Məhkəmə qərarları › İş №2-1(112)-5323/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5323/2023

01.05.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5323/2023 01.05.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məzuniyyət pulunun ödənilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə qarşı “məzuniyyət pulunun ödənilməsi” barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Sonradan iddiaçı tələbə dəqiqləşmə verərək iddiaçının istifadə etmədiyi 243,75 məzuniyyət gününə görə aldığı məvacibə -əmək haqqına uyğun olaraq hesablanması və ödənilməmiş 12016,78 manat pulun ödənilməsinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. Ərizə icraata qəbul edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı vergi orqanı əməkdaşı kimi 2000-ci ilin mart ayından vergi orqanlarında çalışmış, 27 yanvar 2021-ci il tarixdə təhvil-təslim işləri aparılmışdır. İddiaçı 2006-cı ildən son müddətə qədər məzuniyyətsiz işləmişdir. Lakin, ona məzuniyyət haqqı ödənilərkən əmək qanunvericiliyin tələbləri nəzərə alınmamışdır. Halbuki məzuniyyət haqqı hesablanarkən əmək haqqı və ona əlavələr nəzərə alınmaqla ödəniş edilməli idi. Cavabdeh isə daxili qaydalarına istinad etməklə əlavələri nəzərə almadan, məvacibə uyğun olmadan, təkcə vəzifə maaşına uyğun olaraq məzuniyyət haqqı ödəmişdir. Cavabdehin etirazları: İddiaçı vergi orqanlarında müxtəlif vəzifələrdə çalışmış və 22 yanvar 2021-ci il tarixli Dövlət Vergi Xidmətinin əmri ilə tutduğu vəzifədən azad edilmiş, sərəncama götürülmüş, 10 may 2022-ci il tarixli əmrlə isə 12 yanvar 2022-ci il tarixdən Xidmətin sərəncamından çıxarılmışdır. Cavabdeh tərəfindən əmək qanunvericiliyin, o cümlədən “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq vəzifə maaşına əlavə nəzərə alınmamaqla orta aylıq əmək haqqı əsasında məzuniyyət pulu ödənilmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Eyni zamanda, qeyd edilməlidir ki, iddiaçı Dövlət Vergi Xidmətinin əməkdaşı olduğundan, işəgötürən qismində həmin Xidmət müəyyən edildiyindən, həmin şəxsin işə qəbulu, işdən azad edilmə və əmək haqqının, o cümlədən son haqq-hesabın ödənilməsi də Xidmətin özü tərəfindən həyata keçirilir. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Cavabdehin imtina məktubundan görünür ki, cavabdeh “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin verilməsi Qaydası”nın tələblərinə uyğun olaraq məzuniyyətə görə kompensasiyanın ödənildiyini bildirmişdir. Son haqq-hesab barədə məlumat vərəqindən görünür ki, 27545,92 manat əmək haqqı əsasında 9562,96 manat məbləğində ödəniş edilmişdir. İddiaçının müraciət ərizəsindən görünür ki, iddiaçı həmin ödənişin 18405,47 manat miqdarında olmasını iddia etmişdir. Tətbiq edilən hüquq və məhkəmənin hüquqi mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin: Maddə 5. Bu Məcəllənin tətbiq edildiyi digər iş yerləri və qulluqçular

1. Azərbaycan Respublikasının xarici dövlətlərlə, beynəlxalq təşkilatlarla bağladığı müqavilələrində başqa hal nəzərdə tutulmayıbsa, bu Məcəllə müvafiq xarici dövlətlərin, onların fiziki və hüquqi şəxslərinin, beynəlxalq təşkilatların, eləcə də vətəndaşlığı olmayan şəxslərin Azərbaycan Respublikasında təsis etdikləri və qanunvericilikdə nəzərdə tutulmuş qaydada dövlət qeydiyyatına alınıb, fəaliyyət göstərən iş yerlərində heç bir şərt qoyulmadan tətbiq edilir.

2. Bu Məcəllə dövlət qulluqçularına, habelə prokurorluq, polis və digər hüquqmühafizə orqanlarının qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. Maddə 140. Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması qaydası və ödənilməsi

1. Məzuniyyət vaxtı üçün ödənilən orta əmək haqqı onun hansı iş ili üçün verilməsindən asılı olmayaraq məzuniyyətin verildiyi aydan əvvəlki 12 təqvim ayının orta əmək haqqına əsasən müəyyən edilir.

2. 12 təqvim ayından az işləyib məzuniyyətə çıxan işçinin orta aylıq əmək haqqı onun faktik işlədiyi tam təqvim aylarına əsasən hesablanır.

3. Məzuniyyət günlərinin əmək haqqını müəyyən etməkdən ötrü məzuniyyətdən əvvəlki 12 təqvim ayının əmək haqqının cəmlənmiş məbləğini 12-yə bölməklə orta aylıq əmək haqqının məbləği tapılır və alınan məbləği ayın təqvim günlərinin orta illik miqdarına — 30,4-ə bölmək yolu ilə bir günlük əmək haqqının məbləği müəyyən edilir. Bu qayda ilə müəyyən edilmiş bir günlük əmək haqqının məbləği, məzuniyyətin müddətinin təqvim günlərinin sayına vurulur.

4. Bu maddədə nəzərdə tutulmuş məzuniyyət haqqının ödənilməsi üçün əmək haqqının hesablanması qaydası işçiyə istifadə edilməmiş məzuniyyətə görə pul əvəzi ödənilərkən də tətbiq edilir. Maddə 154. Əmək haqqı

1. Əmək haqqı — müvafiq iş vaxtı ərzində əmək funksiyasını yerinə yetirmək üçün əmək müqaviləsi ilə müəyyən edilmiş, işçinin gördüyü işə (göstərdiyi xidmətlərə) görə işəgötürən tərəfindən pul və ya natura formasında ödənilən gündəlik və ya aylıq məbləğ, habelə ona edilən əlavələrin, mükafatların və digər ödənclərin məcmusudur. “Dövlət qulluğu haqqında” Qanunun: 1.1. Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir: 1.1.1. dövlət qulluğu – Azərbaycan Respublikasının Konstitusiyasına və digər normativ hüquqi aktlarına uyğun olaraq dövlətin məqsəd və funksiyalarının həyata keçirilməsi sahəsində dövlət qulluğu vəzifəsində xidmət; 1.1.2. dövlət qulluğunun xüsusi növü – xüsusi, hərbi və ya diplomatik rütbə nəzərdə tutulan vəzifələrdə dövlət qulluğu keçmə 2.3. Dövlət qulluğunun xüsusi növündə çalışan şəxslərin qulluq (xidmət) keçməsi bu Qanunun Azərbaycan Respublikası vətəndaşlarının dövlət qulluğuna qəbul edilmək hüququna, dövlət qulluğuna qəbulun şəffaflıq əsasında müsabiqə və müsahibə yolu ilə həyata keçirilməsinə, dövlət qulluqçularının xidməti fəaliyyətinin qiymətləndirilməsinə və dövlət qulluğunun digər prinsiplərinə aid müddəaları, həmçinin bu Qanunun 15-1-ci maddəsi nəzərə alınmaqla, Azərbaycan Respublikasının başqa qanunları ilə tənzimlənir. Dövlət qulluğunun xüsusi növü nəzərdə tutulan dövlət orqanlarında çalışan və xüsusi, hərbi və ya diplomatik rütbəsi olmayan şəxslərə (dövlət qulluqçusu olmayan digər işçilər istisna olmaqla) bu Qanun şamil edilir. “Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın: 1.1. Bu Qayda Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 22-1-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Republikası İqtisadiyyat Nazirliyinin (bundan sonra – İqtisadiyyat Nazirliyi) işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, maddi-texniki bazasının möhkəmləndirilməsi və elmi-texniki potensialının artırılması məqsədilə, habelə dövlət və ictimai əhəmiyyətli məqsədlərlə əlaqədar vergi orqanları tərəfindən tətbiq edilən və dövlət büdcəsinə daxil olan maliyyə sanksiyalarından və məhkəmənin qərarı ilə müsadirə edilmiş aksiz markası olmayan və ya saxta aksiz markaları ilə markalanmış malların satışından İqtisadiyyat Nazirliyinin hesabına köçürülən vəsaitdən (bundan sonra büdcədənkənar vəsait) istifadə qaydasını müəyyən edir. 3.1. Büdcədənkənar vəsaitdən İqtisadiyyat Nazirliyinin işçilərinin (bundan sonra – işçilər) sosial müdafiəsinin gücləndirilməsinə yönəldilən hissəsi aşağıdakı istiqamətlərə xərclənir 3.1.1. işçilərin kollektiv və fərdi qaydada mükafatlandırılmasına 3.1.2. işçilərin vəzifə maaşlarına əlavələrin verilməsinə Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nın: 1.1-ci bəndinə əsasən “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” (bundan sonra - Qaydası) Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 17 oktyabr tarixli 442 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi orqanları işçilərinin sosial müdafiəsinin gücləndirilməsi, vergi orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi, vergi sahəsində elmi-texniki potensialın artırılması məqsədi ilə Azərbaycan Respublikası Vergilər Nazirliyinin hesabına köçürülən vəsaitdən istifadə Qaydası”nın 3.1.2-ci yarımbəndinin icrası məqsədi ilə hazırlanmışdır və vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir; 1.2-ci bəndinə əsasən Vergilər Nazirliyinin büdcədənkənar vəsaitinin 50 faizi (lakin illik əməkhaqqı fondunun məbləğinin 2 mislindən çox olmamaqla) vergi orqanları işçilərinin vəzifə maaşlarına əlavələrin verilməsi üçün ayrılır; 2.1-ci bəndinə əsasən aylıq vəzifə maaşına əlavənin ödənilməsi ayda bir dəfə olmaqla, hər ay üçün növbəti ayda həyata keçirilə bilər; 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əməkhaqqının hesablanması zamanı nəzərə alınmır. Hazırkı inzibati mübahisənin mahiyyətindən də aydın olur ki, mübahisə vergi orqanı əməkdaşının işdən azad edilərkən məzuniyyət gününə uyğun məbləğ hesablanarkən vəzifə maaşına əlavələrinin nəzərə alınıb-alınmaması ilə əlaqədardır. İddiaçı vəzifə maaşına əlavələrin nəzərə alınmalı olmasına dair əmək qanunvericiliyin tələblərinin cavabdeh tərəfindən pozulduğunu iddia edir. Cavabdeh isə hesab edir ki, Qaydalarda konkret olaraq vəzifə maaşına əlavənin nəzərə alınmamalı olmasına dair konkret müddəa olduğundan imtina qanuni və əsaslıdır. Məhkəmə də hesab edir ki, imtina qanuni və əsaslıdır. Belə ki, Azərbaycan Respublikası vergilər nazirinin xx.xx.2017-ci il tarixli **********739700 nömrəli əmri ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bu Qayda vergi orqanları işçilərinin aylıq vəzifə maaşına əlavələrin hesablanması və ödənilməsi qaydasını müəyyən edir. Həmin Qaydanın 2.7-ci bəndinə əsasən bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Göründüyü kimi vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası” təsdiq edilmişdir və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən edilmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. Həmin Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Beləliklə də əmək müqaviləsinə xitam verilməsi zamanı iddiaçıya işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələri qeyd olunan Qaydanın tələblərinə uyğun olaraq nəzərə almamışdır. İddiaçı həmin halın Əmək Məcəlləsinin tələblərinə uyğun olmadığı qənaətinə gəlsə də nəzərə alınmalıdır ki, həmin Məcəllə dövlət qulluqçularına onların hüquqi statusunu tənzimləyən normativ hüquqi aktlarla müəyyən olunmuş xüsusiyyətlər nəzərə alınmaqla şamil edilir. Bu normativ hüquqi aktlarda həmin qulluqçuların əmək, sosial və iqtisadi hüquqları bütünlüklə əhatə olunmayıbsa, bu Məcəllədə nəzərdə tutulmuş müvafiq normalar onlara tətbiq edilir. İşin faktiki hallarından isə müəyyən edilir ki, iddiaçı dövlət qulluqçusudur və dövlət qulluqçusu kimi işdən çıxmağı ilə əlaqədar istifadə etmədiyi məzuniyyət günlərinə görə pul əvəzi ödənilərkən cavabdeh iddiaçının vəzifə maaşına əlavələrin nəzərə alınıbalınmaması ilə bağlı müvafiq tənzimləməni həyata keçirən qüvvədə olan normativ hüquqi akt mövcuddur. Həmin normativ hüquqi aktda isə vəzifə maaşına əlavənin nəzərə alınmaması barədə imperativ qayda müəyyən edilir ki, Əmək Məcəlləsinin adıçəkilən maddəsi həmin xüsusi qaydanın yolverilənliyi birbaşa təsbit etmişdir. Göründüyü kimi vergi orqanı əməkdaşlarının hüquqi statusunun müəyyən edilməsi ilə bağlı xüsusi qaydanın müəyyən edilməsi əmək qanunvericiliyinin tələblərinə uyğundur olmuşdur ki, cavabdehin qüvvədə olan normativ hüquqi aktın tələblərinə istinad etməklə hesablama aparılmasında hər hansı pozuntusu aşkar edilmir. Əlavə olaraq, onun da qeyd edilməsi zəruridir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1999-cu il 25 avqust tarixli 137 nömrəli qərarı ilə təsdiq edilmiş “Məzuniyyət vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınan və alınmayan ödənişlərin Siyahısın”da Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 24 avqust tarixli 774 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət qulluqçularının mükafatlandırılmasının növləri və qaydaları haqqında Əsasnamə”də nəzərdə tutulan kollektiv və fərdi mükafatlar nəzərdə tutulsa da hazırkı ödəniş isə sosial müdafiənin gücləndirilməsi məqsədi daşıyan, vəzifə maaşına əlavə büdcədənkənar vəsaitdən ödənilir. Halbuki qeyd olunan Əsasnamədə nəzərdə tutulan mükafatlandırma Əsasnamənin 11-ci hissəsindən də görünür ki, dövlət büdcəsindən ayrılan vəsaitlər hesabına həyata keçirilir. Həmçinin qeyd edilməlidir ki, “Məhkəmə və hakimlər haqqında” Azərbaycan Respublikası Qanunun 79-1-ci maddəsinə görə vahid məhkəmə təcrübəsi məhkəmələrin hüquqi məsələlərin həllinə yanaşmasının sabitliyini və ədalət mühakiməsi həyata keçirilərkən maddi və prosessual hüquq normalarının eyni cür tətbiq edilməsini təmin etmək məqsədilə formalaşdırılır. Ali Məhkəmə hüququn tətbiqi üzrə vahid məhkəmə təcrübəsini baxdığı işlər üzrə məhkəmə kollegiyalarının və Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə formalaşdırır. Göründüyü kimi hüququn tətbiqi üzrə məhkəmə təcrübəsinin formalaşdırılması təkcə Ali Məhkəmənin Plenumunun qərarları, habelə Ali Məhkəmənin Plenumunun məhkəmə təcrübəsinə dair verdiyi izahlar vasitəsilə deyil, eyni zamanda məhkəmə kollegiyalarının fərdi işlər üzrə qərarları vasitəsi ilə də həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin 2-1(102)-214/2021 saylı iş üzrə qəbul etdiyi xx.xx.2021 Qərarında da qeyd edilmişdir ki, Qaydanın 2.7-ci bəndində konkret olaraq göstərilmişdir ki, bu Qayda ilə müəyyən edilmiş vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Azərbaycan Respublikası Prezidentinin xx.xx.2001-ci il tarixli 454 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının Vergilər Nazirliyi haqqında” Əsasnamənin 15.11-ci maddəsinə əsasən, vergi orqanlarının işçilərinin sosial müdafiəsinin gücləndirilməsi məqsədilə nazirliyin səlahiyyətləri daxilində müvafiq normativ aktı ilə “Vergi orqanları işçilərinin aylıq vəzifə maaşlarına əlavələrin verilməsi Qaydası”nı təsdiq etmiş və bununla da əmək haqqına əlavələrin verilməsi üçün konkret şərtlər müəyyən etmişdir ki, məhz həmin əlavələrin də verilməsi qeyd olunan Qaydaların şərtlərinə tam uyğun olmalıdır. İstinad edilən Qaydanın tələbləri ilə imperativ qaydada müəyyən edilmişdir ki, vəzifə maaşına əlavələr məzuniyyət (ezamiyyət) vaxtı üçün orta əmək haqqının hesablanması zamanı nəzərə alınmır. Odur ki, iddia rədd edilməlidir.

NƏTİCƏVİ HİSSƏ

Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar