Məhkəmə qərarları › İş №2-1(112)-5327/2021

Bakı İnzibati Məhkəməsi Qərardad — İş №2-1(112)-5327/2021

16.06.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(112)-5327/2021 16.06.2021 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Salahova Səlma İsgəndər qızının sədrliyi, Nəzərova Fatimə Fəxrəddin qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili X2 Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “dəymiş maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi üzrə inzibati işə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi:

1. İddiaçı (bundan sonra – İddiaçı) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə (bundan sonra - Cavabdeh) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona vurulmuş 10 000 manat mənəvi, 5000 manat maddi zərərin (nəqliyyat, notariat, poçt, hüquqi yardım xərcləri və 4 aylıq pensiya məbləği) cavabdehdən tutularaq ödənilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

2. İddiaçı tələbini bununla əsaslandırmışdır ki, cavabdehin qanunsuz hərəkətləri nəticəsində o, təqribən dörd ay müddətində ailəsinin və özünün ehtiyacı olan pensiyanı almamışdır. Habelə, əsassız olaraq məhkəmə çəkişməsinə cəlb edilmiş, vəkilin hüquqi yardımından istifadə etmək məcburiyyətində qalmışdır. Göstərilənlərin nəticəsi olaraq maddi ziyan çəkmişdir. İddiaçı eyni zamanda işlədiyi kollektivdə, qonşu və qohumları arasında saxta sənəd düzəltməklə dövlət vəsaitini qanunsuz əldə edən kimi qəbul olunması nəticəsində keçirtdiyi sarsıntı və çəkdiyi əzabın əvəzi olaraq mənəvi ziyan tələbi irəli sürmüşdür.

3. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazda göstərmişdir ki, Tibbi-sosial ekspert komissiyasının İddiaçı əlillik dərəcəsinin “əlillik altsistemində” etibarsız hesab etməsi ilə bağlı hərəkəti qanunamüvafiq formada həyata keçirilmişdir. Belə ki, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi tərəfindən cavabdehə ünvanlanmış 15.10.2019-cu il tarixli 02/19-8692 nömrəli məktubla göndərişləri tam əsaslandırılmamış 47 nəfərin əlilliyi ilə bağlı aidiyyəti üzrə müvafiq tədbirlərin görülməsi məqsədəuyğun hesab edilmişdir. Bundan sonra, həmin 47 nəfərin əlillik dərəcələri “əlillik altsistemində” etibarsız hesab olunmuşdur. İddiaçı əmək pensiyası ödənilməyən müddətlər üzrə maddi və mənəvi ziyanı cavabdehdən o halda tələb edə bilər ki, Tibbi- Sosial ekspert komissiyasının 31.10.2019-cu il tarixdə İddiaçı əlillik dərəcəsinin “əlillik altsistemində” etibarsız hesab etməsi ilə bağlı hərəkəti məhkəmə qaydasında etibarsız hesab olunsun.

4. İş üzrə məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili X3 iddia ərizəsinə uyğun izahat verdi və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

5. İş üzrə məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi etiraza uyğun çıxış etdi və iddia tələbinin təmin olunmaması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi.

6. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iş materiallarını araşdırıb aşağıdakı əsaslara görə hesab edir ki, iddia mümkün sayılmamalıdır.

7. Azərbaycan Republikasının İnzibati Prosessual Məcəlləsinin (bundan sonra – İPM) 35.1-ci maddəsinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

8. «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 saylı qərarında qeyd edilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxarıldığı anda mövcud olmalıdırlar. İnzibati Prosessual Məcəllədə nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.

9. Məhkəmə qeyd edir ki, iddiaçının tələbi əlilliyinin etibarsız hesab edilməsinə görə ödənilən pensiyanın dayandırılması və ödənilmiş məbləğin ondan geri tələb edilməsi nəticəsində ona dəymiş maddi və mənəvi ziyanın cavabdehdən tutulmasından ibarətdir.

10. Bu iddia kompensasiyanın ödənilməsi tələbinə dair iddiadır ki, yuxarıda da qeyd olunduğu kimi digər mümkünlük şərtləri ilə yanaşı bu iddianın, yəni inzibati orqanların qanunsuz qərarları və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində vurulmuş ziyanın əvəzinin ödənilməsinə dair iddianın qaldırıla bilməsi üçün tələb olunan mümkünlük şərtlərindən biri zərərçəkmiş şəxsin vurulmuş zərərin əvəzinin ödənilməsinə dair ərizə ilə əvvəlcə müvafiq inzibati orqana müraciət etməsidir.

11. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. Həmin Qanunun 89.2-ci maddəsinə əsasən maraqlı şəxs kompensasiyanın ödənilməsindən imtina olunması haqqında inzibati orqanın qərarından müvafiq məhkəməyə şikayət verə bilər.

12. Lakin iş materiallarından müəyyən olunur ki, iddiaçı hazırkı tələblə bağlı məhkəməyə müraciət etməzdən öncə inzibati orqana müraciət etməmişdir.

13. Məhkəmə iclasında iddiaçının nümayəndəsi (vəkili) yalnız 31.10.2019-cu il tarixdən 25.02.2020-ci il tarixədək ödənilməli olan, lakin ödənilməmiş 4 aylıq pensiya məbləği ilə bağlı cavabdeh orqana müraciət edildiyini bildirmiş, bununla bağlı müvafiq ərizəni məhkəməyə təqdim etmişdir.

14. Həmin ərizədən görünür ki, iddiaçı əlilliyə görə pensiyanın dayandırılması nəticəsində almadığı məbləğ üzrə tələbi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə yönəltmişdir, hansı ki, həmin qurum bu tələbə cavab verməli orqan deyil. Çünki əlilliyi müəyyən etmək və ona görə sosial ödənişlər etmək Cavabdehin özü yox, məhkəmədə iddiaçı və ya cavabdeh qismində çıxış etmək hüququna malik müvafiq qurumları - Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti şöbəsi (əlilliyə görə sosial ödənişlər etmək) və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi (əlilliyi müəyyən etmək) tərəfindən həyata keçirilir.

15. Məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Dövlət Sosial Müdafiə Fondu (bundan sonra – Fond) məcburi dövlət sosial sığortası və könüllü (əlavə) sosial sığorta, əhalinin əmək pensiyaları, sosial müavinətlər, ünvanlı dövlət sosial yardımı ilə, təqaüd və kompensasiyalarla, habelə Azərbaycan Respublikasının qanunları, Azərbaycan Respublikası Prezidentinin və Azərbaycan Respublikası Nazirlər Kabinetinin aktları ilə nəzərdə tutulmuş digər ödənişlərlə təmin edilməsi sahəsində fəaliyyət göstərən publik hüquqi şəxsdir.

16. X4 23 iyul 2020-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı haqqında Əsasnamə”nin 3.1-ci bəndinə əsasən sosial ödənişlərin təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növə keçirilməsi ilə bağlı “ASAN xidmət” mərkəzlərindən, “DOST” mərkəzlərindən, “DOST” mərkəzlərinin fəaliyyət göstərmədiyi digər ərazilərdə isə Fondun rayon (şəhər) filiallarından daxil olan sənədləri qəbul etmək və qanunvericiliyə uyğun olaraq təyinatını həyata keçirmək Filialın vəzifələrinə aid edilmişdir.

17. “Əmək pensiyaları haqqında” Qanunun 12.1-ci maddəsinə əsasən əlilliyə görə əmək pensiyası İ dərəcə əlilliyi olan şəxslərə ümumilikdə sığorta stajı 5 ildən az olmamaq şərtilə, əmək qabiliyyətli yaş dövrünün hər tam ili üçün 4 ay sığorta stajı olduqda təyin edilir. İİ və İİİ dərəcə əlilliyi olan şəxslərə əlilliyə görə əmək pensiyası fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verməsi şərtilə, bu maddədə göstərilən sığorta stajı olduqda təyin edilir.

18. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 7.3-cü bəndinə əsasən aşağıdakı elektron informasiya sistemlərində və ehtiyatlarında pensiya ödənişinin dayandırılmasına və yenidən hesablanmasına səbəb ola biləcək hallar aşkar edildikdə PAS tərəfindən pensiyanın ödənişi dayandırılır: 7.3.1.2. əlil şəxslər və sağlamlıq imkanları məhdud 18 yaşadək uşaqlar barədə məlumat; Həmin Qaydaların 2 nömrəli Əlavəsinin 2.5.1-ci yarımbəndinə əsasən əlilliyə görə pensiya təyin edilməsi üçün şəxsin əlilliyini sağlamlıq imkanlarının məhdudluğunu müəyyən edən TSEK qərarı təqdim edilir.

19. Göründüyü kimi, əlilliyin müəyyən edilməsi barədə qərar olduqda əlilliyə görə əmək pensiyası təyin edilir və əlillik ləğv olunduqda, pensiyanın ödənişi dayandırılır.

20. İşdən görünür ki, İddiaçıya 23.10.2017-ci il tarixdə üçüncü qrup əlillik dərəcəsi təyin edilmişdir. Daha sonra 31.10.2019-cu il tarixdə İddiaçının əlillik təyinatı “əlillik altsistemində” etibarsız hesab edilmişdir. Bu səbəbdən iddiaçıya əmək pensiyasının ödənilməsi dayandırılmışdır. Bundan sonra Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Şəmkir rayon şöbəsi İddiaçıya qarşı 23.10.2017-31.10.2019-cu il tarixlərində ödənilmiş 14089,00 manat məbləğində qanunsuz əldə edilmiş pul vəsaitin alınaraq fondun hesabına ödənilməsi barədə iddia tələbi ilə Şəmkir rayon Məhkəməsinə müraciət etmişdir. 25.02.2020-ci il tarixdə İddiaçı Tibbi-Sosial Ekspert Komissiyasında təkrar müayinədən keçmiş və müvafiq qərarla ona müddətsiz üçüncü qrup əlillik dərəcəsi təyin edilmiş, pensiya ödənişi bərpa olunmuşdur.

21. Göründüyü kimi iddiaçıya təyin edilmiş əlillik etibarsız hesab olunduğundan əlilliyə görə ödənilən pensiya dayandırılmışdır.

22. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. Həmin Qaydanın 2.4-cü bəndinə əsasən TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Göründüyü kimi, əlilliyin qiymətləndirilməsi müvafiq səhiyyə müəssisələrinin göndərişi əsasında Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən həyata keçirilir.

23. Məhkəmə qeyd edir ki, iddaçı hazırkı halda arzu etdiyi nəticəyə nail olmaq üçün ilk növbədə əlilliyinin etibarsızlığı ilə bağlı hərəkətləri mübahisələndirməli və bunun nəticəsində ona vurulmuş ziyanı, o cümlədən almadığı pensiya ödənişlərinin əvəzi kimi vurulmuş maddi ziyanı məhz həmin hərəkəti etmiş orqandan tələb etməlidir.

24. İPM-in 35.3-cü maddəsinə əsasən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər.

25. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 35, 80 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

İddia mümkün sayılmasın. Qərardaddan onun rəsmi qaydada təqdim edildiyi gündən 10 gün müddətində Azərbaycan Respublikası Bakı İnzibati Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər.

Hakim: Səlma Salahova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar