Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5329/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ Hakim Mədətli Fərid İlham oğlunun sədrliyi, Məhkəmə iclas katibi Əliyev Teymur Budaq oğlunun katibliyi, İddiaçı (ünvan 1 ünvanında qeydiyyatda olan), Cavabdehin nümayəndəsi X8 (hüquq şöbəsinin baş mütəxəssisi, ünvan 2 mənzil 73 ünvanında qeydiyyatda olan) iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyinə qarşı üç otaqlı mənzilin verilməsi tələbi barədə inzibati mübahisəyə dair işə məhkəmənin binasında şifahi açıq məhkəmə baxışı iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona qanunla nəzərdə tutulmuş üç otaqlı mənzilin verilməsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi əsl cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi ilə əvəz edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2000-ci il noyabr ayında mənzil şəraitini yaxşılaşdırmaq üçün Bakı şəhəri Nizami Rayonu İcra Hakimiyyəti tərəfindən mənzil növbəsinə durmuşdur. Mənzil növbəsi uçotuna 5 nəfər ailə tərkibi - həyat yoldaşı, 2 oğlu və 1 qızı ilə qəbul olunmuşdur. Qüvvədə olan Mənzil Məcəlləsinin 69.1-ci maddəsinə görə arvadı (əri), uşaqları yaşayış sahəsinə köçürmək hüququ vardır. Həmin Qanunun 56.1-ci maddəsinə görə uçota duran vətəndaşlara növbəlik qaydasına əsasən uçota alınma tarixi nəzərə alınmaqla verilir. Mənzil Məcəlləsinin vətəndaşların qanunu mənafelərini nəzərə alınması ilə bağlı olan 57-ci maddəsində ər və arvad istisna olmaqla ayrı cinsdən şəxslərin razılığı olmadan 1 otağa köçürülməsi yolverilməzdir. Mənzil Məcəlləsinin 12.5-ci maddəsinə əsasən yaşayış sahəsinin ümumi sahəsi nəzərdə tutulmuş yardımçı sahələrin (eyvanlar istisna olmaqla) sahəsi daxil olmaqla bütün hissələrin sahəsinin məcmusudur. Nazirlər Kabinetinin 459 №-li xx xxxxxx 2019-cu il tarixli qərarı ilə yaşayış sahəsinin ayrılma norması adambaşına 16 kv.m-dir. Cavabdeh tərəfindən Mənzil Məcəlləsinin yuxarıda göstərilən maddələri ciddi şəkildə pozularaq ona Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399 məhəllədə yerləşən Qarabağ əlilləri və Şəhid ailələri üçün nəzərdə tutulmuş 2 otaqlı mənzil verilmişdir. Bununla razı olmayaraq o, dəfələrlə Əmək və Əhalinin Müdafiə Sosial Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fonduna, Azərbaycan Respublikasınən Prezidentinə, Əmək və Əhalinin Sosial Müdafiə nazirinə ərizə ilə müraciət etmişdir. Öz ərizəsində göstərmişdir ki, onun ailəsi 12 nəfərdən ibarətdir və ona 3 otaqlı mənzil düşür. Dövlət Sosial Müdafiə Fondu tərəfindən ona Lökbatan qəsəbəsində üç otaqlı mənzil təklif olunsa da, lakin iki otaqlı mənzil verilmişdir. Cavabdeh iddiaya dair yazılı etirazını məhkəməyə ünvanlayaraq iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Etiraza görə, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. Odur ki, Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətindən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə təqdim olunmuş mənzil növbəsinə alınmış imtiyazlı şəxslər barədə 2014-cü il 03 mart tarixli 03/123 nömrəli məktubda 2002-ci il 01 mart tarixdən mənzil növbəsinə dayandığı qeyd edilən İddiaçı Nazirlik tərəfindən qanunvericiliyə uyğun xx xxxxxx 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında nömrə 24, mərtəbə 8, giriş 1, otaq sayı 2 olan 83.03 kvadratmetrlik mənzil təhvil verilmişdir. Lakin vətəndaş ona verilən mənzilin otaq sayından narazı qalaraq məhkəmədə iddia qaldırmışdır. Əlavə olaraq 36 ədəd 1 otaqlı mənzil, 48 ədəd 2 otaqlı mənzil və 12 ədəd 3 otaqlı mənzildən ibarət olan 96 mənzillik binanın hər bir mənzili imtiyazlı şəxslərə təqdim olunmuşdur. Qeyd olunan yaşayış binasında mövcud olan 2 otaqlı mənzillərin ümumi sahəsi 84.17, 83.03, 91.03, 81.92 kvadratmetr, 3 otaqlı mənzillərin ümumi sahəsi isə müvafiq olaraq 105, 110.91, 111.07, 121.73 kvadratmetrdir. Mənzil Məcəlləsinin 48-ci maddəsinə əsasən sosial kirayə müqavilələri əsasında həmin Məcəllə ilə və digər qanunvericilik aktları ilə müəyyən edilmiş əsaslarla yaşayış sahələhnə ehtiyacı olan hesab edilən aztəminatlı vətəndaşlara dövlət və ya bələdiyyə mənzil fondunun yaşayış sahələri verilir. Vətəndaş aztəminatlı hesab olunduğundan o, Dövlət Mənzil Fondunun ehtiyatları hesabına mənzillə təmin olunmuşdur. Aşağıdakı səbəblərə görə vətəndaşın iddiası tamamilə əsassız hesab olunur: 1) Aztəminatlı vətəndaşların sosial kirayə müqaviləsi əsasında mənzillə təmin olunma səviyyəsi Nazirlər Kabinetinin Qərarına əsasən müəyyənləşir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən “sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin.” Bu normadan da göründüyü kimi mənzil sahəsinin adambaşına düşən sahəsi 16 kvadratmetr müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə vətəndaş (ailə tərkibi 5 nəfərdən ibarət olan) 83,03 kvadratmetr yaşayış sahəsi təmin edilmişdir. 2) Həmin Məcəllənin 49.2-ci maddəsinə əsasən Dövlət Mənzil Fonduna münasibətdə vətəndaşların sosial mənzillərlə təmin olunması səviyyəsi Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin olunma səviyyəsindən və digər amillərdən asılı olaraq müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Nazirlər Kabinetinin 459 saylı Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında Dövlət Mənzil Fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən Dövlət Mənzil Fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilsin. Normadan göründüyü kimi yaşayış sahəsi ilə təmin edərkən nəzərə alınan ən əsas məsələ Dövlət Mənzil Fondunun ehtiyatlarının kifayətliliyidir. Vətəndaşın yaşadığı məhəllədə Qarabağ əlilləri üçün ayrılmış binalarda üçotaqlı mənzil kifayət qədər az olduğu üçün onlar ailə tərkibi daha geniş olan ailələr üçün nəzərdə tutulmuşdur. Buna görə də vətəndaşın tələbini təmin etmək mümkün deyildir. 3) Konstitusiya Məhkəməsinin Plenumunun x xxxxxx 2010-cu il tarixli Qərarına əsasən “sosial hüquqların hüquqi təbiəti ilə əlaqədar nəzərə alınmalıdır ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi, iqtisadi və müəyyən mənada siyasi və mədəni hüquqlardan fərqli olaraq sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə əlaqəlidir. Qeyd olunan xüsusiyyət həmçinin beynəlxalq aktlarda da öz əksini tapmışdır. Belə ki, “İqtisadi, sosial və mədəni hüquqlar haqqında” Beynəlxalq Paktın 2-ci maddəsinin mənasına görə həmin hüquqların dövlətlərin mövcud imkanlarının maksimal həddi çərçivəsində təmin edilməsi öhdəliyi müəyyən edilmişdir.” Sosial kirayə müqavilələri əsasında mənzillər Qarabağ müharibəsi əlilləri və şəhid ailələri kategoriyasından olan vətəndaşlara verilir və onların bir çoxu geniş ailə tərkibinə malikdir. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olan və normaya uyğun yaşayış sahəsi ilə təmin olunmuş vətəndaşa üçotaqlı mənzilin verilməsi qanuni əsassız olmaqla yanaşı, həm də dövlət büdcəsinin və Dövlət Mənzil Fondunun imkanları xaricindədir. Şifahi məhkəmə baxışı iclasında iddiaçı iddia ərizəsinə uyğun məzmunda izahat verərək, iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Şifahi məhkəmə baxışı iclasında cavabdehin nümayəndəsi iddiaya dair verilmiş yazılı etiraza uyğun məzmunda izahat verərək, iddianın rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, iş materiallarını mövcud maddi və prosessual hüquq normaları ilə qarşılıqlı tədqiq edərək, hesab edir ki, iddia rədd edilməlidir. Belə ki, işdə olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müvafiq əmri ilə Bakı şəhəri Nizami Rayon İcra Hakimiyyətində mənzil növbəsinə dayanmış Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi zamanı əlil olmuş şəxslərdən və şəhid ailələrindən İddiaçı Qarabağ müharibəsi əlilinə 12 nəfər ailə tərkibi ilə Bakı şəhəri, Nizami rayonu, Bəkir Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli 96 saylı mənzilli binada 8-ci mərtəbədə 24 saylı mənzil verilmişdir. Qeyd: Mənzillə təminat Azərbaycan Respublikası Prezidentinin xx xxxx 2014-cü il tarixli 569 nömrəli Sərəncamına əsasən reallaşdırılmışdır. İşdə olan Azərbaycan Respublikası Bakı Şəhər İcra Hakimiyyəti Mənzil Kommunal Təsərrüfatı Departamenti 1 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi tərəfindən verilmiş 403 saylı, xx xxxx 2020-ci il tarixli Forma 2 arayışdan görünür ki, İddiaçı ailə tərkibi 9 nəfərdən; X10 (arvadı), X3 (oğlu), X4 (oğlu), X2 (qızı), X1 (gəlini), X7 (nəvəsi), X13 (nəvəsi) və X5 (gəlini) ibarətdir. İşinin müəyyən edilmiş hallarından görünür ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun tarixli 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alınmış bu kateqoriyadan olan şəxslərin 2014- 2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. İddiaçı 2014-cü il yanvarın 1-dək yerli icra hakimiyyəti orqanlarında uçota alındığından, həmin sərəncamın təsiri dairəsinə düşən imtiyazlı şəxs kimi ona Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən xx xxxxxx 2019-cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında nömrə 24, mərtəbə 8, giriş 1, otaq sayı 2 olan 83,3 kv.metrlik mənzil təhvil verilmişdir. Lakin iddiaçı ona verilmiş mənzilin otaq sayının az olması, qanunvericiliklə ona düşəcək otaq sayının 2 deyil, 3 olmalı olduğu ilə bağlı müraciətlə əvvəlcə inzibati orqana müraciət etmiş, müraciəti təmin edilmədiyindən məhkəməyə müraciət etmişdir. İşdə olan Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx xxxx 2020-ci il tarixli, **********1 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə baxılmış və bildirilmişdir ki, “Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitutsiya quruluşunun müdafiəsi ilə əlaqədar əlil olmuş şəxslərin və şəhid ailələrinin sosial-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 20 iyun 569 nömrəli Sərəncamı ilə yaşayış sahəsinə ehtiyacı olan qismində xx.xx.2014-cü il tarixədək üçota alınmış bu kateqoriyadan olan şəxslərin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 2014-2028-ci illər ərzində mərhələlərlə mənzil və ya fərdi evlə təmin edilməsi nəzərdə tutulmuşdur. O, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən qanunvericiliyə uyğun olaraq xx xxxxxx 2019cu il tarixində Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə 12 mərtəbəli binada 2 otaqlı mənzillə təmin edilmişdir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu tərəfindən iddiaçıya ünvanlanmış xx xxx 2020-ci il tarixli, **********0 saylı imtina məktubundan görünür ki, iddiaçının müraciətinə eyni məzmunlu cavab verilmişdir. Məhkəmə hesab edir ki, cavabdehin imtinası aşağıda göstərilənlərə əsasən əsaslı olmuşdur. «Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 1.1-ci maddəsinə əsasən mənzil qanunvericiliyi dövlət orqanları və bələdiyyələr tərəfindən vətəndaşların mənzil hüququnun həyata keçirilməsinə şərait yaradılmasına, mənzil təhlükəsizliyinə, onun toxunulmazlığına, əsassız olaraq mənzil hüququndan məhrum etmənin yolverilməzliyinə, mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərdən irəli gələn hüquqların (bundan sonra mənzil hüquqları) maneəsiz həyata keçirilməsi zəruriliyinə, habelə bu Məcəllədən, digər qanundan və ya mövcud münasibətlərin məzmunundan başqa hal irəli gəlmirsə, yaşayış sahəsinə sahiblik, ondan istifadə və barəsində sərəncam verilməsi üzrə mənzil qanunvericiliyi ilə tənzimlənən münasibətlərin (bundan sonra – mənzil münasibətləri) iştirakçılarının bərabərliyinin tanınması zəruriliyinə, pozulmuş yaşayış hüquqlarının bərpasının, onların məhkəmə müdafiəsinin təmin edilməsi, yaşayış fondunun saxlanmasının və yaşayış sahəsindən təyinatı üzrə istifadənin təmin edilməsi zəruriliyinə əsaslanır. Mənzil Məcəlləsinin 4.0 və 4.0.2-ci maddələrinə əsasən dövlət orqanları və bələdiyyələr öz səlahiyyətləri daxilində mənzil hüquqlarının həyata keçirilməsi üçün şərait yaradır və bu məqsədlə müəyyən edilmiş qaydada sosial kirayə müqavilələri əsasında və ya dövlət və ya bələdiyyə mənzil fondu yaşayış sahələrinin kirayə müqavilələri əsasında vətəndaşları yaşayış sahələri ilə təmin edir. Mənzil Məcəlləsinin 50.1-ci maddəsinə əsasən aşağıdakı vətəndaşlar sosial kirayə müqaviləsi əsasında verilən yaşayış sahələrinə ehtiyacı olan (bundan sonra – yaşayış sahəsinə ehtiyacı olan) hesab edilir: 50.1.2-ci maddəsinə əsasən sosial kirayə müqaviləsinə əsasən kirayəçi və ya sosial kirayə müqaviləsi əsasında kirayəçinin ailə üzvləri və ya yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar. Mənzil Məcəlləsinin 49.4-cü maddəsinə əsasən yaşayış sahəsinin (yaşayış sahəsinin ölçüsünün) uçot norması (bundan sonra – uçot norması) vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması məqsədi ilə onların yaşayış sahəsi ilə təmin olunma səviyyəsinin müəyyənləşdirilməsi üçün əsas olan yaşayış sahəsinin minimal ölçüsüdür. Həmin Məcəllənin 49.5-ci maddəsinə əsasən dövlət mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün uçot norması müvafiq icra hakimiyyəti orqanı tərəfindən, bələdiyyə mənzil fondunun yaşayış sahələri ilə təmin edilmə məqsədləri üçün isə uçot norması müvafiq bələdiyyə tərəfindən müəyyən edilir. Bu normanın ölçüsü həmin orqanın və ya bələdiyyənin müəyyən etdiyi ayrılma normasının ölçüsündən artıq ola bilməz. Həmin Məcəllənin 50.2-ci maddəsinə əsasən vətəndaşın və (və ya) onun ailə üzvlərinin sosial kirayə müqaviləsinə əsasən bir neçə yaşayış sahəsi olduqda və (və ya) mülkiyyət hüququ əsasında qeyd edilən şəxslərə bir neçə yaşayış sahəsi məxsus olduqda, yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunma səviyyəsi göstərilən bütün yaşayış sahələrinin ümumi sahəsinin cəmi nəzərə alınmaqla müəyyən edilir. Həmin Məcəllənin 51.3-cü maddəsinə əsasən vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri (bundan sonra – uçota alınma haqqında ərizə) əsasında həmin orqan (bundan sonra – uçota alınmanı həyata keçirən orqan) tərəfindən həyata keçirilir. Qanunvericiliklə müəyyən edilmiş hallarda və qaydada vətəndaşlar uçota alınma haqqında ərizələri yaşayış yeri üzrə deyil, digər yer üzrə verə bilərlər. Fəaliyyət qabiliyyəti olmayan vətəndaşların uçota alınması onların qanuni nümayəndələri tərəfindən verilən uçota alınma haqqında ərizələr əsasında həyata keçirilir. “Azərbaycan Respublikası Mənzil Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə xx xxxxxx 2009-cu il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanının 2.3-cü bəndinə görə, həmin Məcəllənin 51.3-cü maddəsinə “müvafiq icra hakimiyyəti orqanı” dedikdə yerli icra hakimiyyəti orqanları nəzərdə tutulur. Qanunvericiliyin tələblərinə əsasən yaşayış sahəsinin mülkiyyətçisi və ya yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvləri olan və uçot normasından az ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsi ilə təmin olunan vətəndaşlar yaşayış sahəsinə ehtiyacı olan hesab edilir və vətəndaşların yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması onların yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına, yəni yerli icra hakimiyyəti orqanına və ya bələdiyyə orqanına təqdim etdikləri ərizələri əsasında həmin orqan tərəfindən həyata keçirilir. Göründüyü kimi şəxsin yaşayış sahəsinə ehtiyacı olan qismində uçota alınması üçün ailə üzvlərinin adambaşına düşən yaşayış sahəsinin ümumi sahəsinin uçot normasından az olması əsas şərtdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx xxxxxx 2019-cu il tarixli, 459 saylı “Sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma normasının müəyyən edilməsi haqqında” Qərarına əsasən sosial kirayə müqaviləsi əsasında dövlət mənzil fondunun yaşayış sahəsinin ayrılma norması Azərbaycan Respublikasının inzibati ərazi vahidləri üzrə nail olunmuş sosial kirayə müqavilələri əsasında verilən dövlət mənzil fondunun yaşayış sahələri ilə təminolunma səviyyəsindən və digər amillərdən asılı olaraq, 16 kvadratmetr müəyyən edilmişdir. İş materiallarına əlavə olunmuş sənədlərdən görünür ki, iddiaçıya ayrılmış fərdi yaşayış evinin ümumi sahəsi 83,03 kv.metrdən ibarətdir və həmin ev 2 otaqdan ibarətdir. İddiaçı xx xxxx 2002-ci il tarixdə müvafiq icra hakimiyyəti orqanında mənzil qeydiyyatına alınmışdır və həmin vaxt onun ailə tərkibi özü də daxil olmaqla 5 nəfər ailə üzvündən ibarət olmuşdur. Belə olan halda iddiaçının hər bir ailə üzvünə düşən sahə uçot normasından artıqdır. Həmçinin məhkəmə araşdırması dövründə hər iki tərəf öz izahatında iddiaçıya Bakı şəhəri Lökbatan qəsəbəsi ərazisində 3 otaqlı mənzil təklif olunsa da, lakin iddiaçı şəhər mərkəzinə yaxın mənzilin verilməsini tələb etdiyindən ona mövcud olan imkanlar daxilində, hər bir ailə üzvünə düşən uçot normasına uyğun olaraq Bakı şəhəri, Nizami rayonu, B.Çobanzadə küçəsi, 2399-cu məhəllədə inşa edilmiş 12 mərtəbəli, 96 mənzilli yaşayış binasında nömrə 24, mərtəbə 8, giriş 1, otaq sayı 2 olan 83,3 kv.metrlik mənzil təhvil verilmişdir. Belə olan halda ailə tərkibi 5 nəfərdən ibarət olaraq qeydiyyata alınmış və normaya uyğun yaşayış sahəsi ilə təmin olunmuş iddiaçıya 2 otaqlı mənzilin verilməsi qanuni olmuşdur. Beləliklə, yuxarıda göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddianın təmin edilməsi üçün əsaslar olmadığından iddia rədd edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 52-ci maddəsinə əsasən məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 33.1, 52, 58, 68-69, 75.4 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddia rədd edilsin. Qərardan məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün müddətində tərəflər Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Z.Xəlilov küçəsi 540-cı məhəllə) apellyasiya şikayəti verə bilərlər. Qərardan apelyasiya şikayəti verilmədiyi halda təqdim olunduğu gündən 30 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Fərid Mədətli
Məhkəmə qərarları › İş №2-1(112)-5329/2020
Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5329/2020
12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver