Məhkəmə qərarları › İş №2-1(112)-5326/2023

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5326/2023

22.06.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5326/2023 22.06.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Məlikov Tural Rauf oğlunun sədrliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı “sənədlərdə düzəliş edilərək təqdim edilməsi” tələbinə dair iddiası üzrə iş materiallarına məhkəmənin binasında (Bakı şəhəri, Nəsimi rayonu, N.Vəzirov küçəsi, 56), açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək qanuna uyöun olaraq düzəliş verilmiş hüquqmüəyyənedici sənədlərin (çıxarış və torpaq sahəsinin plan və ölçüsü) təqdim edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsi belə əsaslandırılmışdır ki, xx.xx.2008-ci il tarixdə daşınmaz əmlakın alqı-satqı müqaviləsi əsasında X1 Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2.5 ha torpaq sahəsini “Torpaq icarəsi haqqında” AR Qanunun 28-ci maddəsinə uyğun olaraq satın almışdır. Torpaq sahəsinə verilmiş hüquqmüəyyənedici sənədlər (çıxarış və torpaq sahəsinin plan və ölçüləri) səhv tərtib edilmişdir. Həmçinin mülkiyyət növü dövlət mülkiyyəti yazılmışdır. Ərizə ilə iki dəfə Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsə müraciət edərək torpağın xüsusi mülkiyyətə aid olduğunu və düzəliş verilməsi ilə bağlı müraciət etsə də, nəticəsiz qalmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 45.4-cü maddəsinə görə iddia ərizəsi məhkəməyə daxil olduğu gündən icraata qəbul edilmiş sayılır. İddiaçı sonradan iddia tələbinin dəqiqləşdirilməsi barədə məhkəməyə ərizə təqdim edərək cavabdehin əsl cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsi ilə əvəz edilməsini xahiş etmişdir. Məhkəmənin xx.xx.2023-cü il tarixli qərardadı ilə ərizə icraata qəbul edilmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar edilmiş cavabdehin nümayəndəsi hər hansı üzrlü səbəb bildirmədən məhkəmə iclasına gəlməmişdir. Məhkəmə İPM-in 62.3-cü maddəsinə əsasən işə cavabdehin (nümayəndəsinin) iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş materiallarını nəzərdən keçirərək iddianın ərazi aidiyyətinin müzakirə edilməsini zəruri saymışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı işin aidiyyəti üzrə baxılması üçün müvafiq məhkəməyə göndərilməsini məhkəmənin mülahizəsinə buraxdığını bildirdi. Məhkəmə iddiaçını dinləyib, iş materiallarını araşdıraraq belə nəticəyə gəlir ki, iddia daşınmaz əmlakla bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisəyə aid olduğundan işin aidiyyəti müstəsna aidiyyət qaydalarına uyğun olaraq həll edilməlidir. Belə ki, hazırkı iddianın mahiyyəti iddiaçının istifadəsində olan torpaq sahəsi üzərində hüquq münasibəti ilə bağlıdır. İPM-in 8.1.1-ci maddəsinin tələblərinə görə daşınmaz əmlakla, yaxud müəyyən ərazi ilə bağlı hüquq və ya hüquq münasibəti ilə əlaqədar inzibati mübahisələrə həmin əmlakın və ya ərazinin aid olduğu yerin məhkəməsi tərəfindən baxılır. İş materiallarında olan AR Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Abşeron Rayon Ərazi İdarəsi tərəfindən verilmiş reyestr nömrəsi **********60 olan xx.xx.2008-ci il tarixli Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, Abşeron rayonu, 2 nömrəli sovxoz ərazisində yerləşən 2,50 ha torpaq sahəsi xx.xx.2006-cı il tarixdən başlayaraq 99 (doxsan doqquz) il müddətinə İddiaçı icarəyə verilmişdir. İş materiallarında olan sənədlərdən, həmçinin məlum olmuşdur ki, mübahisə predmeti olan torpaq sahəsi Abşeron rayonun inzibati ərazi hüdudları daxilində yerləşir. Həmçinin məhkəmənin sorğusuna cavab olaraq Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan da görünür ki, vahid elektron kadastr baza məlumatlarına əsasən **********0 reyestr nömrəli sahə bütövlüklə Abşeron rayonunun inzibati sərhədləri daxilindədir. Bu isə İPM-in 8.1.1-ci maddəsinin tələbləri baxımından işə Sumqayıt İnzibati Məhkəməsində baxılmasını şərtləndirir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 43-cü maddəsinə görə inzibati məhkəmə Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə təşkil edilir. İnzibati məhkəmənin təşkili və olduğu yer Məhkəmə-Hüquq Şurasının təklifi nəzərə alınmaqla Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32ci bəndinə uyğun olaraq müəyyən olunur, ərazi yurisdiksiyası isə Məhkəmə-Hüquq Şurası tərəfindən müəyyən olunur. Məhkəmə-Hüquq Şurasının 14 noyabr 2019-cu il tarixli 4 nömrəli qərarı ilə «Azərbaycan Respublikası apellyasiya, ağır cinayətlər, hərbi, inzibati və kommersiya məhkəmələrinin ərazi yurisdiksiyası» təsdiq edilmişdir. Həmin Qərara əsasən Abşeron rayonu Sumqayıt İnzibati Məhkəməsinin ərazi yurisdiksiyasına aid olan ərazi vahididir. “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 87.2-ci və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 2.1-ci maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 4 aprel 2012-ci il tarixli Qərarında göstərilmişdir ki, məhkəmə aidiyyəti ədalət mühakiməsinin həyata keçirilməsi zamanı şəxsin hüquqlarının və qanuni maraqlarının əsas prosessual təminatlarından biri kimi qəbul olunmalıdır. Məhkəmə aidiyyəti qaydalarının qanunla dəqiq müəyyən edilməməsi məhkəmə və tərəflər qarşısında bu və ya digər işin hansı məhkəmədə baxılması məsələsində qeyri-müəyyənliyə səbəb olmaqla yanaşı, məhkəmə tərəfindən işə ağlabatan müddətdə baxılmasında çətinlik yarana və şəxsin pozulmuş hüquqlarının səmərəli bərpa edilməsi mümkünsüz ola bilər. İPM-in 8.2-ci maddəsinə əsasən predmet və ya ərazi aidiyyəti üzrə mübahisəyə baxılması onun səlahiyyətinə aid olmadığı hallarda, məhkəmə tərəfləri dinlədikdən sonra xidməti vəzifəsinə görə mübahisənin aidiyyətini müəyyənləşdirir və həmin mübahisə ilə bağlı işi aidiyyəti üzrə müvafiq səlahiyyətli məhkəməyə göndərir. Beləliklə, qeyd olunanları nəzərə alaraq məhkəmə hesab edir ki, hazırkı iş baxılması üçün mübahisə predmeti olan torpaq sahəsinin yerləşdiyi yerə görə Sumqayıt İnzibati Məhkəməsinə göndərilməlidir. İPM-in 8.5-ci maddəsinə görə bu Məcəllənin 8.2 – 8.4-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə əsaslandırılmış qərardad qəbul edir. Məhkəmənin aidiyyətlə bağlı qərardadından həmin qərardadın təqdim olunduğu vaxtdan 10 gün müddətində yuxarı məhkəməyə şikayət verilə bilər. Göstərilənlərə əsasən və İnzibati Prosessual Məcəllənin 8.1.3, 8.1.2, 8.2 və 8.5-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARAALDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsin 4 saylı Ərazi İdarəsinə qarşı “sənədlərdə düzəliş edilərək təqdim edilməsi” tələbinə dair iş baxılması üçün aidiyyəti üzrə Sumqayıt İnzibati Məhkəməsinə göndərilsin. Qərardaddan təqdim olunduğu vaxtdan 10 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şikayət verilə bilər. Hakim Tural Məlikov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar