Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5322/2021 05.05.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Əhədova Aygün Əlqəmə qızının sədrliyi ilə, Vəliyeva Ayla Fuad qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “kredit müqavilələri üzrə restrukturizasiya ediləcək şəxslərin siyahısına salınması” tələbinə dair işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək 19.06.2015-ci il tarixli, 292 saylı kredit müqaviləsinin və 19.06.2015-ci il tarixli, 293 saylı kredit müqaviləsinin qalıq məbləğinin restrukturizasiya edilməsi vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddia ərizəsi məhkəmənin icraatına qəbul edildikdən sonra İnzibati Prosessual Məcəllənin 49-cu maddəsinə uyğun olaraq, işin hazırlıq icraatına başlanılmış və məhkəmənin sərəncamı ilə həmin Məcəllənin 47-ci maddəsinin tələblərinə uyğun olaraq iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin surəti cavabdehə təqdim olunmuş və cavabdehdən iddiaya qarşı yazılı münasibət (etiraz) bildirilməsi tələb olunmuşdur. Məhkəmənin 05.05.2021-ci il tarixli hazırlıq icraatı üzrə iclasında iştirak edən iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək 19.06.2015-ci il tarixli, 292 saylı kredit müqaviləsinin və 19.06.2015-ci il tarixli, 293 saylı kredit müqavilələri üzrə restrukturizasiya ediləcək şəxslərin siyahısına salınması vəzifəsinin Azərbaycan Respublikası Mərkəzi Bankına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, “xxxx” Açıq Səhmadar Cəmiyyəti ilə X7 arasında 19.06.2015-ci il tarixli, 292 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik faiz dərəcəsi 22%( iyirmi iki) faiz ödənilmək şərtilə 2000 ( iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X3 mülkiyyətində olan “Opel Zafira" markalı, gümüşü metal rəngli, buraxılış ili 2006-cı il olan, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 19.06.2015-ci il tarixli, 292 saylı ipoteka müqaviləsi bağlanmışdır. xxxx” Açıq Səhmadar Cəmiyyəti ilə X7 arasında 19.06.2015-ci il tarixli, 293 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik faiz dərəcəsi 22%( iyirmi iki) faiz ödənilmək şərtilə 3650 (üç min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, digər borclular X5 ilə və X8 ilə həmin tarixdə 293 və 293/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər X5 ilə İddiaçı borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti daşıyırlar. Kredit müqavilələri üzrə öhdəliklərin yerinə yetirilməsində problemlər olmuş və iddiaçı uzun müddət kredit borcunu ödəyə bilməmişdir. Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin 28.02.2019- cu il tarixli Fərmanı verildikdən sonra iddiaçı ümid edirdi ki, həmin fərmana uyğun olaraq zamin olduğu bütün kredit müqavilələsi restrukturizasiya ediləcəkdir. Çünki hər kredit müqaviləsi üzrə ümumi məbləğ 17000 manatdan az idi. Bank tərəfindən ona əvvəlcə kredit müqaviləsi üzrə Fərmanın təsirinə düşməyim bildirilsədə, kredit müqavilələsi restrukturizasiya edilmədi. Bundan sonra Banka müraciət edərək bunun səbəbini soruşsa da ona heç bir məlumat verilməmiş sonradan isə işin məhkəməyə verildiyini bilmişdir. Bank tərəfindən verilən məlumata görə bu kredit müqaviləsinin restrukturizasiya edilməməsinə səbəb vaxtın ötürülməsidir. Halbuki kredit müqaviləsinin restrukturizasiyası ona şamil edilməli idi. Bununla bağlı olaraq Mərkəzi Banka müraciət edərək 19.06.2015-ci il tarixli, 292 saylı kredit müqaviləsinin və 19.06.2015-ci il tarixli, 293 saylı kredit müqaviləsinin üzrə qalıq əsas borcumun restrukturizasiya edilməsinə köməklik edilməsini xahiş etmiş, lakin Mərkəzi Bank tərəfindən onun bu müraciətinə heç bir cavab verilməmişdir. Cavabdeh Mərkəzi Bankın 21.04.2021-ci il tarixdə məhkəməyə daxil olan iddiaya etirazında bildirilmişdir ki, Mərkəzi Bankın MKR və PK məlumat bazalarına əsasən X7 (iddiaçı bu şəxsin aşağıdakı kredit müqavilələri üzrə zamini qismində çıxış edir) ilə ləğv prosesində olan “xxxx” ASC arasında bağlanmış 19.06.2015-ci il tarixli 292 və 3 saylı kredit müqavilələri “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında” ölkə başçısının 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının) təsiri çərçivəsinə düşmüşdür. Belə ki, sözügedən kredit müqavilələrinin statusu Fərmanla müəyyən edilmiş müvafiq şərtlərə cavab verdiyindən 01.03.2019-cu il tarixinə vaxtı keçmiş əsas kredit borclarına müvafiq konpensasiyalar yönəldilmiş və qalıq qalan borclar restrukturizasiya ediləcək kredit borcları siyahısına daxil edilmişdir. Nəticədə ləğv prosesində olan “xxxx" ASC ilə bağlanmış 292 saylı kredit müqaviləsi üzrə 2.214,81 manat, 293 saylı kredit müqaviləsi üzrə 3.092,79 manat borcun restrukturizasiya edilməsi müəyyən olunmuşdur. Eyni zamanda göstərilən məlumatlar Mərkəzi Bank tərəfindən kompensasiya ödənişləri və restrukturizasiya ilə bağlı məlumatların fiziki şəxslər və kredit təşkilatları üçün əlçatanlığının təmin olunması və onlar tərəfindən həmin məlumatların onlayn rejimdə əldə edilməsi məqsədilə yaradılmış elektron portala da yerləşdirilmişdir. Göründüyü kimi, iddiaçıya münasibətdə X6 üzərinə qoyulmuş vəzifələri tam şəkildə icra etmişdir. Eyni zamanda qeyd olunmalıdır ki, sonrakı mərhələdə, yəni kredit müqaviləsi restrukturizasiya diləcək şəxslərin siyahısına daxil edildikdən sonra borclularla güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması Fərmanın 6-cı hissəsinə görə bankların hüquqları kimi müəyyən edilmişdir. Başqa sözlə, bu hissədə yaranacaq mübahisələr artıq vətəndaşla bank arasında mövcud olan xüsusi hüquq münasibətlərindən irəli gəlir. Beləliklə, yuxarıda göstərilənləri nəzərə alaraq məhkəmədən iş üzrə İddiaçı cavabdeh qismində Mərkəzi Banka qarşı “kredit borcunun restrukturizasiya edilməsi”nə dair iddia tələbinin mümkün sayılmaması xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı iddianı müdafiə edərək iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə məlumat verilməsinə baxmayaraq nümayəndəsi vasitəsilə məhkəmə iclasında təmsil olunmamış, məhkəmə cavabdehin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsini və iş materiallarını araşdıraraq hesab edir ki, iddia mümkün sayılmamalıdır. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, «Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur (1.3-cü bənd). Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir (1.4-cü bənd). Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır (2.1-ci bənd) İnzibati Prosessual Məcəllənin 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. İddianın mümkünlük şərtlərindən biri iddiaçının subyektiv hüquqa malik olmasıdır İnzibati Prosessual Məcəllənin istinad olunan 35.1-ci maddəsinə əsasən iddiaçının subyektiv hüququ o vaxt yaranır ki, o, inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırsın. Bununla bağlı olaraq “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 4.1, 4.2, 5.1, 5.2 və 5.3-cü bəndlərində göstərilmişdir ki, İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Bu zaman məhkəmələr müdafiə edilmək istənilən hüququn təbiətini, həmin subyektv hüququn tanıdığı imkanları, qanunvericilikdə təsbit edilmiş onun qoruma sferası ilə bağlı hədləri nəzərə almalıdırlar. İddia qaldırmış şəxsin hüquqlarının qorunmasının bilavasitə qanundan irəli gəldiyi hallarda, bir qayda olaraq iddia mümkün sayılmalıdır. “M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki işlər üzrə məhkəmə kollegiyasının 4 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikası Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 30 iyul 2008-ci il tarixli qərarında Konstitusiya Məhkəməsi “mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə kimi apellyasiya məhkəməsi ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalı” olmasını bildirib subyektiv hüququn elementlərini şərh edərək qeyd etmişdir ki, “subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar, başqa (borclu) şəxslərdən tələb etmək hüququ və müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementi birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət etməklə yaranır. Belə qaydalara riayət etmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də, həyata keçirilməsindən söhbət gedə bilməz”. Beləliklə, iddia yalnız o zaman mümkün sayılır ki, iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi ilə hüquq və qanunla qorunan maraqlarının pozulduğunu bildirsin. Bu şərt hər hansı şəxsin heç bir əsas olmadan başqalarının adından iddia qaldırmasının qarşısının alınmasına xidmət edir. İddiaçı yalnız öz (subyektiv) hüquqlarının pozulduğunu bildirməlidir. Subyektiv hüquq hər hansı bir şəxsin qanun, müqavilə və ya inzibati aktla tanınan və digər şəxslərdən müəyyən hərəkətləri etməyi, bu cür hərəkətlərə dözməyi və ya hərəkətsizlik nümayiş etdirməyi tələb etmək imkanıdır. İddiaçı iddia ərizəsində belə tələb hüququna istinad etməlidir. Subyektiv hüquqlara xüsusilə Konstitusiyada təsbit olunmuş əsas hüquqlar, eləcə də qanunlardan irəli gələn subyektiv hüquqlar aiddir. Qanunla qorunan maraqlar, əslində subyektiv hüquqlarla eyniyyət təşkil edir. Məhkəmə müdafiəsi hüququna hüquq və azadlıqları, eləcə də qanunla qorunan maraqları pozulmuş fiziki və hüquqi şəxslər aiddir. Məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsində məqsəd fiziki və ya hüquqi şəxslərin pozulmuş və ya pozulması ehtimal edilən hüquq və azadlıqlarını, habelə qanunla qorunan maraqlarını qorumaq və təmin etməkdən ibarətdir. Deməli, məhkəmə müdafiəsi hüququnun realizə edilməsinin prosessual forması olan məhkəmə icraatının vəzifələri də məhz həmin məqsədə nail olunmasına yönəlmişdir. İddia tələbini irəli sürmüş şəxsin müvafiq subyektiv hüquqlara malik olmaması, onun başqa şəxslərdən tələb etmək və müdafiə olunmaq hüququnu istisna edir. Yuxarıda göstərilənləri nəzərə almaqla məhkəmə qeyd edir ki, hazırkı işin halları baxımından iddiaçını subyektiv hüququn sahibi kimi qəbul edə bilmək üçün cavabdeh tərəfindən onun hüquqlarına müdaxilə təşkil edən hərəkətlərin edildiyinə dəlalət edən ilkin və inandırıcı sübutların iddia verilərkən təqdim olunması tələb olunur. İş materiallarından müəyyən olunur ki, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 19.06.2015-ci il tarixli, 292 saylı kredit müqaviləsi bağlamışdır. Həmin kredit müqaviləsinə əsasən X4 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 2000 (iki min) ABŞ dolları məbləğində kredit verilmişdir. Kredit müqaviləsinin təminatı olaraq, X3 mülkiyyətində olan “Opel Zafira”markalı, gümüşü metal rəngli, buraxılış ili 2006-cı il olan, **-ZK-*** dövlət qeydiyyat nişanlı avtomobil ipoteka predmeti kimi banka təqdim edilmiş və bu barədə 19.06.2015-ci il tarixli, 292 saylı ipoteka müqaviləsi bağlanmışdır. X7 ilə “xxxx" ASC arasında 19.06.2015-ci il tarixli 293 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən X7 24 ay müddətinə illik faiz dərəcəsi 22% (iyirmi iki) faiz ödənilmək şərtilə 3650 (üç min altı yüz əlli) ABŞ dolları məbləğində kredit verilmişdir. Verilmiş kreditin təminatı olaraq digər borclular X5 ilə və İddiaçı ilə həmin tarixdə 293 və 293/1 saylı zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsinin 2.1-ci bəndinə müvafiq olaraq zaminlər X5 ilə və İddiaçı borclunun bank qarşısında öhdəliklərini tamamilə icra etməsi üçün borclu ilə birlikdə eyni məsuliyyəti dayışırlar. Hazırki iddia üzrə İddiaçı yuxarıda adı çəkilən kredit müqaviləsinin zamini olaraq Mərkəzi Banka qarşı hər iki kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli bağlı əlavə tədbirlər haqqında” 28.02.2019-cu il tarixli 551 nömrəli Fərmanının təsir dairəsinə düşməsi ilə əlaqədar restrukturizasiya ediləcək şəxslərin siyahısına daxil edilməsini inzibati məhkəmə icraatında mübahisələndirir. Məhkəmə aşağıdakılara əsasən iddiaçının ilk növbədə hazırki iddia tələbi üzrə subyektiv hüquqa malik olmaması nəticəsinə gəlir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanın: -1-ci bəndinə görə aşağıda qeyd olunan tarixlərə fiziki şəxslərin banklara 10 000 (on min) ABŞ dollarınadək xarici valyutada olan əsas kredit borclarının devalvasiya ilə bağlı manatla artmış hissəsi aşağıdakı qaydada qiymətləndirilməklə, bu Fərman qüvvəyə mindiyi günə Azərbaycan Respublikası Mərkəzi Bankının elan etdiyi məzənnəyə uyğun olaraq, dövlət büdcəsinin vəsaiti hesabına üç aydan gec olmayaraq manatla ödənilsin: 1.1. 2015-ci il fevralın 21-nə xarici valyutada mövcud olan əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,25 manat (0,15 ABŞ dolları) kimi; 1.2. 2015-ci il fevralın 22-dən həmin il dekabrın 21-dək bağlanmış kredit müqavilələri üzrə xarici valyutada əsas kredit borcuna münasibətdə – 1 ABŞ dollarına 0,6 manat (0,35 ABŞ dolları) kimi; 1.3. 2015-ci il fevralın 21-nə və dekabrın 21-nə mövcud olmuş xarici valyutada əsas kredit borclarına münasibətdə – bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində qeyd olunan hər iki qaydada nəzərdə tutulduğu kimi. -2-ci bəndinə əsasən bu Fərmanın 1-ci hissəsinə əsasən edilən ödəniş, ilk növbədə, fiziki şəxslərin banklar və ləğvetmə prosesində olan banklar qarşısında ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldilsin, qalan məbləğ isə həmin fiziki şəxslərin sərəncamına verilsin. Azərbaycan Respublikasının Maliyyə X2 tərəfindən qəbul edilmiş 27 mart 2019-cu il tarixli “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 1-ci bəndinə görə bu Qayda “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli 551 nömrəli Fərmanının (bundan sonra – Fərman) 3.1-ci və 7.3-cü bəndlərinin icrası məqsədilə hazırlanmışdır, fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizmini (qaydasını), həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştləri, habelə kredit borclarının restrukturizasiyası ilə bağlı digər məsələləri müəyyən edir. Adı çəkilən Qaydanın: -2.1.7-ci bəndinə əsasən restrukturizasiya – kredit təşkilatı tərəfindən əsas kredit borclarının ödənilməsi məqsədilə fiziki şəxslərə güzəştli kreditlərin verilməsidir; -2.1.8-ci bəndinə görə fiziki şəxs – kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşı, əcnəbi və ya vətəndaşlığı olmayan şəxs, o cümlədən hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxsdir; -2.1.10-cu bəndinə əsasən kompensasiya – fiziki şəxslərin xarici valyutada olan kreditlərinin devalvasiya nəticəsində manatla artmış hissəsinin Fərmanla müəyyən olunmuş qaydada qiymətləndirilməklə dövlət tərəfindən qarşılanması məqsədilə onlara dövlət büdcəsinin vəsaiti hesabına manatla ödənilən məbləğdir; -2.1.11-ci bəndinə görə güzəşt – fiziki şəxslərin əsas kredit borclarına hesablanmış faizlərin və dəbbə pulunun Fərmana və bu Qaydaya uyğun olaraq tam və ya qismən silinməsidir; -2.1.13-cü bəndinə əsasən güzəştli kredit – fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiyası məqsədilə onlara kredit təşkilatları tərəfindən illik faiz dərəcəsi 1 faiz olmaqla 5 il (1 il güzəşt müddəti ilə) müddətinə verilən kreditlərdir. Sadalanan normalardan görünür ki, Fərmanın təsir dairəsinə düşən kredit müqavilələri üzrə artıq ödənilmiş vəsaitlərin qaytarılması, hesablanmış faiz və dəbbə pulunun azaldılması, vəsaitin restrukturizasiya olunması, yeni güzəştli şərtlərlə kredit müqavilələrinin bağlanmasının təklif edilməsi və digər güzəştlər edilməsi nəzərdə tutulmuşdur. Qeyd edilən tədbirlər baş vermiş devalvasiya nəticəsində fiziki şəxslərin xarici valyutada olan kreditləri üzrə onların üzləşdiyi maliyyə ikisini qarşılamaq məqsədilə tətbiq edilir. Bu tədbirlərin yönəldiyi subyekt- fiziki şəxs isə kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış şəxsdir, yəni bilavasitə kredit müqaviləsi üzrə əsas borc alandır. Mülki Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə görə borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Həmin Məcəllənin 470.1-ci maddəsinə görə zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Həmin Məcəllənin 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin Məcəllənin 475.1-ci maddəsinə görə öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 475.2-ci maddəsinə əsasən zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. Qeyd edilənlərdən müəyyən olunur ki, hazırki iş üzrə İddiaçı sözügedən kredit müqavilələri üzrə müqavilə tərəfi olan əsas borclu deyildir, o yalnız öhdəliyin icra edilməsinin təmini üsulu kimi çıxış edən kredit müqaviləsinin təminatı kimi bağlanmış zaminlik müqaviləsi üzrə zamindir. Zaminin isə əsas kredit müqaviləsi üzrə borclu öz öhdəliyini icra etmədikdə həmin öhdəliyi onun əvəzinə ödəmək vəzifəsi, kreditorun tələbini icra etdikdən sonra reqress qaydada əsas borcluya qarşı tələb hüququ vardır. Hazırki Fərmanın tələbləri baxımından iddiaçının zamin olaraq kredit borclarının restruktrizasiyası ilə bağlı tələb hüquqları yoxdur. Yuxarıda adı çəkilən Qaydanın tələblərində də güzəştin tətbiq ediləcəyi fiziki şəxs məhz kredit təşkilatı ilə kredit müqaviləsi bağlamış şəxsi nəzərdə tutur. Bu baxımdan kredit borclarının restrukturizasiyası ilə bağlı tələb hüququ bilavasitə kredit müqaviləsi üzrə tərəf kimi çıxış edən və Fərmanın təsiri altına düşdüyü təqdirdə kredit təşkilatı ilə yeni güzəştli kredit müqaviləsi bağlayacaq şəxsə, yəni borc alana məxsusdur. Qeyd olunanlara əsasən iddia ilk növbədə subyektiv hüquq baxımından mümkünlük şərtinə cavab vermir. Məhkəmə eyni zamanda hazırki tələbin yönəldiyi cavabdehə münasibətdə də iddianın qeyri-mümkünlüyü nəticəsinə gəlir. Belə ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının 7.1-ci bəndinə görə Azərbaycan Respublikasının Maliyyə X2 banklarla birlikdə bir ay müddətində fiziki şəxslərin xarici valyutada əsas məbləği 10 000 (on min) ABŞ dollarınadək, milli valyutada isə 17 000 (on yeddi min) manatadək olan kreditləri üzrə vaxtı keçmiş və bu Fərmana əsasən hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısını müəyyən edərək, bu barədə Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə və Azərbaycan Respublikasının Mərkəzi Bankına məlumat verilməsi tapşırılmışdır. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın 4.1-ci və 4.2-ci bəndlərinə əsasən kompensasiyanın ödənilməsini təmin etmək məqsədilə Palata Fərmanın 3.2-ci bəndinə uyğun olaraq, ödənişin ümumi məbləğini, ödəniş ediləcək fiziki şəxslərin siyahısını və hər bir fiziki şəxsə ödəniləcək vəsaitin məbləğini müəyyən edir və hər bir kredit təşkilatı və ya ləğvetmə prosesində olan kredit təşkilatı üzrə ayrılacaq vəsaitin məbləği barədə məlumatı Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə (bundan sonra – Maliyyə Nazirliyi) və Mərkəzi Banka təqdim edir. Maliyyə Nazirliyi bu Qaydanın 4.1-ci bəndinə uyğun olaraq, məlumatı aldıqdan sonra həmin vəsaiti müvafiq kredit təşkilatlarının (bank olmayan kredit təşkilatları istisna olmaqla) və poçt rabitəsinin milli operatorunun Mərkəzi Bankdakı hesablarına, habelə ləğvetmə prosesində olan bankların Mərkəzi Bankdakı ləğvetmə hesablarına köçürür. Bank olmayan kredit təşkilatlarına, habelə ləğvetmə prosesində olan bank olmayan kredit təşkilatlarına ödəniş müddəti keçmiş kreditlərin ödənilməsinə yönəldilən kompensasiya onların poçt rabitəsinin milli operatorunda olan hesablarına köçürülür. “Maliyyə xidmətləri bazarında tənzimləmə və nəzarət sisteminin idarəedilməsinin təkmilləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Prezidentinin 28 noyabr 2019-cu il tarixli 1616 nömrəli Sərəncamının 1-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Maliyyə X2 ləğv edilmiş və Azərbaycan Respublikasının qanunlarında maliyyə bazarlarına nəzarət orqanının müəyyən edilmiş səlahiyyətləri, o cümlədən onun maliyyə xidmətləri bazarında lisenziyalaşdırma, tənzimləmə və nəzarət, investorların və maliyyə xidmətləri istehlakçılarının hüquqlarının qorunması sahəsində vəzifə və hüquqları, habelə əmlakı Azərbaycan Respublikasının Mərkəzi Bankına verilmişdir. Göründüyü kimi fiziki şəxslərin xarici valyutada olan kreditlərin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi üzrə Mərkəzi Bankın əsas öhdəliyi kompensasiya üzrə fiziki şəxsə ödəniləcək vəsaitin məbləğinin müəyyən edilməsi və ödəniş ediləcək fiziki şəxslərin siyahısına daxil edərək müvafiq məlumatın (siyahının), o cümlədən vaxtı keçmiş və hər bir bank üzrə restrukturizasiya olunmalı kredit borclarının məbləğini və borcluların siyahısının müəyyən edilərək təqdim edilməsi ilə bağlıdır. İş materiallarına əlavə edilmiş problemli kreditlərin kompensasiyası ilə bağlı portaldan çıxarışdan müəyyən olunur ki, “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında “Azərbaycan Respublikası Prezidentinin 28.02.2019-cu il tarixli X1 münasibətdə tətbiq olunmuş, “xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə X7 arasında bağlanmış 19.06.2015-ci il tarixli, 292 və 293 saylı kredit müqavilələri 01.03.2019-cu il tarixə vaxtı keçmiş əsas kredit borcları siyahısına daxil edilmişdir. Nəticədə 292 saylı kredit müqaviləsi üzrə 2.214,81 manat, 293 saylı kredit müqaviləsi üzrə 3.092,79 manat borcun restrukturizasiya edilməsi müəyyən olunmuşdur. 2802,60 manat borcun ödənilməsinə yönəldilmiş kompensasiya hissəsi kimi, 5648,36 manat restrukturizasiya məbləği kimi hesablanmışdır. Göründüyü kimi hazırki iş üzrə mübahisəli kredit müqavilələri üzrə cavabdeh Mərkəzi Bank adı çəkilən Fərman və Qayda ilə nəzərdə tutulmuş öhdəliyini icra edərək, problemli kreditlərin kompensasiyasını hesablamış, restrukturizasiya ediləcək məbləği müəyyən etmişdir. Dolayısı ilə hazırki halda cavabdeh inzibati orqanın inzibati məhkəmə icraatında iddia tələbi üzrə şəxsin subyektiv hüquqlarının pozuntusuna əsas verən hər hansı hərəkət və ya hərəkətsizliyi mövcud olmamışdır. Belə olan halda cavabdeh Mərkəzi Banka münasibətdə iddia mümkün sayılmamalıdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarının 6.1, 6.2 və 7-ci bəndlərində bununla bağlı olaraq göstərilmişdir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. İddiaçı öz məqsədinə digər hüquqi müdafiə vasitələrindən, eləcə də başqa predmetli iddia qaldırmaqla, həmçinin başqa cavabdehə qarşı iddia irəli sürməklə daha tez, daha münasib və daha sadə yolla nail ola bilərsə, yardım etmək vəzifəsinə əməl etmək şərtilə məhkəmələr iddianın mümkünlüyü məsələsinə baxa bilərlər Məhkəmə Plenum Qərarındakı hüquqi mövqeyi nəzərə alaraq inzibati məhkəmə icraatında məhkəmənin yardım etmək vəzifəsini rəhbər tutub iddia tələbi üzrə iddiaçının hüquqi marağının nədən ibarət olduğunu, çatmaq istədiyi hüquqi nəticəni yoxlayaraq aşağıdakıları qeyd etməyi zəruri hesab edir. Yuxarıda qeyd edilən Fərmanın 6-cı bəndində Banklara tövsiyə edilmişdir ki: -6.1. bu Fərmanın 7.1-ci bəndində nəzərdə tutulan siyahı üzrə vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsi bağlanmasını təklif etsinlər; -6.2. fiziki şəxslərin vaxtı keçmiş kredit borclarının restrukturizasiya olunacağını nəzərə alaraq, banklar bir ay müddətində həmin kreditlərə hesablanmış faizlərin silinməsini və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görsünlər; -6.3.borcları restrukturizasiya olunmuş fiziki şəxslərin borc yükünün yüngülləşdirilməsini təmin edən digər tədbirlər görsünlər. -8.4-cü bəndinə əsasən bank dedikdə banklar və bank olmayan kredit təşkilatları (kredit ittifaqları istisna olmaqla) nəzərdə tutulur. “Fiziki şəxslərin xarici valyutada olan kreditlərinin əsas məbləğinin devalvasiya nəticəsində manatla artmış hissəsinin ödənilməsi mexanizminin və həmin məbləğə hesablanmış faiz və dəbbə pulu (cərimə, penya) üzrə tətbiq ediləcək güzəştlərin müəyyən edilməsi Qaydası”nın: -6.2-ci bəndinə görə fiziki şəxsin kompensasiya ödəniləcək əsas kredit borcu kompensasiya məbləği qədər azaldıldıqdan sonra əsas kredit borcunun qalıq məbləği bu Qaydanın 6-cı hissəsində nəzərdə tutulmuş qaydada restrukturizasiya olunur. -6.3-cü bəndinə görə kredit borcunun restrukturizasiya olunması məqsədilə fiziki şəxslə kredit təşkilatı arasında yeni güzəştli kredit müqaviləsi bağlanır. -6.9-cu bəndinə görə kredit təşkilatları vaxtı keçmiş kredit borcu olan fiziki şəxslərə yeni güzəştli kredit müqaviləsinin bağlanmasını bu Qaydanın tələblərini nəzərə almaqla təklif edirlər. -6.15-ci bəndinə əsasən kredit təşkilatları tərəfindən bu Qaydaya əsasən restrukturizasiya olunmuş kredit borcları üzrə əvvəlki kredit müqaviləsinə xitam verilir və məhkəmədə olan işlərin geri çağırılmasını təmin edən tədbirlər görülür. -6.17-ci bəndinə görə ləğvetmə prosesində olan kredit təşkilatlarında fiziki şəxslərin vaxtı keçmiş əsas kredit borclarının restrukturizasiyası (kreditin ödəmə müddətinin uzadılması, faizlərin azaldılması və ya ləğv edilməsi, ümidsiz borcların silinməsi və digər tədbirlərin görülməsi) bu Qaydanın tələbləri nəzərə alınmaqla ləğvedici funksiyasının həvalə olunduğu şəxslər tərəfindən həyata keçirilir. Sadalanan normalardan göründüyü kimi kompensasiya məbləği ödəniş müddəti keçmiş əsas kredit borclarının ödənilməsinə yönəldikdən sonra qalıq qalan borc məbləği restrukturizasiya olunması məqsədilə kredit vermiş kredit təşkilatı ilə borclu fiziki şəxs arasında əvvəlki kredit müqaviləsinə xitam verilir və yeni güzəştli kredit müqaviləsi bağlanır. Yeni güzəştli kredit müqaviləsinin bağlanması təklifini vermək Fərmanla banklara tövsiyyə edilmişdir. Hazırki iş üzrə mübahsiəli kredit müqavilələri üzrə kompensasiyanın hesablandığı və qalıq borcla bağlı restrukturizasiya məbləğinin müəyyən edildiyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının hüquqi marağı bilavasitə qalıq borca münasibətdə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılmasıdır. Kredit müqavilələri üzrə restrukturizasiya ediləcək məbləğlə bağlı yeni kredit müqaviləsinin bağlanması isə artıq inzibati orqan olan Mərkəzi Bankla deyil, kredit müqaviləsi üzrə kredit təşkilatı ilə əsas borclu arasında həll oluna biləcək məsələdir. Mülki Məcəllənin 421.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ləğv edilməsi, əgər bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, tərəflərin razılaşması ilə mümkündür. Həmin Məcəllənin 423.1-ci maddəsinə əsasən müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi haqqında razılaşma, əgər bu Məcəllədən, müqavilədən və ya işgüzar adətlərdən ayrı qayda irəli gəlmirsə, müqavilə ilə eyni formada bağlanır. Həmin Məcəllənin 423.2-ci maddəsinə görə müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi tələbini tərəf məhkəməyə yalnız müqaviləni dəyişdirmək və ya ləğv etmək təklifindən digər tərəfin imtinasını aldıqda və ya təklifdə göstərilmiş müddətdə, müddət göstərilmədikdə isə otuz gün müddətində ondan cavab almadıqda irəli sürə bilər. Müqavilənin dəyişdirilməsi və ya ləğv edilməsi ilə bağlı müqavilə tərəfləri arasındakı münasibətlər və ondan yarana biləcək mübahisələr öz hüquqi təbiətinə görə mülki hüquq xarakterli olub xüsusi hüquq sahəsinə aiddir və inzibati məhkəmə icraatının predmeti hesab olunmur. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli Qərarının mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. (Qərar 15.3-cü bənd) Göstərilənlərə əsasən və iddiaçının hüquqi marağını nəzərə alaraq məhkəmə qeyd edir ki, qalıq məbləğin restrukturizasiya edilməsi məqsədilə güzəştli şərtlərlə yeni kredit müqaviləsinin bağlanılması ilə bağlı bankla borclu arasında razılıq əldə olunmadığı təqdirdə yaranmış fikir ayrılığı mülki məhkəmə icraatı qaydasında aidiyyatı üzrə müvafiq ümumi məhkəmədə mübahisələndirilə bilər. İnzibati Prosessual Məcəlləsinin 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 35, 80, 85-ci maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddiaçı cavabdeh Azərbaycan Respublikası Mərkəzi Bankına (üçüncü şəxs Ləğv prosesində olan “xxxx” ASC-nin Ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu) qarşı “kredit müqavilələri üzrə restrukturizasiya ediləcək şəxslərin siyahısına salınması” tələbinə dair iddiası mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan:Bakı şəhəri, Z.Xəlilov küçəsi,540) şikayət verilə bilər. Hakim Aygün Əhədova
Məhkəmə qərarları › İş №2-1(112)-5322/2021
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5322/2021
05.05.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver