Məhkəmə qərarları › İş №2-1(112)-5326/2020

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5326/2020

06.08.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5326/2020 06.08.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi ilə, Tərəflərin iştirakı olmadan, İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 saylı şəhər Poliklinikası, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi) qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair iş üzrə iddianın mümkünlüyü məsələsinə açıq məhkəmə iclasında Bakı İnzibati Məhkəməsinin inzibati binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 saylı şəhər Poliklinikası, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, mərhum anası X2 xx.xx.2020-ci ildə vəfat etməsi ilə əlaqədar onun ölümü haqqında tibbi şəhadətnamənin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddianın mümkünlüyü məsələsinə baxılması ilə bağlı məhkəmə iclası 06 avqust 2020-ci il tarixə, saat 12:30-a təyin edilmişdir. Lakin Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması məqsədi ilə məhkəmələrdə həyata keçirilməsi zəruri olan tədbirlər haqqında Azərbaycan Respublikası Ali Məhkəməsinin 05 avqust 2020-ci il tarixli Məlumatına əsasən Azərbaycan Respublikasında koronavirus (COVİD-19) infeksiyasının yayılması təhlükəsinin qarşısının alınması ilə əlaqədar X1 tövsiyələrini, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın 2020-ci il 02 iyul tarixli Qərarını, habelə Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 2020-ci il 23 aprel tarixli 6 nömrəli Qərarındakı yanaşmanın davam etdirilməsinin zəruriliyini nəzərə alaraq, məhkəmə iclası tərəflərin iştirakı olmadan keçirilərək, iddianın mümkünlüyü məsələsinə baxılmışdır. Belə ki, xx.xx.2020-ci il tarixdə məhkəmə tərəfindən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinin tələbi baxımından iddiaçıya hüquqi yardımın göstərilməsi barədə məktub ünvanlanaraq, iddia tələbinin inzibati icraat qaydasında baxılması mümkün olan iddia növünə aid olmadığı, belə növ ərizələrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələrdə baxıldığı, göstərilənlərə əsasən ona mərhum anası X2 ölümünün qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilmiş, lakin iddiaçı tərəfindən buna dair müvafiq hərəkət edilməmişdir. Məhkəmə iş materiallarını araşdırıb, aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsi inzibati orqanların qərarlarına və digər inzibati fəaliyyət formalarına qarşı inzibati məhkəmə prosesi qaydasında hüquqi müdafiə sistemini nəzərdə tutur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2-ci maddəsində inzibati məhkəmə icraatı qaydasında baxılması nəzərdə tutulan iddiaların 8 növü müəyyən edilmişdir. Məhkəmə qeyd edir ki, inzibati münasibətlər dövlət idarəçiliyi və ya yerli özünüidarəetmə sahəsində meydana çıxır və həmin münasibətlərdə tərəflərdən biri qismində mütləq icra hakimiyyəti orqanı, bələdiyyə və ya qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş subyekt iştirak edir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.1. maddəsinə əsasən inzibati orqan – Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanları, onların yerli (struktur) və digər qurumları, bələdiyyələr, habelə qanuna əsasən inzibati akt qəbul etmək səlahiyyəti verilmiş hər hansı fiziki və ya hüquqi şəxsdir. Məhkəmə hesab edir ki, iddiaçının hazırki tələbi inzibati hüquq münasibəti ilə əlaqədar olmadığından inzibati icraat qaydasında baxıla bilməz. Çünki inzibati məhkəmə icraatı inzibati hüquq münasibətləri ilə bağlı mübahisələr üzrə aparılır. Belə ki, iddiaçının hazırki tələbi mərhum anası X3 ölüm haqqında tibbi şəhadətnamənin verilməsi olsa da, işin hallarından görünür ki, ölümün səbəbi sahə həkiminə məlum olmadığı üçün iddiaçının mərhum anasına ölüm haqqında tibbi şəhadətnamə verilməsindən imtina edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarının 9-cu bəndində göstərilmişdir ki,Azərbaycan Respublikası MPMnin 307.2.8-ci maddəsində şəxsin müəyyən vaxtda və müəyyən şəraitdə vəfat etməsi faktının müəyyən edilməsi haqqında işlərə baxılarkən məhkəmələr ilk növbədə nəzərə almalıdırlar ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2003-ci il 31 oktyabr tarixli, 145 nömrəli Qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası”nın 8.5-ci bəndinə əsasən ölüm faktı tibb müəssisəsinin müvafiq sənədi ilə (ölüm haqqında həkim arayışı, ölüm haqqında feldşer arayışı ilə) təsdiq edilməlidir. Ölüm haqqında həkim şəhadətnaməsi olmadıqda, ölüm faktı məhkəmə tərəfindən müəyyən edilir. Hazırki halda ölüm haqqında həkim şəhadətnaməsi olmadığından, iddiaçı ölüm faktının müəyyən edilməsi ilə bağlı ümumi məhkəməyə müraciət etməlidir. Həmin növ ərizələrə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə uyğun olaraq ümumi məhkəmələrdə baxılır. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 309.1-ci maddəsinə əsasən hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” 04 nömrəli, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd edilmişdir ki, İPM-in 8.2-ci maddəsinə əsasən, predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. (15.1-ci bənd) Bu zaman nəzərə alınmalıdır ki, İPM-in 8.2-ci maddəsində işin səlahiyyətli məhkəməyə göndərilməsi dedikdə, məhz inzibati mübahisə üzrə işə İPM-in müddəalarına uyğun olaraq baxmağa səlahiyyətli olan inzibati-iqtisadi məhkəmə nəzərdə tutulur. Belə ki, mülki və ya cinayət məhkəmə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan işlərin aidiyyəti üzrə göndərilməsi İPM-də nəzərdə tutulmamışdır. (15.2-ci bənd) Həmin qərarın 15.3-cü bəndinə əsasən “bu səbəbdən mülki və ya cinayət mühakimə icraatı qaydasında, habelə inzibati xətalara dair işlər üzrə icraat qaydasında baxılmalı olan mübahisələrə dair iddialar mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə səlahiyyətli məhkəməyə müraciət etmək hüququ izah olunmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin yuxarıda göstərilən hüquqi mövqeyini nəzərə alaraq məhkəmə hesab edir ki, iddia mümkün sayılmamalı, iddiaçıya aidiyyəti üzrə ölümünün qeyd edilmə faktının müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər- tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 13, 35, 80, 85-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsinə (üçüncü şəxslər Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Bakı şəhər Baş Səhiyyə İdarəsi 26 saylı şəhər Poliklinikası, Bakı şəhəri Nizami rayon Qeydiyyat Şöbəsi) qarşı ölüm haqqında tibbi şəhadətnamənin verilməsi tələbinə dair iddiası mümkün sayılmasın. İddiaçıya hüquqi əhəmiyyətli faktının müəyyən edilməsi barədə ərizə ilə yaşadığı yer üzrə ümumi məhkəməyə müraciət etmək hüququnun olması izah edilsin. Qərardaddan tərəflər təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına şikayət verə bilərlər. Hakim Fərid Mədətli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar