Məhkəmə qərarları › İş №2-1(112)-5328/2023

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5328/2023

28.07.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5328/2023 28.07.2023 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ GİRİŞ HİSSƏ Bakı İnzibati Məhkəməsi Hakim Həsənov Orxan Xaqani oğlunun sədrliyi, İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı “övladlarına doğum haqqında şəhadətnamə verilməsi” tələbinə dair iddiası üzrə inzibati işə məhkəmənin binasında (Bakı şəhəri, N.Vəzirov küçəsi 56), açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: İddiaçı cavabdeh Bakı şəhəri Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X5 ilə rəsmi nikahdan olmuş övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdeh Bakı şəhəri Cavabdehnə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin qərardadı ilə hazırki iş üzrə X2 üçüncü şəxs qismində inzibati məhkəmə icraatına adi qaydada cəlb edilmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı X5 ilə rəsmi nikahdan olmuş övladları xx.xx.2019-cu il təvəllüdlü X4 və xx.xx.2022-ci il təvəllüdlü X1 doğum haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini arzulayır. İddiaçı bununla bağlı cavabdeh inzibati orqana müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır və onun hüquqlarının pozulmasına səbəb olur. Cavabdehin etirazı: Cavabdeh iddia tələbinə münasibətdə məktub ünvanlayaraq, iddia tələbinə etiraz etdiyini və işinin həllini məhkəmənin mülahizəsinə buraxdığını bildirmişdir. ƏSASLANDİRMA HİSSƏSİ İddianın mümkünlüyü: İddia ərizəsi onun mümkünlüyünü şərtləndirilən tələblərə cavab verməklə təqdim olunmuş və bu səbəbdən mümkün hesab edilir. Belə ki, irəli sürülmüş iddia inzibati prosessual qanunvericiliklə müəyyən edilmiş ümumi və xüsusi mümkünlük şərtlərinə riayət edilməklə təqdim edilmişdir. Məhkəmə iddianın mümkünlük şərtlərinin ödənilməsi ilə bağlı diqqətə çatdırır ki, iddiaçı cavabdeh inzibati orqana ünvanladığı müraciəti və onun müraciəti üzrə verilmiş imtina məktubunu iş materiallarına əlavə etməsə belə, məhkəmə araşdırılması zamanı iddiaçının İPM-nin müddəaları əsasında inzibati orqana hazırki tələb ilə müraciətinin olduğu müəyyən edilmişdir. Belə ki, Bakı şəhəri Cavabdeh bildirmişdir ki, mübahisəli məsələ olduğu üçün doğum haqqında şəhadətnamənin verilməsi üçün iddiaçıya məhkəməyə müraciət edilməsi tövsiyə olunmuşdur. Göründüyü kimi cavabdeh iddiaçının müraciətinin təmin edilməsindən imtina etmişdir ki, bunun nəticəsində tərəflər arasında inzibati mübahisə yaranmışdır. Faktiki hallar və sübutlar: İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: 4 nömrəli Uşaq Poliklinikası tərəfindən verilmiş tibbi arayışdan görünür ki, xx.xx.2019-cu il təvəllüdlü Quliyeva Suna xx.xx.2019-cu il tarixdən, xx.xx.2021-ci il təvəllüdlü Quliyeva Aişə isə xx.xx.2022-ci il tarixdən 4 nömrəli uşaq poliklinikasında tibbi qeydiyyatdadırlar. AZ İ № 401120 nömrəli, xx.xx.2022-ci il tarixli nikahın pozulması haqqında şəhadətnaməyə əsasən X2 ilə X3 arasında bağlanmış nikah Naxçıvan şəhər məhkəməsinin xx.xx.2021-ci il tarixli 2(078)-553/2021 saylı qətnaməsinə əsasən pozulmuşdur. AZ İİ № 496887 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, X5 ilə İddiaçı arasında 28 mart 2022-ci il tarixdə nikah bağlanmışdır. Tətbiq edilən hüquq və məhkəmənin mövqeyi: Məhkəmə işin yuxarıda göstərilən faktiki hallarını, o cümlədən tətbiq edilməli olan maddi və prosessual hüquq normalarının tələblərini nəzərə almaqla hesab edir ki, iddia tələbi rədd olunmalıdır. Gəlinən nəticə ilə bağlı aşağıdakıların da qeyd edilməsi zəruridir. Belə ki, Azərbaycan Respublikası Konstitusiyasının 24-cü maddəsinə əsasən hər kəsin doğulduğu andan toxunulmaz, pozulmaz və ayrılmaz hüquqları və azadlıqları vardır. Hüquqlar və azadlıqlar hər kəsin cəmiyyət və başqa şəxslər qarşısında məsuliyyətini və vəzifələrini də əhatə edir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən dövlət hər kəsin hüquqlarının və azadlıqlarının müdafiəsinə təminat verir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinin İİ hissəsinə görə hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. Azərbaycan Respublikası Konstitusiyasının 71-ci maddəsinin İ hissəsinə əsasən Konstitusiyada təsbit edilmiş insan və vətəndaş hüquqlarını və azadlıqlarını gözləmək və qorumaq qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarının borcudur. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun preambulasında göstərilmişdir ki, bu qanunun məqsədi inzibati orqanlar tərəfindən insan hüquq və azadlıqlarına əməl olunmasını təmin etməkdən və qanunun aliliyinə nail olmaqdan ibarətdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 26.1. Hər bir fiziki şəxsin addan, ata adından və soyaddan ibarət adı olmaq hüququ vardır. 26.5.Fiziki şəxsin doğularkən aldığı ad, habelə adını dəyişdirməsi vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı üçün müəyyənləşdirilmiş qaydada qeydə alınmalıdır. Azərbaycan Respublikası Ailə Məcəlləsinin: . 46.1. Öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 47.1. Bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. 47.2. Bu Məcəllənin 46.2-ci maddəsinə əsasən uşağın atası kimi yazılmış şəxs qeydlər zamanı özünün uşağın həqiqi valideyni olmadığını bilirdisə, onun atalığa dair mübahisə açma haqqında tələbi təmin oluna bilməz. 53.1. Uşaq ad, ata adı və soyad daşımaq hüququna malikdir. 53.2. Uşağa ad valideynlərin razılığı ilə verilir, ata adı atasının adına görə verilir. 53.3. Uşağın soyadı, bir qayda olaraq, valideynlərin soyadı ilə müəyyən edilir. Uşağın valideynlərinin soyadları müxtəlif olduqda uşağa valideynlərin razılığı ilə atanın və ya ananın soyadı verilir. Adın, ata adının və soyadın verilməsi və dəyişdirilməsi qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən olunur Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın: 1.1.Bu Qayda Azərbaycan Respublikasının Ailə Məcəlləsinə uyğun olaraq hazırlanmışdır və dövlət mənafeyi, ictimai mənafe üçün, vətəndaşların şəxsi, habelə əmlak hüquqlarının qorunması məqsədilə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin və Naxçıvan Muxtar Respublikasının ərazisində Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri, nikah evləri, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin xaricdəki konsulluq idarələri, rayon tabeli şəhərlərdə, qəsəbələrdə və kəndlərdə rayon, şəhər, şəhər rayonu icra hakimiyyətlərinin nümayəndəlikləri (bundan sonra – müvafiq olaraq "Qeydiyyat şöbəsi", "konsulluq idarəsi, "icra hakimiyyətinin nümayəndəliyi") tərəfindən vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı qaydasını müəyyən edir. 1.4. Qeydiyyat şöbəsi və konsulluq idarəsi öz səlahiyyətləri daxilində doğumun, nigahın bağlanmasının, nigahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün dövlət qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 2.8. Doğum haqqında akt qeydində uşağın adı, atasının adı və soyadı, habelə onun valideynləri haqqında məlumat aşağıdakı qaydada yazılır: 2.8.1. öz aralarında nikahda olan ata və ana doğum haqqında akt qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Uşağın atası və ya anası kimi qeyd olunmuş şəxsin həmin qeydiyyat barədə məlumatı olduqda və ya məlumatı olması yəqin edildikdə, o, həmin qeydiyyata dair məhkəmə qaydasında iddia verə bilər; uşağın doğumu haqqında akt qeydində ata və ananın milliyyəti onların şəxsiyyətini təsdiq edən sənədlərdə olan məlumat əsasında, həmin sənədlərdə milliyyət barədə məlumat olmadıqda isə doğum haqqında şəhadətnamələrindəki qeydlər və ya Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemindən əldə olunan doğum haqqında akt qeydləri barədə məlumat əsasında yazılır. Atanın və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, doğum haqqında akt qeydində hər iki valideynin milliyyəti göstərilir. Ata və ya ananın doğum haqqında şəhadətnaməsində onların valideynlərinin milliyyəti qeyd olunmadıqda və ya doğum haqqında şəhadətnaməni təqdim edə bilmədikdə və bu məlumatlar qeydiyyat şöbələrində, habelə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidmətində (bundan sonra – Vətəndaşlıq vəziyyəti aktlarının reyestri xidməti), Naxçıvan Muxtar Respublikasının vətəndaşlıq vəziyyəti aktlarının arxivində saxlanılmadıqda, uşağın doğumu haqqında akt qeydində həmin valideynin milliyyəti göstərilmir. Bu halda doğum haqqında akt qeydinin "Milliyyəti" qrafasında "Məlumat təqdim edilməyib" sözləri yazılır. Uşağın doğumu haqqında şəhadətnamədə ata və ananın milliyyəti onların xahişi ilə doğum haqqında akt qeydinə uyğun yazılır. Doğum haqqında akt qeydində ata və ya ananın valideynlərinin milliyyəti müxtəlif olduqda, uşağın doğumu haqqında şəhadətnamədə ata və ya ananın arzusundan asılı olaraq həmin milliyyətlərdən biri göstərilir. Uşağın doğumu haqqında akt qeydində və şəhadətnamədə valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası müvafiq qeydiyyat aparılanadək qeydiyyat şöbəsinin, konsulluq idarəsinin və icra hakimiyyəti nümayəndəliyinin vəzifəli şəxsi tərəfindən ərizəçiyə izah olunmalıdır; Doğumun qeydə alınması üçün elektron qaydada müraciət olunduqda valideynlərin milliyyətinə dair məlumatların yazılması qaydası barədə izah Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin informasiya sistemində yerləşdirilir. 2.8.2. valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır; 6.2. Atalığın müəyyən edilməsi valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi əsasında qeydə alınır. 6.7. Uşağın anası ilə nikahda olmayan şəxsin atalığı uşağın atasının və anasının Qeydiyyat şöbəsinə və konsulluq idarəsinə birgə ərizə vermələri ilə müəyyən olunur. Şərh olunan qanunvericiliyin və normativ hüquqi aktların müddəalarından görünür ki uşağın doğulması müvafiq olaraq qeydə alınır və doğum haqqında akt qeydi ilə rəsmiləşdirilir. Doğum haqqında aktın qeydində uşağın adı, atasının adı və soyadı, doğum tarixi, habelə onun valideynləri haqqında məlumatın doldurulması qanunvericilikdə nəzərdə tutulmuş qaydada həyata keçirilir. Nəzərə alınmalıdır ki, qüvvədə olan normativ hüquqi aktların tələblərinə görə öz aralarında nikahda olan ata və ana doğum haqqında aktın qeydində və doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Valideynlər öz aralarında nikahda olmadıqda isə uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Hazırki işin faktiki hallarından göründüyü kimi iddiaçı azyaşlı övladları Suna Quliyeva və Aişə Quliyevanın doğum haqqında şəhadətnamə ilə təmin olunmasını xahiş edir və bu halı onunla əsaslandırır ki, onun övladları X5 ilə rəsmi nikahdan anadan olmuşdurlar. Halbuki, məhkəmə araşdırılması zamanı iddiaçının doğum haqqında şəhadətnamənin verilməsini arzuladığı övladların X5 ilə rəsmi nikahdan olmaları müəyyən olunmamışdır. Belə ki, məhkəmə icraatı zamanı təqdim olunmuş sənədlərdən də göründüyü kimi İddiaçı ilə X5 arasında rəsmi nikah 28 mart 2022-ci il tarixdə bağlanmışdır. İddiaçının övladları Suna Quliyeva xx.xx.2019-cu il təvəllüdlü, Aişə Quliyeva isə xx.xx.2022-ci il təvəllüdlü olduğundan, onların iddiaçı ilə X5 arasında bağlanmış rəsmi nikahdan olmaları qeyri mümkündür. Nəzərə alınmalıdır ki, Suna Quliyeva və Aişə Quliyeva doğulduğu zaman iddiaçı X2 ilə rəsmi nikahda olmuşdur ki, onların nikahı məhz uşaqlar doğulduqdan sonra, yəni 19 yanvar 2022-ci il tarixdə pozulmuşdur. Göründüyü kimi xx.xx.2019-cu il təvəllüdü Suna Quliyeva və xx.xx.2022-ci il təvəllüdlü Aişə Quliyeva İddiaçı X2 ilə rəsmi nikahda olduğu vaxtda doğulmuşdurlar. Bu səbəbdən də qüvvədə olan qanunvericiliyin və normativ hüquqi aktların tələbləri baxımından adıçəkilən uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi zamanı uşaqların atası kimi X2 göstərilməlidir. Lakin, iddiaçı övladları olan Suna Quliyeva və Aişə Quliyevanın məhz X5 ilə olan nikahda doğulduqlarını iddia edir, bu səbəbdən də onlara doğum haqqında şəhadətnamə verilməsi zamanı ata adının “Pərvin” kimi göstərilməsini arzulayır. Halbuki, yuxarıda da qeyd olunduğu kimi uşaqların doğum anında iddiaçı X5 ilə deyil, X2 ilə rəsmi nikahda olmuşdur. Məhkəmə diqqətə çatdırır ki, iddiaçının tələbinin (uşaqlara doğum haqqında şəhadətnamənin verilməsi) təmin edilməsini istisna edən hal məhz uşaqların ataları ilə bağlı olmuşdur ki, iddiaçı öz tələbində uşaqların doğulduğu anda rəsmi nikahda olan şəxsin adın deyil, hazırda rəsmi nikahda olan şəxsin adının ata adı kimi göstərilməsini tələb edir. Bu isə atalığın müəyyən olunması haqqında məhkəmə qətnaməsi mövcud olmadan mümkün deyil. Xüsusi ilə qeyd olunmalıdır ki, iddiaçı hazırki iddia tələbini irəli sürməkdə o zaman haqlı olardı ki, əgər onun övladlarının atasının X5 olmasını təsdiq edən məhkəmə qətnaməsi olsun. İş materiallarında isə adıçəkilən məhkəmə mübahisəsinsə dair ümumi yurisdiksiyalı rayon məhkəməsinin atalığın müəyyən olunması haqqında məhkəmə qətnaməsi mövcud olmadan mümkün deyil. Məhkəmə hesab edir ki, iddiaçının övladları onun X2 ilə rəsmi nikahda olduğu dövrdə doğulduğundan, həmçinin uşaqlarının atalarının X5 olmasını təsdiq edən məhkəmə qətnaməsi mövcud olmadığından, cavabdeh tərəfindən iddiaçının müraciətinə baxılan zaman inzibati icraat qaydalarına riayət olunmaması, ümumiyyətlə müraciət üzrə araşdırmanın düzgün aparılmaması müşahidə olunmur. Məhkəmə diqqətə çatdırır ki, əgər iddiaçının uşaqlarının atalarının X5 olması məhkəmə qətnaməsi ilə təsdiq olunsaydı və məhz bu halda cavabdeh yenidən müraciətdən imtina etsəydi, bu zaman iddiaçı hazırki iddia tələbini irəli sürməkdə haqlı olardı. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, cavabdehin imtinası Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2003-cü il tarixli 145 nömrəli Qərarı ilə təsdiq edilmiş «Vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı Qaydası»nın tələblərinə uyğun olduğundan, cavabdehin imtinası əsaslı olmuş və iddiaçının hüquqlarının pozulmasına səbəb olmamışdır. Odur ki, iddia tələbi rədd edilməlidir. Beləliklə hazırkı iddia öhdəliklərin icrası haqqında iddialara aid olsa da, cavabdehin imtinası onun hərəkətsizliyi ilə əlaqəli olduğundan öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut edə bilmişdir. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68.1-ci maddəsinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İPM-in 68.2-ci maddəsinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 52, 68, 69, 75.4, 85.1ci maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Zahid Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verilə bilər. Hakim: Orxan Həsənov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar