Məhkəmə qərarları › İş №2-1(112)-5330/2020

Bakı İnzibati Məhkəməsi Qərar — İş №2-1(112)-5330/2020

12.11.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(112)-5330/2020 12.11.2020 BAKİ İNZİBATİ MƏHKƏMƏSİ hakim Hacıbəyova Miminat Tacib qızının sədrliyi, İmanov Sənan Xaliq oğlunun katibliyi, iddiaçının nümayəndəsi Rzayev Mətləb Söydümalı (Kürdəmir rayonunda qeydiyyatdadır, ixtisası müəllim, müəllim işləyir) iştirаkı ilə, İddiaçı Mətləb oğlunun cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı kompensasiyanın və əmək haqqında əlavənin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası üzrə işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi : İddiaçı Mətləb oğlu cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ünvan 1 orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Təhsil Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 2012-ci ildə müəllimlərin işə qəbul müsabiqəsindən keçərək Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli, xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun Garıs-Əyribənd kənd tam orta məktəbinə azərbaycan dili və ədəbiyyət müəllimi təyin edilmişdir. Kürdəmir rayon Təhsil Şöbəsinin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin olunmuşdur. Müraciət etməyinə baxmayaraq həmin tarixdən hal-hazıra kimi ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamış və bu sahə üzrə ödəniş aparılmamışdır. Onunla eyni məktəbdə işləyən 5 nəfər müəllim yoldaşları “H1” istiqaməti üzrə kompensasiya alırlar. İddiaçı bu barədə Kürdəmir rayon Təhsil Şöbəsinə, 11 saylı X1 Mərkəzinə, Maliyyə Nazirliyinə və Təhsil Nazirliyinə müraciət etsə də müraciətləri nəticə verməmişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 47-ci mаddəsinə əsаsən verilmiş məhkəmə sərəncamı ilə cavabdehdən iddiаyа dаir еtirаzın tələb edilməsinə baxmayaraq cavabdeh iddiaya etirazını məhkəməyə təqdim etməmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi M.Rzayev iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Аzərbаycаn Rеspublikаsının İPM-nin 62.3-ci mаddəsinə əsаsən iştirаkı оlmаdаn işə bахılmаsının və iş üzrə qərаr qəbul еdilməsinin mümkünlüyü bаrədə хəbərdаr еdilmiş cavabdeh məhkəmə bахışınа öz nümаyəndəsini göndərməmişdir. Məhkəmə iddia ərizəsini və təqdim edilmiş sənədləri nəzərdən keçirərək, iddiaçının nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını tədqiq edərək hesab edir ki, iddia tələbi əsaslıdır. Belə ki, iş materiallarında olan: Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 35 №-li, xx.xx.2020-ci il tarixli arayışına əsasən iddiaçı həmin məktəbdə Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir. İddiaçının cavabdehə ünvanlanmış xx.xx.2020-ci il tarixli ərizəsinə əsasən iddiaçı Kürdəmir rayonu Ərşəli kənd tam orta məktəbinin müəllimi və gənc mütəxəssis kimi iddiaçıya verilməli olan həvəsləndirmənin “H1” ilə ödənilməsini xahiş etmişdir. Cavabdehin xx.xx.2012-ci il tarixli, Bakı şəhəri Təhsil İdarəsinə, Gəncə şəhəri Təhsil İdarəsinə, aidiyyəti rayon (şəhər) təhsil şöbələrinə və peşə liseylərinə ünvanlanmış məktubuna əsasən xx.xx.2012-ci ildən başlayaraq müvafiq ümumtəhsil məktəbləri tərəfindən həvəsləndirmə tədbirləri tətbiq olunan yerlərə (H1 VƏ H2) işə qəbul olunanlar üçün aidiyyəti tədbirlərin həyata keçirilməsi tapşırılmışdır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2020-ci il tarixli, iddiaçıya ünvanlanmış məktubunda göstərilmişdir ki, dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 il müddətində həmin təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc müəllimlərə kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Əmək qanunvericiliyinə əsasən fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Azərbaycan Respublikası Təhsil Nazirliyinin 11 saylı X1 Mərkəzinin xx.xx.2020-ci il tarixli məktubunda göstərilmişdir ki, İddiaçı müəllimlərin işə qəbulu müsabiqəsindən keçərək Azərbaycan Respublikası Təhsil Nazirliyinin xx.xx.2012-ci il tarixli,xx-xx-6597/16 nömrəli məktubuna əsasən xx.xx.2012-ci il tarixdən Kürdəmir rayonunun Garis-Əyribənd kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. xx.xx.2012-ci il tarixdən Kürdəmir RTŞnin xx.xx.2012-ci il tarixli, 30 nömrəli məktubuna əsasən ixtisası üzrə Ərşəli kənd tam orta məktəbinə müəllim təyin edilmişdir. Həmin tarixdən ona heç bir həvəsləndirmə tədbiri nəzərdə tutulmamışdır. Kürdəmir rayon Təhsil Şöbəsinin Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbinin 34 №li, xx.xx.2020-ci il tarixli arayışına əsasən həmin məktəbin məktubda adları sadalanan 5 müəlliminə H1 istiqaməti üzrə kompensasiya ödənilmişdir. Beləliklə, iş materiallarından görünür ki, iddiaçı Kürdəmir rayon Cəlal Cavadov adına Ərşəli kənd tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi işləyir, gənc mütəxəssisdir. Onunla birlikdə işləyən 5 nəfər müəllimə H1 istiqaməti üzrə həvəsləndirmə verilsə də iddiaçıya 2012-ci ildən başlayaraq işlədiyi dövrdə bu həvəsləndirmə verilməmişdir.İddiaçı həmin həvəsləndirmənin ona qarşı da tətbiq edilməsini xahiş etsə də müraciəti nəticəsiz qalmışdır.Odur ki, iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 26-cı maddəsinin İİ hissəsinə əsasən hər kəsin qanunla qadağan olunmayan üsul və vasitələrlə öz hüquqlarını və azadlıqlarını müdafiə etmək hüququ vardır, 60-cı maddəsinin İ hissəsinə əsasən hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir, İİ hissəsinə əsasən hər kəsin hüququ var ki, onun işinə qərəzsiz yanaşılsın və həmin işə inzibati icraat və məhkəmə prosesində ağlabatan müddətdə baxılsın, İİİ hissəsinə əsasən hər kəsin inzibati icraat və məhkəmə prosesində dinlənilmək hüququ vardır, İV hissəsinə əsasən hər kəs dövlət orqanlarının, siyasi partiyaların, hüquqi şəxslərin, bələdiyyələrin və vəzifəli şəxslərin hərəkətlərindən və hərəkətsizliyindən inzibati qaydada və məhkəməyə şikayət edə bilər. “Pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş və ümumi təhsil müəssisələrində işə başlamış gənc mütəxəssislər üçün əlavə güzəştlər və stimullaşdırıcı tədbirlərin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin Qərarının 1-ci bəndinə əsasən pedaqoji profilli ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş yaşı 35-dək olan gənc mütəxəssislərin kənd rayonlarında yerləşən ümumi təhsil müəssisələrinə işə cəlb olunmasının stimullaşdırılması və həmin müəssisələrdə pedaqoji kadr tələbatının ödənilməsi məqsədi ilə dövlət sifarişinə əsasən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və 3 (üç) il müddətində həmin və ya digər kənd rayonlarının təhsil müəssisəsində fəaliyyətini davam etdirən gənc mütəxəssislərə kommunal xidmətləri və yaşayış yerinin kirayə haqqını ödəmək üçün 60 (altmış) manat məbləğində kompensasiya verilməsi və yerli icra hakimiyyəti orqanları tərəfindən bələdiyyələrlə birlikdə onların yaşayış sahələrinə ehtiyaclarının ödənilməsinə, daimi məskunlaşmaq üçün torpaq sahələrinin ayrılmasına köməklik göstərilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-1-ci bəndinə əsasən rayon mərkəzlərindən 20 km-dən artıq məsafədə yerləşən ümumi təhsil müəssisələrində əmək fəaliyyətinə başlayan və yaşı 35dək olan gənc mütəxəssislərə 3 (üç) il müddətində aylıq əmək haqqına ayda 100 (yüz) manat məbləğində əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 1-2-ci bəndinə əsasən 3 (üç) illik müddət bitdikdən sonra həmin və ya digər kənd məktəbində pedaqoji fəaliyyətini davam etdirən gənc mütəxəssislərə daha 2 (iki) il müddətində kompensasiya və əmək haqqına əlavə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin Qərarın 2-ci bəndinə əsasən pedaqoji profilli ixtisaslar üzrə ali və orta ixtisas təhsili müəssisələrini bitirmiş, dövlət sifarişinə əsasən kənd rayonlarında əmək fəaliyyətinə başlamaq üçün konkret iş yerlərinə göndəriş almış gənc mütəxəssislərə yol xərci, əmlakın daşınması üçün nəqliyyat xərci və ilkin yaşayış şəraitinin yaradılması məqsədi ilə əməkhaqqının iki misli həcmində birdəfəlik yardım ödənilməsi nəzərdə tutulmuşdur. İşin faktiki hallarına əsasən iddiaçı gənc mütəxəssisdir, kənd rayonunun təhsil müəssisəsində müəllim işləyir, 2012-ci ildən bu günə qədər ona münasibətdə heç bir həvəsləndirmə tədbiri tətbq edilməmişdir, halbuki onunla bir məktəbdə işləyən 5 nəfər müəllimə münasibətdə həvəsləndirmə tədbirləri tətbiq edilmişdir. Məhkəmə hesab edir ki, iddiaçıya münasibətdə qanunvericiliklə tətbiq edilməli olan həvəsləndirmə tədbirinin tətbiq edilməməsi ilə iddiaçının sosial təminat hüquqları cavabdeh tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 mart tarixli 203 nömrəli Fərmanı ilə təsdiq edilmiş Azərbaycan Respublikasının Təhsil Nazirliyi haqqında Əsasnamənin 8.39-cu bəndinə əsaqsən pedaqoji kadrlara olan tələbatın ödənilməsi üçün tədbirlər görür, gənc mütəxəssislərin iş yerlərilə təminatı prosesinə əməli köməklik göstərir, onların sosial vəziyyətinin yaxşılaşdırılması istiqamətində müvafiq icra hakimiyyəti orqanları ilə birlikdə lazımi işlər aparmaq, 8.43-cü bəndinə əsasən təhsil işçilərinin həvəsləndirilməsi və mükafatlandırılması tədbirlərini həyata keçirimək cavabdehin vəzifələrinə aiddir. “İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyət; Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 2.2-ci maddəsinə əsasən inzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: 2.2.3. inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia); Həmin Məcəllənin 34.1-cü maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Öhdəliyin icrası haqqında iddia vasitəsi ilə həmçinin inzibati orqanlar tərəfindən ümumi hüquqi öhdəliklərin pozulması nəticəsində vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi də tələb edilə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə görə məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən, məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 73.1-ci maddəsinə əsasən inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Məhkəmə, toplanmış sübutlara məcmu qiymət verərək hesab edir ki, iddiaçının iddia tələbi əsaslı olduğu üçün təmin edilməli, iddiaçıya ünvan 1 orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməlidir. Аzərbаycаn Rеspublikаsının İnzibаti-Prоsеssuаl Məcəlləsinin 110.1-ci mаddəsinə əsаsən, prоsеssuаl хərclər ödənilmiş tələblərə münаsib оlаrаq işdə iştirаk еdən şəхslərə аid еdilir. Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 9.1.12-ci maddəsinə əsasən, inzibati hüquq münasibətlərindən əmələ gələn işlər üzrə -vətəndaş, inzibati orqanlar və vəzifəli şəxslər dövlət rüsumu ödəməkdən azad olunurlar. Azərbaycan Respublikasının İPM-nin 2, 33,34, 68, 69, 85, 110-cu maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: İddia tələbi təmin edilsin. İddiaçı İddiaçı ünvan 1 orta məktəbində 2012-ci ildən fəaliyyət göstərən gənc müəllim kimi kompensasiya və əmək haqqına əlavənin ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilsin. Qərardan rəsmi qaydada təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı İnzibati Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinin inzibati kollegiyasına (ünvan: Bakı şəhəri, Zahid Xəlilov küçəsi, 540-cı məhəllə) apellyasiya şikayəti verə bilər. Hakim Miminat Hacıbəyova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar