.2021-ci il tarixli şikayətlərinin araşdırılmasının və cavablandırılmasının təmin edilmədiyini bildirmişdirlər. Halbuki İddiaçı1 və İddiaçı2 iddia ərizələrində cavablandırılmasını tələb etdikləri 16.03.2021-ci tarixli şikayət ərizələri cavabdeh tərəfindən müvafiq qaydada cavablandırılmışdır. Belə ki, vergi orqanına ünvanlanmış vətəndaş müraciətlərinin araşdırılması zamanı vətəndaşlar İddiaçı1, İddiaçı2 və X2 tərəfindən ünvanlanmış 31.03.2021-ci il və 26.04.2021-ci il tarixli müraciətlərin 07.05.2021-ci il tarixdə **********815500 nömrəli məktubla cavablandırıldığı müəyyən edilmişdir. Bundan əlavə iddiaçıların vergi orqanına aidiyyəti üzrə göndərilmiş 19.04.2021-ci il və 21.04.2021-ci il tarixli müraciətləri də cavabdeh tərəfindən 04.05.2021-ci il tarixdə **********173900 nömrəli məktubla cavablandırılmışdır. Həmçinin Vergi Məcəlləsinin 24.0.5-1-ci maddəsinə əsasən vergi ödəyicilərinin vergidən yayınması və vergi qanunvericiliyinin pozulması faktları barədə şəxslərdən müraciət daxil olduqda, müraciətdə qeyd edilən faktları həmin vergi ödəyicilərində keçiriləcək növbəti operativ vergi nəzarəti tədbiri və ya növbəti səyyar vergi yoxlaması zamanı araşdırmağa və vergi nəzarəti başa çatdıqdan sonra nəticələri barədə müraciət edən şəxslərə məlumat vermək vergi orqanlarının vəzifələrinə aid edilmişdir. Lakin həmin normadan da göründüyü kimi şikayət edənin iştirakının təmin edilməsi qanuncericiliklə nəzərdə tutulmamışdır. Güründüyü kimi, iddiaçılar İddiaçı1 və İddiaçı2 şikayətləri cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılmış və müvafiq qaydada cavablandırılmışdır. Qeyd olunanlara əsasən iddianın mümkün sayılmaması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən cavabdeh Dövlət Vergi Xidmətinin nümayəndəsi X3 etiraza uyğun izahat verərək məhkəmədən iddianın mümkün sayılmamasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən üçüncü şəxs Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin nümayəndəsi X9 izahatında məhkəmədən iddianın təmin olunmamasını xahiş etdi. Məhkəmə cavabdehin və üçüncü şəxsin nümayəndələrinin izahatlarını dinləyərək, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırki iş baxılması üçün ərazi aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. Məhkəmə gəldiyi nəticəni aşağıda qeyd olunanlarla əsaslandırır. İş materiallarında olan iddiaçılara məxsus müvafiq olaraq AZE seriyalı 14860754 №li və AA seriyalı ******* №li şəxsiyyət vəsiqələri barədə elektron məlumatlardan müəyyən olunur ki, 15.09.1988-ci ildə Sumqayıt şəhərində doğulmuş İddiaçı1 Zəngilan rayonu, Həkəri Day qəsəbəsində; 01.03.1995-ci il tarixdə Qazax rayonu Kosalar kəndində doğulmuş İddiaçı2 isə Qazax rayonu, Kosalar Ərazi Dairəsi, Kosalar kəndində qeydiyyatdadırlar. İddiaçıların tələbindən müəyyən olunur ki, hazırki iddia öhdəliyin icrası haqqında iddialara aiddir. İPM-nin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) dair iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 8.1.2-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddialara mübahisə edilən inzibati aktı qəbul etmiş inzibati orqanın yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. İnzibati akt səlahiyyəti birdən çox məhkəmənin yurisdiksiyasına aid olan ərazini əhatə edən inzibati orqan tərəfindən qəbul edildiyi hallarda, belə inzibati aktlara qarşı iddialara hüquqlarına (qanunla qorunan maraqlarına) müdaxilə edilən şəxsin yaşayış yerinin və ya olduğu yerin məhkəməsi tərəfindən baxılır. Azərbaycan Respublikasının xaricdə yerləşən diplomatik nümayəndəlikləri və konsulluqlarının səlahiyyətinə aid olan ərazilərdə Azərbaycan Respublikasına qarşı iddialara müvafiq icra hakimiyyəti orqanının yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Bu Məcəllənin 8.1.2-ci maddəsi ilə müəyyən edilmiş aidiyyət qaydaları məcburetmə və öhdəliyin icrası haqqında iddialara da şamil olunur. Azərbaycan Respublikası Məhkəmə-Hüquq Şurasının 2019-cu il 14 noyabr tarixli 4 nömrəli Qərarı ilə təsdiq edilmiş Azərbaycan Respublikası apelyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyasına əsasən, Zəngilan rayonu Sumqayıt İnzibati Məhkəməsinin yurisdiksiyasına, Qazax rayonu isə Gəncə İnzibati Məhkəməsinin yurisdiksiyasına aid olan ərazi vahidləridir. İPM-nin 8.2-ci maddəsinə predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Həmin Məcəllənin 8.3-cü maddəsinə əsasən mübahisəyə baxılmasının birdən artıq məhkəmənin səlahiyyətinə aid olduğu hallarda, məhkəmə mübahisə ilə bağlı işi iddiaçı və ya ərizəçi tərəfindən seçilən məhkəməyə göndərir. İddiaçı və ya ərizəçi tərəfindən belə seçim edilmədiyi hallarda, məhkəmə mübahisə ilə bağlı işi aidiyyət qaydalarına uyğun olaraq müvafiq səlahiyyətli məhkəməyə göndərir. Məhkəmə iclasında iştirak edən cavabdehin və üçüncü şəxsin nümayəndələri hazırki işin aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməsinin məhkəmənin mülahizəsinə əsasən həll olunmasına etiraz etmədiklərini bildirdilər. İPM-nin 8.5-ci maddəsinə əsasən bu Məcəllənin 8.2-8.4-cü maddələrində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından, həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 54, 8.1.4, 8.5, 80-cı maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı X6 və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi üçüncü şəxslər qismində inzibati məhkəmə icraatına cəlb edilməklə “şikayət ərizəsinin cavablandırılmasının cavabdehə həvalə edilməsi” tələbinə dair 2-1(112)-5320/2022 saylı inzibati iş aidiyyəti üzrə baxılması üçün Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Nəriman Abıyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar