Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5328/2022 17.11.2022 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Məhkəmənin hakimi Həsənova Şəlalə Akif qızının sədrliyi, Bəşirli Leyla Elşad qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakları ilə İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı mülkiyyət hüququnun qeydə alınması və çıxarışın verilməsi tələbinə dair inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi, 56) açıq məhkəmə iclasında baxaraq məhkəmə müəyyən etdi: İddiaçılar X7 və İddiaçı Əlimirzə oğlu Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişlər. İddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək X5 iddiaçılar sırasından xaric edilməsini və "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 234,25 kvm. açıq terras sahəsi üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı Əlimirzə oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156.87 kv.m yaşayış, 47.97 kv.m yardımçı sahə üzərində İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı Əlimirzə oğlunun nümayəndəsi və vəkili Vəkil yenidən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmiş və həmin ərizə məhkəmə tərəfindən icraata qəbul edilmişdir. İddiaçı tələbi onunla əsaslandırmışdır ki, "xxxx" MMMC ilə aralarında bağlanmış xx.xx.2020-ci il tarixli, 028/19 №-li X2 əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi məqsədi ilə onun istifadəsinə təhvil verməyi, o isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünün ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. Aralarında bağlanmış müqavilə tam şəkildə icra olunmuş və buna dair "xxxx" MMMC tərəfindən ona 40/20 №-li, xx.xx.2020-ci il tarixli Maliyyə Arayışı verilmişdir. Göründüyü kimi "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsi qanuni olaraq onun mülkiyyətinə keçmişdir. Həmin sahələr üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etsə də, onun müraciəti təmin olunmamışdır. Cavabdeh iddia tələbinə dair verdiyi etirazını onunla əsaslandırmışdır ki, İddiaçı iddiası etirazla qarşılanır. Aparılan araşdırma zamanı müəyyən edilmişdir ki, ünvan 2 ünvanda inşa edilmiş yaşayış binasının Bakı Şəhər İcra Hakimiyyəti Başçısının 672 saylı, xx.xx.2008-ci il tarixli sərəncamı ilə təsdiq edilmiş “Tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqda dövlət qəbul komissiyasının aktında sözügedən binanın 17 (+texmərtəbə) mərtəbəli, 1 girişli (1-ci mərtəbələri qeyri-yaşayış sahəsi) olduğu göstərilmişdir. İddiaçının mülkiyyət hüququnun tanınmasına dair müraciət edilən 19-cu mərtəbə ilə bağlı aparılan araşdırma zamanı həmin mərtəbənin texniki mərtəbənin (halhazırda yaşayış təyinatlı) üstündə inşa edildiyi müəyyən edilmişdir. Belə ki, qeyd olunan mərtəbə binanın istismara qəbul aktında öz əksini tapmadığından, ərizəninn icrası tərəflərindən mümkün olmamışdır. Əlavə olaraq o da qeyd edilir ki, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativi göstərilmişdir. Lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilmişdir. Göründüyü kimi iddiaçı tərəfindən mənzillə bağlı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinə uyğun hüquqmüəyyənedici sənədlər təqdim edilməmişdir. Həmçinin aparılan araşdırma zamanı, İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı müəyyən edilmişdir. Bu səbəblərə görə ərizənin icrası tərəflərindən mümkün olmamış və bununla bağlı vətəndaşa **********79 saylı, xx.xx.2021-ci il tarixli cavab məktubu ünvanlanmışdır. Azərbaycan Respublikasının Mənzil Məcəlləsinin 119-cu maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. Mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti qeyri- kommersiya təşkilatı olan hüquqi şəxsdir və onun əsas məqsədi mənfəət götürmək və əldə olunan mənfəəti iştirakçıları arasında bölüşdürmək deyil. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); daşınmaz əmlak üzərində hüquq əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsaslardan biri hesab edilir. Həmin Qanununun 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhər Ərazi idarəsi daşınmaz əmlakın dövlət reyestrində müvafiq qeydiyyatı qanunvericiliklə nəzərdə tutulmuş hüquqmüəyyənedici sənədlər əsasında aparır və “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 23-cü maddəsinə əsasən İdarə dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə cavabdehdir. Yuxarıda qeyd olunanlara əsasən iddia tələbinin rədd edilməsi xahiş edilmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia tələbini müdafiə edərək onun məzmununa uyğun izahat verib tələbin təmin edilməsi barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 iddiaya etirazın məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etdi. İş materiallarına əlavə edilmiş və məhkəmə icraatında tədqiq edilmiş: - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi X1 Reyestrindən çıxarışın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti xx.xx.2017-ci il tarixdə, 1117-MM4-0044 qeydiyyat nömrəsi ilə qeydə alınmışdır. Cəmiyyətin fəaliyyət ərazisi ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61-dir. Fəaliyyətinin predmeti və məqsədi daşınmaz əmalk kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən ibarətdir. - Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində qeydiyyat № 1117-MM4-0044 nömrə ilə qeydə alınaraq xx.xx.2017-ci il tarixdə təsdiq edilmiş "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti (bundan sonra – “Cəmiyyət” adlandırılacaq) müstəqil təsərrüfat subyekti olmaqla ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən yaradılmışdır və öz fəaliyyətini Azərbaycan Respublikasının Konstitusiyasına, Azərbaycan Respublikasının Mülki Məcəlləsinə, Azərbaycan Respublikasının Mənzil Məcəlləsinə, Azərbaycan Respublikasının digər qanunvericilik aktlarına və bu Nizamnaməyə uyğun olaraq həyata keçirir. Cəmiyyətin yaradılmasının əsas məqsədi daşınmaz əmalk kompleksini birgə idarə etmək, binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericilikdə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini tələb etməkdən, bu Nizamnamədə nəzərdə tutulmuş məqsədlərinin yerinə yetirilməsi üçün fəaliyyət növlərini həyata keçirməkdən ibarətdir. Cəmiyyətin mülkiyyətində daşınar, habelə çoxmənzilli binanın daxilində və ya onun kənarında yerləşən daşınmaz əmlak ola bilər. - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 aprel 2020-ci il tarixli, 028/19 nömrəli qarşılıqlı razılıq müqaviləsinin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, tərəflər arasında bağlanmış müqaviləyə əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verməyi, İddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürür. - "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020ci il tarixli, 40/20 nömrəlıi maliyyə arayışının notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, İddiaçı 09 aprel 2020-ci il tarixində imzalanmış 028/19 saylı X2 əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur. - Cavabdeh tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2022-ci il tarixli, **********38 nömrəli məktuba əlavə edilmiş binaya dair istismara qəbul aktının təsdiq edilmiş surətindən görünür ki, Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.2008-ci il tarixli, 672 saylı sərəncamı ilə təsdiq edilmiş tikintisi başa çatmış obyektin istismara qəbul edilməsi haqqında dövlət komissiyasının xx.xx.2008-ci il tarixli aktına əsasən "xxxx" Mənzil-Tikinti Kooperativi tərəfindən Bakı şəhəri, Nəsimi rayonua, 980-cı məhəllə, X.Şusinski küçəsi 12, Q.Quliyev küçəsi 21, İ.Qasımov küçəsi 16 və S.Rüstəm küçəsi 61 saylı ünvanlarda 4 ədəd 17 mərtəbəli, 1 girişli yaşayış binası (1-ci mərtəbəsi qeyri-yaşayış sahəsi) (+texmərtəbə ilə) istimara qəbul edilmişdir. - İddiaçı tərəfindən cavabdehə ünvanlanmış xx.xx.2021-ci il tarixli ərizədən görünür ki, 09 aprel 2020-ci il tarixli, 28/19 saylı X2 əsasən açıq terassa sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi məqsədi ilə onun istifadədəsinə təhvil verməyi, o isə bu müqavilə ilə nəzərdə tutulmuş qaydada həmin binanın izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. Hazırda yaşayış sahəsinin onun istifadəsinə verilməsi barədə Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin razılığı olduğundan və həmin mərtəbə onun daimi istifadəsində olduğundan onun mülkiyyətinə verilməlidir. Qeyd olunanlara əsasən sözügedən əmlakın onun adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın verilməsində köməklik göstərilməsini xahiş etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi təmin edilməlidir. Belə ki, məhkəmə araşdırılması zamanı müəyyən edilmişdir ki, "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ilə İddiaçı arasında bağlanmış 09 aprel 2020-ci il tarixli, 028/19 nömrəli X2 əsasən "xxxx" MMMC öz balansında olan ünvan 1 ünvanında yerləşən binanın axırıncı, yəni 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verməyi, İddiaçı isə bu müqavilədə nəzərdə tutulmuş qaydada həmin binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünü ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini öz üzərinə götürmüşdür. "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli, 40/20 nömrəlıi maliyyə arayışına əsasən İddiaçı 09 aprel 2020-ci il tarixində imzalanmış 028/19 saylı X2 əsasən üzərinə götürdüyü bütün öhdəlikləri tam olaraq yerinə yetirmişdir və cəmiyyətin ona qarşı heç bir iddiası yoxdur. Bundan sonra İddiaçı qarşılıqlı razılıq müqaviləsində nəzərdə tutulmuş daşınmaz əmlaklar üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, cavabdeh qeyd olunan mərtəbənin binanın istismara qəbul aktında öz əksini tapmamasını, sözügedən binanın istismara qəbul aktında tikinti obyektinin sahibi kimi (sifarişçisi) "xxxx" Mənzil-Tikinti Kooperativinin göstərildiyini, lakin iddiaçı tərəfindən təqdim edilmiş mənzilə dair sənədlər isə "Nəsimi-8” Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti tərəfindən təsdiq edilməsini əsas gətirərərək müraciətin təmin edilməsindən imtina etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: - 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; - 28-ci maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur; «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin: - 119.1-ci maddəsinə əsasən çoxmənzilli binada daşınmaz əmlak kompleksini birgə idarə etmək, çoxmənzilli binanın ümumi əmlakının istismarını, ona sahibliyi, ondan istifadəni və qanunvericiliklə müəyyənləşdirilmiş hədlərdə barəsində sərəncam verilməsini təmin etmək məqsədi ilə çoxmənzilli binanın sahə mülkiyyətçilərinin könüllü birliyi mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti hesab edilir. - 122.1-ci maddəsinə əsasən mənzil mülkiyyətçiləri müştərək cəmiyyətinin aşağıdakı hüquqları vardır: qanunvericiliyə müvafiq qaydada çoxmənzilli binanın idarə edilməsi haqqında müqavilə, habelə çoxmənzilli binanın ümumi əmlakının saxlanması və təmiri, kommunal xidmətlərin göstərilməsi haqqında və cəmiyyət iştirakçılarının maraqlarına uyğun digər müqavilələr bağlamaq; illik gəlir və xərclər smetasını, o cümlədən çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini, çoxmənzilli binanın əsaslı təmirinə və ya yenidən qurulmasına çəkilən xərclərin smetasını, ehtiyat fonduna xüsusi haqqı və ayırmaları, habelə bu fəsildə və cəmiyyətin nizamnaməsində müəyyən edilmiş məqsədlər üçün digər xərcləri müəyyən etmək; cəmiyyətin qəbul olunmuş illik gəlir və xərclər smetası əsasında çoxmənzilli binanın hər bir sahə mülkiyyətçisinin çoxmənzilli binanın ümumi əmlakına mülkiyyət hüququnda payına mütənasib olaraq onun üçün ödəniş və haqların miqdarını müəyyən etmək; çoxmənzilli binanın sahə mülkiyyətçiləri üçün işlər görmək və xidmətlər göstərmək; qanunvericiliklə nəzərdə tutulmuş qayda və şərtlərlə bank kreditlərindən istifadə etmək; cəmiyyətə xidmət göstərən və cəmiyyət üçün işləri yerinə yetirən şəxslərə müqavilə üzrə maddi və pul vəsaitlərini vermək; cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək. - 122.2-ci maddəsinə əsasən əgər bu çoxmənzilli binanın sahə mülkiyyətçilərinin hüquqlarını və qanuni mənafelərini pozmursa, mənzil mülkiyyətçilərinin müştərək cəmiyyəti aşağıdakı hüquqlara malikdir: çoxmənzilli binanın ümumi əmlakının bir hissəsini istifadəyə və ya məhdud istifadəyə vermək; qanunvericiliyin tələblərinə uyğun olaraq müəyyən edilmiş qaydada çoxmənzilli binanın ümumi əmlakının bir hissəsində əlavə tikinti və yenidənqurma işləri (o cümlədən ümumi əmlakın genişləndirilməsi və ya üstünün tikilib artırılması) aparmaq; torpaq sahələrini mənzil tikintisinin həyata keçirilməsi, təsərrüfat və digər tikililərin tikilməsi və sonradan istismar edilməsi məqsədi ilə istifadəyə götürmək və ya çoxmənzilli binanın sahə mülkiyyətçilərinin ümumi paylı mülkiyyətinə satın almaq; qanunvericiliyin tələblərinə uyğun olaraq çoxmənzilli binanın sahə mülkiyyətçiləri adından və onların hesabına həmin binaya bitişik olan ayrılmış torpaq sahələrində tikinti işləri aparmaq; əqdlər bağlamaq və cəmiyyətin məqsəd və vəzifələrinə uyğun olan digər hərəkətlər etmək. Məhkəmə qeyd edir ki, ünvan 1, Xan Şuşinski küçəsi, ev 12, Qulu Quliyev küçəsi, ev 21, Süleyman Rüstəm küçəsi, ev 61 ünvanlarında yerləşən yaşayış binalarının tikintisi "xxxx" MTK tərəfindən həyata keçirilsə də hazırda ünvanlarında yerləşən yaşayış binalarının sahə mülkiyyətçilərinin ümumi yığıncağının qərarına əsasən "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti yaradılmışdır. Qanunvericiliyin tələblərinə əsasən də Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti çoxmənzilli binanın ümumi əmlakının saxlanılması və təmiri xərclərini müəyyən etmək, cəmiyyətə məxsus olan əmlakı satmaq, dəyişdirmək və müvəqqəti istifadəyə vermək hüququ vardır. Hazırki mübahisə üzrə "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyəti ünvan 1 ünvanında yerləşən binanın ümumi sahəsi 862,05 kvm. olan açıq terras və dam örtüyünün ən son texnologiya üsulu ilə izolyasiya işlərinin görülməsini İddiaçı həvalə etmiş və görülmüş xidmətin əvəzinə həmin binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı və 534,25 kvm. açıq terras sahəsini gələcəkdə öz adına rəsmiləşdirilməsi (özəlləşdirilməsi) məqsədi ilə İddiaçı istifadəsinə təhvil verilməsini öhdəsinə götürmüşdür. İddiaçı müqavilə üzrə üzərinə düşən öhdəliyi yerinə yetirsə də "xxxx" Mənzil Mülkiyyətçilərinin Müştərək Cəmiyyətinin öhdəliyi cavabdehin imtinasına əsasən icra edilməmişdir. «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır; - 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır; - 8.0.6-cı maddəsinə əsasən mənzil-tikinti kooperativi binasında yaşayış (qeyriyaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə) daşınmaz əmlak üzərində hüquqlar dövlət qeydiyyatı üçün əsaslardan biridir; - 10.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatı bu qanunla müəyyən olunmuş qaydada hüquq əldə edənin, onun tərəfindən vəkil edilmiş şəxsin bilavasitə təqdim edilən və ya notarius, yaxud qanunla müəyyən edilmiş hallarda bu cür notarial hərəkəti etməyə hüququ çatan digər vəzifəli şəxslər vasitəsilə göndərilən ərizəsi əsasında aparılır. - 15-ci maddəsinə görə hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə, hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə, hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə, daşınmaz əmlaka hüququn tanınması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda, daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam səlahiyyətinə malik olmadıqda, bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olmuş hallar aradan qaldırılmadıqda. Azərbaycan Respublikası Prezidentinin «Bəzi çoxmənzilli binaların istismarına icazə verilməsinin sadələşdirilməsi haqqında» 19 fevral 2018-ci il tarixli 529 nömrəli Fərmanının 1-ci bəndi ilə müəyyən edilmişdir ki, 2018-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikinti-quraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarının (çoxmənzilli yaşayış binası komplekslərinin) istismarına icazə verilməsi aşağıdakı qaydada həyata keçirilir: (1.1) Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi 2 ay müddətində 2018-ci il yanvarın 1-dək bütün mərtəbələrinin, yan divarlarının və dam örtüyünün inşası daxil olmaqla tikintiquraşdırma işləri başa çatmış və istismar edilən mənzilləri olan çoxmənzilli yaşayış binalarını (çoxmənzilli yaşayış binası komplekslərini) tikinti obyektinin yükdaşıyan konstruksiyalarının dayanıqlılıq, möhkəmlik baxımından istismara yararlılığı, yanğın təhlükəsizliyi tələblərinə cavab verməsi, liftlərin və mühəndis-kommunikasiya təminatı sistemlərinin istismara hazırlığı baxımından müayinə edir, müayinənin nəticələri müsbət olduğu halda çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismara hazır olması barədə rəy tərtib edib, binanın əsas texniki göstəricilərinin və tərkib hissələrinin istismar təyinatının faktiki vəziyyətini, habelə döngə nöqtələrinin koordinatlarını əks etdirən layihəsinin elektron surəti ilə birlikdə aidiyyəti üzrə Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə və ya yerli icra hakimiyyəti orqanına təqdim edir; (1.2) Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi və ya aidiyyəti yerli icra hakimiyyəti orqanı 7 gün müddətində bu Fərmanın 1.1-ci bəndinə uyğun olaraq aparılmış müayinənin nəticələrinə əsasən istismara hazırlığı barədə müsbət rəy verilmiş çoxmənzilli yaşayış binasının (çoxmənzilli yaşayış binası kompleksinin) istismarına icazə verir və bu barədə Tikintilərin Dövlət Reyestrinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə yazılı məlumat göndərir. Məhkəmə qeyd edir ki, iddiaçının mülkiyyət hüquqlarının qeydə alınmasını tələb etdiyi yaşayış sahəsinin yerləşdiyi binanın istismarına səlahiyyətli orqan tərəfindən icazə verilmişdir. Bundan əlavə iddiaçı tərəfindən mübahisəli daşınmaz əmlakla bağlı öhdəliyi tam olaraq icra edilmişdir. Belə olan halda iddiaçı qanunvericiliyin tələblərinə uyğun olaraq həmin əmlak üzərində mülkiyyət hüququ əldə etmişdir. Üzərində mülkiyyət hüququnun qeydiyyatı iddia olunan əmlakın yerləşdiyi binanın tikintisi ilə bağlı sənədlərin, o cümlədən “tikinti obyektinin istismarına icazə” sənədinin hansı şəxsin ("xxxx" MTK) adına verilməsi, həm iddiaçının iradəsindən asılı hal deyil, həm də bu halın işdə iştirak edən tərəflər və üçüncü şəxs, habelə digər şəxslər üçün hər hansı təhlükə, fəsad yaratması, onların mənafeyinə zidd olması ehtimalı görünmür. Nəzərə alınmalıdır ki, çoxmənzilli binanın tikintisinin son mərhələsi “istismara icazə” sənədinin verilməsi ilə rəsmiləşdirilir və qanunvericilik onun məqsədi baxımından “tikinti obyektinin istismarına icazənin verilməsi”ni tikilinin şəhərsalma və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşası və təyinatı üzrə istifadəsinin mümkünlüyünün təsdiqi kimi qiymətləndirir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının qanunvericiliyin tələblərinə uyğun əldə etdiyi, faktiki istifadəsində olan yaşayış və yardımçı sahə üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmasından imtina edilməsi üçün əsaslar mövcud deyildir. Cavabdeh inzibati orqan tərəfindən iddiaçının müraciətinin təmin edilməsindən imtina edilməsi sonuncunun qanunla qorunan hüquqlarının pozulmasına səbəb olmuşdur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: - 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir; - 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır; - 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz; - 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır; - 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür; - 24-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə iş materiallarını araşdırıb, toplanmış və tədqiq olunan sübutlara məcmu halda, tam, hərtərəfli, obyektiv və qərəzsiz hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1, 75 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. "xxxx" MMMC-nin balansında olan ünvan 1 ünvanında yerləşən binanın 19-cu mərtəbəsindəki 156,87 kvm. yaşayış, 47,97 kvm. yardımçı sahə üzərində İddiaçı mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması və buna dair müvafiq çıxarışın verilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulsun. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) verilə bilər. Hakim Şəlalə Həsənova
Məhkəmə qərarları › İş №2-1(112)-5328/2022
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5328/2022
17.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver