Məhkəmə qərarları › İş №2-1(112)-5324/2024

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5324/2024

05.06.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5324/2024 05.06.2024 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Cəlalov Bəhlul Məmmədcəfər oğlunun sədrliyi, Həsənov İlkin Mürşüd oğlunun katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması” tələbinə dair iddiası üzrə inzibati işə 5 iyun 2024-cü il tarixdə, məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin xx.xx.2019cu il tarixli 269 nörməli istismara icazə sənədinə əsasən, Bakı şəhəri, Nərimanov rayonu, İ.Dadaşov küçəsi, 57; 1 girişli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 13 (+mansarda) mərtəbəli (Blok 2) və 1 girişli, zirzəmili, 1-ci mərtəbəsi 2 səviyyəli, 14 (+mansarda) mərtəbəli (Blok 3) yaşayış binaları Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi tərəfindən aparılmış müayinənin nəticələrinə əsasən yükdaşıyan konstruksiyaların dayanıqlılıq, möhkəmlilik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı barədə verilmiş müsbət rəy nəzərə alınaraq xx.xx.2019-cu il tarixindən yaşayış binalarının istismarına icazə verilmişdir. İddiaçı (bundan sonra – iddiaçı) "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 1 ünvanda ümumi sahəsi 198 kv.m olan mənzilin əldə edilməsi ilə bağlı xx.xx.2014-cü il tarixli müqavilə imzalanmışdır. İddiaçı tərəfindən xx.xx.2014-cü il tarixli 261 saylı müqaviləyə əsasən 79200 (yetmiş doqquz min iki yüz) manat "xxxx" Mənzil-Tikinti Kooperativinə ödənilmişdir. "xxxx" Mənzil-Tikinti Kooperativinin xx.xx.2014-cü il tarixli arayışına əsasən ünvan 2 ünvanda yerləşən kooperativ yaşayış binası “Təbriz MTK-ya məxsusdur. Bu binanın 3 giriş, texniki mərtəbədə, sahəsi 198,0 kv.m olan qeyri-yaşayış sahəsinin pay dəyəri 79200- 00, yetmiş doqquz min iki yüz manat payçı İddiaçı tərəfindən tam ödənilmişdir, MTK-ya borcu yoxdur. İddiaçı həmin mənzil üzərində mülkiyyət hüququnun tanınması ilə bağlı Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə müraciət etmiş, cavabdeh xx.xx.2023cü il tarixli məktubla müraciətin təmin edilməsindən imtina etmişdir. İmtinaya əsas kimi qeyd edilmişdir ki, qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilməmişdir. Bundan əlavə, göstərilən sahə istismara icazə sənədində yaşayış təyinatlı mansard mərtəbə kimi qeyd edilsə də, müqavilədə texniki mərtəbə, maliyyə arayışında isə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. İddia tələbi, tələbin əsaslandırılması, cavabdehin etirazları və digər prosessual hərəkətlər: İddiaçı cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158,9 kv.metr olan yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir (İddia tələbi dəqiqləşdirilmişdir). İddiaçı işin yuxarıda qeyd edilən faktiki hallarına istinad edərək tələbini onunla əsaslandırmışdır ki, hesab edir ki, bəzi sənədlərdə mənzilin yaşayış deyil, qeyri-yaşayış kimi qeyd edilməsi texniki səhvdir və bu səhv iddiaçının mülkiyyət hüququnun məhdudlaşdırılmasına səbəb ola bilməz. Cavabdeh iddiaya yazılı etiraz təqdim etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixdə İdarənin mütəxəssisləri tərəfindən əmlaka texniki baxış keçirilən zaman məlum olmuşdur ki, göstərilən sahə iddiaçıya məxsus 14-cü mərtəbədəki 38 saylı mənzilin üstündə yerləşən mərtəbənin bir hissəsidir, sahəyə giriş həm pilləkən qəfəsindən, həm də qonşu 37 saylı mənzilin üstündə yerləşən mərtəbədəndir. Sahə binanın texniki mərtəbəsində yerləşir, sənəd üzrə sahə 198.0 kv.m qeyd olunsa da, faktiki olaraq 158.9 kv.m təşkil edir. Tərəflərin iştirakı və izahatları: İddiaçının nümayəndəsi və vəkili iddia tələbini müdafiə edərək, iddia ərizəsinin dəlillərinə uyğun izahat vermiş və göstərilənlərin nəzərə alınaraq, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin emtəmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinin tələblərinə əsasən işə cavabadehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: Məhkəmə iddia tələbi ilə bağlı ilk növbədə qeyd edir ki, iddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia öhdəliyin icrası haqqında iddia olmaqla inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. İPM-in 2.2.3-cü maddəsinə əsasən, inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 34.1-ci maddəsinə görə, öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. İddia ümumi mümkünlük şərtləri (iddianın lazımi qaydada qaldırılması, iddiaçının prosessual fəaliyyət qabiliyyətinə malik olması, iddianın ərazi və predmet aidiyyəti və s.) ilə yanaşı xüsusi mümkünlük şərtlərinə də cavab verir. Belə ki, iddiaçı iddia ərizəsində inzibati orqanın müəyyən hərəkətlərin edilməsindən imtina etməsi nəticəsində subyektiv hüquqlarının pozulduğunu irəli sürür. İddiaçı əvvəlcədən eyni məzmunlu tələblə inzibati orqana müraciət etmiş, sonuncu bundan imtina etdiyindən hazırkı məhkəmə mübahisəsi yaranmışdır. Məhkəmənin mövqeyi və tətbiq edilən hüquq: İşin mübahisələndirilməyən hallarına əsasən iddiaçı ilə "xxxx" Mənzil-Tikinti Kooperativi arasında ünvan 1 ünvanda yaşayış binasının tex.mərt. otaqdan ibarət, ümumi sahəsi 198 kv.m olan mənzilin alınması ilə bağlı xx.xx.2014-cü il tarixli 261 saylı müqavilə imzalanmış, mənzilin dəyəri tam ödənilmişdir. İddiaçı həmin müqavilə əsasında mübahisəli mənzil üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə bağlı müraciət etmiş, cavabdeh orqan qeyri-yaşayış sahəsinə dair “Daşınmaz əmlakın dövlət reyetri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsində nəzərdə tutulmuş mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (protokoldan çıxarış) və mərtəbəlilik planı təqdim edilmədiyini və göstərilən sahənin istismara icazə sənədində yaşayış təyinatlı mansard mərtəbə kimi qeyd edilsə də, müqavilədə texniki mərtəbə, maliyyə arayışında isə qeyri-yaşayış sahəsi kimi göstərildiyini əsas gətirilməklə tələbin təmin edilməsindən imtina etmişdir. Hazırkı iddiasında iddiaçı cavabdehin imtinasının əsassız olmasını iddia edərək mübahisəli yaşayış üzərində mülkiyyət hüquqlarının qeydiyyata alınaraq arayışın verilməsini mübahisələndirir. Məhkəmə hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun: 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ... 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilmişdir ki, “Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatı nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər bir fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir.” İş materiallarından görünür ki, Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən ünvan 1 yaşayış binasının istismarına 20 dekabr 2019-cu il tarixdə 269 nömrəli sənədə əsasən icazə verilmişdir. Sənəddə tikinti obyektinin sahibi (sifarişçisi) qismində "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. İş materiallarından göründüyü kimi, xx.xx.2014-cü il tarixli müqaviləyə əsaslanaraq "xxxx" Mənzil-Tikinti Kooperativi mübahisəli mənzili iddiaçıya satmış, iddiaçı buna görə müvafiq ödəniş etmiş və mənzili təhvil almışdır. Həmçinin mübahisəli mənzilin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün hüququmüəyyənedici əsas kimi çıxış edən həmin müqavilə hazırda qüvvədədir, ləğv olunmamış, "xxxx" Mənzil-Tikinti Kooperativi və digər şəxslər tərəfindən məhkəmə qaydasında mübahisələndirilməmişdir. Belə olan halda "xxxx" Mənzil-Tikinti Kooperativi ilə iddiaçı arasında bağlanmış müqavilə mübahisəli yaşayış sahəsi üzərində iddiaçının hüquqlarının qeydə alınması üçün hüquqmüəyyənedici əsas kimi qəbul edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 112.1-ci maddəsinə əsasən, mənziltikinti kooperativinin üzvü pay haqqını tam ödədikdə, yaşayış sahəsinə mülkiyyət hüququ əldə edir. Həmin Məcəllənin 113.2-ci maddəsində isə təsbit edilmişdir ki, bu Məcəllənin 113.1-ci maddəsində göstərilən qərar mənzil-tikinti kooperativi binalarının yaşayış sahələrinə köçmə üçün, nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə isə daşınmaz əmlakın dövlət reyestrində mülkiyyət hüquqlarının qeydə alınması üçün əsasdır. Məhkəmə cavabdehin imtina əsası ilə bağlı qeyd edir ki, iddiaçı Qanunvericilyin qeyd edilən normasından göstəriəln hüquqmüəyyənedici sənədə malikdir. MTK tərəfindən verilən arayışdan müəyyən edilir ki, iddiaçı aldığı yaşayş sahəsinin dəyərini tam şəkildə ödəmiş, MTK-ya borcu yoxdur. Cavabdeh iddiaçı tərəfindən mərtəbəlilik planının təqdim edilmədiyini qeyd etmişdir. Lakin qeyd edilən sənədin nəyə görə təqdim edilməsini cavabdeh imtinasında əsaslandırmamışdır. Cavabdehin digər bir dəlili ondan ibarətdir ki, yaşayış sahəsi, istismara qəıbul aktında mansard, müqavilədə texniki mərtəbə, maliyyə arayışında isə qeyri-yaşayış sahəsi kimi göstərilmişdir. Məhkəmə bununla bağlı qeyd edir ki, müqavilədə və maliyyə araıyışında necə adlandırılmasından asılı olmayaraq iddiaçının mülkiyyət hüququnu qerydə aldırmaq istədiyi daşınmaz əmlakın faktiki vəziyyətinin (təyinatının) nə olması müəyyən edilməlidir. Bunun üçün isə mötbəsə sənəd çoxmənzilli binanın istismara qəbul aktıdır. Belə ki, istismara qəbul aktında qeyd eilən sahə yaşayış üçün istifadə edilən mansard kimi qeyd edilmişdir. Bundan başqa cavabdeh tərəfindən təqdim edilən müayinə aktından da görünür ki, iddia predmeti olan daşınmaz əmlak yaşayış sahəsi kimi istifadı edilir, eyni zamanda iddiaçıya məxsus mənzilin üzərində yerləşir. Belə olan halda cavabdehin müqavilədə və maliyyə arayışında formal (və ya texniki səhv) yaşayış sahəsinin texniki mərtəbə adlandırılması iddiaçının müraciətinin təmin edilməsindən imtina üçün əsas deyildir. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsinin 3.0.15-ci maddəsinə görə, mansarda mərtəbəsi – binanın çardaq hissəsində yerləşən, yaşayış və qeyri-yaşayış məqsədləri üçün nəzərdə tutulmuş sahədir. Cavabdehin etirazında yaşayış sahəsinin ölçüsü ilə bağlı qeyd etdilərinə münasibətdə məhkəmə bildirir ki, iddiaçı tələbinin həcmini azaldaraq cavabdehin etiraqzında qeyd edilən sahəni göstərmiş və nəticədə həmin etiraz əsası da aradan qalxmışdır. Hüququn qeydə alınmasından imtina üçün qanunvericilikdə nəzərdə tutulan əsasların hər hansı biri mövcud olmadığından və hüququn qeydə alınması üçün “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun tələbləri təmin edildiyindən, iddiaçının çoxmənzilli yaşayış binasında olan yaşayış sahəsinə mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması üçün əsas olmuşdur. Belə olan halda, məhkəmə hesab edir ki, cavabdehin imtinası qanunsuzdur və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal qismində qiymətləndirilir. İPM-in: 58.7-ci maddəsinə əsasən, sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir; 68.1-ci maddəsinə əsasən, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir; 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə məhkəmə, toplanmış sübutlara məcmu halda qiymət verərək, hesab edir ki, iddia təmin edilməlidir. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə, qərara aldı: İddia təmin edilsin. İddiaçı ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 158,9 kv.metr olan yaşayış sahəsinə mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, bu barədə daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi vəzifəsinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilsin. Qərardan təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim Bəhlul Cəlalov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar