Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5322/2023 07.02.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə GİRİŞ HİSSƏ: Hakim Əliyev Elvin Əhəd oğlunun sədrliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarş “əmrin ləğv edilməsi” tələbinə dair iddia ərizəsinin mümkünlüyü məsələsinə Bakı İnzibati Məhkəmənin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56) açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. TƏSVİRİ HİSSƏ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı inzibati Məhkəməsinə müraciət edərək, Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun 28 noyabr 2022-ci il tarixli, Ə790-073-22 saylı əmrini ləğv edib, vəzifəsinə bərpa edilməyi və xx.xx.2022-ci il tarixdən əvvəlki vəzifəyə işə bərpa ediləcəyi müddətə kimi məcburi iş buraxma müddəti üçün əmək haqqının Daxili İşlər Nazirliyindən tutularaq iddiaçıya verilməsinə dair qərar qəbuledilməsini məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.2018-ci ildən Sabunçu Rayon Polis İdarəsinin rəisinin əmri ilə Sabunçu Rayon Polis İdarəsinin 13-cü Polis Bölməsində əmək müqaviləsi əsasında operator vəzifəsində çalışmışdır. xx.xx.2022-ci il tarixində isə əmək müqaviləsinə heç bir əsasə olmadan xitam verərək işdən azad edilmişdir. İşlədiyi dövrdə işə götürən ilə arasında heç bir problem yaranmamışdır. Bundan əlavə işlədiyi müddətdə işində heç bir qüsur və ya pozuntu olmamışdır. Buna baxmayaraq Sabunçu Rayon Polis İdarəsinin rəisi Cavid Muradovun 28 noyabr 2022-ci il tarixli əmrinə əsasən Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə işdən azad edilmişdir. Səbəb olaraq göstərilən əsasların heç biri düzgün deyildir. Qeyd edilən Əmrdə bildirilmişdir ki, guya iddiaçı daxil olmuş məktubu vaxtında aidiyyatı üzrə göndərməmişdir. İddiaçı onu qeyd etmişdir ki, gecikmə halı ilə bağlı heç bir sübut yoxdur və bunu kimsə mübahisələndirməyib bu günədək. Belə olan halda isə səbəb olaraq bunun göstərilməsi düşünür ki, onun işdən çıxarmağa hesablanmış addımdır. Bununla bağlı əlavə olaraq qeyd etmişdir ki, əmrin əsası kimi qeyd edilən məktub tam vaxtında elektron sistemə yerləşdirilmiş, lakin elektron sistemdəki problemlə əlaqədar gecikmə ola bilərdi. Bu da iddiaçının işdən Əmək Məcəlləsinin 70-ci maddəsinin ç bəndi ilə işdən çıxarılmağına əsas ola bilməzdir. Çünki qeyd edilən məktub artıq aidiyyatı qurum tərəfindən icra edilmiş, bununla bağlı hər hansı mübahisə olmamış, işin umumi axarı pozulmamışdır. Bundan başqa o da qeyd olunmuşdur ki, işlədiyi dəftərxanada aidiyyatı olmayan mülki şəxsin işləməsi iddiaçının işdən çıxarılma səbələrindən biridir. Bildirmişdir ki, həmin şəxs Əliyeva Nərmin uzun müddətdir ki, orada işləyir və bundan öncə ki, bölmə rəisi də bu məsələdən xəbərdar olmuşdur. Bu faktla bağlı onu qeyd etmişdir ki, əmrdə iddia edilən işçi iddiaçı işə düzələndə də orda işləmişdir. Yəni onun dəftərxanada işləyib işləməməsi ilə bağlı hər hansı göstəriş vermək iddiaçının səlahiyyətində olmamışdır. Necə ola bilər ki, Polis Bölməsində rəisin xəbəri və icazəsi olmadan kimsə uzun illər orda işləsin. Belə hal ola bilmədiyinə görə, həmçinin həmin işçi ilə bağlı onun hər hansı səlahiyyətinin olmamasına görə iddiaçı işdən çıxarıla bilməz. İddiaçı insan resursları üzrə əməkdaş deyildir ki, bölmənin əməkdaşlarının əmək müqaviləsini yoxlasın və ya işçilərə nəzarət etsin. Bölmədə kimsə əmək müqaviləsi bağlamadan işləyirsə bu iddiaçının səhvi deyil heç ümumiyyətlə iddiaçıya aid olan bir məsələ deyil. Çünki səlahiyyətli şəxs o deyildir. Əmək müqaviləsi üzrə vəzifə səlahiyyətlərinə diqqət edilsə iddiaçının həmin orqanda “insan resursları üzrə mütəxəsis” yox operator vəzifəsində çalışdığı açıq-aşkar görmək olar. O da qeyd olunmalıdır ki, işdə bu günədək heç bir pozuntu olmadan, işə gecikmə halı olmadan, vəzifə səlahiyyətlərini aşmaq nüansı olmadan bir başa Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndi ilə çıxarılmağı hüququn işləmə prinsipinə daban-dabana zidd olması göz qabağındadır. Məhkəmənin diqqətinə çatdırmaq istəyir ki, haqqında işdən çıxarılma əmri verilməzdən əvvəl bu məsələ ilə bağlı ondan izahat alınmış,izahatda o, iş həcminin çoxluğundan məktubun elektron sənəd dövəsindən keçib keçməməsinə diqqət yetirməməyini(bunun bəzən sistemdə olan nacazlıqla bağlı olduğu) diqqətindən yayınmasını və bir daha belə diqqətsizliyə yol verməyəcəyini bildirmiş, üzrlü hesab etmələrini, xahiş etmiş, birbaşa tabe olduqları Sabunçu RPİ-nin dəftərxana müdiri ilə əlaqə yaratmış həmin şəxs heç bir problem olmadığını işinə davam etməyini bildirmişdir. Lakin buna baxmayaraq diqqəti intizam tənbehi tətbiq edilməmiş və tərəfinə heç bir məlumat təqdim edilməmişdir. Halbuki, Əmək Məcəlləsinin 187.1-ci maddəsinin tələbinə görə, İntizam tənbehi verilməmişdən əvvəl işəgötürən işçidən yazılı izahatın verilməsini tələb edir. İddiaçı hesab edir ki, belə bir əmrin verilməsi onun indidən sonra hər hansı başqa bir yerdə işləməyinə böyük bir əngəldir. Belə ki, hal-hazırda üzərində elə bir sosial öhdəliklər var ki, bundan sonra işsiz qalmağını onun himayəsində olan insanlar üçün sadəcə faciədir. Çünki belə olan halda təkcə iddiaçı yox, eyni zamanda ailəsi, onunla birlikdə yaşayan şəhid anası bu əmrdən əziyyət çəkəcəkdir. Halbuki AR Konstitusiyanın 12-ci maddəsinə əsasən dövlətin əsas vəzifəsi insanların layiqli həyat səviyyəsini təmin etməkdir. Əgər sözügedən qanunsuz əmr qüvvədə qalsa iddiaçı nəinki layiqli həyat yaşaya biləcək, hətta onun ailə üzvləri və himayəsində olan şəhid anası (yəni qayınanası) da normal insan kimi yaşaya bilməyəcək. Bir insanın bu yaşda Əmək Məcəlləsinin 70ci maddəsinin ç bəndi ilə işdən çıxması onu həqiqətən bir ömür işsiz qalması deməkdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin tələblərinə əsasən qanuna müvafiq prosessual hərəkətlər edilərək iş üzrə məhkəmə iclası xx.xx.2022-ci il tarixə təyin edilmiş və bu barədə tərəflərə lazımi qaydada məlumat verilmişdir. Həmin tarixli məhkəmə iclasında məhkəmə iddianın mümkünlük məsələsini həll etməyi zəruri saymışdır. Həmçinin, həmin tarixli məhkəmə iclasında iştirak edən iddiaçıya İPM-in 13-cü maddəsinə əsasən hüquqi yardım göstərərək, qanunvericiliyin müvafiq tələbləri izah edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçı işə mahiyyəti üzrə baxılmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi eyni məzmunlu izahat verərək, iddia tələbinin mümkün sayılmamasını məhkəmədən xahiş etmişdir. Şifahi məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada xəbardar olunmuş cavabdeh məhkəmə iclasında iştirak etməmiş və iştirak etməməsinin üzürlü səbəbləri barədə məhkəməni məlumatlandırmamışdır. ƏSASLANDİRMA HİSSƏSİ: Məhkəmə iddia ərizəsini və iş materiallarınına əlavə olunmuş icra işini araşdıraraq hesab edir ki, iddia tələbinə İPM-nin müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması qeyri-mümkün sayılmalıdır. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun 10 aprel 2015-ci il tarixli qərarının 2-ci bəndində mübahisənin məhkəmə aidiyyətinin müəyyən edilməsi üçün ilk növbədə mübahisənin tərəflərinin hüquqi vəziyyəti və onların arasındakı münasibətlərin ümumi (publik), yaxud xüsusi hüququn nizamasalma predmetinə aid olduğu müəyyən edilməlidir. Həmin Qərarın 11-ci bəndində göstərilmişdir ki, inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Həmin qərarın 12-ci bəndinə əsasən inzibati orqanla dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə inzibati məhkəmə icraatı qaydasında inzibati-iqtisadi məhkəmələr tərəfindən baxılır. Qeyd olunan normaların mənasındnan göründüyü kimi inzibati məhkəmə icraatı qaydasında dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı mübahisələrə baxılır. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən dövlət qulluğu vəzifəsi dövlət orqanının normativ aktlarla müəyyən edilən struktur quruluşu və ştat cədvəlinə uyğun olan ştat vahididir. Həmin vəzifəni tutan şəxsin səlahiyyət və funksiyalarının hüdudları həmin orqanın səlahiyyətindən asılı olaraq müəyyən edilir. Həmin Qanunun 14.1-ci maddəsinə əsasən dövlət qulluqçusu bu Qanunla müəyyən edilmiş qaydada maaşlı (maaş yalnız bu Qanunun 7.1-ci maddəsində göstərilən mənbələrdən verilə bilər) dövlət qulluğu vəzifəsini tutan və inzibati vəzifə üzrə dövlət qulluğuna qəbul edilərkən Azərbaycan Respublikasına sadiq olacağına and içən Azərbaycan Respublikasının vətəndaşıdır. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” nin 10-1-ci maddəsinə əsasən daxili işlər orqanlarında xüsusi rütbələr nəzərdə tutulmayan vəzifələrə işə götürülən mülki işçilərin əmək münasibətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsi ilə tənzimlənir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Sabunçu Rayon Polis İdarəsinin xx.xx.2022-ci il tarixli əmrini ləğv edilib, məcburi iş buraxma müddəti üçün əmək haqqının ödənilməsini məhkəmədən xahiş etmişdir. Hazırki işdə iddiaçı, cavabdeh Polis İdarəsində əmək müqaviləsi ilə “operator” (mülki işçi) vəzifəsində işləmiş və həmin idarə tərəfindən xx.xx.2022-ci il tarixli əmrlə işdən azad edilmişdir. Göründüyü kimi İddiaçı dövlət qulluqçusu statusu yoxdur. O mülki işçi olaraq əmək qanunvericiliyinin tələblərinə uyğun polis orqanında fəaliyyət göstərir. Məhkəmə hesab edir ki, iddiaçının dövlət qulluqçusu statusu olmadığına görə, onun əmək faəliyyət əmək qanunvericiliyinin tələblərinə uyğun tənzimləndiyindən cavabdeh Polis İdarəsi ilə iddiaçı arasında yaranmış hazırkı mübahisə əmək münasibətlərindən irəli gələn mübahisədir və həmin mübahisəyə baxılması ümumi məhkəməyə aiddir. Məhkəmə qeyd edir ki, dövlət qulluqçusu olmayan şəxslərlərlə işə götürən orqan arasındakı mübahisələrə isə inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulmamışdır. Onlar arasındakı əmək mübahisələri Azərbaycan Respublikası Əmək Məcəlləsi ilə tənzimləməli olan hüquq münasibətlərinə aid olmaqla mülki məhkəmənin araşdırma predmetinə aiddir. Hazırki iş üzrə, iddiaçının tələbinə inzibati məhkəmə icraatı qaydasında inzibati məhkəmədə deyil, mülki mühakimə icraatı qaydasında ümumi məhkəmədə baxılmalıdır. İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsinə görə bu Məcəllə inzibati hüquq münasibətləri ilə bağlı mübahisələrin məhkəmə aidiyyətini, həmin mübahisələrə məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsiplərini və qaydalarını müəyyən edir. Həmin Məcəllənin 8.1.3-cü maddəsinə əsasən inzibati orqanla hakim, dövlət qulluqçusu və ya hərbi qulluqçu arasında mövcud olan və ya əvvəllər mövcud olmuş xidməti hüquq münasibətləri ilə bağlı həmin orqana qarşı iddialara, habelə belə hüquq münasibətlərinin yaranması ilə əlaqədar mübahisələrə iddiaçının xidməti yaşayış sahəsinin olduğu yerin, belə yaşayış sahəsinin olmadığı hallarda yaşayış yerinin, bu halların heç birinin olmadığı təqdirdə isə ilkin inzibati aktı qəbul etmiş inzibati orqanın (cavabdehin) yerləşdiyi yerin məhkəməsi tərəfindən baxılır. Həmin Məcəllənin 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Nəzərə alınmalıdır ki, işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan məhkəmə nəzərdə tutulur. Mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. Bu səbəbdən mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə (yaxud, inzibati xətalara dair işlər üzrə icraat qaydasında işlərə baxmaq səlahiyyəti olan orqana) müraciət etmək hüququ izah olunmalıdır. İPM-nin 13-cü maddəsinə əsasən məhkəmə qaldırılan iddialarda yol verilən formal xətaların aradan qaldırılmasında, aydın olmayan iddia tələblərinin dəqiqləşdirilməsində, yanlış iddia növlərinin münasibləri ilə əvəz olunmasında, natamam faktiki məlumatların tamamlanmasında, eləcə də işin hallarının müəyyənləşdirilməsi və qiymətləndirilməsi baxımından əhəmiyyət kəsb edən izahatların təqdim olunmasında proses iştirakçılarına yardım etməyə borcludur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlərtələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorununan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İddiaçıya izah olunur ki, iddianın qeyri mümkün sayılması mümkünlük şərtlərinə əməl etməklə yenidən məhkəməyə müraciət etmək hüququnu istisna etmir. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. İPM-nin 80.1-ci maddəsinə əsasən Bu Məcəlləyə əsasən barəsində məhkəmə qaydasında şikayət verilə bilən, habelə hüquqi müdafiə vasitələrindən istifadə qaydalarını və müddətini müəyyən edən məhkəmə qərardadları mütləq əsaslandırılmalıdır. İPM-in 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. NƏTİCƏVİ HİSSƏ: Göstərilənlərə əsasən və İPM-in 35, 80 və 85.1-ci maddəsini rəhbər tutaraq məhkəmə, Qərara aldı: İddia mümkün sayılmasın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (ünvan: Bakı şəhəri, Z.Xəlilov küçəsi-540) şikayət verilə bilər. Hakim Elvin Əliyev
Məhkəmə qərarları › İş №2-1(112)-5322/2023
Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5322/2023
07.02.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver